“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı
04.06.2023, 14:18“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında”
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
Q Ə R A R I
“19” may 2023-cü il № 11/2023 Bakı şəhəri
Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin etmək vəzifəsi Ali Məhkəmə Plenumunun qərarlarının təkmilləşdirilməsi üzərində işin davamlı olaraq aparılmasını, işlərə baxılması zamanı ortaya çıxan, eləcə də məhkəmələrdən, digər orqanlardan daxil olan müraciətlərdə Ali Məhkəmə qarşısında qaldırılan hüquqi problemlərin səmərəli şəkildə həll edilməsini tələb edir.
Eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasının və digər qanunlarının təfsirinə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşmasına təsir göstərən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları da Ali Məhkəmə Plenumunun müvafiq qərarlarındakı izahların Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımından yenidən nəzərdən keçirilməsini şərtləndirir.
Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 2022-ci ilin 31 oktyabr tarixində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərar, 2023-cü il 17 aprel tarixində isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” Qərardad qəbul edilmişdir.
Həmin Qərar və Qərardadda ifadə olunmuş Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarında müvafiq dəyişikliklərin edilməsinə zərurət yaratmışdır.
Qeyd olunanlara əsasən, məhkəmələrdə dələduzluq cinayətinə dair işlərə baxılması zamanı cinayət-hüquqi və cinayət-prosessual normaların tətbiqində məhkəmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 80-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
Qərara aldı:
“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 36-cı bəndi aşağıdakı redaksiyada verilsin:
“36. Dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi” - “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edilsin.
Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir.
Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir.
Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir.
Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir.
Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir.
Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır.
Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 2004-cü il 11 iyun tarixli 688-IIQD nömrəli Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarına əsasən “Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir”.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında müraciətdə qaldırılan məsələnin Cinayət Məcəlləsinin müvafiq normalarına və həmin normalara dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqelərə uyğun həll edilməsinin mümkün olduğunu nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin müraciətini icraata qəbul etməkdən imtina etmiş və bu zaman sözügedən məsələ üzrə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini əks etdirən mənbə kimi “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsinin müddəalarına xüsusilə istinad etmişdir.
Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”.
Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”.
Şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-in 29,312-ci maddələri ilə tövsif edilir, CM-in 312-ci maddəsinin Qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir.
Bu xarakterli işlər üzrə zərərçəkmiş şəxs qismində tanınma, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və yaxud ələ keçirilmiş əmlakın xüsusi müsadirəsi kimi məsələlər həll olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarı rəhbər tutulmalıdır.
Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına əsasən “Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu barəsində dələduzluq cinayəti törədilmiş şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 73-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini mümkün saydığından və bunu həmin maddədə göstərilən hallarla, o cümlədən dəymiş ziyanın tamamilə ödənilməsi ilə şərtləndirdiyindən ziyanın zərərçəkmiş şəxsə ödənilməsi ilə əlaqədar artıq dələduzluq əməli nəticəsində ələ keçirilmiş əmlak və yaxud onun dəyərinə barəbər təqsirləndirilən şəxsə məxsus digər əmlak xüsusi müsadirə edilə bilməz.
Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi də yalnız dələduzluq kimi qiymətləndirilməlidir”.
Azərbaycan Respublikası
Ali Məhkəməsinin sədri İnam Kərimov
Göstərilən platformalarda paylaş: