ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Əhmədov Yaşar Rəhim oğlunun cavabdeh Mərkəzi Seçki Komissiyasına qarşı Prezident seçkilərində namizədliyini irəli sürmüş namizəd kimi hüququnun təmin edilməsi iddiası

30.08.2013, 12:35
Əhmədov Yaşar Rəhim oğlunun cavabdeh Mərkəzi Seçki Komissiyasına qarşı Prezident seçkilərində namizədliyini irəli sürmüş namizəd kimi hüququnun təmin edilməsi iddiası
Əhmədov Yaşar Rəhim oğlunun cavabdeh Mərkəzi Seçki Komissiyasına qarşı Prezident seçkilərində namizədliyini irəli sürmüş namizəd kimi hüququnun təmin edilməsi iddiası
Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Ali Məhkəməsinin
İnzibati-İqtisadi Kollegiyasının
 
Q Ə R A R I
 
                                               30 avqust 2013-cü il
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, hakimlər N.Rəsulbəyova (sədrlik edən və məruzəçi-hakim), R.Nəbizadə, İ.Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi R.Xəzrinin, iddiaçı Əhmədov Yaşar Rəhim oğlunun və onun vəkili İmanverdiyev Beytulla Dadaş oğlunun, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi və vəkili İbrahimov Ramiz Hilal oğlunun iştirakı ilə,
İddiaçı Əhmədov Yaşar Rəhim oğlunun cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı Prezident seçkilərində namizədliyini irəli sürmüş namizəd kimi hüququnun təmin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-1329/2013 saylı 16 avqust 2013-cü il tarixli qərardadından iddiaçı Əhmədov Yaşar Rəhim oğlutərəfindən verilmiş kassasiya şikayətinə baxaraq
 
MÜƏYYƏN ETDİ:
 
İddiaçı Əhmədov Yaşar Rəhim oğlu cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, 09.10.2013-cü il tarixdə keçiriləcək Prezident seçkilərində namizədliyini irəli sürmüş namizəd kimi hüququnun təmin edilməsini xahiş etmişdir.
İddiaçı Əhmədov Yaşar Rəhim oğlu Bakı Apellyasiya Məhkəməsinin iclasında iddiasını dəqiqləşdirərək, namizədliyinin qeydə alınması üçün cavabdehə təqdim etdiyi sənədlərin alınması barədə ona yazılı məlumat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
İddiaçı Əhmədov Yaşar Rəhim oğlu iddia tələbini əsaslandıraraq ona istinad etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53-cü maddəsi ilə nəzərdə tutulmuş sənədləri hazırlayıb 08.08.2013-cü il tarixdə şəxsən cavabdehin Ümumi şöbəsinə təqdim etsə də, ona bu sənədlərin alınması barədə yazılı məlumat verilməmişdir. Bundan sonra iddiaçı 14.08.2013-cü il tarixdə eyni sənədləri yenidən həm şəxsən təqdim etmiş, həm də poçt vasitəsi ilə göndərmiş, lakin yenə də ona yazılı məlumat verilməmişdir. Ona görə də iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası iddianı qəbul etməmiş və göstərmişdir ki, iddiaçının Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin qeydə alınması üçün Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclası təyin edilən vaxta qədər poçt vasitəsi ilə sənəd daxil olmamış, iddiaçının 15.08.2013-cü il tarixdə cavabdehin poçt qutusuna daxil olmuş «Mərkəzi Seçki Komissiyasına məktub» adlı müraciəti isə namizədliyin irəli sürülməsi üçün SM-lə tələb olunan sənədlərə aid deyil və həmin müraciətə qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq cavab veriləcəkdir. Ona görə də iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası (hakimlər-V.Məmmədov, S.Seyidova, S.Hüseynov) iddiaçı Əhmədov Yaşar Rəhim oğlunun cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı 09.10.2013-cü il tarixdə keçiriləcək Prezident seçkilərində namizədliyini irəli sürmüş namizəd kimi hüququnun təmin edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması barədə 2-1inz(103)-1329/2013 saylı 16 avqust 2013-cü il tarixli qərardad qəbul etmişdir.
Göstərilən qərardaddan iddiaçı Əhmədov Yaşar Rəhim oğlu kassasiya şikayəti vermişdir.
 
Kassasiya şikayətinin dəlilləri:
 
İddiaçı Əhmədov Yaşar Rəhim oğlu kassasiya şikayətini əsaslandıraraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən iddia ərizəsini və digər materialları hərtərəfli, tam, obyektiv araşdırmamasına, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53.5-ci maddəsinin tələblərinin pozulmasına istinad etmişdir. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-1329/2013 saylı 16 avqust 2013-cü il tarixli qərardadını ləğv edib, iddia ərizəsini icraata götürərək mahiyyəti üzrə məhkəmə araşdırması apararaq tələb üzrə qərar qəbul edilməsini xahiş etmişdir.
 
Prosessual məsələlər:
 
Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.
Məhkəmə iclasında iştirak etmiş iddiaçı Əhmədov Yaşar Rəhim oğlu və onun vəkili İmanverdiyev Beytulla Dadaş oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-1329/2013 saylı 16 avqust 2013-cü il tarixli qərardadını ləğv edib, iddia ərizəsini icraata götürərək mahiyyəti üzrə məhkəmə araşdırması apararaq tələb üzrə qərar qəbul edilməsini xahiş etmişdirlər.
Məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi və vəkili İbrahimov Ramiz Hilal oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-1329/2013 saylı 16 avqust 2013-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
 
Hüquqi məsələlər:
 
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) iş üzrə qəbul etdiyi 16 avqust 2013-cü il tarixli qərardadla iddiaçı Əhmədov Yaşar Rəhim oğlunun cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı Prezident seçkilərində namizədliyini irəli sürmüş namizəd kimi hüququnun təmin edilməsi tələbinə dair iddiasının mümükün sayılmaması nəticəsinə gələrkən Seçki Məcəlləsinin 53.5, 53.6, 112.1-ci maddələrinə, İPM-nin 33.1, 33.2, 35.1-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti” üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci tarixli qərarına əsaslanaraq belə hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı iddia qaldırmaqda hüquqi ixtiyarı olmamış, onun cavabdehən tələb etmək və müdafiə hüquqi yaranmamışdır.
Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 14.08.2013-cü il tarixdə cavabdehə sifarişli (xəbərnaməli) məktubla müraciət etmiş və Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikası vətəndaşının öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürməsi haqqında Bildirişi və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına prezidentliyə namizədliyi irəli sürülmüş vətəndaşın Öhdəlik ərizəsini həmin sənədlər 14.08.2013-cü il tarixdə notariat qaydasında təsdiq etmişdir.
Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının «Mərkəzi Seçki Komissiyasına məktub» adlı müraciəti 15.08.2013-cü il tarixdə imzalanmış və eyni tarixdə cavabdehdə qeydə alınmışdır.
Həmin tarixdədə iddiaçı məhkəməyə hazırki iddia ilə müraciət etmişdir.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən seçki (refendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəməsinə Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir.
Seçki Məcəlləsinin 112.1-ci maddəsinə görə seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətdə şikayət edə bilərlər.
Azərbaycan Respublikası İPM-nin 33.1-ci maddəsinə müvafiq olaraq məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi İPM-nin 33.1, 33.2, 35.1-ci maddələrini təhlil edib düzgün olaraq qeyd etmişdir ki, inzibati məhkəmə icraatı qaydasında məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. inzibati mübahisə olmalı (inzibati məhkəməyə müraciət etmə mümkün olmalı); 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır.
Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının iddia qaldırılmazdan əvvəl 08.08.2013-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etməsi məhkəmə tədqiqatı ilə sübuta yetirilmir.
Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının surətlərini ərizəsinə əlavə etdiyi Bildirişin və Öhdəlik ərizəsinin 14.08.2013-cü il tarixdə notariat qaydasında təsdiq olunması da göstərir ki, iddiaçı həmin sənədləri, irəli sürdüyü kimi, 08.08.2013-cü il tarixdə cavabdehə şəxsən və ya poçt vasitəsi ilə təqdim etməmişdir.
Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı «Mərkəzi Seçki Komissiyasına məktub» adlı 15.08.2013-cü il tarixli müraciətində də bu haldan bəhs etmir.
Seçki Məcəlləsinin 53.5-ci maddəsinə əsasən müvafiq seçki komissiyası bu Məcəllənin 53.4-cü maddəsinin tələblərinə uyğun olaraq təqdim edilmiş sənədlərin alınması barədə namizədə, seçicilərin təşəbbüs qrupuna yazılı məlumat verməlidir;
Həmin Məcəllənin 53.6-cı maddəsinə görə müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərar təqdim edir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz.
Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Seçki Məcəlləsinin 53-cü maddəsi ilə tənzimlənən sənədlərin cavabdehə təqdim olunması iş materialları ilə sübuta yetirilmir.
Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, Seçki Məcəlləsinin 53.5-ci maddəsində nəzərdə tutulmuş yazılı məlumat almaq hüququnun pozulması üçün həmin Məcəllənin 53.4-cü maddəsinin tələblərinə uyğun olan sənədlərin təqdim edilməsi şərtdir ki, bu hal da iş üzrə müəyyən edilmir.
Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30.07.2008-ci il tarixli Qərarına istinad etmiş, belə ki, həmin qərarda göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə qarşı iddia qaldırmaqda hüquqi ixtiyarı olmaması, onun cavabdehdən tələb etmək və müdafiə hüququ yaranmaması, iddiaçının hazırkı iddia ilə məhkəməyə müracət etmək üçün müvafiq subyektiv hüquqa malik olmaması, buna görə də onun iddiasının mümkün sayılmaması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir.
İddiaçı kassasiya şikayətində göstərmişdir ki, məhkəmə kollegiyası qərardadda qeyd edilənin əksinə olaraq iddia ərizəsini və digər materialları hərtərəfli, tam, obyektiv araşdırmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi, MSK-ya aid məktubunun surətində seçkidə iştirakının əsasları qeyd olunurdu ki, bu da iddiadakı münasibətlərdə iddiaçının qərəzsizliyini, saf niyyətliliyini motivlənmişdir. Bu əsas məntiq iddianın təmin edilməsi üçün ən bariz məntiqi sübutdur.
Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili mücərrəd və konkret olmayan xarakter daşıdığına görə əsassızdır, belə ki, iddiaçı apellyasiya inistansiya mıhkəməsinin, onun qənatinə əsasən iddia ərizəsini və digər materialları hərtərəfli, tam, obyektiv araşdırılmamasının nədən ibarət olmasını bildirməmişdir.
İddiaçı kassasiya şikayətində həmçinin göstərmişdir ki, iddiaçının MSK-ya sənədlərini təqdim etməsini təsdiq edən əsas fakt MSK-nın giriş qapısında və giriş qapısından içəridə yerləşən videokameralar vasitəsi ilə qeydə alınmış olmalıdır ki, məhkəmə bu halı da araşdırmamışdır. MSK-da keçirilən mətbuat və KİV-lər üçün konfranslarda iştirak edən jurnalistlər tərəfindən də iddiaçının günlərlə MSK-nın qarşısında vargəl edərək təqdim etdiyi sənədlərə görə Seçki Məcəlləsinin 53.5-ci maddəsində nəzərdə tutulmuş MSK-nın 6 nömrəli təlimatına müvafiq “məlumat arayışının” iddiaçıya verilməsi üçün gözlədiyi də qeydə düşə bilərdi ki, məhkəmə bunu da təşəbbüs edərək araşdırmamışdır.
Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır, belə ki, apellyasiya inistansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Seçki Məcəlləsinin 53.4-ci maddəsində nəzərdə tutulmuş sənədləri cavabdehə təqdim etməmişdir. Həmin məcəllənin 53.4-cü maddəsində deyilir ki, namizəd öz ərizəsinə siyasi partiyaya mənsubiyyəti barədə təsdiq olunan sənəd əsasında məlumatları daxil edə bilər. Belə halda namizəd mənsub olduğu siyasi partiyanın 5 sözdən çox olmayan adla adlandırılmasını müvafiq seçki komissiyası ilə razılaşdırır. Ərizədə göstərilmiş siyasi partiya namizədi öz sıralarından xaric edibsə və müvafiq seçki komissiyasına bildiriş göndəribsə, həmin bildiriş alındıqdan sonra həmin namizədlə əlaqədar siyasi partiyanın adından istifadə edilə bilməz.
Həmin Məcəllənin 53.5-ci maddəsinə görə müvafiq seçki komissiyası bu Məcəllənin 53.4-cü maddənin tələblərinə uyğun olaraq təqdim edilmiş sənədlərin alınması barədə namizədə, seçicilərin təşəbbüs qrupuna yazılı məlumat verməlidir.
Həmin Məcəllənin 53.6-cı maddəsinə əsasən müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyini müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərar təqdim edir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz.
Həmin məcəllənin 112.1-ci maddəsinə müvafiq olaraq seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
Lakin apellyasiya inistansiya məhkəməsi tərəfindən iddiaçının Seçki Məcəlləsinin 53.4-ci maddəsinin tələblərinə riayət etmədiyi müəyyən edilmişdir.
Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya inistansiya məhkəməsi hazırki mübahisəni həll edərkən yuxarıda göstərilmiş maddi və prossesual hüquq normaları düzgün tətbiq edərək iş üzrə qanuni və əsaslı məhkəmə aktı qəbul etmişdir.
Buna görədə kassasiya şikayəti təmin edilməməli, apellyasiya inistansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Şərh edilənləri və İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
 
QƏRARA ALDI
 
İddiaçı Əhmədov Yaşar Rəhim oğlunun kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-1329/2013 saylı 16 avqust 2013-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
 
Sədrlik edən:
Hakimlər
Əsli ilə düzdür
            Ali Məhkəmənin hakimi                                 N.Rəsulbəyova