ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

“Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərancam vermə cinayətinə dair bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

23.02.2023, 12:46
“Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərancam vermə cinayətinə dair bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı
“Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərancam vermə cinayətinə dair bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

PDF Word

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

       “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərancam vermə cinayətinə dair bəzi məsələlər haqqında”

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

Q  Ə  R  A  R  I

“ 20 ” fevral 2023-cü il                            № 6                                              Bakı şəhəri

Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılmasına qarşı mübarizədə cinayət-hüquqi mexanizmlərin səmərəliliyini artırmaq, belə cinayətlərə məhkəmələrdə baxılması zamanı Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tətbiqində sistemli xarakter daşıyan nöqsanlara yol verilməsinin qarşısını almaq, bu sahədə qanunvericiliyin eyni cür tətbiqinə və hüquqi yanaşmanın sabitliyinə xidmət edən vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.2-ci, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 79-1-ci maddələrini rəhbər tutaraq aşağıdakı məzmunda qərar qəbul edir.

I. Ümumi məsələlər

1. Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması (bundan sonra – “leqallaşdırma”) cinayətinin transmilli cinayətlər sırasında yer alması, bir cox hallarda əməlin cinayətkar qrup tərəfindən mürəkkəb və daima təkmilləşdirilən üsullarla törədilməsi ona qarşı mübarizənin səmərəliliyini təmin etmək üçün cinayət-hüquqi mübarizə mexanizmlərinin də müasir çağırışlara adekvat şəkildə inkişaf etdirilməsini, onların tətbiqi zamanı milli qanunvericiliyə əməl etməklə yanaşı, bu sahədə qəbul edilmiş beynəlxalq standartlardan və qabaqcıl təcrübədən istifadə olunmasını tələb edir.

2. Nəzərə almaq lazımdır ki, leqallaşdırılmaya qarşı mübarizə üzrə məsələlər kompleks şəkildə 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Leqallaşdırmaya qarşı mübarizənin cinayət-hüquqi mexanizmləri rolunda isə bilavasitə bu cinayəti təsbit edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddəsi ilə yanaşı, müvafiq beynəlxalq aktlara əsasən həm də CM-in 194-cü (cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə) maddəsi çıxış edir.

3. Qeyd edilən milli hüquq normalarının əsasında dayanan və təcrübədə tətbiq edilə biləcək beynəlxalq standartlar qismində isə ilk növbədə Azərbaycan Respublikasının qoşulduğu Birləşmiş Millətlər Təşkilatının 1988-ci ilin dekabrın 20-də Vyana şəhərində imzalanmış “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi əleyhinə” Konvensiyası (bundan sonra “Vyana Konvensiyası”), 2000-ci il dekabrın 12-də Palermo şəhərində imzalanmış “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə” Konvensiyası (bundan sonra “Palermo Konvensiyası”), Avropa Şurasının 1990-cı ilin noyabrın 8-də Strasburq şəhərində imzalanmış “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında” Konvensiyası (bundan sonra “Strasburq Konvensiyası”), 2005-ci ilin 16 may tarixində Varşava şəhərində imzalanmış “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Konvensiyası (bundan sonra “Varşava Konvensiyası”), Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) Tövsiyələri və bu Tövsiyyələrə dair İzahlı Qeydləri, Avropa Şurasının Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) hesabatları və digər analitik materiallar, Avropa İttifaqının, digər beynəlxalq qurumların, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları qeyd olunmalıdır.

II. Cinayətin obyektiv və subyektiv əlamətləri, onların sübut edilməsinin xüsusiyyətləri

4. Leqallaşdırma cinayətinin ictimai təhlükəliliyi onunla xarakterizə olunur ki, bu cinayət digər iqtisadi fəaliyyət sahəsində olan cinayətlər kimi iqtisadiyyatın normal fəaliyyətinə qəsd etməklə yanaşı, qanunsuz gəlirlərin əldə edilməsi ilə müşayiət olunan “predikativ hüquq pozuntusu” (törədilməsi nəticəsində CM-in 193-1-ci və 194-cü maddələrinin obyekti olan pul vəsaitləri və ya digər əmlakın əldə edildiyi cinayətlər) yaxud “əsas cinayət” adlandırılan əməllərin aşkara çıxarılmasını, araşdırılmasını, cinayət törətmiş şəxslərin ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilməsini və həmin cinayətlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsini çətinləşdirir, cinayət yolu ilə əldə olunmuş əmlak hesabına digər cinayətlərin törədilməsinə şərait yaradır. Digər tərəfdən, leqallaşdırma nəticəsində qeyri-leqal əmlakın rəsmi iqtisadiyyata inteqrasiyası baş verir ki, bu da sosial ədalətsizliyə və qeyri-sağlam rəqabət mühitinin yaranmasına şərait yaradır.

5. Palermo və Varşava Konvensiyalarına, FATF-in 3-cü Tövsiyəsinə, həmin Tövsiyəyə dair İzahlı Qeydə və onlarla uzlaşan CM-in 193-1-ci maddəsinin dispozisiyasına əsasən predikativ hüquq pozuntusu birbaşa və ya dolayı yolla qanunsuz gəlirlərin əldə edilməsi ilə müşayiət olunan, istər Azərbaycan Respublikasının ərazisində, istərsə də onun hüdudlarından kənarda törədilən, həm ərazisində törədildiyi dövlətin qanunvericiliyinə, həm də Azərbaycan Respublikasının CM-ə əsasən cinayət hesab edilən (ikiqat kriminallıq yaradan)  qəsdən törədilən əməldir.

5.1. Cinayətdən başqa digər hüquq pozuntusu, o cümlədən inzibati xəta kimi təsnif edilən əməl predikativ hüquq pozuntusu hesab edilmir.

5.2.  Predikativ cinayətlərin dairəsi CM-in Xüsusi hissəsinin yalnız dispoziyaları özgə əmlakının əldə edilməsini ictimai-təhlükəli nəticə kimi nəzərdə tutan və yaxud cinayət yolu ilə gəlirlərlərin əldə edilməsini ehtiva edən maddələri ilə (məsələn, CM-in 177, 178, 179, 213, 311-ci maddələrində və yaxud CM-in 144-1, 234.2, 234.3-cü maddələrində göstərilən cinayətlərlə) məhdudlaşmır və cinayət əməlləri ilə əlaqədar gəlirlərin əldə edilməsi, o cümlədən muzdla (maddi mükafat müqabilində) hər hansı cinayətin törədilməsi kimi halları (məsələn, gəlirin əldə edilməsi ilə müşayiət olunan, CM-in 120.2.5, 126.2.5, 171, 242, 243, 244-cü maddələrində nəzərdə tutulmuş və yaxud müəyyən maddi nemət müqabilində törədilmiş istənilən digər cinayətləri) də əhatə edir.

5.3. Predikativ cinayətə görə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, cinayət məsuliyyətindən azad olunması, məhkum olunması, məhkumluğun ödənilməsi və yaxud götürülməsi, əməl xarici dövlətin ərazisində törədildikdə həmin dövlətin qanunvericiliyinə əsasən əməlin leqallaşdırmaya münasibətdə predikativ hesab edilməməsi və yaxud ümumiyyətlə leqallaşdırmaya görə cinayət məsuliyyətinin müəyyən olunmaması əhəmiyyət kəsb etmir.

5.4. Predikativ cinayətlə bağlı xarici dövlətin məhkəməsinin hökmü və yaxud məhkəmənin və ya başqa səlahiyyətli orqanın digər yekun qərarı olduqda və bu hökm və ya digər yekun qərar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 522.1-ci maddəsinə əsasən CPM-in 522-525-ci maddələri ilə müəyyən edilmiş qaydada tanındıqda, preyudisial aktlar kimi nəzərə alınmalıdır.

Əgər predikativ cinayətə dair xarici dövlətin məhkəməsinin hökmü və yaxud məhkəmənin və ya digər səlahiyyətli orqanın yekun qərarı tanınma prosedurundan keçməmişdirsə, Varşava Konvensiyasının 9-cu maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən leqallaşdırma cinayətinə görə araşdırmanın məqsədləri üçün predikativ cinayətin bu araşdırmanı aparan və yaxud digər dövlətin yurisdiksiyasında törədilməsinin əhəmiyyəti olmadığından, Azərbaycan Respublikası isə Varşava Konvensiyasına qoşularkən həmin müddəa ilə bağlı qeyd-şərt verməməklə xarici dövlətin ərazisində törədilmiş cinayətin nəzərə alınmasının mümkünlüyünə tərəfdar çıxdığından, belə hökm və başqa yekun qərarlar, habelə predikativ cinayətə dair xarici dövlətin səlahiyyətli orqanının digər (məsələn, cinayət işinin başlanması, ayrılması, dayandırılması, təqsirləndirilən şəxs qismində cəlb etmə və s.) qərarları leqallaşdırılan əmlakın cinayət yolu ilə əldə edildiyini təsdiq edən preyudisial aktlar kimi deyil, başqa materiallarla birlikdə CPM-in sübutetməyə dair normalarının tələblərinə müvafiq surətdə tədqiq edilməklə həmin əməlin sübuta yetirilməsində CPM-in 124.2.5-ci maddəsində nəzərdə tutulmuş “digər sənəd” kimi nəzərə alına bilər.

6. Predikativ cinayət bir qayda olaraq leqallaşdırma üzrə hərəkətlərin başlanılmasından əvvəl törədilməlidir.

Lakin predikativ cinayət davam edən cinayət olduqda, onun özlüyündə cinayətin bütün əlamətlərinə malik olan müəyyən epizodunun (epizodlarının) törədilməsindən sonra həmin epizod (epizodlar) nəticəsində əldə olunmuş əmlakın leqallaşdırılmasına görə də cinayət məsuliyyətinin yaranması istisna edilmir (predikativ cinayətin və leqallaşdırmanın paralel törədilməsi halı).

Bundan başqa, eyni bir hərəkətlə (hərəkətlərlə) həm predikativ cinayət, həm də leqallaşdırma cinayəti törədildikdə, məsələn çoxmərhələli əməliyyatlarla pul vəsaiti mənimsənildikdə və bu cinayətin bitmə anında cinayət yolu ilə əldə olunmuş vəsait qanuni görkəm aldıqda, şəxsin əməlləri cinayətlərin ideal məcmusu qaydasında CM-in 193-1-ci maddəsi və predikativ cinayəti nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməlidir.

7. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması cinayətinin predmeti qismində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər və əmlaka mülkiyyət hüquqlarını və maraqlarını təsdiq edən hüquqi alətlər və sənədlər çıxış edir.

7.1. Pul vəsaitləri dedikdə, milli və ya xarici valyutada olan pul vəsaitləri ilə yanaşı, nağdsız, o cümlədən elektron pul vəsaitləri və FATF-ın 15-ci Tövsiyəsinə əsasən cinayət yolu ilə əldə olunmuş kriptovalyutanın çevrildiyi pul vəsaitləri başa düşülür.

7.2. Cinayət yolu ilə əldə olunmuş digər əmlaka əşya hüququnun istənilən obyektləri, istənilən əmtəə (mal, o cümlədən hər hansı maddi və ya qeyri-maddi əmlak, iş və ya xidmət) aid edilə bilər.

7.3. Cinayət nəticəsində dolayı yolla əldə olunmuş əmlak dedikdə, Varşava Konvensiyasının 5-ci maddəsinə və onunla uzlaşan Cinayət Məcəlləsinin 99-1.1.2, 99-1.1.3-cü maddələrinə əsasən hazırki Qərarın 5-ci bəndində göstərilən cinayət mənşəli gəlir (yəni, istər cinayətdən birbaşa, istərsə də cinayətin törədilməsi ilə əlaqədar əldə edilmiş əmlak) hesabına əldə olunmuş gəlirlər, cinayət yolu ilə (o cümlədən, cinayətin törədilməsi ilə əlaqədar) əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi (qarışdığı) digər əmlak və ya onun müvafiq hissəsi başa düşülür.

7.4. Cinayət yolu ilə əldə olunmuş əmlak mülki dövriyyəsi məhdudlaşdırılmış (məsələn odlu silah, narkotik vasitə və s. bu kimi) predmetlər olduqda və onların qanunsuz dövriyyəsinə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində ayrıca olaraq məsuliyyət müəyyən olunduqda, həmin predmetlərin həqiqi mənbəyinin ört-basdır edilməsi, onlar üzərində sahibliyə, onlardan istifadəyə qanuni görkəm vermək məqsədilə törədilən hərəkətlər, o cümlədən əqdlərin bağlanması CM-in 193-1-ci maddəsi ilə deyil, həmin predmetlərə görə cinayət məsuliyyəti nəzərdə tutan CM-in müvafiq maddəsi ilə tövsif edilməlidir.

Həmin predmetlərə dair əqdlərin bağlanması nəticəsində (yəni, cinayət yolu ilə) əmlak əldə olunduqda və  bu əmlak barəsində CM-in 193-1.1.1 və ya 193-1.1.2-ci maddələrinin dispozisiyalarında təsvir edilən hərəkətlər törədildikdə, artıq bu hərəkətlər leqallaşdırma, bütöv əməllər isə leqallaşdırmanın və mülki dövriyyəsi məhdudlaşdırılmış predmetin qanunsuz dövriyyəsini ehtiva edən cinayətin məcmusu kimi tövsif edilməlidir (əməllər eyni bir şəxs tərəfindən törədildikdə).

8. Leqallaşdırma cinayətinin obyektiv cəhətini cinayət yolu ilə əldə olunmuş əmlakın həqiqi mənbəyini gizlətmək və ya predikativ cinayəti törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədi ilə, yəni cinayət yolu ilə əldə olunmuş gəlirlərə qanuni görkəm vermək üçün CM-in 193-1.1.1 və 193-1.1.2-ci maddələrində təsbit edilmiş aşağıdakı hərəkətlərin törədilməsi təşkil edir:

_ konversiya;

_köçürülmə;

_ predikativ cinayətin predmetindən istifadə etməklə maliyyə əməliyyatları və ya digər əqdlərin həyata keçirilməsi (CM-in 193-1.1.1-ci maddəsi);

_ predikativ cinayətin predmetinin həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi (CM-in 193-1.1.2-ci maddəsi).

8.1. Konversiya dedikdə, cinayət yolu ilə əldə olunmuş əmlakın başqa aktivlərə (məsələn bir valyutada pulun başqa valyutada pula, qiymətli kağızlara) çevrilməsi ehtiva olunur.

8.2. Köçürülmə dedikdə, əmlakın başqasının adına keçirilməsi (o cümlədən, başqasının adına keçirilməsi görüntüsünün yaradılması) və yaxud rəsmi və ya qeyri-rəsmi yollarla, nağd və ya nağdsız xaricə çıxarılması başa düşülür.

8.3. Maliyyə əməliyyatları dedikdə, pul vəsaitləri ilə istənilən əməliyyatın, yəni nağd və nağdsız qaydada hesablaşmaların, kassa əməliyyatlarının, o cümlədən hesaba mədaxil etmənin, müxtəlif hesablarda yerləşdirilmənin, başqa valyutaya çevrilmənin, qiymətli kağızların əldə edilməsinin, xaricə köçürülməsinin və daha sonra bankdakı hesaba qaytarılmasının və s. həyata keçirilməsi ehtiva olunur.

8.4. Cinayət Məcəlləsinin 193-1.1-ci maddəsinin dispozisiyasında qeyd edilən əqdlərin həyata keçirilməsi dedikdə, mülki hüquq və vəzifələrin əldə edilməsinə, həyata keçirilməsinə, dəyişdirilməsinə və ya onlara xitam verilməsinə, eynilə mülki hüquqların və vəzifələrin əldə edilməsi və yaxud başqasına keçməsi görüntüsünün yaradılmasına yönəlmiş əqdlər (məsələn, alqı-satqı, borc, dəyişdirmə, icarə və s. bu kimi həqiqi və ya uydurma müqavilələr) başa düşülür.

9. CM-in 193-1-ci maddəsinin dispozisiyasında cəm halda “əqdlər” və yaxud “maliyyə əməliyyatları” ifadələrindən istifadə olunması cinayət tərkibinin yaranmasının mütləq şəkildə bir neçə əqdin bağlanması və yaxud bir neçə maliyyə əməliyyatının həyata keçirilməsi ilə şərtləndirilməsi anlamına gəlmir. Odur ki, dispozisiya ilə ehtiva olunan yalnız bir maliyyə əməliyyatının həyata keçirilməsi və yaxud bir əqdin bağlanması halında da leqallaşdırma cinayətinə görə məsuliyyətin yaranması mümkündür.

10. Əmlakın leqallaşdırılması bir qayda olaraq pul vəsaitlərinin yerləşdirilməsi, ört basdır edilməsi və inteqrasiyası kimi 3 ardıcıl mərhələdə həyata keçirilsə də, bu üç mərhələnin hamısını  keçmədən də leqallaşdırma cinayətinin törədilməsi mümkündür.

Buna misal olaraq aşağıdakılar göstərilə bilər:

- əmtəəsiz əməliyyatlar nəticəsində bir şirkətin (cinayətkar pul vəsaiti olan şəxsin həmin vəsaitin payçısı və ya üzvü olduğu “shell” şirkətə yəni, faktiki kağız üzərində olan, biznes profilinə uyğun olaraq zəruri avadanlıqları, əsas vəsaitləri və işçi qüvvəsi olmayan şirkətə ödəniş etmək məqsədilə yaradılan şirkət) digər şirkətə (qanunsuz vəsaiti olan şəxsin təsisçisi olduğu “shell” şirkətə) köçürmə etməsi, nəticədə yalançı sahibkarlıq fəaliyyəti olaraq “shell” şirkətin “mənfəət” əldə etməsi və sonradan şirkət payçısı (səhmdarı) və ya üzvünün dividend və ya nizamnamə kapitalının geri ödənilməsi şəklində qanuni görüntü yaradan gəlir əldə etməsi;

- cinayət yolu ilə pul vəsaiti və yaxud digər əmlak əldə etmiş şəxsin onu bazar dəyərindən əhəmiyyətli dərəcədə baha qiymətə satması və nəticədə alıcıdan qanuni gəlir əldə etməsi (alıcıya ötürülmüş pul vəsaitinin və digər əmlakın faktiki geri qaytarılması);

- şirkətin nizamnamə kapitalına cinayət yolu ilə əldə edilmiş vəsaitin maya qoyuluşu və sonradan bu kapital əsasında qanuni gəlir əldə edilməsi;

- süni sığorta hadisəsi yaradaraq sığorta olunan tərəfindən sığortaçıya cinayət yolu ilə əldə edilmiş əmlakın verilməsi və bunun əvəzində sığortaçıdan sığorta olunan tərəfindən sığorta haqqının alınması;

- sığorta şirkəti ilə həyat sığortası müqaviləsinin bağlanması və həmin şirkətə müəyyən müddət qanunsuz əldə edilmiş vəsait hesabına sığorta haqqının sığorta olunan tərəfindən ödənilməsindən sonra müqaviləni pozması və bir dəfəyə külli miqdarda sığorta haqqının geri ödənilməsi;

- qeyri-hökumət təşkilatlarına cinayət yolu ilə gəlir əldə etmiş şəxsin həmin gəliri ianə və ya qrant kimi ödəməsi və əldə edilmiş vəsaitin QHT tərəfindən ianə və qrant verənin xeyrinə istifadə olunması;

- mərc və oyun zamanı saxta uduş əmələ gətirməklə şəxsin mərc və oyun təşkilatına qabaqcadan ödədiyi cinayətkar vəsaitin uduş şəklində geri alınması;

- şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına onun həqiqi mənbəyini gizlətmək üçün qohumlarının, etibarlı münasibətdə olduğu digər şəxslərin adına formal müqavilələr vasitəsi ilə daşınar və daşınmaz əmlak əldə etməsi və s.

11. Leqallaşdırma formal tərkibli cinayətdir, CM-in 193-1.1.1 və 193-1.1.2-ci maddələrinin dispozisiyasında sadalanan alternativ hərəkətlərdən hər hansı birinin törədilməsi ilə cinayət başa çatmış hesab edilir.

Cinayətin başa çatma anı onun hansı üsulla törədilməsindən asılı olaraq fərqlənə bilər.

Məsələn:

- leqallaşdırma pul vəsaitlərindən istifadə olunmaqla maliyyə əməliyyatları vasitəsi ilə törədildikdə - şəxs pulun köçürülməsi barədə banka sərəncam verdiyi və yaxud pul vəsaitlərindən hesablaşma vasitəsi kimi istifadə etdiyi və yaxud başqa valyutaya dəyişdiyi andan;

- leqallaşdırma əmlak barəsində əqdlərin bağlanması yolu ilə törədildikdə - təqsirkar şəxs əqd üzrə yaranmış vəzifələrinin hər hansı hissəsini icra etdiyi və yaxud hüquqlarının hər hansı hissəsini həyata keçirdiyi andan, (təqsirkar əqd üzrə digər tərəfin öz vəzifələrini yerinə yetirib-yetirməsindən asılı olmayaraq, leqallaşdırılan əmlakı həmin tərəfə verdiyi andan);

- cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinə və yaxud digər əmlaka qanuni görkəm vermək məqsədi ilə uydurma (əqd üzrə hər hansı hərəkətlərin real icrasını nəzərdə tutmayan) əqd bağlandıqda, təqsirkarla digər şəxs arasında müqavilə bağlandığı  andan leqallaşdırma başa çatmış sayılacaqdır. 

12. CM-in 193-1-ci maddəsi cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması cinayətinin subyektləri qismində yalnız pul vəsaitinin (digər əmlakın) cinayət yolu ilə əldə olunduğunu bilib leqallaşdırma üzrə hərəkətləri törətmiş (predikativ cinayətə aidiyyatı olmayan) şəxsləri deyil, həm də sonradan leqallaşdırma üzrə hərəkətləri yerinə yetirən, onların törədilməsində iştirak edən predikativ cinayəti törətmiş şəxslərin özlərini, eləcə də predikativ cinayətin törədilməsində təhrikçi, köməkçi, təşkilatçı qismində iştirak etmiş fiziki şəxsləri də nəzərdə tutur.

13. CM-in 99-4.5-ci maddəsinə əsasən CM-in 193-1-ci maddəsində, eləcə də 194-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə görə hüquqi şəxslərin də cinayət məsuliyyəti daşıması müəyyən olunmuşdur, lakin hüquqi şəxs barəsində CM-in 99-5-ci maddəsində nəzərdə tutulmuş cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi bu cinayətlərə görə fiziki şəxslərin məsuliyyətini istisna etmir.

14. CM-in 194-cü maddəsində nəzərdə tutulmuş cinayət leqallaşdırma cinayətindən fərqli olaraq yalnız predikativ cinayətin törədilməsində iştirak etməyən, eyni zamanda CM-in 194-cü maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsini əvvəlcədən vəd etməyən fiziki şəxs tərəfindən törədilə bilər.

15. CM-in 193-1.1.1 və 193-1.1.2-ci maddələrinin dispozisiyalarına əsasən leqallaşdırma birbaşa qəsdlə törədilən cinayətdir. Cinayətin subyektiv cəhətinin mütləq əlamətləri qismində təsbit edilən hallar – şəxsin əmlakın cinayət yolu ilə əldə edilməsini bilməsi və CM-in 193-1.1.1, 193.1.1.2-ci maddələrində təsbit edilən hərəkətləri həmin əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə törətməsi onun cinayət məsuliyyəti daşımasının zəruri şərtləri olmaqla, cinayət prosesi gedişində CPM-in 139.0.2-ci maddəsinə və digər müddəalarına əsasən sübuta yetirilməlidir.

16. Predikativ cinayətin törədilməsində iştirak etməyən şəxsin əmlakın cinayət yolu ilə əldə edilməsini bilməsi onun predikativ cinayət haqqında təfərrüatlı məlumata malik olmasını, o cümlədən hansı cinayət olmasını, kim tərəfindən törədilməsini bilməsini ehtiva etmir. Kifayətdir ki, leqallaşdırmanı törədən şəxsin pul vəsaitinin və yaxud digər əmlakın cinayət yolundan başqa digər yolla əldə olunmadığını bilməsi sübuta yetirilmiş olsun.

17. Vyana Konvensiyasının 3-cü maddəsinin 3-cü bəndinə, Palermo Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinin “f” yarımbəndinə, Varşava Konvensiyasının 9-cu maddəsinin 2-ci bəndinin “c” yarımbəndinə, FATF-ın 3-cü Tövsiyəsinə dair İzahlı Qeydin 7-ci bəndinin “a” yarımbəndinə və bu müddəalarla uzlaşan CPM-in sübutetməyə dair normalarına görə şəxsin əmlakın cinayət yolu ilə əldə edilməsini bilməsi, eləcə də həmin əmlakın həqiqi mənbəyini gizlətmək məqsədini güdməsi, yəni birbaşa qəsdin mövcudluğu iş üzrə müəyyən edilmiş obyektiv hallara (dolayı sübutların məcmusuna) əsasən də sübuta yetirilə bilər.

Məsələn, şəxsin başqasına məxsus əmlakı özünə məxsus pul vəsaiti (əmlak) kimi təqdim edərək onlar barəsində əqdlər bağlaması, maliyyə əməliyyatları həyata keçirməsi; belə əmlakın şəxsin qanuni gəlirləri ilə əhəmiyyətli dərəcədə uyğunsuzluq təşkil etməsi; əmlak barədə aşkar surətdə səmərəsiz və yaxud görünüş üçün maliyyə əməliyyatları həyata keçirməsi və uydurma əqdlər bağlaması, o cümlədən əmtəəsiz əməliyyatlar həyata keçirməsi və s. bu kimi xüsusatlar təqsirkarın cinayətkar niyyət və məqsədi müəyyən  edilərkən nəzərə alına bilər.

18. Varşava Konvensiyasının 9-cu maddəsinin 5-ci və 6-cı bəndlərinə, FATF-ın 3-cü Tövsiyəsinə dair İzahlı Qeydə (4-cü bənd) əsasən şəxsin CM-in 193-1-ci və yaxud 194-cü maddələri ilə məhkum olunması üçün predikativ cinayət törətmiş digər şəxs barəsində ittiham hökmünün və yaxud konkret predikativ cinayət hadisəsinin olmasını əks etdirən başqa prosessual sənədin, məsələn cinayət işinin başlanması, dayandırılması və yaxud ayrılması, təqsirləndirilən şəxs qismində cəlb etmə, şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarların, ümumiyyətlə predikativ cinayət barədə başlanılmış ayrıca icraatın olması bir şərt kimi irəli sürülmür. Hətta leqallaşdırmaya görə cinayət təqibi predikativ cinayətə görə cinayət təqibinin aparılmasından əvvəl başlanıla və yekunlaşa, məhz leqallaşdırma cinayətinin müəyyən edilməsi predikativ cinayət barədə araşdırmanın aparılmasına rəvac verə bilər.

Belə olan halda, yəni məhkəmədə şəxs barəsində ayrıca olaraq CM-in 193-1-ci maddəsi ilə irəli sürülmüş ittihama baxıldıqda, əmlakın cinayətdən başqa digər yolla əldə edilməsinin istisna olunması barədə nəticə əsaslı şübhədən kənar sübutetmə standartına uyğun olaraq cinayət mühakimə icraatının əsas prinsip və şərtlərinə, habelə CPM-in sübutlar və sübutetməyə dair müddəalarının tələblərinə müvafiq surətdə əldə edilmiş, yoxlanılmış və qiymətləndirlmiş sübutlar gətirilməklə əsaslandırılmalıdır.

19. Predikativ cinayət barədə qanuni qüvvəyə minmiş hökm və yaxud digər prosessual qərar olduqda, leqallaşdırma cinayətində təqsirləndirilən şəxs barəsində aparılan icraatın gedişində həmin hökm və qərarlar əldə edilməli və digər sübutlarla birlikdə şəxsin CM-in 193-1-ci və ya 194-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməsində istifadə edilməsi üçün cinayət işinin materiallarına əlavə olunmalıdır. CPM-in 65.1 və 142.1-ci maddələrinə əsasən predikativ cinayət haqqında qanuni qüvvəyə minmiş hökm və yaxud cinayət prosesini həyata keçirən orqanın cinayət işi üzrə icraata xitam verilməsi və ya cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı, o cümlədən cinayət hadisəsinin olmasını inkar etməyən bəraət hökmü və ya qərar preyudisiyal əhəmiyyətə malikdir.

20. Nəzərə alınmalıdır ki, məhz subyektiv cəhətə aid əlamətlər leqallaşdırma cinayətini predikativ cinayətlə əhatə olunan həmin cinayət nəticəsində əldə olunmuş əmlakın istehlak məqsədilə xərclənməsindən, eləcə də CM-in 194-cü maddəsində nəzərdə tutulmuş  cinayətdən fərqləndirən əsas amillərdir.

Belə ki, əgər CM-in 193-1-ci madəsində nəzərdə tutulmuş cinayətə görə məsuliyyətin yaranması üçün şəxsin maddənin dispozisiyalarında nəzərdə tutulmuş hərəkətləri yerinə yetirərkən cinayət yolu ilə əldə olunmuş əmlakın həqiqi (cinayət) mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək, nəticə etibarı ilə cinayət yolu ilə əldə olunmuş əmlaka qanuni görkəm vermək məqsədini güdməsi mütləq şərtdirsə, cinayət nəticəsində əldə olunmuş pul vəsaitinin gündəlik tələbata uyğun olaraq xərclənməsi və yaxud əmlakdan istifadə zamanı, eləcə də CM-in 194-cü maddəsində nəzərdə tutulmuş cinayət törədilərkən belə məqsəd istisna olunur.

Şəxsin zahirən oxşar hərəkətləri törədərkən hansı məqsədi güdməsi isə hazırki Qərarın 16-cı bəndində göstərildiyi kimi onun etdiyi hərəkətlərin xarakterinə görə - işin obyektiv halları əsasında (dolayı sübutlar vasitəsi ilə) müəyyən edilə bilər.  

21. Cinayət mühakimə icraatının əsas və prinsip və şərtləri ilə əlaqəli şəkildə nəzərə alına bilər ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Con Mürrey işində (Con Mürrey Birləşmiş Krallığa qarşı, № 18731/91, §§ 45-47, 08.02.1996-cı il) ifadə olunmuş hüquqi mövqeyinə görə “susmaq hüququ” təqsirləndirilən şəxsin mütləq hüquqları sırasına aid edilmir. Bu hüququn səmərəli olmasının təmin edilməsi üçün tələb olunur ki, şəxsin məhkum edilməsinin əsasına qoyulan onun təqsirliliyi barədə nəticə müstəsna olaraq və əsasən onun susması və yaxud suallara cavab verməkdən imtina etməsi faktına əsaslanmasın. Təqsirləndirilən şəxsin izah verməsinə aşkar surətdə zərurət olduğu vəziyyətlərdə onun susması faktı ittiham tərəfindən təqdim edilən sübutların inandırıcılığının və (və yaxud) təqsirləndirilən şəxsin sonrakı izahlarının mötəbərliyinin qiymətləndirilməsi zamanı nəzərə alına bilər.

22. Şəxsin leqallaşdırma cinayətinin törədilməsində təqsirləndirilməsi barədə ittiham və bu ittihamın sübuta yetirilmiş olması barədə məhkəmə hökmü CPM-in 32, 125, 143-146-cı maddələrinin, habelə sübutlara və sübutetməyə dair digər cinayət-prosessual normalara müvafiq surətdə əldə olunmuş, yoxlanılmış və qiymətləndirilmiş sübutlara əsaslanmalıdır.

23. CPM-in 137-ci maddəsinə əsasən cinayət yolu ilə əldə olunmuş əmlak və belə əmlakın leqallaşdırılması barədə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, onlardan cinayət təqibi üzrə icraatda sübut kimi istifadə olunmasına yol verilir.

24. Cinayət təqibi orqanı tərəfindən cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində xüsusi funksiyalara malik olan, o cümlədən şübhəli maliyyə əməliyyatları barədə məlumatları toplayan və təhlil edən Maliyyə Monitorinqi Xidməti (bundan sonra – “MMX”) ilə əməkdaşlıq çərçivəsində əldə olunan məlumatlar sübutların axtarılıb tapılması üçün əsas ola,  bununla əlaqədar toplanmış materiallar isə CPM-in 144-cü maddəsinə müvafiq surətdə yoxlanıldıqdan sonra cinayət təqibi üzrə icraatda sübut kimi istifadə oluna bilər.

CPM-in 177.3.6 və 177.4-cü maddələrinə əsasən maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi kimi istintaq hərəkətləri yalnız əvvəlcədən (ibtidai istintaqda CPM-in LII fəslinin müddəalarına uyğun olaraq) məhkəmə qərarı alınmaqla həyata keçirilə bilər.

Belə məlumatların əldə edilməsi haqqında müraciətlərə məhkəmə nəzarəti qaydasında baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, FATF-ın 31-ci Tövsiyəsinə və onunla uzlaşan CPM-in müddəlarına, o cümlədən 446.2-ci maddəsinin, habelə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 14.10-cu maddəsinin mənasına görə qeyd olunan istintaq hərəkətinin məcburi aparılması haqqında müstəntiqin vəsatəti (prokurorun təqdimatı) və istintaq hərəkətinin məcburi aparılması haqqında məhkəmə qərarı maliyyə əməliyyatları və bank hesablarının vəziyyəti barədə məlumatların MMX-dan deyil, müvafiq əməliyyatı həyata keçirmiş və yaxud bank hesablarının olduğu, həmin Qanunun 1.1.8 və 1.1.9-cu maddələrində göstərilən müvafiq olaraq maliyyə institutlarından və ya qeyri-maliyyə institutlarından və peşə sahiblərindən məcburi qaydada əldə edilməsini nəzərdə tutmalı, MMX isə qeyd edilən Qanunun 14.10-cu maddəsində göstərilən hal olduqda, yəni apardığı təhlil zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və ya digər cinayətlərin əlamətlərini müəyyən etdikdə, onda olan məlumat və sənədləri təxirəsalınmadan istintaq aidiyyəti üzrə cinayət təqibi orqanına təqdim etməlidir.

III. Leqallaşdırma cinayətinin tövsifedici əlamətlərinə dair məsələlər

25. CM-in 193-1.2-ci maddəsində nəzərdə tutulmuş “qabaqcadan əlbir olan bir qrup şəxs” və 193-1.3.1-ci maddəsində təsbit olunmuş “mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat)” kimi müvafiq olaraq cinayəti ağırlaşdıran və xüsusilə ağırlaşdıran əlamətlər tətbiq edilərkən CM-in Ümumi hissəsinin VII fəslinin (“Cinayətdə iştirakçılıq”) müddəaları, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli qərarları nəzərə alınmalıdır.

26. Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il 6 may tarixli qərarında iştirakçılığın “qabaqcadan əlbir olan bir qrup şəxs” formasına verilmiş təfsirə görə leqallaşdırma cinayətinin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi dedikdə, qabaqcadan (cinayətin obyektiv cəhətinin icrasına başlanana qədər) cinayətin birlikdə törədilməsi barədə razılaşmış iki və daha çox şəxsin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin (vahid leqallaşdırma prosesinin elementlərinin) yerinə yetirilməsində qəsdən birgə iştirakı (birgə icraçılıq) başa düşülməlidir.

Məsələn, leqallaşdırma üzrə maliyyə əməliyyatlarından birinin (milli valyutanın xarici valyutaya dəyişdirilməsinin) qabaqcadan razılığa gəlmiş şəxslərdən biri tərəfindən, digərinin isə (pul vəsaitinin bank hesabına yerləşdirilməsinin və ya bir hesabdan başqa hesaba köçürülməsinin) başqası tərəfindən törədilməsi və yaxud bir maliyyə əməliyyatı üçün zəruri olan hərəkətlərin müəyyən hissələrinin qabaqcadan razılığa gələn şəxslər tərəfindən həyata keçirməsi (razılaşmaya uyğun olaraq birinin pul vəsaitini təqdim etməsi, digərinin həmin vəsaitin həqiqi mənsubiyyətini gizlədən və bank hesabına mədaxil olunması üçün tələb olunan sənədləri tərtib etməsi, üçüncünün bu vəsaitin bank hesabına yerləşdirməsinə dair sərəncam verməsi, dördüncünün bu sərəncamı icra etməsi) “qabaqcadan əlbir olan bir qrup şəxs” əlamətinin mövcudluğuna dəlalət edən hallar kimi nəzərdən keçirilə bilər.

26.1. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarında CM-in 33.3 və 34.2-ci maddələrinə verilmiş mənaya görə cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) leqallaşdırma cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətləri mövcud olmadığı halda, leqallaşdırma “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməli və iştirakçıların əməlləri müvafiq olaraq CM-in 32.3, 32.4, 32.5-ci maddələrinə istinad olunmaqla CM-in 193-1-ci maddəsinin müvafiq müddəası ilə (icraçının əməlinin qiymətləndirilməsindən asılı olaraq) tövsif edilməlidir. 

26.2. Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və digər əmlakın həqiqi mənbəyini gizlətmək və ya predikativ cinayəti törətmiş şəxsə məsuliyyətdən yayınmaq üçün kömək etmək məqsədi ilə qabaqcadan razılığa gəlmiş şəxslərdən birinin (bir neçəsinin) müstəsna olaraq CM-in 193-1.1.1-ci maddəsinin dispozisiyasında, digərinin (digərlərinin) isə müstəsna olaraq CM-in 193-1.1.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətləri yerinə yetirmələri cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” əlaməti üzrə tövsif olunmasını istisna etmir.

26.3. Predikativ cinayəti törətmiş şəxsin və yaxud onun törədilməsində təşkilatçı, təhrikçi, köməkçi qismində iştirak etmiş şəxslərin bu cinayətdə iştirakı olmayan digər şəxslərlə qabaqcadan razılaşmaqla leqallaşdırma cinayətini törətmələri cinayətkar qrupu səciyyələndirən xüsusiyyətlərdən asılı olaraq cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs”, “mütəşəkkil dəstə” və ya “cinayətkar birlik” (“cinayətkar təşkilat”) tərəfindən törədilmiş əməl kimi müvafiq olaraq CM-in 193-1.2.1 və ya 193-1.3.1-ci maddələri ilə, habelə predikativ cinayəti nəzərdə tutan CM-in müvafiq maddəsi ilə (zəruri hallarda CM-in 32-ci maddəsinə istinad olunmaqla), yəni cinayətlərin məcmusu qaydasında tövsif olunmalıdır.

26.4. Şəxsin leqallaşdırma cinayətini bundan məlumatı olmayan şəxslər vasitəsi ilə törətməsi (məsələn, maliyyə əməliyyatlarının həqiqi xarakterindən məlumatı olmayan bank işçilərinin səlahiyyətli şəxsin bu əməliyyatların hazırlanması, keçirilməsi üzrə tapşırıqlarını yerinə yetirmələri) cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə, cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən cinayət kimi qiymətləndirilməsinə əsas vermir və belə hallarda sərəncam vermiş şəxs leqallaşdırmaya görə cinayətin icraçısı qismində məsuliyyətə cəlb olunmalıdır.

26.5. Leqallaşdırma cinayətinin mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi ilə bağlı məsələ həll edilərkən cinayətkar qrupların bu formalarına dair müddəaları əsk etdirən CM-in müvafiq olaraq 34.3 və 34.4-cü maddələri və Konstitusiya Məhkəməsinin 1999-cu il 20 aprel tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alınmalıdır.

Belə ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən “mütəşəkkil dəstə”ni xarakterizə edən və onu digər cinayətkar qruplardan fərqləndirən “dəstədə təşkilatçı və ya başçının irəli sürülməsi və ciddi intizamın gözlənilməsi, cinayət niyyətlərinin ümumiliyi, cinayətin törədilmə planının işlənib hazırlanması və bunun üçün mükəmməl hazırlıq görülməsi, cinayət törədilməsində rolların bölüşdürülməsi, cinayətin törədilmə üsulunun qabaqcadan müəyyənləşdirilməsi, cinayətin törədilməsi üçün mürəkkəb üsullardan istifadə olunmasının mümkünlüyü, hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması, cinayət yolu ilə əldə edilmiş mənfəətin qrupun strukturlarında olan mövqelərə uyğun bölüşdürülməsi” kimi xüsusiyyətlər nəzərə alınmalıdır.

26.6. Onu da nəzərə almaq lazımdır ki, CM-in 34.6-cı maddəsinin mənasına əsasən mütəşəkkil dəstəni və ya cinayətkar birliyi yaratmış şəxs onun niyyəti ilə əhatə olunan, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin törətdiyi bütün leqallaşdırma cinayətlərinə görə (onların törədilməsində iştirak edib-etməməsindən asılı olmayaraq) CM-in 193-1.3.1-ci maddəsi ilə məsuliyyət daşıdığı halda, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin üzvləri bu cinayətkar qruplar tərəfindən yalnız onların iştirakı ilə törədilən konkret leqallaşdırma cinayətinə görə (iştirakçılığın formasından asılı olmayaraq, bütün hallarda CM-in 34.3 və 34.4-cü maddələrinə istinad olunmadan) CM-in 193-1.3.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunurlar.

26.7. Əməlin CM-nin 193-1.3.1-ci maddəsi ilə tövsif edilməsi üçün mütəşəkkil dəstənin və ya cinayətkar birliyin cinayət gəlirlərini leqallaşdırmaq məqsədilə yaradılıb-yaradılmamasının əhəmiyyəti yoxdur.

27. CM-in 193-1.2.2-ci maddəsində nəzərdə tutulmuş, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın təkrar leqallaşdırılması cinayətinin təfsiri zamanı “cinayətlərin təkrar törədilməsi”ni təsbit edən CM-in 16-cı maddəsinin tələbləri, cinayətlərin təkrar törədilməsi əlamətinin, o cümlədən bu əlamətlə törədilən cinayəti davam edən cinayətdən fərqləndirən cəhətlərin şərh edilməsinə həsr olunmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli qərarları nəzərə alınmalıdır.

27.1. Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 25 yanvar tarixli qərarına görə davam edən cinayət “vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir”. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 15 mart tarixli qərarına görə isə “Cinayət Məcəlləsinin 16-cı və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz”.

Odur ki, bir və ya bir neçə predikativ cinayət nəticəsində əldə olunmuş müəyyən məbləğdə pul vəsaitinin (eyni bir məbləğin) və ya digər əmlakın leqallaşdırılması üzrə vahid niyyət və ümumi məqsədlə törədilən CM-in 193-1.1.1 və 191-1.1.2-ci maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş hərəkətlərin iki dəfə və daha çox törədilməsi, hərəkətlərin təzahür formasından asılı olmayaraq CM-in 193-1.2.2-ci maddəsi ilə tövsif edilə bilməz və davam edən vahid cinayət kimi qiymətləndirilməlidir.

27.2. Müxtəlif predikativ cinayətlərdən əldə olunmuş pul məbləğlərinin və yaxud bir predikativ cinayət nəticəsində əldə olunmuş pul məbləğinin vahid niyyət və ümumi məqsəd olmadan, yəni hər dəfə yaranan yeni niyyət və məqsədlə iki dəfə və daha çox leqallaşdırılması, əgər əməllərdən hər biri ayrı-ayrılıqda götürüldükdə cinayət-hüquqi əhəmiyyətini itirməmişsə, o cümlədən növbəti cinayətin törədilməsinədək əvvəlki cinayətə görə, həmçinin hər bir cinayət üzrə hökmün qanuni qüvvəyə minməsinədək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişsə, təqsirkarın əməlləri (əməllərin çoxluğu) cinayətlərin təkrar törədilməsi əlaməti üzrə CM-in 193-1.2.2-ci maddəsi ilə tövsif edilməlidir.

27.3. İstər yalnız CM-in 193-1.1.1-ci maddəsində və yaxud yalnız CM-in 193-1.1.2-ci maddəsində göstərilən eyni hərəkətlərin, istərsə də hər hansı ardıcıllıqla bu maddələrdə göstərilən müxtəlif (məsələn, bir halda CM-in 193-1.1.2-ci maddəsində, digər halda CM-in 193-1.1.1-ci maddəsində göstərilən) hərəkətlərin iki dəfə və daha çox törədilməsi cinayətlərin təkrarlığını yaradır.

27.4. Eyni bir cinayət əməlində həm CM-in 193-1.2-ci maddəsində təsbit edilmiş əlamətlər, həm də CM-in 193-1.3-cü maddəsində nəzərdə tutulmuş əlamətlər olduqda, əməl CM-in daha ağır cəza nəzərdə tutan CM-in 193-1.3-cü maddəsi ilə tövsif edilməlidir. CM-in 193-1.2 və 193-1.3-cü maddələrində təsbit edilmiş müxtəlif cinayətlərin real məcmusu halında isə hər bir əməl CM-in 193-1.2 və 193-1.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq əlamətlər üzrə cinayətlərin məcmusu qaydasında tövsif edilməlidir.

Məsələn, birinci halda leqallaşdırma qulluq mövqeyindən istifadə olunmaqla, təkrar leqallaşdırma isə xeyli miqdarda pul vəsaiti barəsində törədildikdə, birinci əməl CM-in 193-1.2.3-cü maddəsi, ikinci əməl CM-in 193-1.3.2-ci maddəsi ilə tövsif edilməli, təkrarlıq əlaməti isə cinayətin təsvirində (ittihamda) qeyd olunsa da, ikinci törədilmiş eyni bir əmələ görə CM-in 193-1.3.1-ci maddəsi daha ağır cəza nəzərdə tutduğundan, təkrarlığı ehtiva edən CM-in 193-1.2.2-ci maddəsi ayrıca norma şəklində təqsirkarın əməlinə şamil edilməməlidir.

28. CM-in 193-1.2.3-cü maddəsində nəzərdə tutulmuş “şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə” leqallaşdırma cinayətinin törədilməsi əlaməti təfsir edilərkən nəzərə almaq lazımdır ki, yalnız təqsirkarın tutduğu vəzifə ilə törədilən əməl arasında cinayət-hüquqi əhəmiyyətli bağlılıq olduqda, yəni leqallaşdırma üzrə hərəkətlər məhz həmin vəzifənin təqsirkara verdiyi səlahiyyətlər və yaxud funksional imkanlar sayəsində törədilə bildikdə, şəxsin bu və ya digər vəzifəni tutması, müəyyən qulluq mövqeyində olması (qulluq mövqeyindən istifadə etmə) əməlin hüquqi tövsifini müəyyənləşdirən (tərkibyaradıcı) əlamət kimi nəzərdən keçirilə və təqsirkarın əməli həmin əlamət üzrə tövsif edilə bilər. Hətta şəxsin “vəzifəli şəxs” olması belə, əgər həmin vəzifə leqallaşdırma prosesini təşkil edən bu və ya digər hərəkətin yerinə yetirilməsi üçün hər hansı səlahiyyət vermirsə, onun əməlinin CM-in 193-1.2.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsas ola bilməz.

CM-in 193-1.2.3-cü maddəsi vəzifəli və ya digər şəxsin qulluq mövqeyindən istifadə etməklə leqallaşdırma üzrə hərəkətləri törətməsini (həm də qulluq mənafeyinə qəsd etdiyi üçün) cinayəti ağırlaşdırmaqla daha ciddi cəzanın təyin edilməsinə əsas yaradan əlamət kimi xüsusilə nəzərdə tutduğundan, bu halda bir tərəfdən CM-in 193-1.2.3-cü maddəsi (xüsusi norma), digər tərəfdən CM-in 308-ci maddəsi (ümumi norma) arasında yaranan rəqabət CM-in 17.4-cü maddəsinə müvafiq olaraq həll edilməli və əməl cinayətlərin məcmusu qaydasında və yaxud CM-in 308-ci maddəsi ilə deyil, yalnız 193-1.2.3-cü maddəsi ilə tövsif edilməlidir.

29. Təqsirkarın əməlinin CM-in 193-1.3.2-ci maddəsi ilə - “xeyli miqdar” əlaməti üzrə tövsif edilməsi üçün leqallaşdırmaya dair hərəkətlərin CM-in 193-1-ci maddəsinin “Qeyd”ində göstərilən 50.000 manatdan artıq məbləğdə olan əmlaka münasibətdə törədilməsi tələb olunur.

Xeyli miqdarda pul vəsaiti (digər əmlak) barəsində leqallaşdırma cinayətinin vahid niyyət və ümumi məqsədlə əhatə olunan bir neçə maliyyə əməliyyatları vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulduqda, hətta ümumi məbləğin xeyli miqdar təşkil etməyən bir hissəsinin leqallaşdırılması üzrə bir maliyyə əməliyyatının keçirilməsindən sonra əməl başa çatmış xeyli miqdarda pul vəsaitinin leqallaşdırılması cinayəti kimi CM-in 193-1.3.2-ci maddəsi ilə tövsif edilməlidir.

29.1 “Xeyli miqdar” maliyyə əməliyyatının (bir neçə maliyyə əmaliyyatı keçirilməli olduqda, onlardan birincisinin) keçirildiyi və yaxud əqdin bağlandığı an üçün leqallaşdırılan pul vəsaitinin məbləğinə və ya digər əmlakın faktiki dəyərinə görə hesablanır.

Pul vəsaiti xarici valyutada olduqda onun məbləği həmin tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə müvafiq olaraq manatla göstərilir, dəyəri məlum olmayan əmlakın faktiki dəyərinin müəyyən edilməsi üçün isə müvafiq məhkəmə ekspertizası təyin edilir.

29.2. Cinayət yolu ilə əldə olunmuş pul vəsaiti və yaxud fərdi müəyyən edilməyən əmlak qanuni gəlirlərlə qarışdırılaraq sonradan bütöv pul vəsaiti barədə maliyyə əməliyyatı keçirildikdə və yaxud bütün əmlak barəsində əqd bağlandıqda, “xeyli miqdar” əlamətinin olub-olmaması maliyyə əməliyyatlarının keçirildiyi (əqdin bağlandığı) bütöv pul məbləğinə (bütün əmlakın dəyərinə) görə deyil, yalnız onun cinayət yolu ilə əldə olunmuş hissəsinə görə müəyyən edilir.

29.3. Leqallaşdırma cinayətinin predmetinin məbləği və bununla bağlı ittihamın həcmi, o cümlədən onun “xeyli miqdar” təşkil edib-etməməsi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cinayət yolu ilə əldə edilmiş əmlak mülki-hüquqi əqdlərin bağlanması yolu ilə və ya digər üsullarla çevrilərək leqallaşdırılarkən Azərbaycan Respublikasında vergi və digər məcburi ödənişlərə  məruz qalmışdırsa, Vergi Məcəlləsinin 1.4 və 66-cı maddələrinin mənasına görə onların müsadirəsinə yol verilmədiyindən, bu məcburi ödənişlərin məbləği leqallaşdırma cinayəti üzrə ittihamın həcminə daxil edilməməlidir.

Əgər cinayət yolu ilə əldə olunmuş əmlak transmilli xarakterli mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla çevrilərək leqallaşdırılarkən xarici dövlətlərin vergi və digər məcburi ödənişlərinə məruz qalmışdırsa, bu məcburi ödənişlərin məbləği həm predikativ cinayətin, həm də leqallaşdırma cinayəti üzrə ittihamın həcminə daxil edilməlidir.

Cinayət yolu ilə əldə olunmuş əmlak mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla çevrilərək leqallaşdırılarkən maliyyə xidmətləri çərçivəsində könüllü (iradəvi) ödənişlərə (məsələn, bank xidmətlərinin göstərilməsi ilə bağlı bank komissiyasına) məruz qalmışdırsa, həmin ödənişlər Vergi Məcəlləsinin 66-cı maddəsinin tələbinə əsasən müsadirənin tətbiqini istisna etmədiyindən, onların məbləği həm predikativ cinayətin, həm də leqallaşdırma cinayəti üzrə ittihamın həcminə daxil edilməlidir.

IV. Xüsusi müsadirə məsələləri

30. Leqallaşdırmaya qarşı mübarizənin mahiyyətini bu vəsaitlərin və əmlakın iqtisadi fəaliyyət sferasına daxil olmasının qarşısını almaq, beləliklə də iqtisadi sferanın, maliyyə sisteminin normal fəaliyyətini, ədalətli iqtisadi rəqabət mühitini təmin etmək olduğundan, leqallaşdırma cinayəti və ya predikativ cinayətlər üzrə araşdırma yalnız şəxsin məhkum edilməsi üçün zəruri məlumatların toplanılması ilə məhdudlaşmamalı, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin aşkar edilməsini, onların üzərinə həbsin qoyulmasını və yekun məhkəmə qərarı ilə (ittiham hökmü və ya cinayət təqibinə bəraətverici sayılmayan əsasla xitam verilməsi barədə qərarla) xüsusi müsadirəsini və buna xidmət edən əmlaka dair səmərəli araşdırılmanı təmin etməlidir.

31. Məhkəmələr yalnız CM-in 193-1-ci maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə deyil, həm də cinayət yolu ilə (o cümlədən, cinayətlərin törədilməsi ilə əlaqədar) gəlirlərin əldə edilə bilməsi ehtimalını yaradan digər (predikativ sayılan) cinayətlərə dair işlərə (məsələn, CM-in 144-1, 234.2, 234.3, 213-cü maddələri ilə irəli sürülümüş ittihamlara) baxarkən də məhkəməyədək icraat zamanı cinayət mənşəli gəlirlərin əldə edilib-edilməməsi, leqallaşdırılma üzrə hərəkətlərin, CM-in 99-1.1.1, 99-1.1.2, 99-1.1.3-cü maddələrinə əsasən müsadirəyə məruz qala biləcək hər hansı əmlakın müəyyən edilməsi istiqamətində səmərəli araşdırmanın aparılıb-aparılmadığına, onların müsadirəsinin təmin edilməsi üçün zəruri tədbirlərin görülüb-görülməməsinə diqqət yetirməli və bu məsələlər üzrə cinayət təqibi orqanlarının fəaliyyətsizliyinə xüsusi qərar çıxarmaqla öz münasibətini bildirməli, müvafiq əsaslar olduqda isə CPM-in 207.6-cı maddəsinə əsasən qeyd olunan məsələlərə dair məhkəmə baxışı zamanı müəyyən edilmiş məlumatları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidirlər.

FATF-ın 30-cu Tövsiyəsi ilə müəyyən edilmiş beynəlxalq standarta əsasən də qeyd olunan cinayətlər üzrə (məsələn, CM-in 144-1, 213 və ya 234.3-cü maddələri ilə təqsirləndirilən şəxs barəsində) ibtidai istintaqın aparılması zamanı həmin cinayət nəticəsində və yaxud onunla əlaqədar birbaşa və ya dolayı gəlirlərin əldə olunmaması və yaxud konkret və ya az miqdarda gəlirlərin əldə edilməsi şəxsin başqa cinayət mənşəli gəlirlərə malik olub-olmamasının araşdırılmasından imtina etmək (yalnız baxılan cinayətlə birbaşa əlaqəsi olan pul vəsaiti və ya digər əmlakın araşdırılması ilə kifayətlənmək) üçün əsas vermir. Çünki belə gəlirlər cinayət işinin başlanmasına bilavasitə əsas olmuş cinayət hadisəsindən deyil, digər cinayət hadisələrindən irəli gələ bilər. Şəxsin törətməkdə təqsirləndirildiyi (bilavasitə araşdırılan) cinayət əməli isə (məsələn, satış məqsədi ilə külli miqdarda narkotik vasitənin əldə edilməsi və saxlanılması, vergidən yayınma və yaxud insan alveri) ağlabatanlıqla belə ehtimallar və bu ehtimalların yoxlanılması üçün əsas yaradır.

Bu Tövsiyəyə görə ölkələr səlahiyyətli hüquq-mühafizə orqanlarının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair milli strategiya çərçivəsində leqallaşdırılmanın, terrorçuluğun maliyyələşdirilməsinin araşdırılması üzrə vəzifə daşıdıqlarını müəyyən etməlidirlər. Ən azından əhəmiyyətli gəlir gətirən cinayətlərlə bağlı olan hallarda pulların leqallaşdırılmasına, predikat cinayətlərə, terrorçuluğun maliyyələşdirilməsinə dair işlər araşdırılarkən səlahiyyətli hüquq-mühafizə orqanları öz təşəbbüsləri ilə paralel maliyyə araşdırması aparmalıdırlar.   

Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli Fərmanı ilə (6-cı bənd) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Vergi Xidmətinə aid edilmiş bir sıra cinayətlər nəticəsində (məsələn, müvafiq olaraq CM-in 177, 178, 179, 234.2, 234.3, 243, 244; 213-cü maddələrində nəzərdə tutulmuş əməllərin) cinayət mənşəli gəlirlərin əldə edilməsi ehtimalı nəzərə alınaraq, bu orqanlar tərəfindən səlahiyyətlərinə aid edilmiş cinayətlərə dair işlər başlandıqda və ibtidai istintaq zamanı CM-in 193-1-ci maddəsində göstərilən cinayətin əlamətləri aşkar edildikdə, həmin cinayət üzrə də ibtidai istintaqın aparılmasının müvafiq prokurorun qərarı ilə bu orqanlara aid edilməsi qaydası müəyyən edilmişdir.

Bu hal həmin orqanlardan qeyd olunan və oxşar (cinayət mənşəli gəlirlərin əldə edilməsi ilə nəticələnən və yaxud belə gəlirlərin əldə edilməsi məqsədi ilə törədilən  və bu səbəbdən onların leqallaşdırıla bilməsi, o cümlədən şəxsin malik olduğu pul vəsaitlərinin və digər əmlakının belə fəaliyyətdən əldə edilməklə leqallaşdırılmış pul və ya əmlak olması ehtimalını yaradan) cinayətlər üzrə istintaqın gedişində CM-in 193-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin aşkar edilməsi istiqamətində səmərəli araşdırmanın aparılmasını və belə araşdırma çərçivəsində təqsirləndirilən şəxsin əmlak vəziyyətinin ətraflı öyrənilməsini, o cümlədən leqal gəlirləri ilə onun özünün, onunla birlikdə yaşayan və yaxud ayrı yaşasalar da əmlakını idarə edən şəxslərin əmlakı arasında uyğunluğun olub-olmamasının, digər şəxslərdə faktiki ona məxsus olan (onunla əlaqələndirilə biləcək) pul vəsaitlərinin və ya başqa əmlakın olub-olmamasının araşdırılmasını tələb edir (məsələn, şəxsin narkotik vasitələrin, psixotrop, güclü təsir edən və ya zəhərli maddələrin satışında, külli və xüsusilə külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsində, saxlanılmasında və daşınmasında, insan alveri, fahişəliyə cəlb etmə, adam oğurluğu, vergidən yayınma və s. bu kimi cinayətlərinin törədilməsində təqsirləndirilməsi ağlabatanlıqla qeyd olunan xarakterə malik olan əmlakın müəyyən edilməsi istiqamətində araşdırmanın aparılmasını labüd edir).

Bu və ya digər cinayətə görə başlanılmış ibtidai istintaqın gedişində aşkar olunmuş əmlakın məhz həmin (barəsində araşdırma aparılan) cinayət nəticəsində əldə olunması müəyyən edilməsə də, onun cinayətdən başqa digər yolla əldə edilməsinin mümkünsüz olduğunu (əmlakın hansısa başqa cinayət hadisəsindən əldə edildiyinə dair əsaslı şübhənin mövcudluğunu) və onların leqallaşdırılmaya məruz qalmış əmlak olmasını göstərən kifayət qədər sübutlar müəyyən edildikdə, şəxsə qarşı cinayət işinin  başlandığı cinayətlə (məsələn, CM-in 234.2-ci maddəsi ilə) yanaşı, leqallaşdırmaya görə də CM-in 193-1-ci maddəsi ilə ittiham irəli sürülə bilər. Belə hallarda gələcəkdə məhkəmənin yekun qərarı ilə həmin pul vəsaitinin və ya digər əmlakın müsadirəsini təmin etmək məqsədilə cinayət təqibi orqanı tərəfindən onun üzərinə həbs qoyulması üçün CPM-in XXXII fəslində nəzərdə tutulmuş tədbirlər görülməlidir.

32. Cinayət yolu ilə əldə olunmuş əmlakın (o cümlədən, leqallaşdırılmış əmlakın) yerini müəyyən etmək və onun üzərinə həbs qoyulmasını təmin etmək mümkün olmadıqda, CM-in 99-2-ci maddəsinə müvafiq olaraq yekun məhkəmə qərarı ilə həmin digər əmlakın dəyərinə görə xüsusi müsadirənin təmin olunması üçün cinayət təqibi orqanı qeyd olunan əmlakın dəyəri məbləğində təqsirkara məxsus digər (o cümlədən, qanuni mənbədən əldə olunmuş) əmlakın müəyyən edilməsi və onun üzərinə həbs qoyulması üçün tədbirlər görməlidir.

33. Xüsusi müsadirə ilə bağlı məsələlərin həlli zamanı hazırki qərarın müddəaları ilə yanaşı “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 nömrəli qərarındakı xüsusi müsadirə məsələlərinə həsr olunmuş izahlar nəzərə alınmalıdır.  

V. Leqallaşdırma cinayətinə görə cəzanın təyin edilməsi və digər məsələlərlə bağlı müddəalar

34. BMT-nin Vyana və Palermo Konvensiyaları, Avropa Şurasının Strasburq və Varşava Konvensiyaları, eləcə də FATF-ın 3-cü Tövsiyəsinə dair İzahlı Qeydin 7-ci bəndinin “b” və “c” yarımbəndlərində izah olunduğu kimi, həmin Tövsiyə leqallaşdırma cinayətinə görə məhkum olunan fiziki şəxslərə və cinayət məsuliyyətinə cəlb olunan hüquqi şəxslərə tətbiq edilən sanksiyaların səmərəli, törədilən əməlin ağırlığına uyğun olaraq xəbərdaredici keyfiyyətə malik olmasını cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılmasına, ümumiyyətlə cinayətkarlığa qarşı mübarizədə mühüm amil kimi nəzərdən keçirir.

Odur ki, leqallaşdırma cinayətinə dair işlər üzrə cinayət prosesində təqsirkarlara CM-in 8-ci maddəsində nəzərdə tutulmuş ədalət prinsipinin, cəzanın təyin edilməsinə dair normalarının, o cümlədən CM-in 58.3-cü maddəsinin tələblərinə cavab verən, CM-in 41.2-ci maddəsində təsbit edilən cəzanın məqsədlərinə xidmət edən cəzanın təyin edilə bilməsini təmin etmək üçün bütün zəruri, o cümlədən təqsirləndirlən şəxsin şəxsiyyətini kifayət qədər aşkarlayan məlumatlar toplanmalı, bu məlumatlar məhkəmələr tərəfindən cəza təyini məsələsi həll olunarkən ətraflı təhlil edilib düzgün nəzərə alınmalıdır.

35. İqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə məsələsinə həsr olunmuş CM-in 73-2-ci maddəsində leqallaşdırma cinayətinin predmetinin (ondan əldə olunan gəlirlərin) könüllü qaytarılmasına görə təqsirkarın cinayət məsuliyyətindən azad edilməsi imkanı nəzərdə tutulmamışdır.

35.1. Təqsirkarın müvafiq predikativ cinayət üzrə vurulmuş ziyanı, əldə etdiyi gəlirləri ödəməsinə (tələb olunduqda – həmçinin dövlət büdcəsinə müvafiq məbləği ödəməsinə və zərərçəkmiş şəxslə barışmasına) görə CM-in 73-1 və 73-2-ci maddələrinə müvafiq olaraq predikativ cinayətə görə cinayət məsuliyyətindən azad edilməsi də şəxsin leqallaşdırma cinayətinə görə məsuliyyətdən azad edilməsinə əsas yaradan hal kimi qiymətləndirilə bilməz.

35.2. Predikativ cinayət nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş əmlakın, eləcə də leqallaşdırmanın və CM-in 194-cü maddəsində nəzərdə tutulmuş cinayətin predmetini təşkil edən əmlakın qanuni sahiblərinə qaytarılması və yaxud dövlət nəfinə müsadirə edilməsi üçün cinayət təqibi üzrə icraatı aparan orqana könüllü təqdim edilməsi; predikativ cinayətin araşdırılması zamanı – leqallaşdırmanın, leqallaşdırma cinayətin araşdırılması zamanı – predikativ cinayətin açılması, təqsirkar şəxslərin müəyyən edilməsi üçün cinayət təqibini həyata keçirən orqanla əməkdaşlıq etmə CM-in 59.1.10-cu maddəsində, habelə müvafiq əsaslar olduqda CM-in 59.1.12, 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və təqsirkara cəzanın (cəzanı ağırlaşdıran hallar olmadıqda) CM-in 60.1-ci maddəsində nəzərdə tutulmuş güzəştli şərtlərlə təyin edilməsini tələb edən hal (hallar) kimi qiymətləndirilməlidir.

36. Leqallaşdırma cinayətinə dair işlərə məhkəmələrdə baxılması zamanı cinayət prosesini həyata keçirən orqanlar tərəfindən qanun pozuntularına yol verilməsi və yaxud məhkəmə təcrübəsinin vahidliyinin pozulması, o cümlədən hazırki qərarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılmaması müəyyən edildikdə, məhkəmələr tərəfindən buna münasibət bildirilməli, o cümlədən kifayət qədər əsaslar olduqda xüsusi qərar çıxarılmalıdır. 

 

       Azərbaycan Respublikası

       Ali Məhkəməsinin sədri:                                                                   Ramiz Rzayev