Ali Məhkəmənin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyada səfərdə olmuşdur
12.10.2015, 12:35Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 11-dən 14 –dək Xorvatiya Respublikasında keçirilən Mərkəzi və Şərqi Avropa ölkələrinin Ali Məhkəmə sədrlərinin Beynəlxalq Konfransında iştirak etmişdir.
Dəyirmi masa ətrafında keçirilən konfransda məhkəmə sədrlərinin üzləşdiyi mövcud problemlərin həlli və ümumi maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.
Avropanın bir çox ölkələrinin məhkəmə sədrlərinin və rəhbərlərinin iştirak etdiyi tədbirdə məhkəmə sistemində aparılan islahatlar, məhkəmə prosesində gecikmələr, məhkəmələrin səmərəliliyinin artırılması, məhkəmə araşdırması və sübutların müdafiəsində məhkəmə aktlarının səmərəliliyi, mübahisələrin alternativ yolla həlli, məhkəmələr və ictimaiyyət – KİV-lə əlaqələr, məhkəmələrin institusional və hakimin fərdi səviyyədə müstəqilliyi ilə bağlı ən yaxşı təcrübəyə aid təqdimatlar edilmişdir. Qeyd olunmuşdur ki, bir sıra Mərkəzi və Şərqi Avropa dövlətlərində konstitusion demokratiya əldə edildikdən sonra, həmin dövlətlərin məhkəmə sistemlərində islahatlar aparılmışdır. Həmin islahatların nəticəsində məhkəmələrin fəaliyyətində mövcud pozitiv dəyişikliklər müzakirə edilmiş, bəzi neqativ halların baş vermə səbəbləri araşdırılmışdır.
Konfransın ilk iclasında Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək, konfrans iştirakçılarına Azərbaycan Respublikasının məhkəmə sistemində son illərdə həyata keçirilən islahatlara və bununla bağlı nailiyyətlərə dair geniş məlumat vermişdir.
Məhkəmə araşdırılması müddətinin azaldılması ilə yanaşı, ədalətliyin və səmərəliliyin təmin edilməsi, ekspertlərin rolu, şikayətlərin həcminin enməsi məqsədi ilə islahatların aparılmasının mümkünlüyü geniş müzakirə edilmş, vahid məhkəmə təcrübəsinin yaradılmasında Ali Məhkəmənin rolu və işinin təkmilləşdirilməsi məsələlərinə diqqət yetirilmişdir.
Tədbir iştirakçıları məhkəmə araşdırmasında və əldə olunmuş sübutların müdafiəsində məhkəmə qərarlarının faydası barədə diskussiya açaraq, təcrübələri barədə və ölkələrində hakimlərin icraatda olan işlərin nəzarət etmə səlahiyyətləri, şahidlərin çağırılması və sübutların təqdim edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparmışlar. Eyni zamanda, işə cəlb edilmiş tərəflərin, şahidlərin, ekspertlərin və digər prosses iştirakçılarının məhkəmə iclaslarına gəlməmələri nəticəsində işlərə baxılmasının təxirə salınmasının mümkün həlli müzakirə edilmişdir.
Konfrans iştirakçıları məhkəmələrin iş yükünün azaldılması və məhkəmə mübahisələrinin alternativ yollarla həlli kimi, mediasiya institutunun fəaliyyəti mövzusunda diskussiyalar açaraq, həmin işlərdə mediatorların rolunu müzakirə etmişlər. Tədbirə xüsusi qonaq qismində qatılan Çin Ali Xalq Məhkəməsinin sədr müavini mediasiya institutu ilə bağlı geniş məlumat vermişdir.
Konfransda məhkəmə sədrlərinin mətbuat katibləri vasitəsi ilə ictimaiyyətlə ünsiyyətin artırılması, KİV-lə əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsinə yer ayrılmışdır. Məhkəmələrdə elektron məhkəmə sisteminin yaradılması və mövcud problemlər müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, ictimai dəstək və məhkəmə hakimiyyətinə inam, bu sistemin normal fəaliyyətinin tərkib hissəsidir.
Natiqlər həmçinin məhkəmə hakimiyyətinin və hakimlərin fərdi səviyyədə müstəqil olmalarının önəmliyindən söhbət açaraq, qarşılaşdıqları problemlərin həllində institusional müstəqilliyin təmin edilməsi məsələlərini müzakirə etmişlər.
Konfransın sonunda iştirakçılar tərəfindən “Məhkəmə hakimiyyətinin müstəqilliyi prinsiplərinə dair” Bəyannamə qəbul edilmişdir.
Göstərilən platformalarda paylaş: