Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki və kommersiya mübahisələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarından əlavə kasssiya şikayətinin verilməsi qaydası

 

Fəsil 44

Əlavə kassasiya qaydasında icraat

 

Maddə 422. Kassasiya qərarlarına yenidən baxılması

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarına təqdimat, şikayət və ya protestlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda əlavə kassasiya qaydasında yenidən baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu şikayət, ərizə və ya protestə yazılı icraat qaydasında baxır.

 

Maddə 423. Şikayət, ərizə və protest vermək hüququ

423.1. Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər.

423.2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarından ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edə bilər.

423.3. Bu Məcəllənin 50-ci və 306-cı maddələrində nəzərdə tutulmuş hallarda müvafiq prokuror məhkəmə araşdırmasında iddiaçı və ya ərizəçi olmuşsa, Azərbaycan Respublikasının Baş prokuroru protest vermək hüququna malikdir.

423.4. Şikayət və ya protest məhkəmə aktının işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, ərizə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər tərəfindən məhkəmə aktı barədə məlumatlı olduqları gündən 2 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra ərizənin verilməsinə yol verilmir.

423.5. Şikayət və ya ərizə onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və onu tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.

 

Maddə 424. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun işə baxmasının əsasları

424.1. Plenum müstəsna olaraq hüquqi məsələlər üzrə işlərə baxır.

424.2. Kassasiya qərarlarının ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

424.2.1. kassasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmayan hesab edilmiş hüquq normasına əsasən qəbul edilmişsə;

424.2.2. kassasiya instansiyası məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə;

424.2.3. kassasiya instansiyası məhkəməsinin qərarında onun istinad etdiyi motivlərin əsası yoxdursa;

424.2.4. kassasiya instansiyası məhkəməsinin qərarının nəticə hissəsi onun təsviri və ya əsaslandırıcı hissəsinə müvafiq olmazsa;

424.2.5. işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa;

424.2.6. kasasiya instansiyası məhkəməsinin qərarı bu Məcəllənin 418.6-cı maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuşsa.

 

Maddə 425. Şikayətin, ərizənin və protestin məzmunu

425.1. Şikayətin, ərizənin və protestin bu Məcəllənin 407-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. 

425.2. Ərizədə qəbul edilən qərarla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır.