Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında
20.02.2020, 15:50“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına
əlavə və dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
Q Ə R A R I
“20” fevral 2020-ci il № Bakı şəhəri
Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli 604 nömrəli Fərmanında bir sıra digər mühüm məsələlərlə yanaşı məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ-hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətin gücləndirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlərin görülməsi, eləcə də ümumiləşdirmə nəticəsində sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizmin yaradılması Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilmişdir.
Ötən dövr ərzində məhkəmə-hüquq sistemində islahatlarının yeni mərhələyə qədəm qoyması ilə əlaqədar “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa, Mülki-Prosessual, İnzibati-Prosessual, Cinayət-Prosessual məcəllələrə və digər bir sıra qanunlara əhəmiyyətli əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutan qanunlar qəbul edilmiş, eləcə də ölkə başçısı tərəfindən mühüm fərman və sərəncamlar verilmiş, praktik sahədə xeyli işlər görülmüşdür.
Qanunvericilikdə edilmiş dəyişikliklərlə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahla bağlı qərarlarının hüquqi əhəmiyyəti artırılmışdır. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı rolunun daha səmərəli həyata keçirilməsini təmin etmək, eləcə də hüquq tətbiqetmə təcrübəsinin inkişaf etdirilməsi məqsədi məhkəmə təcrübəsinə dair Plenum qərarlarının təkmilləşdirilməsini daimi vəzifə kimi qarşıya qoyur. Bundan başqa, ötən dövr ərzində qanunvericilikdə və məhkəmə təcrübəsində baş vermiş dəyişikliklər eyni zamanda Ali Məhkəmənin Plenumunun qəbul etdiyi bir sıra qərarlardakı izahların öz praktiki əhəmiyyətini itirməsinə də səbəb olmuşdur. Ona görə də, Ali Məhkəmənin Plenumunun bəzi qərarları qüvvədən düşmüş hesab olunmalı, bır sıra qərarlara isə müvafiq əlavə və dəyişikliklər edilməlidir.
Qeyd olunanlara əsasən və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 80-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
Q Ə R A R A A L I R:
I. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun aşağıdakı qərarları qüvvədən düşmüş hesab edilsin:
1. “Vətəndaşların məhkəmə işləri üzrə ərizə və şikayətlərinə baxılmasının yaxşılaşdırılması tədbirləri haqqında” 12 noyabr 1991-ci il tarixli Qərar;
2. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 16 oktyabr 1992-ci il tarixli Qərar;
3. “Əmək müqaviləsinin bağlanmasının dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” 03 may 1993-cü il tarixli Qərar;
4. “Azərbaycan Respublikası hakimlərinin əxlaq kodeksinin təsdiq edilməsinə dair” 12 dekabr 2002-ci i tarixli Qərar;
5. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 2003-cü il 14 fevral tarixli 2 saylı Qərar;
6. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 2003-cü il 25 mart tarixli 3 saylı Qərar;
7. “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli Qərar.
II. "İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 14 yanvar tarixli, 01 nömrəli qərarına aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1.Qərarın preambulasından 8-11-ci abzaslar çıxarılsın;
2. 1-ci bənddə üçüncü abzası çıxarılsın.
3. 1-ci bəndin 5-ci abzasından “Azərbaycan Respublikası MPM-nin 417.0.2-ci maddəsinə əsasən” sözləri çıxarılsın, həmin abzasda “dəyişdirdiyi” sözündən sonra “və ya yeni qərar qəbul etdiyi” sözləri əlavə edilsin;
4. 3-cü bənddə “dəyişdirilməsi” sözündən sonra “, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” sözləri əlavə edilsin;
5. 4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“Məhkəmələrə izah edilsin ki, dərhal icra edilməli olan qətnamələrin dairəsi MPM-nin 234.2-ci maddəsində dəqiq müəyyən edilmişdir, həmin maddənin geniş təfsirinə və tətbiqinə yol verilmir.”
III. «Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 3 nömrəli qərarına aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1. 1-ci bənddə “mülki” sözündən sonra “, kommersiya, inzibati” sözü əlavə edilsin.
2. 2.1-ci bənddə “MPM-də” sözündən sonra “, İPM-də” sözü əlavə edilsin.
3. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“Qanunvericilikdə nəzərdə tutulmuş, hakim tərəfindən işə baxılmasına yol verilməyən halların mövcud olması ona etiraz edilməsi və ya hakimin özü-özünə etiraz etməsi üçün əsasdır.”.
4. 2.4-cü bənddə “iştirakçısı” sözündən sonra “, habelə Azərbaycan Respublikası İPM-in 27-ci maddəsində dairəsi müəyyən edilmiş inzibati məhkəmə icraatının iştirakçıları” sözləri əlavə edilsin.
5. 3.1-ci bənddə “işdə iştirak edən şəxslərin” sözlərindən sonra “, inzibati məhkəmə icraatının iştirakçılarının” sözləri əlavə olunsun.
6. 4.1-ci bənddə “işdə iştirak edən şəxs” sözlərindən sonra “, inzibati məhkəmə icraatının iştirakçısı” sözləri əlavə edilsin, “MPM-nin 19-cu” sözlərindən sonra “, İPM-in 18-19-cu” sözləri əlavə edilsin.
7. 5.4-cü bənddən “müşavirə otağında” sözləri çıxarılsın.
8. 8-ci bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“İnzibati məhkəmə icraatında qohumluq əlaqələrinin mövcudluğuna istinadla hakimin işin baxılmasında iştirakını istisna edən hallar İPM-nin 18-ci maddəsinə əsasən həll edilməlidir”.
9. 9.1-ci bəndə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
“İnzibati məhkəmə icraatında İPM-nin 19.2 və 19.3-cü maddələrinə uyğun olaraq etiraz haqqında vəsatət yazılı formada, məhkəmə iclasının gedişində isə şifahi formada verilə bilər və vəsatətdə etiraza səbəb olan əsaslar göstərilməlidir. Bundan başqa, etiraz haqqında vəsatət, etiraz etmək üçün əsasın proses iştirakçısına məlum olduğu andan dərhal, üzrlü səbəbdən bunun dərhal mümkün olmadığı hallarda isə 3 gün müddətində verilə bilər.”
10. 9.2-ci bəndin ikinci cümləsində “cinayət məhkəmə icraatında şərti maliyyə vahidinin 200 misli, mülki məhkəmə icraatında isə şərti maliyyə vahidinin 100 mislinədək miqdarda cərimə edilə bilər” sözləri “müvafiq qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə cərimə edilə bilər” sözləri ilə əvəz edilsin.
11. 10-cu və 13-cü bəndlər çıxarılsın.
IV. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarına aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1-ci bənddə “iqtisadi mübahisələr” sözləri “kommersiya mübahisələri” sözləri ilə əvəz edilsin;
2. 4-cü bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.”
3. 6.13-cü bənd aşağıdakı redaksiyada verilsin:
“Məhkəmə qətnaməsi MPM-nin 227-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə tərtib edilməli, işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli və elektron kabinetdə yerləşdirilməlidir.”
4. 11.2-ci bənddə “MPM-nin 235-ci maddəsi” sözləri “MPM-nin 234.2-ci maddəsi” sözləri ilə əvəz edilsin, həmin bəndin ikinci cümləsi çıxarılsın;
5. 11.3-cü bənddə “Azərbaycan Respublikası MPM-nin 235.3-cü maddəsinə müvafiq olaraq hakim qətnamənin icrasının dönüşü məsələsini həll edə bilər” sözləri “məhkəmə bunun üçün zərurət yaranırsa qətnamənin icrasının dönüşü məsələsini həll etməlidir” sözləri ilə əvəz edilsin;
6. Aşağıdakı məzmunda 16.3-cü bənd əlavə edilsin:
“Məhkəmələr həmçinin preyudisiya məsələləri ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 08 yanvar 2020-ci il tarixli Qərarlarında verilmiş şərhləri nəzərə almalıdırlar.”
V. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Ali Məhkəmənin Plenumunun 30 mart 2006-cı il tarixli, 05 saylı Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1. 6-cı bənddə 2-ci və 4-cü abzaslarında “mülki” sözündən sonra “və ya inzibati” sözləri əlavə edilsin.
2. 10-cu bənddə “MPM-nin 82-ci” sözlərindən sonra “və İPM-nin 78-ci” sözləri əlavə edilsin.
3. 10-cu bəndin sonuna aşağıdakı məzmunda yeni cümlə əlavə edilsin:
“Məhkəmələr həmçinin preyudisiya məsələləri ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 08 yanvar 2020-ci il tarixli Qərarlarında verilmiş şərhləri nəzərə almalıdırlar”.
4. 23-cü bənddən “və ya ictimai ehtiyaclar” sözləri çıxarılsın.
VI. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında " Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 03 noyabr tarixli, 07 nömrəli qərarına aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1. 12-ci bənddə “mülki işlər üzrə mənəvi zərərin ödənilməsi tələbi əmlak xarakteri daşıdığına görə bu” sözləri “mənəvi zərərin ödənilməsi” sözləri ilə əvəz edilsin.
2. 13-cü bəndin ikinci cümləsi çıxarılsın.
VII. "Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 31 mart tarixli, 03 nömrəli qərarına aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1. 1.3-cü bənddə “, xüsusi iddia icraatı” sözləri çıxarılsın.
2. 4.1-ci bənddə “Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın;” sözləri çıxarılsın, “iqtisadi mübahisələr” sözləri “kommersiya mübahisələri” sözləri ilə “iqtisad” sözü ”kommersiya” sözü ilə əvəz edilsin.
3. 5.1-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 49-cu maddəsinə əsasən yetkinlik yaşına çatmayanların, habelə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar.”.
4. 6.2-ci bəndin birinci cümləsində “etibarnamə” sözündən sonra “, nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi” sözləri əlavə edilsin.
5. 6.3-cü bənddə “müdafiə etməsi” sözləri, “yazılı müdafiə etməsi halında” sözləri ilə, “etmir” sözü “edir” sözü ilə əvəz edilsin.
6. 7.2-ci bənd çıxarılsın.
7. 9.1-ci bəndin üçüncü cümləsində “protokoluna imza etməklə” sözləri “protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla” sözləri ilə əvəz edilsin.
8. 10-cu bənddə “qəbulundan imtina olunması” sözləri “geri qaytarılması” sözləri ilə əvəz edilsin.
9. 11-ci bənddə “əsaslarla” sözü çıxarılsın.
10. 12-ci bənd çıxarılsın.
11. 14-cü bənd aşağıdakı redaksiyada verilsin:
“Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Ərizənin qətnamə ilə baxılmamış saxlanılması yol verilməzdir. Qərardadda yalnız mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxmağın mümkün olmaması qanunun konkret normalarına istinad edilməklə əsaslandırılmalıdır.”.
12. 18-ci bənd çıxarılsın.
13. 19-cu bənd aşağıdakı redaksiyada verilsin:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.17-ci maddəsinə müvafiq olaraq məhkəmə qərardadlarından verilən şikayətlər üzrə işdə iştirak edən şəxslər dövlət rüsumu ödəməkdən azad olunduqları üçün həmin şəxslərin iddianın baxılmamış saxlanılması barədə qərardadlardan verdiyi şikayətlər üçün dövlət rüsumu tələb oluna və şikayətlər bu əsasla geri qaytarıla bilməz.”.
14. 20-ci bənd müvafiq olaraq 21-ci bənd hesab edilsin, aşağıdakı məzmunda yeni 20-ci bənd əlavə edilsin:
“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsində işlərə baxılarkən nəzərə alınmalıdır ki, MPM-nin 259-cu maddəsində sadalanan bütün əsaslar həmin mərhələdə qətnamənin ləğvi və ərizənin baxılmamış saxlanılması üçün əsas ola bilməz. Apelyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin elə qətnamələri MPM-nin 259-cu maddədə sadalanan əsaslarla ləğv oluna bilər ki, həmin maddədə sadalanan halların mövcudluğuna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi icraata qəbul edilməklə və ya işə baxılmaqla prosessual hüquq normalarının pozuntusuna yol verilmiş olsun. Bu baxımdan apellyasiya icraatı qaydasında işə baxan məhkəmələr tərəfindən yalnız MPM-nin 259.0.1-259.0.4-cü və 259.0.8.-259.0.10-cu maddələrində sadalanan əsaslar olduqda məhkəmənin qətnaməsi tam və ya qismən ləğv edilməklə ərizə tam və ya qismən baxılmamış saxlanıla bilər. MPM-nin 259-cu maddəsində sadalanan digər əsaslar apellyasiya instansiyası məhkəməsi tərəfindən ərizəni baxılmamış saxlamaqla məhkəmənin qətnaməsini ləğv etmək üçün əsas ola bilməz.”
VIII. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 28 oktyabr, 6/2011 nömrəli qərarına aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci və 4-cü bəndlərin birinci abzaslarına və 10-cu bəndin ikinci abzasına aşağıdakı məzmunda yeni cümlə əlavə edilsin:
“Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.”
-
2-ci bəndə aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Məhkəmələrə izah edilsin ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir”.
3. 4-cü bəndin sonuncu cümləsi aşağıdakı redaksiyada verilsin:
”Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə baba, nənə, qardaş, bacı və digər qohumların müraciətinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən qanunla müəyyən edilmiş müddətdə baxılmaması və ya bu müraciətin təmin edilməsindən imtina edilməsi həmin orqanın qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsinə deyil, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi məqsədilə məhkəməyə iddia vermək üçün əsasdır”.
IX. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1. Qərarın preambulasının 9-cu abzasında “inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar” sözləri “inzibati məhkəmələr və inzibati kollegiyalar” sözləri ilə əvəz edilsin.
2. 1-ci bənddə “XV, XVI, XVII və XVIIII” rəqəmləri “XV-XIX” rəqəmləri ilə əvəz edilsin.
3. 7.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“7.2. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.”
4. 11 və 12-ci bəndlərdən “məhkəmə icraatı qaydasında inzibati-iqtisadi” sözləri çıxarılsın.
5. 13-cü bənddə “inzibati-iqtisadi məhkəmələr” sözləri “kommersiya məhkəmələri” sözləri ilə əvəz edilsin.
6. 14-cü bənddə “inzibati icraat” sözləri “inzibati məhkəmə icraatı” sözləri ilə əvəz edilsin, “inzibati-iqtisadi məhkəmələr tərəfindən” sözləri çıxarılsın.
7. 15.2-ci bənddə “inzibati-iqtisadi” sözü “inzibati” sözü ilə əvəz edilsin.
8. 15.4-cü bəndin ikinci cümləsində “ümumi məhkəməyə” sözləri “ümumi və ya kommersiya məhkəməsinə” sözləri ilə, “ümumi məhkəmədə” sözləri hər iki halda “ümumi və ya kommersiya məhkəməsində” sözləri ilə və “ümumi məhkəmənin” sözləri “ümumi və ya kommersiya məhkəməsinin” sözləri ilə əvəz edilsin.
9. 16.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“16.1. İnzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz.”
10. 16.2-ci bənddə “İnzibati-iqtisadi” sözləri “İnzibati” sözü ilə əvəz edilsin, “inzibati məhkəmə icraatı qaydasında” sözləri çıxarılsın.
11. 16.3-cü bənddə “Ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında” sözləri “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” sözləri ilə əvəz edilsin.
12. 16.4-cü bənddə “iqtisadi” sözü “kommersiya mübahisələri üzrə” sözləri ilə əvəz edilsin.
13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin:
“Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.
Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.”.
X. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016-cı il 28 mart tarixli, 8-2/2016 №-li qərarına aşağıdakı əlavə və dəyişikliklər edilsin:
-
7.1-ci bəndə aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir”.
-
7.4-cü bəndin sonuna aşağıdakı məzmunda cümlə əlavə edilsin:
“Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.”
3. 7.5-ci bənd aşağıdakı məzmunda verilsin:
“Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.”
4. 7.6-cı bəndə aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Məhkəmələrə izah edilsin ki, məhkəmə qətnaməsinin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşağın həmin valideynin yanında olmadığı hallarda onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsini həll etməklə yanaşı, həmin valideynlə uşaq arasında uzun müddət ərzində ünsiyyətin olmaması nəticəsində yaranan və buna görə də, gələcəkdə qətnamənin icrasını çətinləşdirə biləcək dərəcədə bağlılığın zəyiflədiyini, münasibətlərin soyuduğunu müəyyən etdiyi halda uşağın mənafeyi baxımından Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə uyğun olaraq qətnamənin nəticə hissəsində icra qaydası və müddətini göstərməlidir”.
5. 8.11-ci bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Məhkəmələrə izah edilsin ki, aliment tutulması barədə qətnamələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələbinə müvafiq olaraq dərhal icra edilməlidir. Yuxarı instansiya məhkəmələri tərəfindən aliment tutulması barədə qətnamənin ləğv olunması, aliment tələbinin rədd edilməsi, yaxud tutulan alimentin miqdarının azaldılması həmin dəyişikliyi nəzərdə tutan məhkəmə aktı qanuni qüvvəyə minənədək ödənilmiş aliment məbləğinin qaytarılmasına əsas vermir (səbəb olmur).”
6. 11.3-cü bəndin üçüncü cümləsindən “nikahın pozulması barədə qətnamənin ləğvindən sonra” sözləri çıxarılsın.
Ali Məhkəmənin sədri Ramiz Rzayev
Göstərilən platformalarda paylaş: