Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı
24.11.2005, 12:35“Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında”
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
Q Ə R A R I
24 noyabr 2005-ci il № 3 Bakı şəhəri
İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 10-cu maddəsinə əsasən hər bir insan öz hüquq və vəzifələrinin bərqərar olması, ona qarşı irəli sürülən cinayət ittihamının əsassızlığının müəyyən edilməsi üçün onun işinə tam bərabərlik əsasında, açıq və ədalətin bütün tələblərinə riayət olunmaqla, müstəqil, qərəzsiz məhkəmədə baxılması hüququna malikdir.
2004-cü il və 2005-ci ilin birinci yarısı üzrə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi göstərir ki, Azərbaycan Respublikasının məhkəmələri istər mülki, istərsə də cinayət məhkəmə icraatı qaydasında ədalət mühakiməsini həyata keçirdikdə müvafiq prosessual hüquq normalarına, o cümlədən etirazlar barədə normalara əsasən əməl etmişlər. Lakin hakimə (məhkəmə tərkibinə) etirazların əsassız təmin edilməsi, buna görə işin bir məhkəmədən alınıb başqa məhkəməyə verilməsi, həmin səbəblərdən mülki və cinayət işlərinə baxılması müddətinin xeyli uzanması halları da az deyildir. Həmin hallar cinayət və mülki işlər üzrə ədalət mühakiməsinin obyektiv və qərəzsiz həyata keçirilməsinə mane olur, maraqlı şəxslərin məhkəmələrin fəaliyyətindən narazı qalması ilə nəticələnir. Bu sahədə nöqsanları aradan qaldırmaq, hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqində vahid məhkəmə təcrübəsini formalaşdırmaq məqsədilə Plenum
QƏRARA ALIR:
1. Məhkəmələr nəzərə almalıdırlar ki, mülki, kommersiya , inzibati və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. [1]
2.1. Hakimə (məhkəmə tərkibinə) etiraz Azərbaycan Respublikasının MPM-də, İPM-də və Azərbaycan Respublikasının CPM-də müəyyən olunmuş şəxslər tərəfindən və həmin Məcəllələrdə göstərilən əsaslara və qaydalara uyğun edilə bilər. [2]
2.2. Hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir.
2.3. Hakimin əvvəllər cinayət işi üzrə müdafiəçi olması, işin istintaqını aparması, istintaqa prosessual rəhbərliyi həyata keçirməsi, dövlət ittihamını müdafiə etməsi, işdə şahid kimi dindirilməsi, habelə mülki iş üzrə işdə iştirak edən şəxslərin nümayəndəsi olması halları ona etiraz olunması və ya hakimin öz-özünə etiraz etməsi üçün əsasdır.
Qanunvericilikdə nəzərdə tutulmuş, hakim tərəfindən işə baxılmasına yol verilməyən halların mövcud olması ona etiraz edilməsi və ya hakimin öz-özünə etiraz etməsi üçün əsasdır. [3]
2.4. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə hüququna mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatında Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsində tərkibi müəyyən olunmuş işdə iştirak edən şəxslər, cinayət məhkəmə icraatında isə Azərbaycan Respublikası CPM-nin 7.0.18-ci maddəsinə əsasən cinayət prosesinin istənilən iştirakçısı habelə Azərbaycan Respublikası İPM-in 27-ci maddəsində dairəsi müəyyən edilmiş inzibati məhkəmə icraatının iştirakçıları malikdir. Məhkəmə aktları hüquqlarına və mənafelərinə toxunmayan digər şəxslərin hakimə (məhkəmə tərkibinə) etiraz etməsinin hüquqi əsası yoxdur. [4] [13] [14]
3.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatında işdə iştirak edən şəxslərin inzibati məhkəmə icraatının iştirakçılarının cinayət məhkəmə icraatında cinayət prosesi iştirakçılarının hakimə (məhkəmə tərkibinə) etiraz etmələri həmin şəxslərin subyektiv hüquqları olub, onların öz mülahizələrinə əsasən həyata keçirilir. [5] [14]
3.2. Əsaslar olduqda hakimin öz-özünə etiraz etməsi onun vəzifəsidir. Hüquqi əsaslar olduqda ona etiraz edilib-edilməməsindən asılı olmayaraq hakim öz-özünə etiraz etməyə borcludur.
4.1. Nəzərə almaq lazımdır ki, işdə iştirak edən şəxs inzibati məhkəmə icraatının iştirakçısı və yaxud cinayət prosesinin iştirakçısı Azərbaycan Respublikası MPM-nin 19-cu, İPM-in 18-19-cu və CPM-nin 109-cu maddəsində göstərilən hər hansı əsasla yalnız bir dəfə işə baxan hakimə (məhkəmə tərkibinə) etiraz edə bilər. [6]
4.2. Şəxsin etirazı artıq rədd edilmişdirsə, eyni əsasla təkrar verilən etiraz ərizəsi protokol qaydasında qərar qəbul edilməklə geri qaytarılmalıdır.
5.1. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə və yaxud hakimin öz-özünə etiraz etməsi əsaslandırılmalıdır.
5.2. Konkret əsaslar olduqda teleqramlar və rabitə vasitəsi ilə daxil olan digər sənədlər etiraz ərizəsi kimi qəbul edilə bilər.
5.3. Bütün məhkəmə tərkibinə Məhkəmənin bütün hakimlərinə və ya məhkəmə tərkiblərinə ayrı-ayrılıqda etiraz edildikdə hər bir hakimə münasibətdə etirazın əsasları konkret göstərilməlidir. [15]
5.4. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən müşavirə otağında qərardad(qərar) qəbul etməklə baxılmamış saxlanılır. [7]
5.4. Etirazda konkret əsaslar göstərilmədikdə və etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, həmin etiraz işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən baxılmamış saxlanılır. Hakim (məhkəmə tərkibi) bu barədə qərardadı Azərbaycan Respublikası MPM-nin 263.3-cü maddəsinə uyğun olaraq müşavirə otağında müstəqil akt şəklində və ya Məcəllənin 263.4-cü maddəsinə uyğun olaraq yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan çıxara bilər. [16]
5.5. Azərbaycan Respublikası MPM-nin 19.1.7-ci maddəsinə əsasən etiraz verildikdə və ya özü-özünə etiraz edildikdə hakimin, məhkəmə tərkibinə daxil olan bir və ya bir neçə hakimin, habelə məhkəmə tərkibinin işin nəticəsində maraqlı olmasının, onun obyektivliyinə və qərəzsizliyinə dair şübhələrin konkret nədə ifadə olunması göstərilməli, Azərbaycan Respublikası MPM-nin 21.2-ci və 21.3-cü maddələrinə uyğun olaraq əsaslandırılmalı və buna dair sübutlar təqdim olunmalıdır. [17]
6. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə ərizələrə onların verilməsindən dərhal sonra baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Etirazın əsasları məhkəmə iclas protokolunda öz əksini tapmalıdır.
7. Etiraz təmin edilərkən işin başqa məhkəməyə verilməsi o halda mümkün hesab edilməlidir ki, işə həmin məhkəmədə baxılması obyektiv səbəblərdən mümkün olmasın.
7.1. Nəzərə alınsın ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə birinci instansiya məhkəməsinin bütün tərkibinə, həmçinin apellyasiya instansiyası məhkəməsi bütün məhkəmə tərkiblərinə eyni vaxtda etiraz edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edildiyi halda, iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Bu halda birinci instansiya məhkəməsinin iş icraatında olan sonuncu hakiminə, habelə təktərkibli məhkəmənin hakiminə edilən etiraz da Azərbaycan Respublikası MPM-nin 22.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən həll edilir.
7.2. Eyni ilə apellyasiya instansiyası məhkəməsinin bütün məhkəmə tərkiblərinə ayrı-ayrılıqda edilmiş etiraz təmin edilmişsə və iş icraatında olan sonuncu məhkəmə tərkibinin hakimlərinə etiraz verilmişsə (özləri-özlərinə etiraz etmişlərsə) etiraza baxılması, təmin edildiyi halda isə başqa apellyasiya instansiyası məhkəməsinə verilməsi kassasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. [18]
8. İzah edilsin ki, Azərbaycan Respublikası CPM-nin 7.0.32 və 7.0.33-cü maddələrində müəyyən olunmuş qohumluq əlaqələri olan şəxslər işə baxan məhkəmənin tərkibinə daxil ola bilməzlər. Hakimin mülk və ya kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslərlə və yaxud onların nümayəndələri ilə, cinayət işində isə ittiham və ya müdafiə tərəfdən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə onların nümayəndələri ilə qohumluq əlaqəsində olması ona etiraz edilməsi üçün əsasdır. İnzibati məhkəmə icraatında qohumluq əlaqələrinin mövcudluğuna istinadla hakimin işin baxılmasında iştirakını istisna edən hallar İPM-nin 18-ci maddəsinə əsasən həll olunmalıdır. [8] [19]
9.1. Hakimə (məhkəmə tərkibinə) etiraz mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatında işə mahiyyəti üzrə baxılmağa başlanana kimi (sədrlik edən iş üzrə məruzəyə başlayana kimi), cinayət məhkəmə icraatında isə məhkəmə istintaqı başlanana kimi edilə bilər.İnzibati məhkəmə icraatında İPM-nin 19.2 və 19.3-cü maddələrinə uyğun olaraq etiraz haqqında vəsatət yazılı formada, məhkəmə iclasının gedişində isə şifahi formada verilə bilər və vəsatətdə etiraza səbəb olan əsaslar göstərilməlidir. Bundan başqa , etiraz haqqında vəsatət, etiraz etmək üçün əsasın proses iştirakçısına məlum olduğu andan dərhal, üzrlü səbəbdən bunun dərhal mümkün olmadığı hallarda isə 3 gün müddətində verilə bilər. [9] [14]
9.1-1. Nəzərə alınsın ki, Azərbaycan Respublikası MPM-nin 21.2-ci maddəsinə əsasən etiraz etmə və ya öz-özünə etiraz etmə yazılı formada əsaslandırılmalıdır. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikası MPM-nin 10-2-ci maddəsinin tələblərinə əsasən videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirildiyi halda, işdə iştirak edən şəxslər etiraz etmə hüquqlarını “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə həyata keçirə bilərlər. [20]
9.2. Sonradan etiraz etməyə o hallarda yol verilir ki, etirazın əsasları etiraz edənə işə mahiyyəti üzrə baxılmağa başlanandan sonra məlum olsun.Məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası MPM-nin 21.5-ci və Azərbaycan Respublikası CPM-nin 107.4-cü maddəsinə müvafiq olaraq hakimə (məhkəmə tərkibinə) etiraz məhkəmə baxışını ləngitmək məqsədilə edilərsə, yaxud etirazın dəlilləri uydurma olarsa (həqiqətə uyğun olmazsa) etiraz etmiş şəxs etirazı rədd edildikdən sonra işə baxan məhkəmənin qərardadına əsasən cinayət məhkəmə icraatında şərti maliyyə vahidinin 200 misli, mülki məhkəmə icraatında isə şərti maliyyə vahidinin 100 mislinədək miqdarda cərimə edilə bilər müvafiq qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə cərimə edilə bilər.[10]
9.3. İzah edilsin ki, işə başqa cavabdeh cəlb edildikdə, əsl olmayan tərəf əvəz olunduqda, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər işə qoşulduqda, Azərbaycan Respublikası MPM-nin 182.1-ci maddəsinə əsasən onlara məhkəmə tərkibi, kimin ekspert, mütəxəssis, tərcüməçi və məhkəmə iclası katibi kimi iştirak etmələri bildirilməli və etiraz etmək hüquqları izah olunmalıdır. [21]
10. Hakimə (məhkəmə tərkibinə) etiraz etmənin əsasları iş məhkəməyə daxil olduqdan sonra, iş hakimlər (məhkəmə tərkibləri) arasında bölüşdürülənədək məlum olarsa, məhkəmənin sədri həmin işə baxacaq hakimi və yaxud məhkəmə tərkibini müəyyənləşdirdikdə bunu nəzərə almalıdır. [11]
11.1. Etirazın rədd edilməsi və yaxud təmin edilməsi barədə qəbul edilən qərardad (qərar) əsaslandırılmalı, orada etirazın təmin edilməsi və yaxud rədd edilməsinin səbəbləri şərh edilməlidir.
11.2. Etirazı təmin etmə və ya öz-özünə etiraz etmə məsələləri barədə qərardadlardan (qərarlardan) şikayət verilmir.
12. Məhkəmələrə izah edilsin ki, hakimə (məhkəmə tərkibinə) etiraz etmə ilə eyni zamanda prosesin digər iştirakçısına (məhkəmə iclası katibinə, tərcüməçiyə, ekspertə və ya mütəxəssisə) etiraz edildikdə ilk növbədə hakimə (məhkəmə tərkibinə) edilmiş etiraz məsələsi müzakirə edilməlidir.
13. Birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında əvvəllər iştirak etmiş hakim qanunda göstərilən hallar istisna olmaqla həmin işin baxılmasında təkrar iştirak edə bilməz. [12]
13. İzah edilsin ki, müvəqqəti təminat tədbiri haqqında ərizəyə baxan hakim həmin işə baxmağının yol verilmədiyini müəyyən etdiyi halda, özü-özünə etiraz etməlidir. Belə əsasların mövcudluğuna baxmayaraq, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxartdıqda, müvəqqəti təminat tədbiri haqqında qərardaddan verilən şikayətdə etirazın əsasları göstərilə və buna dair sübutlar təqdim edilə bilər.
14. İşə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında birinci instansiya məhkəməsində, qərardaddan verilən şikayətə və kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında qəbul edilmiş qətnamədən verilən apellyasiya şikayətinə apellyasiya instansiyası məhkəməsində, habelə qətnamə və qərardaddan verilən kassasiya şikayətinə kassasiya instansiyası məhkəməsində yazılı icraat qaydasında baxıldıqda, bu barədə işdə iştirak edən şəxslər, nümayəndələri və vəkilləri xəbərdar edilərkən, onlara həmçinin işə baxan hakim və ya məhkəmə tərkibinə daxil olan hakimlər barədə məlumat verilməlidir. Bu hallarda işə təkbaşına baxan hakimə, məhkəmə tərkibinə daxil olan bir və ya bir neçə hakimə, habelə məhkəmə tərkibinə daxil olan bütün hakimlərə etiraz verildikdə, etiraz yazılı icraat qaydasında Azərbaycan Respublikası MPM-nin 22-ci maddəsinə uyğun olaraq həll edilməli və nəticəsi barədə tərəflərə məlumat verilməlidir. Etiraz təmin edilmədiyi halda, məhkəmə işə mahiyyəti üzrə baxıb qərar qəbul etməyə haqlıdır. [22]
Ramiz Rzayev
Azərbaycan Respublikası
Ali Məhkəməsinin sədri
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 1-ci bəndində “mülki” sözündən sonra “, kommersiya, inzibati” sözləri əlavə edilmişdir.
[2]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 2.1-ci bənddə “MPM-də” sözündən sonra “, İPM-də” sözü əlavə edilmişdir.
[3]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 2.3-cü bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Hakimin əvvəllər cinayət işi üzrə müdafiəçi olması, işin istintaqını aparması, istintaqa prosessual rəhbərliyi həyata keçirməsi, dövlət ittihamını müdafiə etməsi, işdə şahid kimi dindirilməsi, habelə mülki iş üzrə işdə iştirak edən şəxslərin nümayəndəsi olması halları ona etiraz olunması və ya hakimin öz-özünə etiraz etməsi üçün əsasdır
[4]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 2.4-cü bənddə “iştirakçısı” sözündən sonra “, habelə Azərbaycan Respublikası İPM-in 27-ci maddəsində dairəsi müəyyən edilmiş inzibati məhkəmə icraatının iştirakçıları” sözləri əlavə edilmişdir.
[5]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 3.1-ci bənddə “işdə iştirak edən şəxslərin” sözlərindən sonra “, inzibati məhkəmə icraatının iştirakçılarının” sözləri əlavə olunmuşdur.
[6]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 4.1-ci bənddə “işdə iştirak edən şəxs” sözlərindən sonra “,inzibati məhkəmə icraatının iştirakçısı” sözləri əlavə edilmiş, “MPM-nin 19-cu” sözlərindən sonra “, İPM-in 18-19-cu” sözləri əlavə olunmuşdur.
[7]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 5.4-cü bənddən “müşavirə otağında” sözləri çıxarılmışdır.
[8]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 8-ci bəndə üçüncü cümlə əlavə edilmişdir.
[9]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 9.1-ci bəndə ikinci və üçüncü cümlələr əlavə edilmişdir:
[10]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 9.2-ci bəndin ikinci cümləsində “cinayət məhkəmə icraatında şərti maliyyə vahidinin 200 misli, mülki məhkəmə icraatında isə şərti maliyyə vahidinin 100 mislinədək miqdarda cərimə edilə bilər” sözləri “müvafiq qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə cərimə edilə bilər” sözləri ilə əvəz edilmişdir.
[11]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 10-cu bənd çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
10. Hakimə (məhkəmə tərkibinə) etiraz etmənin əsasları iş məhkəməyə daxil olduqdan sonra, iş hakimlər (məhkəmə tərkibləri) arasında bölüşdürülənədək məlum olarsa, məhkəmənin sədri həmin işə baxacaq hakimi və yaxud məhkəmə tərkibini müəyyənləşdirdikdə bunu nəzərə almalıdır.
[12]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 13-cü bənd çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
13. Birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında əvvəllər iştirak etmiş hakim qanunda göstərilən hallar istisna olmaqla həmin işin baxılmasında təkrar iştirak edə bilməz.
[13]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli qərarı ilə 2.4-cü bəndin redaksiyasında “cinayət məhkəmə icraatında” sözlərindən sonra “isə” sözü çıxarılmışdır.
[14]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli qərarı ilə 2.4-cü, 3.1-ci və 9.1-ci bəndlərdə “mülki” sözündən sonra “işlər və kommersiya mübahisələri üzrə” sözləri əlavə edilmişdir.
[15]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli qərarı ilə 5.3-cü bənddə “Bütün məhkəmə tərkibinə” sözləri “Məhkəmənin bütün hakimlərinə və ya məhkəmə tərkiblərinə ayrı-ayrılıqda” sözləri ilə əvəz edilmişdir;
[16]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli qərarı ilə 5.4-cü bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
“5.4. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən müşavirə otağında qərardad(qərar) qəbul etməklə baxılmamış saxlanılır.
[17]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli qərarı ilə yeni redaksiyada 5.5-ci bənd əlavə edilmişdir.
[18]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli qərarı ilə 7-ci bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiya deyilirdi:
7. Etiraz təmin edilərkən işin başqa məhkəməyə verilməsi o halda mümkün hesab edilməlidir ki, işə həmin məhkəmədə baxılması obyektiv səbəblərdən mümkün olmasın.
[19]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli qərarı ilə 8-ci bəndin ikinci cümləsində “mülki” sözündən sonra “və ya kommersiya mübahisəsi üzrə” sözləri əlavə edilsin;
[20]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli qərarı ilə yeni redaksiyada 9.1-1-ci bənd əlavə edilmişdir.
[21]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli qərarı ilə yeni redaksiyada 9.3-cü bənd əlavə edilmişdir.
[22]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli qərarı ilə yeni redaksiyada 13-cü və 14-cü bəndlər əlavə edilmişdir.
Göstərilən platformalarda paylaş: