ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

31.03.2011, 12:35
Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı
Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

PDF Word

“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında”

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

“31” mart 2011-ci il                           № 3                                       Bakı şəhəri

Azərbaycan Respublikasında hüquq və məhkəmə islahatlarının müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində vətəndaşların və hüquqi şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün real şərait yaranmışdır. Məhkəmələr tərəfindən mülki mübahisələrin vaxtında və düzgün həll edilməsi vətəndaşların və hüquqi şəxslərin dövlətə və məhkəmələrə inamını artırır, onlarda hüquq qaydalarına əməl etməyə məsuliyyət hissini yüksəldir.

“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə müvafiq olaraq hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış, müstəqil məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli məhkəmə araşdırılması hüququna malikdir. Məhkəmələrə daxil olan ərizələrin əsassız olaraq baxılmamış saxlanılması vətəndaşların və hüquqi şəxslərin məhkəmə müdafiəsi hüquqlarının pozulmasına səbəb olur.

Ərizələrin baxılmamış saxlanılması ilə əlaqədar məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi göstərir ki, məhkəmələr son vaxtlar mülki işlərə vaxtında baxılmasına, məhkəmə sənədlərinin işdə iştirak edən şəxslərə vaxtında çatdırılmasına və məhkəmə aktlarının icraya yönəldilməsinə diqqəti artırmışlar. Lakin ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edildikdə vətəndaşların hüquqlarının və mənafelərinin pozulması ilə nəticələnən hallar da az deyildir. Hüquqi əsaslar olmadan ərizənin baxılmamış saxlanılması, ərizə baxılmamış saxlanıldıqda qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının keçirilməməsi, qəbul edilən qərardadın hüquqi cəhətdən əsaslandırılmaması, ərizələrin baxılmamış saxlanılması barədə məsələnin qətnamə ilə həll edilməsi və s. bu kimi qanun pozuntularına hələ də təsadüf olunur. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən düzgün və eyni cür tətbiq edilməsi, vətəndaşların və hüquqi şəxslərin hüquq və mənafelərinin müdafiəsinin yaxşılaşdırılması, habelə vahid məhkəmə təcrübəsinin formalaşması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

QƏRARA ALIR:

1.1. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur.

1.2. Məhkəmələr nəzərə almalıdırlar ki, məhkəməyə daxil olan ərizə Azərbaycan Respublikası MPM-nin 153.1-ci maddəsinə əsasən hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Ərizə hakimin icraatına verildikdən sonra iş üzrə materiallar Azərbaycan Respublikası MPM-nin 149-153-cü maddələrinin tələblərinə müvafiq olaraq məhkəmə baxışının hazırlıq mərhələsinə qədər öyrənilməlidir. Qeyd edilən qaydalara əməl edilməməsi gələcəkdə ərizənin baxılmamış saxlanılması və ya icraata xitam verilməsinə əsas yaradır.

1.3. Ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı, xüsusi iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir. Qarşılıqlı iddia ərizəsinin, iddia ərizəsində birləşən ayrı-ayrı tələblər üzrə ərizələrin, habelə müstəqil iddia tələbi irəli sürən üçüncü şəxslərin ərizələrinin baxılmamış saxlanılması istisna edilmir. [1]

2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 170 və 260-cı maddələrinə müvafiq olaraq ərizənin baxılmamış saxlanılmasına yalnız qanunla müəyyən edilmiş qaydada keçirilən məhkəmə baxışında yol verilir. Ərizənin icraata qəbul edilməsi və işin məhkəmə baxışına hazırlanması mərhələlərində ərizənin baxılmamış saxlanılmasına yol verilmir.

Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. [15]

3. Məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikasının MPM-də ərizənin baxılmamış saxlanılmasının əsasları dəqiq müəyyən olunmuşdur.  Digər əsaslarla ərizənin baxılmamış saxlanılması yolverilməzdir.

4.1. Qeyd etmək lazımdır ki, bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur. Məsələn: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə görə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər; Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinə görə əgər qanunla müəyyən kateqoriya iqtisadi kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud  bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra iqtisad məhkəməsinin həllinə verilə bilər. [2]

4.2. Məhkəmələrə izah edilsin ki, məhkəmədənkənar həlli qaydası müəyyən edilmiş işlər üzrə ərizələr yalnız o hallarda baxılmamış saxlanıla bilər ki, həmin qaydanın tətbiq edilməsi imkanı itirilməmiş olsun. Əks halda ərizə baxılmamış saxlanılmalı deyil, Azərbaycan Respublikası MPM-nin 261.0.9-cu maddəsinə müvafiq olaraq işin icraatına xitam verilməlidir.

5.1. Məhkəmə ərizəni icraata qəbul etdikdə ərizəçinin fəaliyyət qabiliyyətli şəxs olmasına xüsusi diqqət verməlidir. Qanunda nəzərdə tutulan hallarda yetkinlik yaşına çatmayan şəxslər mülki, ailə, əmək, inzibati və digər hüquq münasibətlərindən əmələ gələn mübahisələr üzrə öz hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə şəxsən müdafiə edirlər. Bu hallarda yetkinlik yaşına çatmayanların ərizələri onlar tam prosessual fəaliyyət qabiliyyətli olmadıqlarına görə baxılmamış saxlanıla bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 49-cu maddəsinə əsasən yetkinlik yaşına çatmayanların, habelə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. [3]

5.2. Psixi vəziyyətinə görə şəxsin fəaliyyət qabiliyyətinə malik olmaması yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edildikdə ərizənin baxılmamış saxlanılması üçün əsas olur.

5.3. Plenum izah edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.2-ci maddəsinnin tətbiqi ilə əlaqədar 2 hal fərqləndirilməlidir: 1) Ərizənin fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilməsi; 2) Məhkəməyə ərizə verildikdən sonra ərizəçinin fəaliyyət qabiliyyətini itirməsi.Yalnız birinci halda ərizə baxılmamış saxlanılır. 2-ci hal Azərbaycan Respublikası MPM-nin 254.1.2-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətini itirmiş şəxs üzərində nümayəndə təyin edilənə kimi iş üzrə icraatın dayandırılması üçün əsasdır. Qeyd etmək lazımdır ki, ərizənin fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs tərəfindən verilməsi ərizənin baxılmamış saxlanılması əsaslarına daxil deyildir.

6.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq məqsədi ilə yazılı şəkildə ərizə verməklə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi (ərizə, şikayət) müraciət edən şəxsin iradəsini müəyyənləşdirmək üçün şəxsən imza edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizənin şəxsən imzalanmaması ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Ərizədə və işdə olan digər sənədlərdə məhkəməyə müraciət edən şəxsin imzasının fərqli olması ərizənin baxılmamış saxlanılması üçün əsas deyildir.

6.2. Ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Həmin qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır. Məhkəmələrə izah edilir ki, qanunda nəzərdə tutulmuş hallardan başqa şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizələrinə əsasən iş başlanıldıqda həmin şəxslərin ərizələri MPM-nin 259.0.3 maddəsi qaydasında baxılmamış saxlanıla bilməz. [4]

6.3. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildikdə və bu vəziyyətdə icraata qəbul edildikdə məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının özünün bilavasitə iştirak etməsi və iddia ərizəsini müdafiə etməsi yazılı müdafiə etməsi halında MPM-nin 259.0.3-cü maddəsində göstərilən əsasla ərizənin baxılmamış saxlanılmasını istisna etmir edir. [5]

7.1. Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsində müəyyən olunmuş əsasla ərizənin baxılmamış saxlanılmasına o hallarda yol verilir ki, başqa məhkəmənin və yaxud həmin məhkəmənin icraatında olan digər iş eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla əlaqədar olsun. Bunlardan hər hansı biri üzrə fərq olduqda həmin əsasla ərizə baxılmamış saxlanıla bilməz. Bu qayda cinayət işlərində mülki iddianın olması, başqa iş üzrə iddia ərizəsinə eyni tələbin daxil edilməsi hallarına da aiddir.

7.2. Mübahisənin həlli ilə əlaqədar qanunvericilikdə alternativ aiddiyət (mübahisənin həllinin bir neçə orqana aid olması) müəyyən edilən hallarda eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə işin nəinki məhkəmənin, habelə başqa səlahiyyətli orqanların icraatında olması da ərizənin baxılmamış saxlanılması üçün əsasdır. [6]

8.1. Azərbaycan Respublikası MPM-nin 29-cu maddəsinə müvafiq olaraq məhkəməyə aid olan mübahisə qanunla, beynəlxalq müqavilələrlə və yaxud tərəflərin sazişi ilə nəzərdə tutulan hallarda işdə iştirak edən şəxslərin yazılı razılığı ilə münsiflər məhkəməsinin həllinə verilə bilər.

8.2. Plenum qeyd edir ki, MPM-nin 29-cu maddəsində müəyyən olunmuş bütün hallarda deyil, MPM-nin 259.0.5-ci maddəsinə müvafiq olaraq tərəflər arasında mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanıldıqda və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olduqda ərizə baxılmamış saxlanılır. Bu zaman işdə iştirak edən digər şəxslər (üçüncü şəxslər) tərəfindən verilən etirazlar nəzərə alınmamalıdır.

9.1. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin, iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokoluna imza edilməklə protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. [7]

9.2. Məhkəmələr nəzərə  almalıdırlar ki, qanunla  müəyyən  edilmiş qaydada işə  baxılmasının vaxtı və yeri barədə  xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına  gəlmədikdə  və buna görə  ərizə baxılmamış  saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı  deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir.

10. Məhkəmələrə izah edilsin ki, qanuna, digər normativ hüquqi akta və yaxud müqaviləyə əsasən  bank və kredit müəssisəsi vasitəsi ilə alınmalı olduğu halda iddiaçı  cavabdehdən  borcun  alınması  barədə banka, yaxud  digər kredit  müəssisəsinə müraciət  etmişsə, iddiaçı iddia  ərizəsinə bank və yaxud kredit müəssisəsinə müracıət etməsi, həmin müəssisələr vasitəsilə borcun alınmasının qeyri-mümkün olması barədə sübutlar əlavə etməlidir. İddiaçının göstərilən qaydaya əməl etmədən məhkəməyə müraciət etməsi iddia ərizəsinin qəbulundan imtina olunması geri qaytarılması, ərizə qəbul edildikdə isə MPM-nin 259.0.8-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün əsasdır. [8]

11. Azərbaycan Respublikası  MPM-nin 306.4-cü maddəsinə müvafiq  olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında  mübahisənin  olduğu müəyyən edilərsə, məhkəmə  ərizənin  baxılmamış saxlanılması barədə qərardad çıxarır və maraqlı şəxslərə onların  ümumi  qaydada əsaslarla iddia  vermək  hüququnu  izah edir. Lakin bu qəbildən olan işlərə iddia icraatı qaydasında baxılması ərizənin baxılmamış saxlanılması üçün əsas deyildir. [9]

12. Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsini geri götürə bilər. MPM-nin 170 və 259.0.11-ci maddələrinin əlaqəli izahına görə bu əsasla ərizənin baxılmamış saxlanılması ərizə icraata qəbul ediləndən sonra işə mahiyyəti üzrə baxılana kimi mümkündür. İddiaçı tərəfindən  ərizənin geri götürülməsi mülki prosesin sərbəstlik prinsipinə uyğun olsa da cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etməyə haqlıdır. İddia ərizəsinin qaytarılması barədə ərizə verilsə də cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etdikdə ərizə baxılmamış saxlanıla bilməz və mahiyyəti üzrə baxılmalıdır. [10]

13. Məhkəmələrə xatırladılır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12 –ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. [16]

13-1. Məhkəmələr izah edilsin ki, “Mediasiya haqqında”  Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində nəzərdə tutulan əsaslarla ərizə o zaman baxılmamış saxlana bilər ki, həmin Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf, həmin Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya  protokolu, həmin Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokolu, 21.8-ci maddəsində nəzərdə tutulmuş arayışı əlavə etməsin, o cümlədən mediasiyaya dair qeyd-şərt olduğu halda həmin Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlanmış mediasiya prosesinə həmin Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilməsin.”; [17]

14. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Ərizənin qətnamə ilə baxılmamış saxlanılması yol verilməzdir. Qərardadda ərizənin baxılmamış saxlanılması qanuna istinad edilməklə əsaslandırılmalı, onda işin baxılmasına mane olan halların necə aradan qaldırılması hökmən göstərilməlidir.

Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Ərizənin qətnamə ilə baxılmamış saxlanılması yol verilməzdir. Qərardadda yalnız mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxmağın mümkün olmaması qanunun konkret normalarına istinad edilməklə əsaslandırılmalıdır. [11]

15. İddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddələrinə müvafiq olaraq ərizə baxılmamış saxlanıldıqda dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır.

16. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 169.1-ci maddəsinə müvafiq olaraq hakim iddiaçının ərizəsində qoyduğu tələbləri ayrıca icraata ayırmağa haqlıdır. Ayrıca icraata ayrılması əvəzinə iddia ərizəsində göstərilən digər tələbin baxılmamış saxlanılması MPM-nin 259–cu maddəsində müəyyən olunmuş əsaslara və qaydalara uyğun deyildir.

17. İddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müracıət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını  qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır.

18. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə qəbul etdiyi qərardadda tərəflərin bu və ya digər maddi və yaxud prosessual hüquqlara malik olub-olmaması barədə fikir bildirməyə haqlı deyildir. Qərardadda yalnız mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxmağın mümkün olmaması əsaslandırılmalıdır. Bu nöqteyi-nəzərdən ərizənin baxılmamış saxlanılması barədə məhkəmənin qərardadı istisnalıq mənasında deyil, təkzibedilməzlik mənasında hüquqi nəticələrə səbəb olur. [12]

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.2-ci maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanılması barədə şikayətlərdən dövlət rüsumu tutulmalıdır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.17-ci maddəsinə müvafiq olaraq məhkəmə qərardadlarından verilən şikayətlər üzrə işdə iştirak edən şəxslər dövlət rüsumu ödəməkdən azad olunduqları üçün həmin şəxslərin iddianın baxılmamış saxlanılması barədə qərardadlarından verdiyi şikayətlər üçün dövlət rüsumu tələb oluna və şikayətlər bu əsasla geri qaytarıla bilməz. [13]

20. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Apelyasiya instansiyası məhkəməsində işlərə baxılarkən nəzərə alınmalıdır ki, MPM-nin 259-cu maddəsində sadalanan bütün əsaslar həmin mərhələdə qətnamənin ləğvi və ərizənin baxılmamış saxlanılması üçün əsas ola bilməz. Apelyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin elə qətnamələri MPM-nin 259-cu maddədə sadalanan əsaslarla ləğv oluna bilər ki, həmin maddədə sadalanan halların mövcudluğuna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi icraata qəbul edilməklə və ya işə baxılmaqla prosessual hüquq normalarının pozuntusuna yol verilmiş olsun. Bu baxımdan apelyasiya icraatı qaydasında işə baxan məhkəmələr tərəfindən yalnız MPM-nin 259.0.1-259.0.4-cü və 259.0.8.-259.0.10-cu maddələrində sadalanan əsaslar olduqda məhkəmənin qətnaməsi tam və ya qismən ləğv edilməklə ərizə tam və ya qismən baxılmamış saxlanıla bilər. MPM-nin 259-cu maddəsində sadalanan digər əsaslar apelyasiya instansiyası məhkəməsi tərəfindən ərizəni baxılmamış saxlamaqla məhkəmənin qətnaməsini ləğv etmək üçün əsas ola bilməz. [18]

21. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsində nəzərdə tutulan vəsatət Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanmasına dair qərardadın ləğvi barədə tərəfin xahişidir. Odur ki, həmin vəsatət qərardadı mübahisələndirən şikayət sayılmır. Ərizənin baxılmamış saxlanılması haqqında (o cümlədən Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla çıxarılmış) qərardadın qanuni və əsaslı olması yalnız şikayət verilməklə mübahisələndirilə bilər. Şikayətə Azərbaycan Respublikası MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılır. [19]

22. Bu qərarın qəbul edilməsi ilə əlaqədar “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1996-cı il 17 iyun tarixli 2 saylı qərarı qüvvədən düşmüş hesab edilsin. [14]

                                                                                                                      

Ramiz Rzayev

Azərbaycan Respublikası

 Ali Məhkəməsinin sədri

 

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1]

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 1.3-cü bənddən “xüsusi iddia icraatı” sözləri çıxarılmışdır.

[2]

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 4.1-ci bənddə “Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın;” sözləri çıxarılsın, “iqtisadi mübahisələr” sözləri “kommersiya mübahisələri” sözləri ilə “iqtisad” sözü ”kommersiya” sözü ilə əvəz edilmişdir.

[3]

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı 5.1-ci bəndə ikinci cümlə əlavə edilmişdir.

[4]

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 6.2-ci bəndin birinci cümləsində “etibarnamə” sözündən sonra “, nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi”  sözləri əlavə edilmişdir.

[5]

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 6.3-cü bənddə “müdafiə etməsi” sözləri, “yazılı müdafiə etməsi halında” sözləri ilə, “etmir” sözü “edir” sözü ilə əvəz edilmişdir.

[6]

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 7.2-ci bənd çıxarılmışdır.

[7]

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 9.1-ci bəndin üçüncü cümləsində “protokoluna imza etməklə” sözləri “protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla” sözləri ilə əvəz edilmişdir.

[8]

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 10-cu bənddə “qəbulundan imtina olunması” sözləri “geri qaytarılması” sözləri ilə əvəz edilmişdir.

[9]

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 11-ci bənddə “əsaslarla” sözü çıxarılmışdır.

[10]

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 12-ci bənd çıxarılmışdır.

[11]

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 14-cü bəndə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:              

Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Ərizənin qətnamə ilə baxılmamış saxlanılması yol verilməzdir. Qərardadda ərizənin baxılmamış saxlanılması qanuna istinad edilməklə əsaslandırılmalı, onda işin baxılmasına mane olan halların necə aradan qaldırılması hökmən göstərilməlidir.

[12]

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 18-ci bənd çıxarılmışdır.

[13        

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 19-cu bəndə yeni redaksiya verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası  Qanununun 8.4.2-ci maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanılması barədə  şikayətlərdən  dövlət rüsumu tutulmalıdır.

[14]

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 20-ci bənd müvafiq olaraq 21-ci bənd hesab edilmiş, yeni 20-ci bənd əlavə edilmişdir.

[15]

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli qərarı ilə 2-ci bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

2.Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 170 və 260-cı maddələrinə müvafiq olaraq ərizənin baxılmamış saxlanılmasına yalnız qanunla müəyyən edilmiş qaydada keçirilən məhkəmə baxışında yol verilir. Ərizənin icraata qəbul edilməsi və işin məhkəmə baxışına hazırlanması mərhələlərində ərizənin baxılmamış saxlanılmasına yol verilmir.

 [16]

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli qərarı ilə 13-cü bəndin dördüncü cümləsində “zəruri sənədin” sözləri “Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin” sözləri ilə əvəz edilmişdir.

[17]

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli qərarı ilə yeni redaksiyada 13.1-ci bənd əlavə edilmişdir.

 [18]

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli qərarı ilə 19-cu və 20-ci bəndlər çıxarılmışdır.

[19]

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli qərarı ilə 21-ci bənd müvafiq olaraq 22-ci bənd hesab edilmiş və yeni redaksiyada 21-ci bənd əlavə edilmişdir.