"Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında" 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı
23.02.2023, 14:15
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
"Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında" 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
Q Ə R A R I
“ 20 ” fevral 2023-cü il № 8 Bakı şəhəri
Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin etmək vəzifəsi Ali Məhkəmənin Plenum qərarlarının təkmilləşdirilməsi üzərində işin davamlı olaraq aparılmasını, qanunvericiliyə edilmiş dəyişikliklərin nəzərə alınmasını, işlərə baxılması zamanı ortaya çıxan, eləcə də məhkəmələrdən, prokurorluqdan, cinayət təqibini həyata keçirən digər orqanlardan daxil olan müraciətlərdə Ali Məhkəmə qarşısında qaldırılan hüquqi problemlərin səmərəli şəkildə həll edilməsini tələb edir.
"Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında" 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Ali Məhkəmənin Plenum qərarının qəbul edilməsindən sonra ötən müddət ərzində “Hərbi vəzifə və hərbi xidmət haqqında” 2011-ci il 23 dekabr tarixli Azərbaycan Respublikası Qanunu qəbul edilmiş, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” 2020-ci il 1 may tarixli 68-VIQD nömrəli Qanunu ilə Cinayət Məcəlləsinin “Hərbi xidmət əleyhinə olan cinayətlər” fəsilinin bir çox normalarına, o cümlədən hərbi xidmət keçmə qaydaları əleyhinə cinayətlərə görə məsuliyyət müəyyən edən maddələrinə dəyişikliklər edilmişdir.
Bununla əlaqədar “Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında" 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Ali Məhkəmənin Plenum qərarında müvafiq dəyişikliklərin edilməsinə zərurət yaratmışdır.
Qeyd olunanlara əsasən, hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsinin baş vermiş dəyişikliklərə uyğunlaşdırılmasını və bu sahədə məhkəmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 80-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
"Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında" 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında aşağıdakı dəyişikliklər edilsin:
1. 2,3,4 və 5-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“2.“Hərbi vəzifə və hərbi xidmət haqqında” 2011-ci il 23 dekabr tarixli Azərbaycan Respublikasının Qanununun 12.4-cü maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı il təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş 2 nömrəli əlavənin-“Elektron xidmət növlərinin Siyahısı”nın 35.4-cü bəndinə əsasən çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir.
Hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma (CM-nin 321-ci maddəsi) haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətlərin tərkibi o zaman yaranır ki, həmin cinayətlərin subyektləri müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatı internet və ya qısa mesaj (SMS) vasitəsilə almalarına və yaxud başqa üsullarla əvvəlcədən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən xəbərdarlıq edilmələrinə baxmayaraq üzürlü səbəblər olmadan göstərilmiş müddətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməklə çağırışdan boyun qaçırmış olsunlar.
3. Azərbaycan Respublikası CM-nin 321-ci maddəsində nəzərdə tutulmuş növbəti hərbi çağırışdan boyun qaçırma cinayətinin subyekti hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən müddətli hərbi xidmətə və ya zabitlərin həqiqi hərbi xidmətinə çağırılan və ya səfərbərlik üzrə çağırılan Azərbaycan Respublikası vətəndaşlarıdır. Müddətli hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları, zabitlərin həqiqi hərbi xidmətinə - müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər çağırılırlar.
Vətəndaşlığı olmayan şəxslər və xarici ölkə vətəndaşları Azərbaycan Respublikası CM-nin 321-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti ola bilməzlər. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Azərbaycan Respublikası vətəndaşının xaricdə yaşaması Azərbaycan Respublikası CM-nin 321-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti olmasını istisna etmir.
Qeydiyyatdan keçmək üçün vətəndaşların müəyyən olunmuş müddətdə üzrlü səbəblər olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməmələri hərbi xidmətdən boyun qaçırma kimi qiymətləndirilə bilməz. Belə ki, hərbi xidmətdən boyun qaçırmaya görə məsuliyyət yalnız Azərbaycan Respublikası Prezidentinin şəxslərin hərbi xidmətə çağırılması haqqında sərəncamında göstərilən müddətdə üzrlü səbəb olmadan müvafiq icra hakimiyyəti orqanına gəlmədiyi halda yaranır.
Azərbaycan Respublikası Prezidentinin şəxslərin hərbi xidmətə çağırılması haqqında sərəncamı ilə müəyyən edilmiş müddətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməyin üzrlü səbəbləri çağırışçının xəstəliyi (tibb müəssisəsinin xəstəlik barədə tibbi arayışı əsasında) və ya fövqəladə və ya digər qarşısı alına bilinməyən hallardır (bu zaman şəxsən gəlməməyin mümkün olmaması çağırışçının yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməlidir).
4.“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” 2005-ci il 10 iyun tarixli Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən səfərbərlik – Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna keçirilməsinə dair tədbirlər kompleksidir.
Azərbaycan Respublikasında ümumi və ya qismən səfərbərlik Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə elan olunur.
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar səfərbərlik elan edildikdə səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar.
5.Həqiqi hərbi xidmətə növbəti çağırışdan və səfərbərlik üzrə çağırışdan boyun qaçırma cinayəti hərbi xidmətə çağırılma haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı qüvvəyə mindikdən sonra şəxsin müvafiq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlmədiyi halda, qeyd olunan normativ xarakterli aktda göstərilən hərbi xidmətə çağırışın sonuncu günü bitmiş hesab edilir.
Həmin müddətdən sonra hərbi xidmət keçməkdən boyun qaçıranın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməsi cinayətdən könüllü imtina etmə kimi deyil, cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər.”.
2. 7-ci bənd üzrə:
2.1. ikinci abzasda “dair” sözündən sonra dırnaq işarəsi əlavə edilsin, “26 oktyabr 2001-ci il” sözləri “2001-ci il 26 oktyabr” sözləri ilə əvəz edilsin;
2.2. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:
“Hərbi vəzifəlilər və qadınlar üçün isə xidmətin başlanğıcı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən göstərilmiş xidmət yerinə yola düşdükləri gün hesab olunur.”.
3. 8-ci bənd aşağıdakı redaksiyada verilsin:
“8. Məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə cinayət məsuliyyəti müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə yaranır.
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş “gün” anlayışına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2019-cu il 14 fevral tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş “gün” anlayışı 24 saatlıq müddəti ehtiva edir. Həmin maddədə göstərilmiş müddətlər çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etdiyi və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlmədiyi andan bir günün 24 saat olması nəzərə alınmaqla hesablanır.”
4. 9-cu bənd üzrə:
4.1. dördüncü abzasda “olan” sözündən sonra “hərbi hissəyə və ya” sözləri, “əsaslarla” və “müddətdə” sözlərindən sonra “hərbi” sözü əlavə edilsin;
4.2. beşinci abzasda “o,” sözü çıxarılsın.
5. 10-cu bəndin ikinci abzasında “yeri,” və “məsələn,” sözlərindən sonra “hərbi” sözü əlavə edilsin.
6. 11-ci bənd aşağıdakı redaksiyada verilsin:
“11.Fərariliyə dair cinayət işlərinə baxılarkən məhkəmələr nəzərə almalıdırlar ki, fərarilik hərbi qulluqçunun müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədilə hərbi hissəni və ya xidmət yerini buraxıb getməkdə, eləcə də başqa hərbi hissəyə dəyişdirilərkən, təyinat alarkən, ezamiyyətdən, məzuniyyətdən və ya müalicə müəssisəsindən qayıdarkən eyni məqsədlə hərbi hissəyə və ya xidmət yerinə gəlməməkdə ifadə olunur.”.
7. 12-ci bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
“12. Fərarilik cinayəti hərbi qulluqçu müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getdiyi və yaxud hərbi hissəyə və ya xidmət yerinə qayıtmadığı vaxtdan başa çatmış hesab olunur.”.
8. 13-cü bənd aşağıdakı redaksiyada verilsin:
“13. Əgər hərbi qulluqçu hərbi xidmətdən boyun qaçırmaq məqsədilə hərbi hissəni (xidmət yerini) özbaşına buraxıb getmişsə, lakin əvvəlki niyyətindən imtina edərək hərbi hissəyə (xidmət yerinə) qayıtmış və ya özünü hakimiyyət orqanına təqdim etmişsə, belə hallarda təqsirkarın hərəkətində bitmiş fərarilik cinayətinin tərkibi yaranır. Onun hərbi hissəyə (xidmət yerinə) gəlməsi və ya özünü hakimiyyət orqanına təqdim etməsi isə cinayəti törətməkdən könüllü imtina kimi deyil, təqsirini boynuna almaqla könüllü gəlmə kimi qiymətləndirilməlidir.”.
9. 14-cü bəndin ikinci abzasında “yaxud bu” sözlərindən sonra “hərbi” sözü, “hissələrdən” sözündən sonra “və ya bölmələrdən” sözləri əlavə edilsin.
10. 16-cı bəndin ikinci abzasında “qauptvaxtda” sözü “hauptvaxtda” sözü ilə əvəz edilsin.
11. 17-ci bəndin birinci abzasında “329-cu” sözləri “330-cu” sözləri ilə əvəz edilsin.
12. 18-ci bənd aşağıdakı redaksiyada verilsin:
“18. Hərbi hissəni (xidmət yerini) özbaşına tərk edən və ya fərarilik edən hərbi qulluqçuların xidməti istifadəsi üçün verilmiş silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, habelə nəqliyyat vasitələrinin və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozmaları nəticəsində həmin əmlakı itirmələri mühüm zərər vurduqda müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 333 və ya 334, həmçinin 347-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır.”.
13. 19-cu bənddə “qulluq” sözü “xidmət” sözü ilə əvəz edilsin, “silahı,” sözlərindən sonra “onun komplekt hissələrini,” sözləri, “maddələri” sözündən sonra “və qurğuları” sözləri əlavə edilsin.
14. 20-ci bənd aşağıdakı redaksiyada verilsin:
“20. Hərbi qulluqçu hərbi xidmətdən boyun qaçırmaq məqsədilə, yaxud belə məqsədi olmadan hərbi hissəni (xidmət yerini) tərk edərkən, xidməti istifadə üçün ona verilmiş nəqliyyat vasitəsini və ya digər hərbi əmlakı öz mülkiyyətinə və ya başqa şəxsin mülkiyyətinə keçirmək məqsədilə özü ilə apararsa, onun hərəkəti hərbi hissəni (xidmət yerini) tərk etmə və ya fərarilik, eləcə də özgə əmlakını mənimsəmə kimi tövsif olunmalıdır.”
15. 22-ci bənddə “nəticələrə” sözündən sonra “və ya CM-nin 339 və 340-cı maddələrində göstərilən əməllər üzrə dövlətin təhlükəsizilik mənafelərinə real təhlükənin yaranmasına” sözləri əlavə edilsin.
16. 24-cü bəndin ikinci abzası çıxarılsın.
Azərbaycan Respublikası
Ali Məhkəməsinin sədri: Ramiz Rzayev
Göstərilən platformalarda paylaş: