ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmənin Elmi-məsləhət şurasının iclasında ad-hoc üzv kimi iştirak etmək istəyən hüquqşünaslara müraciət

02.05.2024, 13:02
Ali Məhkəmənin Elmi-məsləhət şurasının iclasında  ad-hoc üzv kimi iştirak etmək istəyən hüquqşünaslara müraciət
Ali Məhkəmənin Elmi-məsləhət şurasının iclasında  ad-hoc üzv kimi iştirak etmək istəyən hüquqşünaslara müraciət

Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-məsləhət şurasının növbəti iclasının cari ilin 21 iyun tarixində keçirilməsi planlaşdırılır.

Növbəti iclasda “Əsassız varlanma: mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi” mövzusu üzrə müzakirələrin təşkili nəzərdə tutulub.

Müzakirənin məqsədi:

Məhkəmələr tərəfindən işlərə baxılarkən əsassız varlanmaya aid hüquq normalarının tətbiqindəki mövcud çətinliklərin və fərqli yanaşmaların aradan qaldırılması məqsədi ilə əsassız varlanmaya aid hüquq normalarının tətbiqində vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsi.

Mövzu üzrə müzakirəyə təqdim edilən suallar:

  1. Əsassız varlanma hesab edilən halların şərhi. Xüsusən, varlanmaya haqq qazandıran hüquqi əsasın olmaması, həyata keçirilməmiş əsas və sonralar aradan qalxmış əsasla bağlı olan hallara münasibətdə;
  2. Etibarsız hesab edilən əqdlər üzrə əsassız varlanma tələbinin xüsusiyyətləri;
  3. Tərəflər arasında qanunvericiliyin tələbinə uyğun bağlanmış etibarlı satınalma müqaviləsinin mövcud olmadığı hallarda, sahibkarlıq subyektləri tərəfindən görülmüş faktiki iş və ya xidmətlərin dəyərinin əsassız varlanma üzrə tələb edilməsinin mümkünlüyü və xüsusiyyətləri;
  4. Əldə edilənləri qaytarma tələbini istisna edən halların şərhi (varlanmış şəxsin artıq varlı olmadığını sübut etməsi, məqsədə çatılmasının əvvəlcədən qeyri-mümkün olması, məqsədə çatmağa vicdansızcasına mane olma ). Hüquqa və ya əxlaqa zidd məqsədlərin həyata keçirilməsi üçün verilənlərin əsassız varlanma obyekti kimi geri qaytarılmasının mümkünlüyü;
  5. Əsassız varlanma obyektini qaytarma tələbinə müddətin tətbiqi xüsusiyyətləri.

Müzakirə ediləcək mövzunun əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə ixtisaslaşmış hüquqşünas ekspertlərin ad-hoc üzv kimi Elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edilir.

Yuxarıda qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekpertlərin 1 iyun tarixədək advisoryboard@supremecourt.gov.az elektron ünvanına mövzu üzrə müzakirəyə çıxarılan suallara dair yazılı mülahizələrini və CV-lərini təqdim etmələri təklif olunur.

Elmi-məsləhət şurası tərəfindən seçiləcək ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.