Fuad Ağasi oğlu Əliyevin Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 sentyabr 2013-cü il tarixli 2-1 inz(103)-1504/2013 saylı qərarından verdiyi kassasiya şikayəti
18.09.2013, 12:35Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Ali Məhkəməsinin
İnzibati-İqtisadi Kollegiyasının
Q Ə R A R I
18 sentyabr 2013-cü il Bakı şəhəri
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Kəmaləddin Bədəlovdan və Xəqani Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Natiq Abbasovun, şikayətçi Fuad Ağasi oğlu Əliyevin, onun vəkili Hafiz Bəşir oğlu Həsənovun, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi və vəkili Ramiz Hilal oğlu İbrahimovun iştirakları ilə,
şikayətçi Fuad Ağasi oğlu Əliyevin Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 sentyabr 2013-cü il tarixli 2-1 inz(103)-1504/2013 saylı qərarından verdiyi kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq
m ü ə y y ə n e t d i:
Şikayətçi F.Əliyev cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (bundan sonra mətndə MSK) qarşı “Mərkəzi Seçki Komissiyasının 11 sentyabr 2013-cü il tarixli 25/142 saylı qərarının qanunsuz olduğu ücün ləğv edilməsi” barədə şikayət ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir.
Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2013-cü il tarixli 2-1 inz(103)-1504/2013 saylı (sədrlik edən hakim Ülvi Mayılov, hakimlər Valeh Ağayev və Cahangir Yusifov) qərarı ilə şikayət ərizəsi təmin edilməmişdir.
Qərardan narazı qalan şikayətçi kassasiya şikayəti verərək, onun ləğv olunmasını və 09 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərinə namizədliyinin qeydə alınması ilə bağlı yeni qərarın qəbul olunmasını xahiş etmişdir.
İ ş i n h a l l a r ı :
09 oktyabr 2013-cü il tarixində keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində iştirak etmək ücün şikayətçinin namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülmüşdür.
Azərbaycan Respublikası MSK-nın 14 avqust 2013-cü il tarixli 13/81 saylı qərarı ilə onun namizədliyi təsdiq edilmişdir.
Namizədin müdafiəsi ücün toplanmış 44286 imzadan ibarət 892 imza vərəqi 06 sentyabr 2013-cü il tarixində şikayətçinin namizədliyinin qeydə alınması üçün MSK-ya təqdim olunmuşdur.
İmza vərəqələrindəki imzaların və müvafiq məlumatların düzgünlüyü MSK-nın qərarı ilə yaradılmış ekspertlərdən ibarət olan işçi grupu tərəfindən yoxlanılmış və bu barədə 10 sentyabr 2013-cü il tarixli Protokol və müvafiq rəylər tərtib olunmuşdur.
İmza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə işçi grupu üzvlərinin rəyinə əsasən 10071 ədəd imzalardan 8649 ədəd imza 512 qrup olmaqla öz aralarında ehtimal ki, eyni şəxs tərəfindən icra olunmuşdur.
İmza vərəqələrində olan məlumatların düzğünlüyünün yoxlanılması barədə işci grupu üzvlərinin rəyinə əsasən 49 sayda şəxsiyyəti təsdiq edən sənədlərdəki məlumatlar müxtəlif səbəblərə görə düzgün olmamışdır.
Azərbaycan Respublikası MSK-nın 11 sentyabr 2013-cü il tarixli 25/142 saylı qərarı ilə F.Əliyevin Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyinin qeydə alınmasından imtina edilmişdir.
11 sentyabr 2013-cü il tarixində şikayətciyə qərarın surəti təqdim edilmişdir.
K a s s a s i y a ş i k a y ə t i n i n d ə l i l l ə r i :
Şikayətçi o hala istinad etmişdir ki, namizədliyinin qeyd alınması ücün sənədləri təqdim edən zaman MSK-nın səlahiyyətli nümayəndələrindən xahiş etmişdir ki, imzaların yoxlanılması barədə ona məlumat verilsin. Lakin cavabdeh qurum tərəfindən seçki qanunvericiliyinin müddəalarına zidd olaraq ona məlumat verilməmişdir. Məhkəmə iclasında isə bu hal araşdırılmamışdır.
Şikayətin diğər dəlili onunla bağlı olmuşdur ki, imzaların ehtimal ki, eyni şəxs tərəfindən icra olunmasına dair rəy vermiş mütəxəssislər məhkəmə iclasına çağırılmamış və dindirilməmişdirlər, halbuki bu barədə onun tərəfindən vəsatət qaldırılmışdır.
T ə r ə f l ə r i n i z a h a t l a r ı :
Məhkəmə kollegiyasının iclasında iştirak edən şikayətçi F.Əliyev kassasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, 09 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkilərində iştirak etmək üçün namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) tərəfindən irəli sürülmüşdür. 06 sentyabr 2013-cu ildə imza vərəqini namizədliyini qeydə almaq üçün MSK-ya təqdim etmişdi və imzaların düzgünlüyünün yoxlanılması zamanı işçi qrupunun iclasında iştirak etmək niyyətini bildirmişdir. Lakin imza vərəqələri yoxlanılarkən bu barədə onlara heç bir məlumat verilməmişdir. 11 sentyabr 2013-cu il tarixdə partiyanın Seçki Qərargahına daxil olan məktubdan məlum olmuşdur ki, namizədliyinin qeydə alınmasından imtina olunub. Bu səbəbdən də kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin 13 sentyabr 2013-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
Məhkəmə kollegiyasının iclasında iştirak edən şikayətçinin vəkili H.Həsənov kassasiya şikayətinin dəlillərini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, kassasiya şikayəti ilə apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə yeni qərarın qəbul olunmasını xahiş etsələr də, lakin hazırda xahişləri ondan ibarətdir ki, apellyasiya məhkəməsinin qərarını ləğv edib, məhkəmə ekspertizasının təyin edilməsi ücün iş yeni baxışa göndərilsin.
Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası MSK-nın nümayəndəsi və vəkili R.İbrahimov kassasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi irəli sürülmüş F.Əliyevin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilmiş sənədlər namizədin qeydə alınması üçün MSK-ya daxil olmuş və seçki qanunvericiliyinə əsasən, təqdim edilmiş imza vərəqələrində olan məlumatların və imzaların düzgünlüyünün yoxlanılması MSK-nın işçi qrupuna həvalə edilmişdir. Araşdırma prosesində müəyyən olunmuşdur ki, namizədin qeydə alınması üçün təqdim olunmuş 44.286 seçici imzasından 8.186 imza etibarsızdır. Qalan imzalar isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan etibarlı imzaların sayından az olduğuna görə, Seçki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən namizədin qeydə alınması üçün kifayət etməmişdir. Bununla bağlı kassasiya şikayətinin təmin olunmamasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Məhkəmə kollegiyası məruzəçinin işə dair məruzəsini, tərəflərin izahatını dinləyib, işin materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır.
H ü q u q i m ə s ə l ə l ə r :
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.1-ci maddəsinə əsasən müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.
Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən müvafiq seçki komissiyası bu Məcəlləyə uyğun olaraq təqdim edilmiş məlumatların və faktların düzgünlüyünü yoxlamaq məqsədi ilə müvafiq orqanlara müraciət edə bilər. Müvafiq seçki komissiyası öz qərarı ilə imza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün ekspertlərdən ibarət işçi qrupları yarada bilər. Belə yoxlamaya Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi məbləğdə haqq ödənilməklə ekspertlər, müvafiq orqanların mütəxəssisləri sırasından ekspertlər, habelə əhalinin qeydiyyatını həyata keçirən xüsusiləşdirilmiş orqan və təşkilatların mütəxəssisləri cəlb edilə bilər. Onların rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir.
Bu müddəalara əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyun 2013-cü il tarixli 6/54 saylı qərarı ilə «Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədin irəli sürülməsinin təsdiq edilməsi və qeydə alınması üçün təqdim edilmiş sənədlərdə olan məlumatların düzğünlüyünün yoxlanılması” Qaydaları təsdiq olunmuş və 8/67 saylı qərarla Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası nəzdində ekspertlərdən ibarət işçi qrupu yaradılmışdır.
Qeyd olunmuş Qaydalara uyğun olaraq şikayətçinin təqdim etdiyi imza vərəqələri səlahiyyətli ekspertlər tərəfindən yoxlanılaraq müvafiq rəylər və onların əsasında şikayətçinin mübahisələndirdiyi qərar MSK tərəfindən qəbul olunmuşdur.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə cavabdehin qərarı o əsaslarla qanuni hesab edilmişdir ki, MSK qanunvericiliklə verilmiş səlahiyyətlər çərçivəsində hərəkət edərək qanuni qərar qəbul etmişdir.
Lakin məhkəmə kolleğiyası şikayətçinin dəlili ilə razılaşaraq aşağıdakiları bildirməyi zəruri hesab edir.
Şikayətci onun tərəfindən təqdim edilmiş imza vərəqələrində olan imzaların ehtimal ki, eyni şəxs tərəfindən icra olunması ilə bağlı MSK-nın işçi grupunun ekspertlərinin rəyi ilə razılaşmayaraq, bununla bağlı əlavə araşdırmaya ehtiyac olduğunu bildirmiş, lakin işə baxmış məhkəmə tərəfindən MSK-nın ekspertlərinin təqdim olunmuş rəyi birmənalı olaraq sübut kimi qəbul edilmişdir.
Halbuki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
Həmin Məcəllənin 12.2-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
Eyni zamanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 1 saylı Protokolun 3-cü maddəsi ilə təmin olunan seçki hüquqları ilə bağlı öz qərarlarında qeyd etmişdir ki, məhkəmələr məsələyə dair mübahisələrə baxarkən müvafiq daxili prosedurları və qərarları detallı araşdırmalıdırlar.
Belə ki, “Qrosau Rumınyaya qarşı” (Qrosaru v. Romania) 2 mart 2010-cu il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “Məhkəmə araşdırmasında ərizəçinin iddialarının nəzərdən keçirilməsi mühüm əhəmiyyət daşıyırdı. Seçki qanunvericiliyinin ... müddəalarında aydınlığın olmadığı və ərizəçinin şikayətlərinə baxmaq səlahiyyətinə malik olan orqanın qərəzsizliyinə dair kifayət qədər təminatın mövcud olmadığı belə bir vəziyyət 1 saylı Protokolun 3-cü maddəsi ilə təmin olunan hüquqların mahiyyətinə xələl gətirmişdir”.
Göründüyü kimi, hazırkı iş üzrə də işə baxmış məhkəmə kollegiyası mübahisələndirilən halı – ekspertlərin rəylərinin düzgünlüyünün təsdiqi üçün zəruri sübütları toplamamışdır.
Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, qeyd olunmuş halın sübütu müvafiq məhkəmə ekspertizası yolu ilə həyata kecirilə bilər.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.5.1-ci maddəsi zəruri olan hal kimi apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu halı zəruri kimi qiymətləndirmişdir.
Qeyd edilmiş Məcəllənin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan prosessual qanunvericilik normalarının tələblərinə əsasən qəbul edilmədiyindən qanunauyğun deyildir və kassasiya şıkayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Şikayətçi Fuad Ağasi oğlu Əliyev tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin.
Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 sentyabr 2013-cü il tarixli 2-1 inz(103)-1504/2013 saylı qərarı ləğv edilsin.
İş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin.
Göstərilən platformalarda paylaş: