Ali Məhkəmənin Elmi-məsləhət şurasının iclasında ad-hoc üzv kimi iştirak etmək istəyən hüquqşünaslara müraciət
17.09.2024, 16:18Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-məsləhət şurasının növbəti iclasının cari ilin 25 oktyabr tarixində keçirilməsi planlaşdırılır.
İclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsində nəzərdə tutulmuş “Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)” cinayətinin cinayət-hüquqi xarakteristikası, bu, habelə rüşvət alma və rüşvət vermə cinayətlərinin bir-birindən, eləcə də dələduzluq və s. oxşar cinayətlərdən fərqləndirilməsi” mövzusu üzrə müzakirələrin təşkili nəzərdə tutulub.
I. Mövzu ilə əlaqədar aşağıdakı məsələlərin təhlili nəzərdə tutulmuşdur:
1. Nüfuz alveri cinayət tərkibinin obyektiv və subyektiv əlamətləri;
2. Nüfuz alveri, habelə rüşvət alma və rüşvət vermə cinayətlərinin bir-birindən, eləcə də dələduzluq və s. oxşar cinayətlərdən fərqləndirilməsi (müqayisəli təhlil);
3. Nüfuz alveri cinayət əməlinin hüquqi tənzimlənməsinin çatışmazlıqları və tənzimləmə mexanizminin inkişaf etdirilməsi yolları.
II. Mövzunun hazırlanması və müzakirəsi zamanı məsələyə aidiyyəti olan Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq müqavilələrin, sahəvi qanunvericiliyin müddəaları, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin Plenumunun müvafiq qərarları, oxşar cinayət-hüquqi normaları olan ölkələrin qanunvericiliyi və məhkəmə təcrübəsinin vahidliyini təmin edən mənbələri nəzərdən keçirilməli, eləcə də Ali Məhkəmənin, respublikanın digər məhkəmələrinin təcrübəsində olmuş konkret işlərdən, hüquq elminin nailiyyətlərindən istifadə olunmalıdır.
Müzakirə ediləcək mövzunun əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə ixtisaslaşmış hüquqşünas ekspertlər ad-hoc üzv kimi Elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edilir.
Yuxarıda qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekpertlərin 14 oktyabr 2024-cü il tarixinədək advisoryboard@supremecourt.gov.az elektron ünvanına CV-lərini təqdim etmələri təklif olunur. Eyni zamanda mövzu üzrə müzakirəyə çıxarılan suallara dair yazılı mülahizələrin təqdim edilməsi tövsiyə olunur.
Elmi-məsləhət şurası tərəfindən seçiləcək ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.
Göstərilən platformalarda paylaş: