ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respublikası Ali Məhkəməsinin məlumatı

29.03.2023, 00:29
Azərbaycan Respublikası Ali Məhkəməsinin məlumatı
Azərbaycan Respublikası Ali Məhkəməsinin məlumatı

Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraat qaydasında təqdimata baxılması ilə əlaqədar ortaya çıxan mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin Cinayət kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılmasına əsas yarandığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-1-ci maddəsinə müvafiq olaraq həmin məsələ üzrə kollegiyanın bütün hakimlərdən ibarət tərkibdə iclası 2023-cü il 28 aprel tarixə saat 15:00-a təyin edilmişdir.

Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-1.1-ci maddəsinə əsasən “Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən, Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hökm və ya digər qərarının əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin Cinayət kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır”.

İclasda baxılması nəzərdə tutulan məsələ üzrə işin halları aşağıdakılardır.

Azərbaycan Respublikasının vətəndaşı Rusiya Federasiyasının müvafiq rayon məhkəməsinin hökmünə əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin (bundan sonra “RF CM”) 30-cu maddəsinin 3-cü hissəsi, 228-1-ci maddəsinin 4-cü hissəsinin “q” bəndi ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni satmağa cəhddə təqsirli bilinmiş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cinayətə cəhdə görə cəzanın təyin edilməsi məsələsini tənzimləyən (RF CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın yuxarı həddinin dörddə üçündən çox olmamaq şərti ilə cəzanın təyin edilməsini tələb edən)  RF CM-in 66-cı maddəsinin 3-cü hissəsi nəzərə alınmaqla qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

Məhkumun cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş prokurorun müavini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 522.6-cı maddəsinə müvafiq olaraq, RF məhkəməsinin hökmünün tanınması barədə təqdimatla Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına müraciət etmişdir.

Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 4 aprel tarixli qərarı ilə təqdimat təmin edilmiş, RF rayon məhkəməsinin hökmü Azərbaycan Respublikası ərazisində icraya qəbul edilib leqallaşdırılmaqla (tanınmaqla) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənməklə məhkumun əməli qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni satmağa cəhd kimi qiymətləndirilib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə tövsif edilmiş, ona həmin maddələrlə CM-in 63.3-cü maddəsinə müvafiq olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi qərara alınmışdır.

Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 4 aprel tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti, prokuror tərəfindən isə kassasiya protesti verilmişdir.

Kassasiya şikayətində məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması barədə tələb irəli sürülmüşdür.

Kassasiya protestində irəli sürülmüş dəlillərə görə isə RF rayon məhkəməsinin hökmü tanınarkən və məhkumun əməli Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənərkən cinayət qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni satmağa cəhd kimi Cinayət Məcəlləsinin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə deyil, başa çatmış satış məqsədi ilə qanunsuz olaraq bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli idi.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 4 aprel tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə və prokuror tərəfindən verilmiş kassasiya protestinə baxaraq 2022-ci il 18 avqust tarixli qərarla kassasiya şikayətini təmin etməmiş, lakin kassasiya protestində irəli sürülmüş dəlillərlə razılaşaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 4 aprel tarixli qərarını ləğv edib, materialı apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin etmişdir.

Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası Baş prokurorunun müavinin təqdimatına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin əvvəl çıxarılmış (Ali Məhkəmənin Cinayət kollegiyası tərəfindən ləğv olunmuş) qərarında əksini tapmış hüquqi mövqe ilə üst-üstə düşən nəticəyə gələrək 2022-ci il 24 oktyabr tarixli qərarla yenidən məhkumun əməlini qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni satmağa cəhd kimi qiymətləndirib Azərbaycan Respublikası CM-in 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə tövsif etmiş və həmin maddələrlə CM-in 63.3-cü maddəsinin tələbinə müvafiq olaraq ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini qərara almışdır.

Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 24 oktyabr tarixli qərarından Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən əvvəlki kassasiya protestində göstərilən eyni dəlillərlə kassasiya protesti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 24 oktyabr tarixli qərarının ləğv edilməsi, materialın yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb irəli sürülmüşdür.

Hazırda həmin kassasiya protestinə baxan məhkəmə tərkibi ilə bu materiala əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibi arasında hüququn tətbiqi, yəni məhkumun əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən tövsifi məsələsində yanaşma fərqi olduğundan, məhkəmə tərkibi tərəfindən mübahisəli hüquqi məsələyə CPM-in 419-1-ci maddəsində nəzərdə tutulmuş prosedurda baxılması məsələsi qaldırılmışdır.

Mübahisəli məsələnin həllinə dair iki fərqli yanaşma əsasən aşağıdakılarla xarakterizə olunur.

Bir yanaşmanın əsasında belə bir dəlil dayanır ki, RF-in Cinayət Məcəlləsi məhkumun törətdiyi bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınmasını, şəxs iradəsindən asılı olmayan səbəblərə görə satışı həyata keçirə bilmədikdə RF CM-in 15-ci maddəsinin 5-ci hissəsinə əsasən xüsusilə ağır cinayət kimi təsnif edilən CM-in 228-1-ci maddəsinin 4-cü hissəsinin “q” bəndində nəzərdə tutulmuş narkotik vasitənin satışına cəhd, yəni xüsusilə ağır cinayətin tərkib elementləri kimi səciyyələndirir , müvafiq olaraq da əməl RF CM-in 30-cu maddəsinin 3-cü hissəsi və 228-1-ci maddəsinin 4-cü hissəsinin “q” bəndi ilə tövsif olunur. 

Ümumiyyətlə, RF Cinayət Məcəlləsində satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi, saxlanması, daşınmasına görə ayrıca olaraq məsuliyyət müəyyən edilməmişdir. RF Cinayət Məcəlləsinə və bu ölkənin məhkəmə təcrübəsinə görə şəxs satış məqsədi olmadan narkotik vasitəni əldə etdikdə, saxladıqda, daşıdıqda əməl CM-in 228-ci maddəsi ilə tövsif edilir. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması, daşıması isə onun tərəfindən daha ağır cinayət sayılan narkotik vasitənin satışı cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərin bir hissəsinin yerinə yetirilməsi kimi qiymətləndirilir və cinayət təqsirkarın iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmadıqda narkotik vasitənin satışına cəhd kimi RF CM-in 30-cu maddəsinin 3-cü hissəsi və 228-1-ci maddəsinin müvafiq hissəsinin müvafiq bəndi ilə tövsif edilir.

Məhkumun RF CM-in 30-cu maddəsinin 3-cü hissəsi və 228-1-ci maddəsinin 4-cü hissəsinin “q” bəndi ilə məhkum olunmasına dair RF-in rayon məhkəməsinin hökmündə də satışa cəhd cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlər qismində onun qabaqcadan əlbir olduğu bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması, avtomobildə daşıması və polis tərəfindən saxlanıldığı, narkotik vasitə götürüldüyü üçün cinayəti başa çatdıra bilməyib satışa cəhd etməsi təsvir edilmişdir.

RF CM-dən fərqli olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsində şəxsin qanunsuz olaraq narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması, daşıması, eləcə də narkotik vasitəni satması, eyni sanksiyaya səbəb olan və eyni təsnifata aid edilən alternativ cinayət tərkibləri kimi eyni bir maddədə (234.2) təsbit edilmişdir. Yəni, AR CM-nə görə narkotik vasitənin satışı satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi, saxlanması, daşınması ilə müqayisədə daha ağır cinayət hesab edilmir və sonuncular özü-özlüyündə müstəqil (başa çatmış) cinayət əməlləri olmaqla, onlardan daha ağır cinayətin (satışın) konstruktiv elementləri kimi çıxış etmirlər.

Eyni zamanda RF CM-nə əsasən qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitənin satışına cəhd xüsusilə ağır cinayət hesab edildiyi və RF CM-in 66-cı maddəsinin 3-cü hissəsinin tələbi nəzərə alınmaqla 10 ildən 15 ilədək (sanksiyanın yuxarı həddi 20 ildir) müddətə azadlıqdan məhrum etmə cəzası və əlavə cəzalarla cəzalandırıla bildiyi halda, AR CM-in 15.4-cü maddəsinə əsasən CM-in 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmaqla həmin əməl xüsusilə ağır deyil, ağır cinayət kimi təsnif edilir.

Odur ki, şərh edilən yanaşmaya uyğun şəkildə əməlin tövsifi məhkumun vəziyyətini ağırlaşdırmadığından, əksinə (cinayətin təsnifatını xüsusilə ağır cinayətlər növündən ağır cinayətlər növünə dəyişdirməklə) yüngülləşdirdiyindən onun RF CM-in 30-cu maddəsinin 3-cü hissəsi, 228-1-ci maddəsinin 4-cü hissəsinin “q” bəndi ilə satışa cəhd kimi tövsif edilmiş, qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması əməlləri satışa cəhd kimi CM-in 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə deyil, həmin əməlləri başa çatmış cinayət kimi təsbit edən CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməlidir.

Bu mövqeyə görə, əks yanaşma, yəni əməlin AR CM-in 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə tövsif edilməsi qabacadan əlbir olan bir qrup şəxsin satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etməsinin, saxlamasının, daşımasının cinayət olduğunu nəzərə almır və məhkuma cəzanın CM-in 63.3-cü maddəsinə müvafiq olaraq təyin edilməsini şərtləndirməklə, həm cinayətin faktiki hallarının qiymətləndirilməsi, həm də onlara görə cəzanın müəyyənləşdirilməsi baxımından RF məhkəməsinin hökmü ilə müqayisədə (ona uyğun olmayan şəkildə) məhkumun vəziyyətini yüngülləşdirir.

Digər yanaşma isə ona əsaslanır ki, Azərbaycan Respublikasının qoşulduğu və 2000-ci il 12 dekabr tarixli 43-IIQ nömrəli Qanunu ilə ratifikasiya etdiyi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasının 10-cu maddəsinin 1 və 2-ci bəndlərinə əsasən hökmün icrası davam etdirildiyi halda, hökmü icra edən Dövlət əməlin hüquqi tövsifini və cəzanın müddətini hökmün çıxarıldığı Dövlətin müəyyən etdiyi kimi tanıyır. Buna baxmayaraq, əgər cəzanın xarakteri və müddəti hökmü icra edən Dövlətin qanunvericiliyi ilə bir araya sığmırsa və ya bu Dövlətin qanunvericiliyi tələb edirsə, onda hökmü icra edən Dövlət cəzanı analoji hüquq pozuntusuna görə daxili qanunvericilikdə nəzərdə tutulmuş sanksiyalara uyğunlaşdıra bilər.

Bu Konvensiya məhkum cəzanı çəkmək üçün vətəndaşı olduğu dövlətə verildikdə, hökmlə müqayisədə onun vəziyyətinin pisləşdirilməsini istisna etdiyi kimi, "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında məhkumların cəza çəkmək üçün verilməsi haqqında" 1994-cü il 26 may tarixli Müqavilənin,"Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzasının qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında" 1998-ci il 6 mart tarixli Konvensiyanın müddəaları və Azərbaycan Respublikasının milli qanunvericiliyi də buna yol vermir. 

RF rayon məhkəməsinin hökmü tanınarkən şəxsin əməli RF CM-in 30-cu maddəsinin 3-cü hissəsi, 228-1-ci maddəsinin 4-cü hissəsinin “q” bəndindən, yəni qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitənin satışına cəhddən AR CM-in 234.4.1, 234.4.3-cü maddələrinə, yəni başa çatmış qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşımaya tövsif edildikdə, faktların hüquqi qiymətləndirilməsi (əməlin hüquqi tövsifi) baxmından məhz belə ağırlaşdırma (məhkumun vəziyyətinin pisləşdirilməsi) baş verir.

Belə ki, RF CM-dən fərqli olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən narkotik vasitənin satışı, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanması, daşınması ilə müqayisədə daha ağır cinayət hesab edilmir və CM-in 234.2-ci maddəsində (eynilə, müvafiq tövsifedici əlamətlərlə müşayiət olunduqda CM-in 234.4.1, 234.4.3-cü maddələrində) eyni sanksiyaya malik olan və eyni təsnifata (ağır cinayətlərə) aid edilən alternativ əməllərdən biri kimi təsbit edilir.

Bu səbəbdən şəxsin əməli başa çatmış cinayət kimi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edildikdə faktiki olaraq bu maddələrlə ehtiva olunan qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitənin satışı da bitmiş, yəni artıq CM-in 63.3-cü maddəsinin tələbi nəzərə alınmadan daha ağır (12 il müddətə) cəzanın təyin edilməsini şərtləndirən cinayət kimi qiymətləndirilmiş olur (eyni zamanda xarici dövlətin məhkəməsinin hökmündə təsvir edilmiş bütöv əmələ deyil, onun tərkib elementlərinə, yəni faktiki halların bir hissəsinə hüquqi qiymət verilməklə, həmin hökm yolverilməz dərəcədə təftiş edilir).

Müvafiq olaraq da yuxarıda qeyd olunan beynəlxalq aktların və milli qanunvericiliyin əməlin hökmü çıxarmış dövlətin cinayət qanununa uyğun olaraq tövsif edilməsinə, şəxsin vəziyyətinin xarici dövlətin məhkəməsinin hökmü ilə müqayisədə pisləşdirilməməsinə dair tələblərin pozuntusu baş verir.

Yuxarıda təsvir edilən mübahisəli məsələnin hüququn tətbiqi ilə bağlı olmaqla onun düzgün həll olunmasının müvafiq sahə üzrə məhkəmə təcrübəsinin formalaşmasında mühüm əhəmiyyət daşıdığını nəzərə alaraq, hüquq ictimaiyyətinin nümayəndələrindən ona münasibət bildirməyi və əsaslandırılmış yanaşmalarını əks etdirən mülahizələri məsələyə Ali Məhkəmənin Cinayət kollegiyasında kollegiyanın bütün hakimlərindən ibarət tərkibdə baxılmasınadək (2023-cü il 28 aprel tarixinədək) yazılı qaydada Ali Məhkəmənin Cinayət Kollegiyasının elektron poçt ünvanına (cinayetkollegiya@supremecourt.gov.az) təqdim etməyi xahiş edirik.

Öncədən müzakirələrdə iştirakınıza görə minnətdarlığımızı bildiririk.