"İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə"
14.01.2003, 12:35“İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə”
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun
Q Ə R A R I
14 yanvar 2003-cü il № 1 Bakı şəhəri
Azərbaycan Respublikasında keçirilən məhkəmə islahatı nəticəsində üç pilləli məhkəmə sistemi yaradılmış, fiziki və hüquqi şəxslərin hüquqlarının məhkəmə müdafiəsi imkanları daha da genişlənmiş, maddi və prosessual hüquq normalarını tənzimləyən yeni qanunlar qəbul edilmişdir.
Lakin yeni qanunlarda bəzi münasibətlər tənzimlənməmişdir.
Belə ki, 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası MPM-də məhkəmə qətnamələrinin icra edilməsi üçün icra vərəqələrinin hansı məhkəmə tərəfindən verilməsi müəyyən olunmamış, 08 mart 2002-ci il tarixdən qüvvədə olan "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununda da bu məsələ öz əksini tapmamışdır. Lakin son vaxtlar icra vərəqələrinin işə axırıncı baxan məhkəmə tərəfindən verilməsi təcrübəsi yaranmışdır. Buna baxmayaraq yaranan təcrübə vahid deyildir.
Üç pilləli məhkəmə sisteminin mövcud olduğu şəraitdə birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya instansiyası məhkəməsi dəyişdirə, ləğv edə və ya yeni qətnamə çıxara bilər. Kassasiya məhkəməsi də öz növbəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəyişiklik edə bilər. Belə olduqda kassasiya instansiya məhkəməsinin icra vərəqəsi verməyə səlahiyyətli olub-olmaması məsələsi mübahisəlidir. Birinci instansiya məhkəməsi qətnaməsinin apellyasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilməsi, qismən ləğv edilməsi və yaxud dəyişdirilib həmin hissə üzrə yeni qətnamə çıxarılması hallarında icra vərəqəsinin hansı məhkəmə tərəfindən verilməsi xüsusilə mübahisəli qalır.
Qətnamənin icrasına möhlət verilməsi, onun hissə-hissə icra edilməsi, icra üsulunun və qaydasının dəyişdirilməsi məsələsinin hansı məhkəmə tərəfindən həll edilməsində də təcrübə müxtəlifliyi vardır.
Belə ki, vahid məhkəmə təcrübəsi olmadığına görə bu məsələlər həm birinci instansiya, həm də yuxarı instansiya məhkəmələri tərəfindən həll edilir. Qanunda isə bu barədə çıxarılan məhkəmə qərarlarından şikayət etmə qaydası nəzərdə tutulmuşdur. Ona görə də göstərilən məsələlərin yuxarı məhkəmələr tərəfindən həll edilməsi tərəflərin həmin məhkəmə qərarlarından şikayət etmək hüquqlarını məhdudlaşdırır. Kassasiya instansiyası məhkəməsi tərəfindən çıxarılan qərarlardan şikayət verilməsi isə qanunda nəzərdə tutulmamışdır.
Beləliklə də göstərilən məsələlərin yuxarı instansiya məhkəmələri tərəfindən həll edilməsi üçpilləli məhkəmə sisteminin mahiyyətinə ziddir.
Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 235-ci maddəsi dərhal icra olunmalı qətnamələrdən bəhs edir. Lakin son vaxtlar məhkəmə təcrübəsi onu göstərir ki, bəzi hallarda məhkəmələr həmin maddənin müddəalarını düzgün şərh etmir, bununla da səhvlərə yol verirlər.
Belə ki, MPM-nin 235.1-ci maddəsi dərhal icra edilməli olan qətnamələrin dairəsini müəyyən etmiş, eyni zamanda 235.2-ci maddəsi tərəflərin xahişi ilə qətnamənin icrasının ləngidilməsinin tələbkar üçün böyük zərərə səbəb ola biləcəyi, yaxud icranın özünün mümkün ola bilməyəcəyi xüsusi hallarda qətnamənin dərhal icraya yönəldilməsini nəzərdə tutmuşdur. Lakin bir cox hallarda məhkəmələr 235.2-ci maddəsinin hec bir zərürət olmadan və xüsusi halların nədən ibarət olmasını əsaslandırmadan geniş tətbiq edirlər.
Bununla yanaşı, məhkəmələr həmin maddənin geniş izahına və tətbiqinə yol verməməlidirlər. Qanunverici MPM-nin 235-ci maddəsinin tətbiqini yalnız xüsusi halların olması ilə məhdudlaşdırmışdır (misal üçün: tez xarab olan malların saxlanmasının mümkünsüzlüyü; ağır xəstəliklə bağlı müalicə haqqının ödənilməsi şəxsin uzun müddətə xaricə getməsi ilə əlaqədar qətnamənin sonradan icra edilməsinin çətinləşməsi və s.). Şərh edilən məsələlər barədə vahid məhkəmə təcrübəsi yaratmaq məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu bu məsələləri izah etməyi vacib hesab edir.
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu [1]
Q Ə R A R A A L I R:
1. Azərbaycan Respublikasının məhkəmələrinə aşağıdakı məzmunda izahlar verilsin:
- Birinci instansiya məhkəmələri tərəfindən baxılan və apellyasiya şikayəti verilməyən işlər üzrə icra vərəqələri qətnamə qanuni qüvvəyə mindikdən sonra həmin məhkəmələr tərəfindən verilir;
- Azərbaycan Respublikasının Apellyasiya Məhkəmələri birinci instansiya məhkəməsinin qətnamələrini dəyişdirmədən saxladıqda bu barədə çıxarılan qətnamənin surəti və icra vərəqinin verilməsi üçün zəruri olan digər məlumatlar gecikdirilmədən birinci instansiya məhkəməsinə göndərilir və birinci instansiya məhkəməsi həmin qətnaməyə əsasən icra vərəqələri verir ;
- Azərbaycan Respublikası Apellyasiya Məhkəmələri birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib yeni qətnamə çıxardıqda və ya qətnaməni dəyişdirdikdə icra vərəqələri Apellyasiya Məhkəmələri tərəfindən verilir ;
- Aşağı instansiya məhkəməsinin qətnaməsi Apellyasiya Məhkəmələri tərəfindən qismən ləğv edildikdə və ya hissə ilə ləğv edilib iş üzrə həmin hissədə yeni qətnamə qəbul edildikdə icra vərəqi qətnaməni ləğv etmiş məhkəmə tərəfindən verilir və bu halda icra vərəqələri həm qətnamənin qüvvədə qalmış hissəsinə, həm də ləğv edilmiş və ya yeni qətnamə qəbul edilmiş hissəsində verilir ;
- Azərbaycan Respublikası MPM-nin 417.0.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirdiyi və ya yeni qərar qəbul etdiyi hallarda iş üzrə icra vərəqələri vermək zərurəti yaranarsa həmin qərarlar üzrə icra vərəqəsini Ali Məhkəmə verir. [2]
2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 160-cı maddəsinə əsasən iddianı təmin etmək tədbiri barədə çıxarılan qərardadlar üzrə icra vərəqələri qərardadı qəbul etmiş məhkəmə tərəfindən verilir.
3. Məhkəmələrə tövsiyə edilsin ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi iş üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir.[3]
4. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 235.2-ci maddəsi yalnız xüsusi hallarda tətbiq oluna bilər. Bu maddəni tətbiq etmiş məhkəmə öz qərarında xüsusi halların nədən ibarət olmasını mütləq əsaslandırmalıdır.
“Məhkəmələrə izah edilsin ki, dərhal icra edilməli olan qətnamələrin dairəsi MPM-nin 234.2-ci maddəsində dəqiq müəyyən edilmişdir, həmin maddənin geniş təfsirinə və tətbiqinə yol verilmir. [4]
S.C.Həsənova,
Azərbaycan Respublikası
Ali Məhkəməsinin Sədri
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHIS
[1]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə preambulanın 8-11-ci abzasları çıxarılmışdır. Əvvəlki redaksiyada deyirlirdi:
Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 235-ci maddəsi dərhal icra olunmalı qətnamələrdən bəhs edir. Lakin son vaxtlar məhkəmə təcrübəsi onu göstərir ki, bəzi hallarda məhkəmələr həmin maddənin müddəalarını düzgün şərh etmir, bununla da səhvlərə yol verirlər.
Belə ki, MPM-nin 235.1-ci maddəsi dərhal icra edilməli olan qətnamələrin dairəsini müəyyən etmiş, eyni zamanda 235.2-ci maddəsi tərəflərin xahişi ilə qətnamənin icrasının ləngidilməsinin tələbkar üçün böyük zərərə səbəb ola biləcəyi, yaxud icranın özünün mümkün ola bilməyəcəyi xüsusi hallarda qətnamənin dərhal icraya yönəldilməsini nəzərdə tutmuşdur. Lakin bir cox hallarda məhkəmələr 235.2-ci maddəsinin hec bir zərürət olmadan və xüsusi halların nədən ibarət olmasını əsaslandırmadan geniş tətbiq edirlər.
Bununla yanaşı, məhkəmələr həmin maddənin geniş izahına və tətbiqinə yol verməməlidirlər. Qanunverici MPM-nin 235-ci maddəsinin tətbiqini yalnız xüsusi halların olması ilə məhdudlaşdırmışdır (misal üçün: tez xarab olan malların saxlanmasının mümkünsüzlüyü; ağır xəstəliklə bağlı müalicə haqqının ödənilməsi şəxsin uzun müddətə xaricə getməsi ilə əlaqədar qətnamənin sonradan icra edilməsinin çətinləşməsi və s.). Şərh edilən məsələlər barədə vahid məhkəmə təcrübəsi yaratmaq məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu bu məsələləri izah etməyi vacib hesab edir.
[2]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 1-ci bəndində üçüncü abzası çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
- Azərbaycan Respublikası Apellyasiya Məhkəmələri birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib yeni qətnamə çıxardıqda və ya qətnaməni dəyişdirdikdə icra vərəqələri Apellyasiya Məhkəmələri tərəfindən verilir ;
1-ci bəndin beşinci abzasından “Azərbaycan Respublikası MPM-nin 417.0.2-ci maddəsinə əsasən” sözləri çıxarılsın, həmin abzasda “dəyişdirdiyi” sözündən sonra “və ya yeni qərar qəbul etdiyi” sözləri əlavə edilmişdir.
[3]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 3-cü bəndə “dəyişdirilməsi” sözündən sonra “, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” sözləri əlavə edilmişdir.
[4]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 4-cü bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 235.2-ci maddəsi yalnız xüsusi hallarda tətbiq oluna bilər. Bu maddəni tətbiq etmiş məhkəmə öz qərarında xüsusi halların nədən ibarət olmasını mütləq əsaslandırmalıdır.
Göstərilən platformalarda paylaş: