ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

19.12.2022, 18:00
“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı
“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

PDF Word

      

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun qərarlarında dəyişikliklər edilməsi haqqında”

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 

Q Ə R A R I

 

 “ 19 ” dekabr 2022-ci il                           № 7                                  Bakı şəhəri

          

Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin etmək vəzifəsi Ali Məhkəmənin Plenum qərarlarının təkmilləşdirilməsi üzərində işin davamlı olaraq aparılmasını, işlərə baxılması zamanı ortaya çıxan, eləcə də məhkəmələrdən, prokurorluqdan, cinayət təqibini həyata keçirən digər orqanlardan daxil olan müraciətlərdə Ali Məhkəmə qarşısında qaldırılan hüquqi problemlərin səmərəli şəkildə həll edilməsini tələb edir.

Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsirinə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşmasına təsir göstərən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları da Ali Məhkəmənin Plenumunun müvafiq qərarlarındakı izahların Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımından yenidən nəzərdən keçirilməsini şərtləndirir.

Qeyd olunanlara əsasən, məhkəmə hökmünün çıxarılması, məhkəmələrdə dələduzluq cinayətinə dair işlərə baxılması zamanı cinayət-hüquqi və cinayət-prosessual normaların tətbiqində məhkəmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 80-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

I. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:   

1. 36-cı bənd üzrə:

1.1. səkkizinci abzasdan “onların zərər çəkmiş qismində tanınması istisna olunur,” sözləri çıxarılsın.

1.2. doqquzuncu abzas aşağıdakı redaksiyada verilsin:

“Bu xarakterli işlər üzrə zərərçəkmiş şəxs qismində tanınma, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və yaxud ələ keçirilmiş əmlakın xüsusi müsadirəsi kimi məsələlər həll olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarı rəhbər tutulmalıdır.”

1.3. onuncu abzas müvafiq olaraq on ikinci abzas hesab edilsin və aşağıdakı məzmunda  onuncu, on birinci abzaslar əlavə edilsin:

“Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına əsasən “Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir.”.

Konstitusiya Məhkəməsinin Plenumu barəsində dələduzluq cinayəti törədilmiş şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 73-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini mümkün saydığından və bunu həmin maddədə göstərilən hallarla, o cümlədən dəymiş ziyanın tamamilə ödənilməsi ilə şərtləndirdiyindən, ziyanın zərərçəkmiş şəxsə ödənilməsi ilə əlaqədar artıq dələduzluq əməli nəticəsində ələ keçirilmiş əmlak və yaxud onun dəyərinə barəbər təqsirləndirilən şəxsə məxsus digər əmlak xüsusi müsadirə edilə bilməz.”.   

2. 40-cı bənddən səkkizinci abzas çıxarılsın.

II. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarında aşağıdakı dəyişiklik edilsin:

81-ci bəndin birinci abzasında “, yəni əmlakı əldə edərkən onu özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirdisə və yaxud bilməli idisə,” sözləri çıxarılsın.

 

Azərbaycan Respublikası

Ali Məhkəməsinin sədri                                                                   Ramiz Rzayev