ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsi imkanını aradan qaldıran Mülki və Kommersiya kollegiyalarının birgə qərardadı qəbul edilmişdir.

14.06.2022, 12:08
Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsi imkanını aradan qaldıran Mülki və Kommersiya kollegiyalarının birgə qərardadı qəbul edilmişdir.
Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsi imkanını aradan qaldıran Mülki və Kommersiya kollegiyalarının birgə qərardadı qəbul edilmişdir.

.PDF yüklə

 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
Azərbaycan Respublikası
 
Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları
 
 
 
 
Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə
 
 
Q Ə R A R D A D
 
 
№ 02/2022
 
 
14 iyun 2022-ci il                                                                                             Bakı şəhəri
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları, Mülki Kollegiyanın sədri Hacıyev Sənan Firudin oğlunun sədrliyi və hakimləri Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlu, Əhmədova Mehparə Tofiq qızı, Əhmədov Əhməd Abbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlu, Vəliyeva Elşanə Rafiq qızı, Xələfov İlqar Rəhim oğlu, Həsənov Vüqar Təvəkgül oğlu, Hüseynov Abiddin Qabil oğlu, Şamayev Elşad Yaquboviç, Abbasov Aqil Əzizağa oğlu, Əliyev Zaur Əli oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlu,
Kommersiya Kollegiyasının sədri Abiyeva Kəmalə Nəbi qızı və hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə,
Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə
Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 418-1-ci maddəsinin tələblərinə müvafiq qaydada verdiyi 2021-ci il 1 iyun tarixli təqdimatı əsasında mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə baxaraq aşağıdakıları müəyyən etdi.
 
Mübahisəli hüquqi məsələnin məzmunu
 
1. Hazırda Ali Məhkəmənin icraatında əvvəllər müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqini zəruri edən “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair” mülki iş vardır.
 
“Kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin əsaslandırılması
 
2. Mülki işin hallarından göründüyü kimi, “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə cavabdeh daha əvvəl məhkəmədə iddia qaldıraraq hazırda həmin kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia irəli sürmüşdür. Həmin iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən qarşı tərəf apellyasiya şikayəti vermiş və işə apellyasiya instansiyası məhkəməsində baxılarkən “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ayrıca icraatda iddianın verildiyi bildirilərək, bu əsasla həmin işə baxılıb yekunlaşanadək “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə icraatın dayandırılması xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə vəsatət təmin edilmiş və “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi üzrə icraat dayandırılmışdır.
3. “Kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbi üzrə işə kassasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının bir sıra məhkəmə tərkibləri eyni kateqoriyadan olan mübahisələr üzrə qəbul etdiyi qərarlarında hazırkı məhkəmə tərkibindən fərqli hüquqi mövqedən çıxış edərək, kredit müqaviləsi üzrə borcun tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda, eyni müqavilənin etibarsız hesab edilməsinə dair iş üzrə kassasiya şikayətlərinə baxmış, kassatorların dəlillərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilənin etibarsızlığı ilə bağlı müvafiq maddələrinə istinad edərək qiymət vermişlər.
4. Ali Məhkəmənin məhkəmə tərkiblərinin həmin işlər üzrə qərarlarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, şəxslərin məhkəməyə çatımlılıq hüququ təmin edilməlidir. Belə ki, MPM-in 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göstərilənləri əsas tutan Ali Məhkəmənin məhkəmə tərkibləri hesab etmişlər ki, kredit müqavilələri üzrə borcun tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması, eyni tərəflər arasında ayrıca icraatda bu müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə işə baxılmasına mane olmamalıdır. Belə ki, bu mübahisələr eyni tərəflər arasında olsa da, iddia tələbləri fərqlidir. Ona görə də, şəxslərin məhkəməyə çatımlılıq hüququ qorunmalı, kredit borcunun tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq, eyni tərəflər arasında həmin borcun tutulmasına əsas olan kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair iddialar icraata qəbul edilməli və həmin işlərə mahiyyəti üzrə baxılmalı, o cümlədən bu işlər üzrə qəbul edilən məhkəmə qətnamələrindən verilən apellyasiya və kassasiya şikayətlərinə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməlidir.
5. Digər hüquqi mövqe isə ondan ibarət olmuşdur ki, kredit müqavilələri üzrə verilmiş borcun tutulmasına dair iddia ərizələri məhkəmənin icraatına qəbul edildikdən və yaxud həmin iddialar üzrə məhkəmə qətnaməsi qəbul edildikdən sonra eyni tərəflər arasında ayrıca icraatda kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizələrinin icraata qəbul edilməsi və həmin işlərə mahiyyəti üzrə baxılması hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. Belə ki, kredit borcunun tutulması tələbinə dair işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün ilk növbədə bu tələbin əsasını təşkil edən etibarlı borc müqaviləsinin bağlanıb-bağlanmadığını müəyyən etmək vəzifəsi daşıyır və həmin vəzifəni yerinə yetirməklə tələbin qanuni və əsaslı olmasına hüquqi qiymət verir. Ona görə də bu mübahisəyə baxılan vaxt və yaxud baxıldıqdan sonra ayrıca icraatda kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair ayrıca iddia tələbinin irəli sürülməsi və həmin tələblərə mahiyyəti üzrə baxılması prosessual qanunvericiliyin normaları baxımdan mümkün deyildir.
6. Belə ki, MPM-in 153.2.2-ci və 153.2.4-cü maddələrinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 
7. Eyni zamanda, MPM-in 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır.
8. Həmçinin, MPM-in 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə hakim iş üzrə icraata xitam verir. 
9. Göründüyü kimi, qeyd edilən hüquqi məsələyə dair qanunvericiliyin tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi zərurəti yaranmışdır.
10. MPM-in 2020-ci il martın 1-dən qüvvəyə minmiş 418-1-ci maddəsinə müvafiq olaraq, Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.
11. Bu məqsədlə Ali Məhkəmənin sədri tərəfindən hazırda işə baxan Mülki Kollegiyanın məhkəmə tərkibinin təqdimatı təmin edilərək, hüququn tətbiqi üzrə qeyd edilən mübahisəli hüquqi məsələ Mülki və Kommersiya kollegiyalarına daxil olan bütün hakimlərin müzakirəsinə çıxarılmışdır.
12. Mübahisəli hüquqi məsələ hüquq ictimaiyyətinin diqqətinə çatdırılmış, yazılı formada əsaslandırılmış rəylər (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim edilmişdir.
 
 
Məhkəmənin mövqeyi
 
13. Məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir. 
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən  iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə mü-əyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hü-ququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın  düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. 
15. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
16. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4).  
17. Nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.
18. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur.
19. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər.
20. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.).
21. Əqdi bağlayan şəxsin iradəsi zədələndikdə isə belə əqdlər mübahisə edilən əqdlər sayılır. İradənin zədələnməsinə səbəb olan əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1 - 339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin qərarında tərəfin iradə ifadəsinin hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində zədələnmiş olduğu hallarda əqdlərin mübahisələndirilməklə etibarsız hala gəldiyi qeyd edilmiş və bununla da mübahisə edilən əqdlərin dairəsi göstərilmişdir. Bu növ etibarsız əqdləri digər etibarsızlıq hallarından fərqləndirən mühüm xüsusiyyət odur ki, iradəsi zədələnmiş  şəxs əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə qanunda nəzərdə tutulan müddətlərdə (Mülki Məcəllə, maddə 354.2) əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir. Başqa sözlə, bu halda iradə qüsurlu olsa belə, hüquqi baxımdan tanınan etibarlılıq, mübahisələndirmə ilə pozulmuş olur (pozula bilən etibarlılıq). Mübahisələndirmə isə geriyə şamil olunaraq əqdin bağlandığı andan etibarsız sayılmasını təmin edir. 
22. Məhkəmə təcrübəsində bəzi hallarda “əqdi mübahisələndirmək” ifadəsi, “əqdin etibarsız sayılmasına dair iddia qaldırmaq” kimi başa düşülür. Prosessual anlamda bu, yanlış olmasa da, əqdlərin etibarsızlığı ilə bağlı qaydalar çərçivəsində (maddi hüquqi mənada) əqdi mübahisələndirmək məhkəmədə iddia qaldırmaq deyil, iradəsinin zədələnməsi ilə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsini məhkəmədənkənar qaydada müqavilənin qarşı tərəfinə bildirmək hüququdur (Mülki Məcəllə, maddə 337.2). Başqa sözlə, etibarsızlığın digər növlərində əqdin etibarsız hesab edilməsi (məsələn, səlahiyyətsiz təmsilçinin bağladığı əqdin etibarsız sayılması və s.) haqqında iddianın qaldırılması, onların mübahisə edilən əqdlər olması mənasına gəlmir. Bu baxımdan, maddi hüquqi mənada bir əqdin mübahisə edilən (mübahisələndirilən) sayılması üçün meyar onun etibarsızlığına dair iddianın qaldırılması deyil, etibarsızlığın yuxarıda sadalanan iradə zədələnməsi hallarından irəli gəlib-gəlməməsidir.
23. Bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur (düzələ bilən etibarsızlıq). Mülki Məcəllənin 344, 345, 29.1, 30.1-ci maddələrində nəzərdə tutulan etibarsızlıq və bəyənmə halları buna misal göstərilə bilər.  
24. Qanunverici məcburi hüquq qaydalarının pozulması ilə bağlanan bəzi əqdlərin etibarsız sayılması üçün xüsusi bir qayda - məhkəmə aktının qəbul olunmasını tələb edir (Mülki Məcəllə, maddə 416, 1078-27.1.3, 1225.3). Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq, məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələr, yəni hüquq və öhdəliklər yaradan etibarlı əqd kimi qəbul olunurlar. Bu cür etibarsızlıq hallarının məhkəmədə mübahisələndirilməsi şəxsin öz iradəsindən kənarda baş verən qüsurlara (qanuni tələblərin pozulmasına) əsaslanır.
25. Konstitusiya Məhkəməsi Plenumu qərarında əhəmiyyətsiz və mübahisə edilən əqdlərlə yanaşı, son iki etibarsızlıq halını ayrıca növ kimi təsnif etməklə mülki qanunvericiliyimizdə əqdin etibarsızlığına səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlərin fərqli şəkildə tənzimləndiyini vurğulamışdır. 
26. Qeyd edildiyi kimi, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir.
28. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur.
29. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş  iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.
30. Odur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur.
31. Bir daha qeyd edilməlidir ki, mübahisələndirilən əqdi etibarsız hala gətirən hüquqi səbəb məhkəmə qərarı deyil, mübahisələndirmə faktının özüdür. Konstitusiya Məhkəməsinin də qərarında “Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. ...istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır.” kimi hüquqi mövqeləri ona dəlalət edir ki, mübahisə edilən əqdin etibarsız sayılması üçün məhkəmədə tələb irəli sürmək zərurəti yoxdur, etibarsızlıq nəticəsini mübahisələndirmə faktı (iddiadan və məhkəmədən kənarda) əmələ gətirir. Çünki, etibarsızlıq bir nəticədirsə həmin nəticəni əqdi mübahisə etmək hüququna malik olan şəxsin hərəkəti təmin edir. Bu hərəkətlə, yəni iradə ifadəsi qarşı tərəfə bildirilməklə etibarsızlıq nəticəsi qanuna əsasən yaranmış olur. Bunun üçün hüquq sistemimiz əlavə şərtlər - iddia tələbinin irəli sürülməsi, məhkəmənin qərar çıxarması və s. tələb etmir. Amma bu məsələlərlə bağlı tərəflər arasında mübahisə yarandıqda həmin ixtilaf təbii ki, məhkəmə tərəfindən həll olunur.
32. Bu baxımdan mübahisə edilən əqdlərin etibarsızlığı məhkəmə qərarından asılı olmadığına görə, həmin qərarın çıxarılmasının prosessual əsası olan iddia tələbindən də asılı deyil. Çünki, tələb məhkəmə qərarının alınması üçün irəli sürülür.
33. Belə olan halda, məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən tərəf iradəsinin zədələnməsini və buna görə əqdi mübahisələndirməsini sübut etdikdə, yaxud məhkəmə işin halları əsasında bunu müəyyən etdikdə, etibarsızlıq nəticəsini xüsusi bir iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq nəzərə almalı və ona görə qərar verməlidir. 
34. Bununla belə, diqqətdən qaçırılmamalıdır ki, mübahisələndirmə şəxsə bağlı olan hüquqdur. Əgər tərəf əqdlə bağlı olmadığına dair öz iradə bəyanını qarşı tərəfə bildirmirsə, etibarsızlıq nəticəsini doğuracaq hüquqi hərəkət (mübahisələndirmə) aidiyyəti şəxs tərəfindən edilməmiş olur. Bu halda məhkəmə işdən iradənin zədələnməsi faktlarını görsə belə, öz xidməti vəzifəsinə əsaslanaraq əqdin etibarsızlığı ilə bağlı həmin halları araşdıra və nəzərə ala bilməz. Çünki, şəxsə bağlı olan hüquqlar əlaqədar şəxsdən başqa heç kim tərəfindən istifadə edilə bilməz. Elə Konstitusiya Məhkəməsi Plenumunun qərarının nəticə hissəsinin 7-ci bəndində də mübahisə edilən əqdlərlə bağlı etibarsızlıq halının tələb olmadan məhkəmə tərəfindən nəzərə alına bilinməyəcəyi xüsusi olaraq qeyd olunmuşdur.
35. Etibarsız sayılması üçün məhkəmə qərarı tələb olunan əqdlərlə bağlı mübahisələrə baxılarkən də qarşı tərəfin əqdin etibarsızlığı barədə dəlilləri məhkəmə tərəfindən əsaslı hesab edildiyi və əqdin etibarsızlığı müəyyən olunduğu halda son nəticədə əqd məhkəmə qərarı əsasında etibarsız hesab edilmiş olur. Mülki qanunvericilikdə belə əqdlərin maraqlı şəxsin iddiası üzrə etibarsız sayıla bilməsi barədə norma (məsələn: Mülki Məcəllə, maddə 416.1) yuxarıda ifadə olunmuş mövqe ilə hər hansı ziddiyyət təşkil etmir, çünki bu prosessual mənada iddianın irəli sürülməsini deyil, maddi hüquqi mənada əqdin etibarsızlığına dair istənilən formada iradəsinin bildirilməsini ehtiva edir.   
36. Konstitusiya Məhkəməsinin qərarında “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.” məzmunundakı hüquqi mövqedən də görünür ki, əqdin etibarlılığının yoxlanılmasının zəruri şərti etibarsızlıq barədə tələbin irəli sürülməsi deyil, sadəcə tələbin əqdə söykənməsidir. Odur ki, məhkəmə “əqdin etibarsız sayılması, əqdən doğan öhdəliyin icrası üzrə və s.” tələbləri, yaxud bu iddialara etiraz əsasında tərəflərin faktiki münasibətlərində baş vermiş halları, varsa əqdi mübahisələndirmə (iradənin qarşı tərəfə çatdırılması) faktını araşdırır, əqdin etibarlı olub-olmamasına görə mübahisəni həll edir.
37. Bu baxımdan, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin aşağıdakı tələbləri baxımından yolverilməzdir. 
38. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir.
39. Konstitusiya Məhkəməsinin qərarında, həmçinin qeyd olunmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. 
40. Bu baxımdan, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir.
41. Təsadüfi deyildir ki, MPM-in 261.0.2-ci maddəsi iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni tələb deyil, məhz eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını yetərli hesab edir.
42. Digər tərəfdən, əqdə əsaslanan tələb üzrə işin icraatda olduğu və ya məhkəmə aktının qəbul edildiyi nəzərə alınmadan həmin əqdin etibarsız hesab edilməsinə dair tələblərin icraata qəbul edilməsi və baxılması hüquqi müəyyənlik prinsipinə də ziddir. 
43. Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.
44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 30 iyul tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 8 yanvar tarixli qərarlar). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməsidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar). 
45. Xüsusilə vurğulanmalıdır ki, əqdə əsaslanan iddialara baxılması ilə bağlı yuxarıda ifadə edilmiş hüquqi mövqe ədalətli məhkəmə hüququ ilə uyğunsuzluq yaratmır. Belə ki, əqdlə bağlı hər hansı mübahisəyə baxıldıqda qarşı tərəfin əqdin etibarsız olması ilə etiraz və ya qarşılıqlı iddia irəli sürmək, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatsız olduqda, etiraz və dəlilləri əsassız olaraq nəzərə alınmadıqda isə qəbul edilmiş məhkəmə aktından şikayət vermək hüquqları vardır.
46. İşdə iştirak edən şəxslərin əqdə əsaslanan tələblərə baxılarkən ona verilmiş prosessual hüquqlardan istifadə etmədən (etiraz və qarşılıqlı iddia vermədən, öz dəlil və sübutlarını təqdim etmədən) əqdin etibarsızlığına dair ayrıca iddia qaldırması həm də MPM-in 47.1-ci maddəsi ilə işdə iştirak edən şəxslərin üzərinə qoyulmuş prosessual hüquqlardan vicdanla istifadə etmək vəzifəsi və prosessual qənaət prinsipi ilə bir araya sığmır. Prosessual hüquqlardan belə sui-istifadə qəbul edilmiş məhkəmə qərarlarını uzun müddət icrası mümkün olmayan aktlara çevirməklə, digər şəxslərin ədalətli məhkəmə hüququnun pozulmasına şərait yaradır.
47. Qeyd edilənlərlə yanaşı xüsusi olaraq vurğulanmalıdır ki, inzibati icraat qaydasında işlərə baxılmasından fərqli olaraq, mülki icraat qaydasında hakimin tərəfə yardım etmə vəzifəsi olmasa da, MPM-in 14.1, 184.1-ci maddələrindən irəli gələn işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etmək, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərmək, habelə işin və mübahisənin vəziyyətini müzakirə etmək kimi vəzifələri vardır. 
48. Məhz bu vəzifələrin icrası baxımından hakim (məhkəmə) əqddən irəli gələn iddialara baxıldığı zaman tərəflərə əqdin etibarlılığına dair mümkün dəlil və etirazlarını məhz bu icraat çərçivəsində irəli sürülməli olduğunu izah etməli, bu hüquqlardan vaxtında istifadə edilməməsinin isə sonradan həmin əqdin etibarsızlığına dair müstəqil iddia qaldırmaq imkanını aradan qaldıracağı haqda xəbərdar etməlidir.
49. Eyni zamanda nəzərə alınmalıdır ki, əqddən irəli gələn tələblərə baxıldığı zaman buna dair müstəqil tələb (iddia) irəli sürülmədən həmin əqdin (əqdlərin) etibarlılığına qiymətin verilməsi, yalnız əqdin bütün tərəflərinin işdə iştirak etməyə cəlb edildiyi halda əsaslı olacaqdır. Etibarsız sayılması üçün məhkəmə qərarının tələb olunduğu əqdlərə münasibətdə isə əqdin tərəfləri ilə yanaşı, müvafiq olaraq hərrac təşkilatı, notarius və digər aidiyyəti təşkilatlar işdə iştirak etməyə cəlb olunmalıdırlar. Belə ki, məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnən formada həll etməsi məhkəmə aktının ləğvi üçün əsasdır.
50. O da qeyd edilməlidir ki, əqdə əsaslanan iddia irəli sürülənədək tərəflər həmin əqdin etibarsız hesab edilməsinə dair tələblə məhkəməyə müraciət etməkdə sərbəstdirlər. Sadəcə olaraq, bu tələbə baxılaraq qiymət verildiyi halda, sonradan həmin əqdə əsaslanan iddiaya baxılması zamanı əvvəlki iş üzrə etibarsızlıqla bağlı qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmiş hallar bu iş üçün preyudisial əhəmiyyət kəsb etməklə, təkrar qiymətləndirmə imkanını aradan qaldırmış olacaqdır.
51. Beləliklə, mülki prosessual qanunvericiliyin qeyd edilən tələbləri baxımından belə qənaət hasil olur ki, əqdə əsaslanan iddialara baxıldığı halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsi  tələblərinin irəli sürülməsi və onlara baxılması yolverilməzdir.
52. Ona görə də, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair (etibarsızlığın növündən asılı olmayaraq) verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar  səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi MPM-in 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır.
53. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə әlaqәdar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.
 
 
54. O da vurğulanmalıdır ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər.
55. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. 
56. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir.
57. Beləliklə, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət məhkəmə tərkibi MPM-in 418-1.1-ci maddəsini rəhbər tutaraq
 
Q Ə R A R A   A L D I:
 
Məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır.
Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə әlaqәdar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin  icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.
Qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin rəsmi internet səhifəsində və Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülletenində dərc edilsin. 
 
 
Sədrlik edən Sənan Hacıyev