Avropa İnsan Hüquqları Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi həyata hörmət və ailə hüququnun aspektlərinin və müxtəlif kateqoriyalı işlər üzrə uşağın üstün maraqlarının nəzərə alınmasına dair seminar
27.04.2019, 12:3527 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsində Avropa İnsan Hüquqları Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi həyata hörmət və ailə hüququnun aspektlərinin və müxtəlif kateqoriyalı işlər üzrə uşağın üstün maraqlarının nəzərə alınmasına dair Avropa Məhkəməsinin təcrübəsinin milli məhkəmələr tərəfindən səmərəli tətbiq edilməsi məqsədi ilə Bakı yurisdiksiyasına daxil olan məhkəmələrin hakimləri, icra hakimiyyətinin nümayəndələri, eləcə də Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nümayəndələrinin iştirakı ilə seminar keçirilmişdir.
Seminarı Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva giriş sözü ilə açmış, daha sonra isə 8-ci maddənin tətbiq dairəsi, eləcə də şəxsi həyat və ailə həyatı aspektləri barədə çıxış etmək üçün Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Sənan Hacıyevə söz vermişdir. S.Hacıyev 8-ci maddənin 1-ci bəndi ilə müdafiə edilən hüquqlar, digər beynəlxalq sənədlərdə 8-ci maddənin təsir dairəsinə düşən hüquqlar, Avropa Məhkəməsinin konteksti baxımından “şəxsi həyat” anlayışına daxil olan aspektlər, şəxsin fiziki və psixi toxunulmazlığı hüququ, şəxsin özü barəsində qərar qəbul etmək hüququ, fərdi məlumatların toplanması, saxlanması, istifadəsi və təqdim edilməsi, şəxsin şərəf və ləyaqətinə, nüfuzuna və təsfirinə hörmət hüququ, eləcə də, “ailə həyatı” anlayışı, bu anlayışın nədən ibarət olması, hansı ailələrin 8-ci maddənin əhatə dairəsinə düşməsi, nikah və nikahsız yaşama, qan qohumluğu olmadan ailə həyatının davam etdirilməsi və ailə həyatına daxil olan digər münasibətlər barədə ətraflı çıxış etmişdir.
Seminarın ikinci hissəsində çıxış edən Ali Məhkəmənin Mülk Kollegiyasının hakimi Elşanə Vəliyeva müxtəlif kateqoriyaları işlər üzrə uşağın üstün maraqlarının nəzərə alınmasına dair Avropa Məhkəməsinin təcrübəsini təhlil etmişdir. E.Vəliyeva uşaqlara bağlı qərarlar qəbul edilərkən uşağın maraqları birinci dərəcəli əhəmiyyətə malik olduğunu vurğulayaraq Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarını diqqətə çatdırmışdır. Daha sonra E.Vəliyeva uşaqla valideyn arasında ünsiyyət hüququ, uşağın hansı valideynin himayəsinə verilməsi, uşağın himayəsinə verilməsi barədə məhkəmə qərarının icra edilməməsi, uşaqla hər iki valideyni arasında münasibətlərin qorunması, uşaqla görüş hüququ, nikahdankənar doğulmuş uşağı ilə görüşmək hüququnun verilməsindən imtinanın qanuniliyi, qeyri-kafi şəraitdə yaşamış uşağın valideynindən alınaraq övladlığa verilməsi, valideynlik hüquqlarının həyata keçirilməsinə qadağa qoyulması, atanın icazəsi olmadan uşağın xarici ölkəyə anasının yanına getməsi barədə işlər üzrə Avropa Məhkəməsinin mövqeyindən bəhs etmişdir.
Tədbirin gedişatında mövcud problemlər müzakirə edilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılmış, o cümlədən bu problemlərin həll olunması istiqamətində görülə biləcək tədbir barədə təkliflər verilmişdir.
Seminara dair materialları bu linkdən yükləyə bilərsiniz.
Göstərilən platformalarda paylaş: