ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

"Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında"

01.11.2001, 12:35
"Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında"
"Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında"

PDF Word

"Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında"
 
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
 
Q Ə R A R I

Bakı şəhəri № 1 1 noyabr 2001-ci il

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkənin ərazi bütövlüyünü və suverenliyini qorumalı olan Silahlı Qüvvələrimiz yaradılmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq qısa müddət ərzində müdafiə, hərbi quruculuq, Silahlı Qüvvələrin komplektləşdirilməsi məsələlərini nizama salan qanunlar qəbul olunmuş, hərbi xidmətin əsasları, gənclərin hərbi xidmətə hazırlığı, hərbi xidmətə çağırışın və qəbulun, hərbi vəzifəlilərin və çağırışçıların hərbi uçotu, hərbi xidmətin keçilməsi, Silahlı Qüvvələrin döyüş və səfərbərlik hazırlığının saxlanması qaydaları müəyyən olunmuşdur.
 
Azərbaycan Respublikasının Konstitusiyası Vətənin müdafiəsini onun hər bir vətəndaşının borcu, qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməyi vətəndaşların əsas vəzifələrindən biri kimi müəyyənləşdirmişdir.
 
Lakin məhkəmə təcrübəsi göstərir ki, vətəndaşların həmin Konstitusiya ilə təsbit edilmiş vəzifələrini yerinə yetirməkdən imtina edərək həqiqi hərbi qulluqdan boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik etmələri halları heç də az deyildir. Məhkəmələr bu kateqoriyalardan olan işlərə baxarkən işin hallarının tam və hərtərəfli araşdırılmasına, cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə, belə cinayət törətmiş şəxslərə qanunun tələbinə uyğun, obyektiv cəza təyin edilməsinə əsasən nail olurlar.
 
Bununla yanaşı bu kateqoriyadan olan işlərə baxılmasında qanun pozuntularına yol verilməsi halları da mövcuddur. Növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma cinayətləri ilə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətlərinin subyektlərinin müəyyən edilməsində fikir ayrılıqları vardır. Fərarilik və hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətlərinin tövsifində də səhvlərə yol verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik cinayətlərindən bəhs edən 333 və 334-cü maddələrində ağırlaşdırıcı hal kimi nəzərdə tutulan bu əməllərin döyüş şəraitində edilməsi halı hamı tərəfindən eyni mə*nada anlaşılmır.
 
Bu kateqoriyadan olan işlərin ibtidai araşdırılması zamanı ciddi nöqsanlara yol verilməsinə baxmayaraq məhkəmənin hazırlıq iclaslarında həmin qanun pozuntularının aradan qaldırılması sahəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.5 və 303-cü maddələrinin məhkəməyə verdiyi hüquqlardan səmərəli istifadə edilmir.
 
Cəza tə*yini zamanı cəzanın fərdiləşdirilməsi prinsipindən kənara çıxma halları mövcuddur. Hökmlərdə cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətini göstərən məhz hansı halların cəza tə*yin edərkən nəzərə alındığı göstərilmədiyindən yuxarı instansiya məhkəmələri tərəfindən xeyli miqdarda məhkəmə hökm və qərarlarının dəyişdirilməsi və ya ləğv edilməsi halları mövcuddur.
 
Cinayətlərin törədilməsinə zəmin yaratmış səbəb və şəraitin kifayət qədər ətraflı araşdırılmasına və xüsusi qərar çıxarmaq yolu ilə səlahiyyətli orqanların və vəzifəli şəxslərin diqqətinin belə hallara cəlb edilməsinə az diqqət yetirilir.
 
Qeyd edilən nöqsanlara apellyasiya və kassasiya instansiyası məhkəmələrinin fəaliyyətində də yol verilir.
 
Belə nöqsanların aradan qaldırılması, qanunların düzgün qavranması və birmə*nalı tətbiqini tə*min etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
 
QƏRARA ALIR:
 
1. Məhkəmələrin diqqəti qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq məqsədilə növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, eləcədə fərarilik haqqında işlərə baxılma keyfiyyətinin yaxşılaşdırılmasına cəlb edilsin.
 
Bu vəzifələrin tam yerinə yetirilməsinə nail olmaq məqsədilə məhkəmələr ibtidai araşdırmanın keyfiyyətinə tələbkarlığı gücləndirməli, Cinayət və Cinayət Prosessual Qanunvericiliyinin tələblərinə ciddi riayət edilməklə işin faktiki hallarının müəyyən olunmasını tə*min etməli, məhkəmə proseslərinin tərbiyəvi tə*sirini artırmalıdırlar.
 
2. Hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma (CM-nin 321-ci maddəsi) haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətlərin tərkibi o zaman yaranır ki, həmin cinayətlərin subyektləri əvvəlcədən hərbi komissarlıq tərəfindən yazılı surətdə xəbərdarlıq edilmələrinə baxmayaraq üzürlü səbəblər olmadan hərbi komissarlığın fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə və göstərilmiş məntəqəyə gəlməməklə çağırışdan boyun qaçırmış olsunlar.
 
Çağırışçının hərbi xidmət keçməkdən boyun qaçırmaq məqsədilə fərdi çağırış vərəqəsinə imza etməkdən imtina etməsi və ya yayınması müvafiq sübutlarla təsdiq olunarsa, təkcə çağırış vərəqəsində imzanın olmaması onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas götürülə bilməz.
 
3. Azərbaycan Respublikası CM-nin 321-ci maddəsində nəzərdə tutulmuş növbəti hərbi çağırışdan boyun qaçırma cinayətinin subyekti 18 yaşına çatmış və hərbi xidmətə çağırılanadək çağırışçıların hərbi uçotunda duran və yaxud durmalı olan kişi cinsindən olan Azərbaycan Respublikasının vətəndaşları, səfərbərlik üzrə çağırışdan boyunqaçırma cinayətinin subyekti isə həm çağırışçılar, həm də hərbi vəzifəlilər, yə*ni Azərbaycan Respublikası Silahlı Qüvvələrində ehtiyatda olan vətəndaşlar ola bilərlər.
 
"Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın Əsasları haqqında" 1992-ci il 10 iyun tarixli Azərbaycan Respublikası Qanununun 8-ci və 24-cü maddələrinin mə*nasına görə, həqiqi hərbi xidmətə çağırışdan və səfərbərlik üzrə çağırışdan boyun qaçırmaya görə məs*uliyyət, yalnız Azərbaycan Respublikası Prezidentinin həqiqi hərbi xidmətə çağırış, yaxud qismən və ya ümumi səfərbərlik haqqında fərmanı e*lan edildikdən sonra, əgər fərmanın özündə onun qüvvəyə minməsinin başqa qaydası nəzərdə tutulmamışsa yarana bilər.
 
Çağırış məntəqəsində və yaxud komissiyada qeydiyyatdan keçmək üçün vətəndaşların müəyyən olunmuş müddətdə üzürlü səbəblər olmadan hərbi komissarlığa gəlməmələri həqiqi hərbi xidmətə növbəti çağırışdan boyun qaçırma kimi qiymətləndirilə bilməz. Belə ki, bu şəxslər çağırış sahəsində qeydiyyata alınanadək çağırışçı hesab olunmurlar və hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırma cinayətinin subyekti deyillər.
 
4. Səfərbərlik dedikdə, müharibə dövrü və ya hərbi vəziyyət elan olunduqda 18 yaşından son yaş həddinədək hərbi vəzifəlilərin və çağırışçıların, hərbi uçotda olmayan 18 yaşından 45 yaşınadək qadınların Silahlı Qüvvələrə hərbi xidmətə çağırılmaları başa düşülür.
 
Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasına hərbi basqın təhlükəsi olduqda və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası Prezidentinin səfərbərlik elan etmədən lazımi sayda hərbi vəzifəliləri üç ayadək müddətə hərbi xidmətə çağırmaq hüququ var.
 
5. Həqiqi hərbi xidmətə növbəti çağırışdan və səfərbərlik üzrə çağırışdan boyun qaçırma cinayətləri təqsirli şəxsin ona verilən bildirişdə göstərilən tarixdə, üzürlü səbəblər olduqda isə çağırışın və ya səfərbərliyin aparıldığı müddət ərzində çağırış və ya səfərbərlik üzrə hərbi xidmətdən qəsdən boyun qaçırdığı vaxtdan bitmiş hesab edilir. Həmin müddətdən sonra boyun qaçıranın hərbi komissarlığa gəlməsi cinayətdən könüllü imtina kimi deyil, cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər.
 
6. Hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma məqsədi ilə vəzifəli şəxsə rüşvət vermə Azərbaycan Respublikası CM-nin 321-ci və 312-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin məcmusunu yaradır.
 
7. Hərbi cinayətlərin subyekti hərbi qulluqçulardır.
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinin və 3-cü maddəsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsinin şərh edilməsinə dair 26 oktyabr 2001-ci il tarixli qərarına müvafiq olaraq çağırışçılar üçün hərbi qulluqçu statusuna malik olmaqla hərbi xidmətə daxil olmanın başlanğıcı onların hərbi hissə komandirlərinin (hərbi tədris müəssisələrinin rəislərinin) əmrinə əsasən şəxsi heyətin siyahısına daxil edildikləri və bütün təminat növləri üzrə təminata götürüldükləri gün hesab olunur. Hərbi vəzifəlilər və qadınlar üçün isə xidmətin başlanğıcı hərbi komissarlığın verdiyi sərəncamda göstərilmiş xidmət yerinə yola düşdükləri gün hesab olunur.
 
Hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi hey*ətin siyahısından çıxarıldığı gün hərbi qulluqçunun hərbi xidmətinin sonu sayılır.
 
8. Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlərə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə o zaman cinayət hesab edilir ki, bu müddət 3 gündən artıq, lakin 10 gündən çox olmasın, yaxud 3 gündən az olsa da eyni əməllər altı ay ərzində təkrar edilmiş olsun. Təkrarlıq üçün əvvəlki özbaşına tərk etməyə görə təqsirkar şəxsə intizam tənbehi verilib-verilməməsinin əhəmiyyəti yoxdur.
 
9. Azərbaycan Respublikası CM-nin 333-cü maddəsində nəzərdə tutulmuş cinayətlər haqqında işlərə baxarkən, məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətlərə görə məs*uliyyət, hərbi qulluqçunun hərbi hissənin mövqeyini və ya xidmət yerini komandirin (rəisin) icazəsi olmadan tərk etdiyi hallarda yaranır.
 
Hərbi hissəni və ya xidmət yerini buraxıb getmə, icazə vermək hüququ olmayan rəisin icazəsi ilə olduqda, bu özbaşına tərketmə hesab oluna bilməz. Belə hallarda qanunsuz hərəkətə görə məs*uliyyət getmə qaydalarının pozulmasına yol verən rəisin üzərinə düşür.
 
Əgər müvafiq rəisin icazə vermək hüququnun olmaması hərbi qulluqçuya əvvəlcədən məlum olmuşdursa, belə hallarda hərbi qulluqçu qanunsuz hərəkətinə görə ümumi əsaslarla cinayət məsuliyyəti daşıyır.
 
Cinayət məs*uliyyətinə səbəb olan xidmət yerinə vaxtında gəlməmə ondan ibarətdir ki, hərbi qulluqçu qanuni əsaslarla hissənin mövqeyindən və ya xidmət yerindən getdikdən sonra üzürlü səbəblər olmadan müəyyən olunmuş müddətdə hissəyə və ya xidmət yerinə qayıtmamış olsun.
 
Nəzərə almaq lazımdır ki, əgər gəlməmə üzürlü səbəblərdən baş vermişdirsə, o, cinayət məs*uliyyətinə səbəb olmur (Hərbi qulluqçunun xəstəliyi, hissəyə və ya xidmət yerinə vaxtında gəlməyə imkan verməyən təbii fəlakət və s. xarakterli hadisələr).
 
10. Hərbi hissənin mövqeyi dedikdə kazarmanın, düşərgənin sahəsi və ya hərbi hissənin yürüş vaxtı tutduğu yer nəzərdə tutulur.
 
Xidmət yeri, hissənin mövqeyinin yerləşdiyi sahədə deyilsə, hərbi qulluqçunun müəyyən müddət ərzində hərbi vəzifələrini icra etdiyi, yaxud komandirin əmri və ya icazəsi ilə olduğu yer başa düşülür (məsələn, hissənin mövqeyindən kənarda təsərrüfat işlərinin görüldüyü yer, tə*lim dərslərinin keçirildiyi yer və s.).
 
11. Fərariliyə dair cinayət işlərinə baxılarkən məhkəmələr nəzərə almalıdırlar ki, fərarilik hərbi qulluqçunun üç aydan artıq müddətə hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsində və ya xidmət yerinə qayıtmamasında (gəlməməsində), yaxud müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədilə hissənin mövqeyini və ya xidmət yerini buraxıb getməkdə, eləcə də başqa hissəyə dəyişdirilərkən, tə*yinat alarkən, e*zamiyyətdən, mə*zuniyyətdən və ya müalicə müəssisəsindən qayıdarkən eyni məqsədlə hissəyə və ya xidmət yerinə gəlməməkdə ifadə olunur.
 
12. Fərarilik cinayəti o zaman başa çatmış hesab olunur ki, hərbi qulluqçu hərbi xidmətdən boyun qaçırma məqsədilə hərbi hissənin mövqeyini və ya xidmət yerini özbaşına buraxıb getmiş olsun, yaxud 3 aydan artıq müddətdə xidmət yerinə qayıtmasın.
 
Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası CM-nin 321,333 və 334-cü maddələrində nəzərdə tutulmuş cinayətlər uzanan cinayətlərdir.
 
13. Əgər hərbi qulluqçu hərbi xidmətdən boyun qaçırmaq məqsədilə hissəni özbaşına buraxıb getmişsə, lakin əvvəlki niyyətindən imtina edərək hissəyə qayıtmış və ya özünü hakimiyyət orqanına təqdim etmişsə, belə halda təqsirkarın hərəkətində bitmiş fərarilik cinayətinin tərkibi yaranır. Onun hissəyə gəlməsi və ya özünü hakimiyyət orqanına təqdim etməsi isə bu halda könüllü imtina kimi deyil, təqsirini boynuna almaqla könüllü gəlmə kimi qiymətləndirilməlidir.
 
14. Məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası CM-nin 328-ci maddəsinin qeydinə əsasən döyüş şəraiti dedikdə hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və ya faktiki döyüş əməliyyatı aparması başa düşülür.
 
Hərbi qulluqçu yalnız bu cür hərbi hissə və bölmələri özbaşına tərk etdikdə, yaxud bu hissələrdən fərarilik etdikdə həmin əməllər müvafiq surətdə Azərbaycan Respublikası CM-nin 333.6 və ya 334.3-cü maddələri ilə tövsif edilməlidir.
 
15. Azərbaycan Respublikası CM-nin 333 və 334-cü maddələrinin qeydində göstərilmişdir ki, bu Məcəllənin 333.1-333.4 və 334.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri ağır şərait zəminində ilk dəfə törətmiş şəxslər cinayət məsuliyyətindən azad edilə bilər.
 
Qanunun mənasına görə "ağır şərait" anlayışına hərbi qulluqçunun yaxın qohumlarının gözlənilməz ağır xəstəliyi, ciddi ailə münaqişələri, hərbi qulluqçunun yaxın qohumlarının yaşadığı yerdə baş vermiş təbii fəlakət və bu kimi hallar daxildir.
 
Hərbi hissəni (xidmət yerini) özbaşına tərk etmə və ya fərarilik ayrı-ayrı hallarda komandirlərin (rəislərin) qanuna zidd əmrləri, nizamnamədən kənar rəftar edilməsi, mütəmadi surətdə hörmətsizlik, fiziki və psixi məcburiyyət və bu kimi digər hərəktlərlə əlaqədar ola bilər. Belə hallarda müəyyən edilmiş konkret vəziyyətdən asılı olaraq əməlin son zərurət vəziyyətində törədilmiş hərəkət olub-olmamasına hüquqi qiymət verilməlidir.
 
16. İntizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş və orada cəza çəkən şəxs həmin hərbi hissədən özbaşına getdikdə onun əməli Azərbaycan Respublikası CM-nin 333.5-ci maddəsi ilə tövsif edilməlidir. Bu halda özbaşına getmənin müddəti əməlin tövsifinə təsir göstərmir.
 
Barələrində həbs qətimkan tədbiri seçilmiş və qauptvaxtda saxlanılan hərbi qulluqçunun cinayət məs*uliyyətindən və ya cəzadan yayınmaq məqsədilə həbsdən qaçması Azərbaycan Respublikası CM-nin 304-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır.
 
17. Məhkəmələrə izah olunsun ki, hərbi hissəni (xidmət yerini) özbaşına tərk etmiş və ya fərarilik etmiş şəxs hərbi xidmət üzrə vəzifələrini icra edən rəisə və ya hərbi qulluq vəzifəsini yerinə yetirən başqa şəxsə müqavimət göstərdikdə, onun əməli müvafiq surətdə Azərbaycan Respublikası CM-nin 333 və ya 334, eləcədə 329-cu maddələrində nəzərdə tutulmuş cinayətlərin məcmusu üzrə tövsif olunmalıdır.
 
Qətimkan tədbiri kimi hərbi hissə komandanlığının müşahidəsi altına verilmiş hərbi qulluqçunun məhkəməyədək icraat zamanı, yaxud cinayət işlərinə məhkəmədə baxılarkən onun hərbi hissənin mövqeyini və ya xidmət yerini özbaşına tərk etməsi bu tərketmənin müddətindən və həmin əməli törətmiş şəxsin məqsədindən asılı olaraq Azərbaycan Respublikası CM-nin 333 və ya 334-cü maddələri ilə tövsif edilməlidir.
 
18. Hərbi hissəni (xidmət yerini) özbaşına tərk edən və ya fərarilik edən hərbi qulluqçuların şəxsi istifadəsi üçün verilmiş silahın, döyüş sursatının, nəqliyyat vasitələrinin, texniki təchizat əşyalarının və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozmaları nəticəsində həmin əmlakı itirmələri müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 333 və ya 334, həmçinin 347-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır.
 
19. Hərbi qulluqçu hərbi hissəni (qulluq yerini) özbaşına tərk edərkən və ya fərarilik edərkən, xidməti istifadə üçün ona verilmiş odlu silahı, döyüş sursatını və ya partlayıcı maddələri mənimsəmək, satmaq və ya istədiyi kimi onun üzərində başqa cür sərəncam vermək məqsədilə özü ilə apararsa, onun əməli Azərbaycan Respublikası CM-nin 333 və ya 334, eləcədə 232-ci maddələri ilə tövsif olunmalıdır.
 
20. Hərbi qulluqçu hərbi xidmətdən boyun qaçırmaq məqsədilə, yaxud belə məqsədi olmadan hissəni tərk edərkən, xidməti istifadə üçün ona verilmiş nəqliyyat vasitəsini, texniki təchizat əşyalarını və ya digər hərbi əmlakı öz mülkiyyətinə və ya başqa şəxsin mülkiyyətinə keçirmək məqsədilə özü ilə apararsa, onun hərəkəti hərbi hissəni (qulluq yerini) tərk etmə və ya fərarilik, eləcə də dövlət əmlakının mənimsənilməsi kimi tövsif olunmalıdır.
 
21. Hərbi hissəni (xidmət yerini) özbaşına tərk etməklə əlaqədar olan cinayətlər törədilərkən hərbi hissənin avtomaşınlarının və ya başqa nəqliyyat vasitəsinin mənimsəmə məqsədi olmadan qaçırılması Azərbaycan Respublikası CM-nin 333 və ya 334, həmçinin 185-ci maddələri ilə tövsif olunmalıdır.
 
22. Hərbi qulluqçunun hərbi hissəni (xidmət yerini) özbaşına tərk etməsi və ya fərarilik törətməsi ilə yanaşı xüsusi xidmət qaydalarını da pozması cinayətlərin məcmuusu üzrə o halda tövsif oluna bilər ki, müvafiq xidmət qaydalarının pozulması Azərbaycan Respublikası CM-nin 336, 337, 338, 339 və 340-cı maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olsun.
 
23. Həqiqi hərbi xidmətə çağırışdan və səfərbərlik üzrə çağırışdan boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik cinayətlərində təqsirli bilinmiş şəxslərə cəza tə*yin edərkən məhkəmələr cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məs*uliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla cəzanın fərdiləşdirilməsinə xüsusi diqqət yetirməlidirlər. Əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən olunarkən cinayətin törədildiyi bütün hallar (motiv, şərait və s.) nəzərə alınmalıdır.
 
24. Bu kateqoriyadan olan işlərə baxılarkən, cinayətin baş verməsinə səbəb olan bütün halların tədqiq olunması və müəyyənləşdirilməsi zəruridir. Belə hallar aşkar olunduqda məhkəmələr, xüsusi qərarla vəzifəli şəxslərin diqqətini müvafiq zəruri tədbirlər görülməsinə cəlb etməlidirlər. 
Apellyasiya və kassasiya instansiyası məhkəmələri işlərin birinci instansiya məhkəmələrində baxılma keyfiyyətinə tələbkarlığı artırmalı, yol verilmiş nöqsanları vaxtında müəyyən etməli və aradan qaldırmalıdırlar.
 
25. Bu qərarın qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasının silahlı qüvvələri sıralarına həqiqi hərbi xidmətə növbəti çağırışdan boyun qaçırma, özbaşına getmə, hissəni və ya qulluq yerini özbaşına buraxıb getmə, döyüş şəraitində hissəni özbaşına buraxıb getmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında" 1994-cü il 20 may tarixli 1 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
 
 
S.C.HƏSƏNOVA 
 Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri