Haqqında
Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki, cinayət işləri və digər (kommersiya və inzibati mübahisələrə dair) işlər üzrə ali məhkəmə orqanıdır. Ali Məhkəmə kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir. Ali Məhkəmə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.
1918-ci il noyabrın 14-də Azərbaycan Xalq Cümhuriyyəti müstəqil məhkəmə hakimiyyətini formalaşdırmaq məqsədilə “Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə”ni təsdiq etmişdir. Əsasnamənin qəbul edilməsi ilə Bakı şəhərində Azərbaycan Məhkəmə Palatası təsis olunmuşdur. Azərbaycan Məhkəmə Palatası dairə məhkəmələrinin fəaliyyətini yoxlayır, onların qərarlarından verilmiş apellyasiya şikayətləri, vəzifə cinayətləri, mülklərə sahiblik hüququ, əmlaka qəyyumluq qoyulması haqqında işlərə baxmış, notarius vəzifələrini yerinə yetirmişdir.
1920-ci ilin mart ayında Ali Məhkəmə fəaliyyətini həyata keçirəcək Azərbaycan Senatının Əsasnaməsinin layihəsini hazırlanıb, qəbul edilməsi üçün Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinə təqdim edilmişdir. Azərbaycan Senatı hüquq mühafizə, inzibati, kassasiya və məhkəmə fəaliyyətini həyata keçirməli, cinayət, mülki və inzibati departamentlərdən ibarət quruluşda fəaliyyət göstərməli idi. Lakin 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının işğalı nəticəsində Senatın təşkili baş tutmamışdır.
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1922-ci il dekabrın 9-da keçirilən sessiyasında “Azərbaycan SSR-də məhkəmə quruluşu haqqında Əsasnamə”, 1923-cü il 13 fevral tarixində isə “Azərbaycan SSR-in məhkəmə quruluşu haqqında Əsasnamə”nin qüvvəyə minməsi barədə qərar qəbul edilmişdir. Bu qərarda Azərbaycan Ali Məhkəməsinin 1923-cü il martın 1-dən fəaliyyətə başlaması müəyyən olunmuşdur.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə məhkəmə-hüquq sistemində mərhələli şəkildə islahatlar aparılmışdır. Müstəqil Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi statusu, məhkəmə sistemində yeri və rolu 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən olunmuşdur. Konstitusiyanın 131-ci maddəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin ali məhkəmə orqanı kimi təsbit olunması onun yüksək hüquqi statusundan irəli gəlir.
Ali Məhkəmənin tərkibinə Ali Məhkəmənin sədri, onun müavini, kollegiya sədrləri və hakimləri daxildirlər. Ali Məhkəmənin hakimlərinin sayı 41 ştat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq Ali Məhkəmənin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir. Ali Məhkəmənin sədri, sədr müavini və kollegiya sədrləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən Ali Məhkəmənin hakimləri arasından təyin olunur.
Ali Məhkəmə Plenumdan və kassasiya kollegiyalarından ibarətdir. Ali Məhkəmədə Mülki kollegiya, Cinayət kollegiyası, İnzibati kollegiya və Kommersiya kollegiyası təşkil edilir. Məhkəmə təcrübəsində qarşıya çıxan problemlərin müzakirəsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı elmi məsləhətlərin aparılması və hüququn inkişafına dair təkliflərin hazırlanmasına dəstək göstərmək məqsədilə Ali Məhkəmənin yanında Elmi-məsləhət şurası fəaliyyət göstərir.
Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlərlə bağlı məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Plenumun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar müəyyən edildikdə Ali Məhkəmənin Plenumu məsələyə baxır və belə nöqsanlara yol verilməməsi üçün müvafiq izahı nəzərdə tutan qərar qəbul edir.
Ali Məhkəmə Plenumunun məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlarla bağlı qərarı qəbul edildikdən sonra nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqi təşkil edilir. Monitorinq ən azı 1 il müddətində həyata keçirilir. Monitorinqin aparılması qaydasını Ali Məhkəmənin təklifləri əsasında Məhkəmə-Hüquq Şurası müəyyən edir. Monitorinqin nəticələri hakimlərin fəaliyyətinin Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilməsi zamanı nəzərə alınır.