ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

İddiaçı “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-1576/2013 saylı iş üzrə qərarından verdiyi kasasiya şikayəti

02.10.2013, 12:35
İddiaçı “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-1576/2013 saylı iş üzrə qərarından verdiyi kasasiya şikayəti
İddiaçı “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-1576/2013 saylı iş üzrə qərarından verdiyi kasasiya şikayəti

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

İnzibati-İqtisadi Kollegiyasının
 
Q Ə R A R I
 
02 oktyabr 2013-cü il              iş № 2-2(102)-1197/13          Bakı şəhəri
 
           Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakimlər Zakir Quliyev - sədrlik edən və məruzəçi, Sevda Hüseynova və Xəqani Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Natiq Abbasovun, iddiaçının nümayəndəsi Azər Qasımovun və iddiaçının vəkili Rüstəm Zülfüqarovun, cavabdehin vəkili Ramiz İbrahimovun iştirakı ilə,
           İddiaçı “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-1576/2013 saylı iş üzrə qərarından verdiyi kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq
 
m ü ə y y ə n e t d i:
 
           İddiaçı “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (bundan sonra mətndə cavabdeh) qarşı Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək seçkilərdə “exit-poll” keçirmək üçün qeydə alınmasından imtina edilməsi barədə qərarın ləğv edilməsi və “exit-poll” keçirmək üçün qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
           Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-1576/2013 (hakimlər – S.Hüseynov sədrlik edən və məruzəçi, V.Ağayev və V.Məmmədov) qərarı ilə iddiaçının cavabdehə qarşı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 25 sentyabr 2013-cü il tarixli 31/179 saylı qərarının ləğv edilməsi və “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin 09 oktyabr 2013-cü ilə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində “exit-poll” keçirmək üçün qeydə alınması vəzifəsinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması barədə iddiasının təmin edilməsiqərara alınmışdır.
 
i ş i n h a l l a r ı:
 
           İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, MSK müraciətə Seçki Məcəlləsinin və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun normaları əsasında deyil bu barədə özünün Qaydaları əsasında baxmışdır. Həmin Qaydalar isə qeyd edilən qanunlardan fərqli sərt və məhdudlaşdırıcı normalar nəzərdə tutur. Belə ki, Qaydalarda “exit poll” keçirən təşkilatın exit-poll sahəsində ixtisaslaşmış, müvafiq təcrübəyə malik olması, “exit-poll” keçirərkən tətbiq olunmalı qaydalar, üsullar və resurslar (exit-poll keçirən şəxslərin sayı, “exit-poll” keçirilərkən istifadə üçün nəzərdə tutulmuş maddi- texniki vasitələr və s.), “exit-poll”un keçirilməsinə cəlb edilən şəxslərin, əsasən seçki hüququ və seçki sistemi üzrə mütəxəssis, yaxud da bu sahədə müəyyən təcrübəsi olan mütəxəssis olması tələbləri “exit-poll” un keçirilməsi üçün sərt tələblərdir və ilk dəfə “exit-poll” keçirmək istəyən hüquqi şəxslərin, o cümlədən qeyri-hökumət təşkilatların hüquqlarını məhdudlaşdırır. Çünki bu tələb exit-pol keçirmək hüququnu mahiyyət etibarı ilə icazəli (lisenziyalı) etməklə, Konstitusiyanın 25-ci maddəsi ilə təsbit olunan hamının qanun qarşısında bərabərlik hüququnu pozur. Bu tələb eyni zamanda Konstitusiyanın 56-cı maddəsi ilə təsbit olunan seçki hüququnu məhdudlaşdırır ki, bu da Konstitusiyanın 71-ci maddəsi ilə də ziddiyyət təşkil edir. Konstitusiyanın 71-ci maddəsinin II hissəsində göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İndiki halda isə seçki hüququ Mərkəzi Seçki Komissiyasının bu Qaydalarını adıçəkilən normaları ilə məhdudlaşdırılmışdır. Digər tərəfdən “exit-poll” keçirmək mahiyyətcə sadə proses olduğundan, bu sahədə fəaliyyətlər geniş və ixtisaslaşmış təcrübə tələb etmədiyindən “exit-poll”un keçirilməsi üçün “Qaydalar”da göstərilən sərt və lüzumsuz tələblərin qoyulması hüquqi məntiqə uyğun deyildir. Yəni seçki günü seçki məntəqəsinin çıxışında seçicilərin hansı namizədə səs verməsinin soruşulması və sorğunun nəticələrinin ümumiləşdirilməsi üçün “exit-poll” keçirəcək təşkilatın ixtisaslaşmış təşkilat olması, bu sahədə təcrübəsinin olması, “exit-poll” keçirərkən tətbiq olunmalı qaydalar, üsullar və resurslar barədə MSK-ya yazılı məlumatların təqdim edilməsi, habelə sorğunu keçirən şəxslərin seçki sistemi üzrə mütəxəssis olması, bu sahədə müəyyən təcrübəsinin olması kimi sərt tələblərin qoyulmasına ehtiyac yoxdur. Bundan başqa “Qaydalar”ın yuxarıda qeyd edilən normalarında qanunvericiliyə zidd olaraq seçki hüquqlarından istifadə ilə bağlı yeni qaydalar müəyyən edilir. İndiki halda nə Seçki Məcəlləsində, o cümlədən Məcəllənin “exit-poll” keçirən təşkilatların MSK-da akkrediasiyası ilə bağlı 25.1.23-cü maddəsində, nə də “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun qeyri-hökumət təşkilatlarının “exit-poll” keçirməklə bağlı 2.4-cü maddəsində, nə də digər qanunvericilik aktlarında bu cür qaydalar (tələblər) nəzərdə tutulmamışdır. Belə olan halda Konstitusiyanın 96-cı maddəsinə müvafıq olaraq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qanunla müəyyən edilməli bu normalar (qaydalar) MSK-nın qərarı ilə təsdiqlənən bu “Qaydalar”la müəyyən edilə bilməzdi. Çünki “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.4-cü maddəsinə görə normativ xarakterli aktlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 09 dekabr 2011-ci il tarixli, 15/50 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfındən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi qaydaları”nın 2.1-ci bəndində göstərilir ki, MSK-nın aktları Seçki Məcəlləsinin tələblərinə uyğun hazırlanır. Birlik 2005-ci ilin parlament seçkiləri ərəfəsində Sumqayıt şəhərinin yerli telekanallarında “Parlament seçkiləri-2005” adlı 1 saatlıq 10 veriliş və 58 videoçarx yayımlayıb. 2008-ci il prezident seçkiləri zamanı da regionlarda maarifləndirmə işləri həyata keçirib və MSK tərəfindən rəsmən qeydə alınmasa da 6 seçki dairəsi üzrə 126 seçki məntəqəsində “exit-poll” sorğusu keçirib. Bu sorğular 12.600 seçici arasında keçirilib. Hazırda Birlik regionlarda seçicilərin maarifləndirilməsi istiqamətində layihə həyata keçirir. Bundan əlavə, Birlik seçkilərin monitorinqi məsələsində də müəyyən təcrübəyə malikdir. Belə ki, Birliyin üzvləri 2004-cü ilin noyabr-dekabr aylarında Ukrayna Respublikasında keçirilmiş prezident seçkilərində Milli Demokratiya İnstitutunun xəttilə seçki günü müşahidəçisi olaraq iştirak etmişlər. Bundan başqa, Birliyin üzvləri seçkilərin monitorinqi ilə bağlı beynəlxalq təcrübədən istifadə etmək məqsədilə 2013-cü ilin fevral ayında Ukraynada səfərdə olmuş və bu sahədə geniş təcrübəyə malik təşkilatlarla təcrübə mübadiləsi aparıb və Ukraynanın Beynəlxalq Siyasi Təhsil Mərkəzi, Kiyev Beynəlxalq Sosiologiya İnstitutu, “Demokratik Təşəbbüs” Fondu, Demokratiya Uğrunda İnstitutu təşkilatın bu sahədəki fəaliyyətinə yaxından dəstək olmaq niyyətlərini bildiriblər. Birliyin təcrübə və bacarıqları ilə bağlı göstərilən məlumatlar MSK-nın nəzərinə çatdırılmışdır.
           İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir.
           İddiaçı “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi  iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərarından narazı qalaraq ondan Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasına kasasiya şikayəti vermiş və şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-1576/2013 saylı qərarının ləğv edilməsini və iddiaçının 09 oktyabr 2013-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezident seçkilərində “exit-poll” keçirmək üçün qeydə alınması vəzifəsinin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
 
k a s a s i y a ş i k a y ə t i n i n d ə l i l l ə r i:
 
           İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi 28 sentyabr 2013-cü il tarixli qərarı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə olan sübutları əsaslı olaraq araşdırma aparmadan qərar qəbul etmişdir. Məhkəmə birliyin 2005-ci ilin parlament seçkiləri ərəfəsində Sumqayıt şəhərinin yerli telekanalında “Parlament seçkiləri-2005” adlı 1 satlıq 10 veriliş və 58 videoçarx yayımlayıb. 2008-ci il prezident seçkiləri zamanı da regionlarda maarifləndirmə işləri həyata keçirməsi və 6 seçki dairəsi üzrə 126 seçki məntəqəsində “Exit-poll” sorğusu keçirməsini nəzərə almamışdır. Bundan əlavə, təşkilat seçkilərin monitorinqi məsələsində də müəyyən təcrübəyə malikdir. Belə ki, təşkilatın üzvləri 2004-cü ilin noyabr-dekabr aylarında Ukrayna Respublikasında keçirilmiş prezident seçkilərində Milli Demokratiya İnstitutunun xəttilə beynəlxalq müşahidəçilik missiyasını yerinə yetirib. Seçkilərin monitorinqi ilə bağlı beynəlxalq təcrübədən istifadə etmək məqsədilə 2013-cü ilin fevral ayında Ukraynada səfərdə olmuş və bu sahədə geniş təcrübəyə malik təşkilatlarla təcrübə mübadiləsi aparmışdır. Ukraynanın Beynəlxalq Siyasi Təhsil Mərkəzi, Kiyev Beynəlxalq Sosiologiya İnstitutu, “Demokratik Təşəbbüs” Fondu, Demokratiya Uğrunda İnstitutu təşkilatın bu sahədəki fəaliyyətinə yaxından dəstək olacaqları barədə məlumatın məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq nəzərə alınmamışdır. Bundan başqa, məhkəmə maddi hüquq normalarını tətbiq edən zaman Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 05 iyun 2013-cü il tarixli 5/32 saylı qərarı ilə “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiya qaydaları” təsdiq edilmiş “Qaydalar”ın effektiv və diskriminativ olub-olmamasını araşdırmamışdır. Bununla bağlı, iddia ərizəsində və məhkəmə çıxışlarında dəfələrlə bildirmələrinə baxmayaraq məhkəmə araşdırma aparmamışdır. Belə ki, “Qaydalar”ın 1.3-cü bəndində “exit-poll” keçirən təşkilat kimi exit-poll sahəsində ixtisaslaşmış, müvafiq təcrübəyə malik və nüfuzlu hüquqi şəxslərin çıxış edə bilməsi və həmin təşkilatların adından “exit-poll” un keçirilməsinə cəlb edilən, əsasən seçki hüququ və seçki sistemi üzrə mütəxəssis, yaxud da bu sahədə müəyyən təcrübəsi olan mütəxəssis olması nəzərdə tutulur. Bundan başqa “qaydaların” 2.1-ci maddəsində deyilir ki, “exit-poll” keçirmək niyyətində olan təşkilatlar səsvermə gününə azı 20 gün qalmışadək akkreditasiyadan keçmək barədə MSK-ya yazılı müraciət təqdim etməlidir. “Qaydaların” 2.2.2-ci yarımbəndində isə göstərilir ki, təşkilatın “exit-poll” keçirərkən tətbiq olunmalı qaydalar, üsullar və resurslar (exit-poll keçirən şəxslərin sayı, “exit-poll” keçirilərkən istifadə üçün nəzərdə tutulmuş maddi-texniki vasitələr və s.) haqqında yazılı məlumatlar əlavə edilməlidir. Hesab olunur ki, bu “Qaydalar”ın 1.3 və 2.2.2-ci maddələrin effektiv deyil və təşkilatlar arasında diskriminasiyaya yol verir. Bununla da, apelyasiya instansiyası məhkəməsi qeyd olunanlarla bərabər ətraflı araşdırma aparmayaraq İnzibati Prosessual Məcəllənin tələblərini pozmuşdur.
           Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Qasımov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 28 sentyabr 2013-cü il tarixli qərarın ləğv edilməsi və “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin 09 oktyabr 2013-cü il tarixdə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində “exit-poll” keçirmək üçün qeydə alınması vəzifəsinin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir.
           Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili R.Zülfüqarov da, iddiaçının nümayəndəsi A.Qasımovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 28 sentyabr 2013-cü il tarixli qərarının ləğv edilməsi və “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin 09 oktyabr 2013-cü il tarixdə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində “exit-poll” keçirmək üçün qeydə alınması vəzifəsinin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir.
           Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili R.İbrahimov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 28 sentyabr 2013-cü il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 28 sentyabr 2013-cü il tarixli qərarın isə dəyişiklik edilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir.
           Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsinin və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyib, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıdakılara əsasən iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
 
h ü q u q i m ə s ə l ə l ə r :
 
           Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinin tələbinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
           Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
           Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iddiaçının kasasiya şikayəti əsasında hazırkı mübahisə ilə əlaqədar apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual qanun normalarının düzgün tətbiq-edilib edilməməsi ilə bağlı aşağıdakıları qeyd edir.
           İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi 16 sentyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müraciət edərək 09 oktyabr 2013-cü il tarixə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində “exit-poll” keçirmək niyyətində olduğunu bildirərək qeydə alınması barədə ərizə ilə müraciət etmişdir.
            İşdə olan Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 25 sentyabr 2013-cü il tarixli 31/179 saylı qərarından görünür ki, “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində “exit-poll” keçirmək üçün qeydə alınmasından imtina edilmişdir.
           Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları” Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 25.2.23-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 05.06.2013-cü il tarixli 5/32 saylı Qərarı ilə təsdiq edilmişdir və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları Azərbaycan Respublikasının normativ xarakterli aktı hesab olunur. 
           Həmçinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin 2013-cü ilin oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində “exit-poll” keçirmək üçün qeydə alınmasından imtina edilməsini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 1.3-cü və 2.2.2 bəndlərinə əsasən bu sahədə ixtisaslaşmış, müvafiq təcrübəyə malik və nüfuzlu hüquqi şəxslər “exit-poll” keçirən təşkilat kimi çıxış edə bilər. Qeyri-hökumət təşkilatları və xarici hüquqi şəxslər seçkilər keçirilərkən “exit-poll” ilə əlaqədar tədbirlərdə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə, habelə Azərbaycan Respublikası seçki qanunvericiliyinə uyğun olaraq iştirak edə bilərlər. Həmin təşkilatların adından “exit-poll”un keçirilməsinə cəlb edilən şəxslər, əsasən seçki hüququ və seçki sistemi üzrə mütəxəssis, yaxud bu sahədə müəyyən təcrübəsi olan şəxslər olmalıdırlar. Eyni zamanda təşkilatın “exit-poll” keçirərkən tətbiq edəcəyi qaydalar, üsullar, resurslar haqqında məlumatlar həmin sənədlərdə öz əksini tapmalıdır. Təqdim edilən sənədlər isə göstərilən tələblərə tam cavab vermədiyindən iddiaçının müraciəti təmin edilməmişdir.
           Apelyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin 2013-cü ilin oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində “exit-poll” keçirmək üçün qeydə alınmasından Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən edilmiş imtina qanuni və əsaslıdır. 
           Qeyd edilənlərlə yanaşı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 25.2.23-cü maddəsinə əsasən Mərkəzi Seçki Komissiyası exit-poll keçirən təşkilatların akkreditasiyasını həyata keçirir, həmin təşkilatların akkreditasiyadan keçmə qaydalarını müəyyən edir.
           Belə olan halda, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticə iş materiallarına uyğundur.
           Belə ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 05 iyun 2013-cü il tarixli 5/32 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın (“exit-poll” keçirmək üçün akkreditasiyası olunma qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 25.2.23-cü maddəsi və bu Qaydalarla tənzimlənir) 1.1-ci bəndində göstərilmişdir ki, “exit-poll” keçirən təşkilatlar seçkilərdə səsvermə günü seçki məntəqələrinin çıxışında seçicilər arasında bu seçkiyə dair sosioloji sorğunun aparılmasında iştirak etmək üçün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçməlidir.
           Həmin Qaydaların 1.3-cü bəndində qeyd olunur ki, bu sahədə ixtisaslaşmış, müvafiq təcrübəyə malik və nüfuzlu hüquqi şəxslər “exit-poll” keçirən təşkilat kimi çıxış edə bilər. Qeyri-hökumət təşkilatları və xarici hüquqi şəxslər seçkilər keçirilərkən “exit-poll” ilə əlaqədar tədbirlərdə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə, habelə Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq iştirak edə bilərlər. Həmin təşkilatların adından “exit-poll”un keçirilməsinə cəlb edilən şəxslər, əsasən, seçki sistemi üzrə mütəxəssis, yaxud bu sahədə müəyyən təcrübəsi olan şəxslər olmalıdırlar.
           Həmin Qaydaların “Exit-poll” keçirmək üçün akkreditasiyaya dair tələblər adlanan 2-ci bəndində qeyd edilmişdir ki, “exit-poll” keçirmək niyyətində olan təşkilatlar səsvermə gününə azı 20 gün qalmışadək akkreditasiyadan keçmək barədə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət təqdim etməlidirlər (bənd 2.1). Müraciətə təşkilatın “exit-poll” keçirərkən tətbiq edəcəyi qaydalar, üsullar, resurslar (“exit-poll” keçirilərkən istifadə üçün nəzərdə tutulmuş maddi-texniki vasitələr və s.) haqqında yazılı məlumat əlavə edilməlidir (bənd 2.2.2).
           Qeyd olunanlara baxmayaraq iddiaçı 09 oktyabr 2013-cü il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Prezidentinin seçkilərində “exit-poll” keçirən təşkilat kimi qeydə alınması üçün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müraciət edərkən normativ xarakterli akt hesab edilən Qaydalarda “exit-poll” keçirmək üçün nəzərdə tutulmuş akkreditasiyaya dair tələblərə, yəni təşkilatın “exit-poll” keçirərkən tətbiq edəcəyi qaydalar, üsullar, resuslar (“exit-poll” keçirən şəxslərin sayı, “exit-poll” keçirilərkən istifadə üçün nəzərdə tutulmuş maddi-texniki vasitələr), “exit-poll”un keçirilməsinə cəlb olunan şəxslərin seçki hüququ və seçki sistemi üzrə mütəxəssis, yaxud bu sahədə müəyyən təcrübəsi olan şəxslərin olması kimi şərtlərə əməl edilməmiş və nəticədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən onun “exit-poll” keçirən təşkilat kimi qeydə alınmasından imtina edilmişdir.
           Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası həmçinin əvvəllər keçirilən müxtəlif seçkilər zamanı regionlarda maarifləndirmə işlərinin həyata keçirilməsi, bu sahədə təcrübə mübadiləsi aparılması, müşahidəçi kimi iştirak etmələri ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd etmək istərdi ki, bu dəlillər onu Qaydalarda nəzərdə tutulmuş tələblərdən (vəzifələrdən) azad etmir.
           Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
           Beləliklə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası işin araşdırılan hallarına əsasən apelyasiya məhkəməsinin iş üzrə düzgün nəticəyə gəlməsini, nəticəyə gələrkən qüvvədə olan maddi və prosessual hüquq normalarına riayət etməsini, eləcə də hazırkı halda iddiaçının kasasiya şikayətində göstərilən dəlillərin iş üzrə düzgün və əsaslı olan məhkəmə qərarının ləğv edilməsi üçün yetərli olmamasını əsas götürüb hesab edir ki, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının kasasiya şikayəti təmin edilməməlidir.
            Göstərilənlərə və Azərbaycan Respublikası İPM-nin 68, 96.8-ci maddələrinə əsasən məhkəmə kollegiyası
 
q ə r a r a a l d ı:
 
           İddiaçı “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin  kasasiya şikayəti təmin edilməsin.
           İş üzrə  Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-1576/2012 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
 
Sədrlik edən:
Hakimlər:
 
                                              Əsli ilə düzdür.
    Hakim            Zakir Quliyev.