Azərbaycan Respublikası Ali Məhkəməsi

NEFT DİPLOMATİYASI
Dövlət müstəqilliyini yenicə qazanmış Azərbaycan Respublikası Xəzər hövzəsinin dünyaya açılmasının ilk təşəbbüskarı olmuşdur. Azərbaycan öz neft və qaz ehtiyatlarının istismarını iqtisadi inkişafın başlıca aləti və ölkə təhlükəsizliyi, suverenliyi və mustəqilliyinin möhkəmləndirilməsinə xidmət edən mühüm bir amil kimi görməkdədir. "Əsrin müqaviləsi"nin 1994-cü ildə bağlanmasından keçən dövrdə Azərbaycan hidrokarbon yataqlarının işlənilməsi üzrə 20-dən çox saziş imzalamış və onların gerçəkləşdirilməsi istiqamətində nəhəng işlər görmüşdür. ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, Norveç, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və digər ölkələrin şirkətlərilə bağlanmış bu sazişlər Respublika üçün böyük həcmdə sərmayə və gəlir gətirmiş, gətirməkdədir və gətirəcəkdir. Beləliklə, Azərbaycan hökumətinin "neft diplomatiyası" adı ilə məşhurlaşmış Xəzərin enerji layihələrinə xarici, əsasən Qərb şirkətlərinin cəlb edilməsinə yönəldilmiş kursu öz əməli faydasını artıq vermiş və verməkdədir.
 
Lakin Azərbaycanın inkişafına xidmət edən bu layihələrin gerçəkləşdirilməsi heç də asan başa gəlməmişdir. Elə 1994-cü ildən, yəni "Əsrin müqaviləsi"nin imzalanmasından sonra bəzi qüvvələrin məsələyə qarışması nəticəsində Sovet İttifaqının dağılması ilə əlaqədar, Xəzərin yeni hüquqi statusunun təyin edilməsi birdən problem kimi ortaya atıldı və bu, Azərbaycanın suveren haqqı olan və hələ keçmiş İttifaq vaxtında onun üçün müəyyən edilmiş sektorda hər hansı işin aparılmasına əngəllər törətmək məqsədi güdürdü. Lakin Azərbaycanın qətiyyətlə öz mövqeyini müdafiə etməsi, onun Qazaxıstanla və sonralar Rusiya ilə əldə etdiyi ikitərəfli razılaşmalar nəticəsində rəsmi Bakının tərəfdar olduğu dəniz dibinin milli sektorlara bölünməsi prinsipi əsas götürülmüşdür. Bu sahədə Türkmənistan və İranla davam edən danışıqlar prosesi də, çox güman ki, öz bəhrəsini verəcəkdir və beləliklə, bütün Xəzəryanı ölkələr üçün daha dinamik inkişafa doğru əməkdaşlığa yeni üfüqlər açılacaqdır.
 
Azərbaycanın artan neft hasilatının və ümumiyyətlə, Xəzər bölgəsinin karbohidrogen ehtiyatlarının dünya bazarına çatdırılması üçün 1999-cu ildə ATƏT-in İstanbul zirvə toplantısı zamanı Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və ABŞ prezidentlərinin imzası ilə Bakı-Tbilisi-Ceyhan strateji neft boru kəmərinin çəkilməsinə dair tarixi siyasi bəyannamə qəbul olunmuşdur. 2002-ci ilin sentyabrında isə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakı yaxınlığındakı Səngəçal terminalında keçirilmiş mərasim boru kəmərinin tikilməsinə start vermişdir. O tarixdən etibarən kəmərin inşası prosesi uğurla həyata keçirilir və 2005-ci ildə həmin kəmərlə nəql olunan Xəzər nefti Ceyhan terminalından dünya bazarlarına artıq ixrac olunmağa başlanmalıdır. Bu isə, öz növbəsində, Azərbaycanın və bütün bölgənin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verəcəkdir.