ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair qərardad

17.02.2022, 03:54
İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair qərardad
İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair qərardad

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası 

Ali Məhkəməsinin İnzibati Kollegiyası

 

Q Ə R A R D A D

(№ 01/2022)

İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair

 

Bakı şəhəri                                                                               17 fevral 2022-ci il 

 

Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası

Məmmədov Xəqani Səyyad oğlunun sədrliyi ilə,

Rəsulbəyova Nigar İmran qızı, 

Quliyev Zakir Müslüm oğlu,

Bədəlov Kəmaləddin Nurəddin oğlu, 

Hüseynov İlqar Kamil oğlu, 

Nəbizadə Rahib Sahib oğlu, 

Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə,

Qafarzadə Ləman İsbəndiyar qızının katibliyi ilə,

 

İddiaçı “RAHAT-M LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məsələsinə baxaraq aşağıdakı qərardadı qəbul etdi. 

I. Mübahisəli hüquqi məsələnin məzmunu

1. Bakı şəhər İcra Hakimiyyəti başçısının 225 saylı, 10 iyun 2013-cü il tarixli “Xətai rayon ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında” sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kommunikasiya xətlərinin və digər infrastruktur təminatının yaxşılaşdırılması üçün Bakı şəhəri, Babək prospekti, Xəqani Rüstəmiov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmış və sərəncamın icrasına nəzarət Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.

2. Bakı şəhəri, Xətai rayonu, 617-ci küçə, 2209-cu məhəllədə yerləşən və 02 yanvar 2003-cü il tarixli 004278 nömrəli texniki pasporta və 17 fevral 2003-cü il tarixli 000156 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən “RAHAT-M LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan ümumi sahəsi 1477,5 kv.m sahə “Ağ şəhər” layihəsi çərçivəsində söküntü ərazisinə düşdüyü üçün sökülmüşdür. 

3. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya sökülmüş 1477,5 kv.m sahəyə görə ödənilməli olan kompensasiyanın məbləğini 443.250 manat olaraq müəyyən etmiş, hesablanmış kompensasiya məbləği ilə bağlı ilkin razılaşma aktı iddiaçı tərəfindən imzalanmışdır.

4. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən iddiaçının çoxsaylı müraciətlərinə müxtəlif tarixlərdə verilmiş cavablarda razılaşdırılmış kompensasiya məbləğinin ödənilməməsinin yeganə səbəbi kimi “Ağ şəhər” layihəsi çərçivəsində yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi ilə əlaqədar lazımi vəsaitin ayrılmaması göstərilmiş, vəsait ayrılacağı təqdirdə hesablanmış kompensasiya məbləğinin ödəniləcəyi bildirilmişdir. 

5. İddiaçı 09 iyun 2020-ci il tarixdə cavabdeh kimi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətini, üçüncü şəxs kimi isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyini göstərməklə məhkəməyə müraciət edərək cavabdehin üzərinə 1477500 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatının gedişində isə iddiaçı iddia ərizəsinə dəqiqləşmə vermiş, cavbadehdən 443250 manat məbləğində kompensasiyanın tutulmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsi işə baxılması zamanı öz təşəbbüsü əsasında 25 yanvar 2021-ci il tarixdə qəbul etdiyi qərardadla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini üçüncü şəxs qismində icraata cəlb etmişdir. Məhkəmə bu zaman İPM-in 28.1-ci maddəsinə istinad etmiş, özünün mövqeyini iş üzrə qəbul ediləcək məhkəmə qərarının həmin Xidmətin qanunla qorunan maraqlarına toxunacağı ehtimalının mövcudluğu ilə əsaslandırmışdır. Lakin məhkəmə maraqlarına toxunma ehtimalının nədə ifadə olunduğunu, nəyə görə belə qənaətə gəldiyini göstərməmişdir. 

7. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(112)-1094/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, 617-ci küçə, 2209-cu məhəllədə yerləşən ümumi sahəsi 1477,5 kv metr olan istehsalat sahəsinin sökülməsinə görə iddiaçı “RAHAT-M LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə 443250 (dörd yüz qırx üç min iki yüz əlli) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. 

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verməmişdir.

9. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2021-ci il tarixli 2-1(103)-1523/2021 nömrəli qərardadı ilə üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti mümkün hesab edilərək iş apellyasiya icraatı qaydasında baxılmağa qəbul edilmişdir. 

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2021-ci il tarixli 2-1(103)-1523/2021 nömrəli qərarı ilə üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verməmişdir.

13. Apellyasiya məhkəməsinin qərarından üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir. 

14. Kassasiya icraatı zamanı mübahisəli hüquqi məsələyə dair kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarlarında müəyyən olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməli olduğu ilə bağlı təşəbbüslə çıxış edən hazırkı işə baxan məhkəmə tərkibi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə təqdimatla müraciət etmişdir.

15. Təqdimatın dəlillərinə görə, üçüncü şəxslər tərəfindən verilmiş kassasiya şikayətlərinin mümkünlüyü ilə bağlı məsələyə münasibətdə Ali Məhkəmənin İnzibati Kollegiyasının tətbiq etdiyi yanaşma ondan ibarət olmuşdur ki, inzibati məhkəmə icraatına cəlb edilmişlərsə, üçüncü şəxslər istənilən halda məhkəmə tərəfindən qəbul edilmiş qərarlardan kassasiya şikayəti vermək hüququna malikdirlər. Hazırkı işə baxan məhkəmə tərkibi isə hesab etmişdir ki, üçüncü şəxslər yalnız inzibati məhkəmə icraatının iştirakçısı olduqları üçün bütün hallarda kassasiya şikayəti vermək hüququna malik subyektlər kimi qəbul edilə bilməzlər. Ona görə də, oxşar mübahisələr üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarlarında müəyyən etdiyi hüquqi mövqedən fərqli yanaşma tətbiq edilməli, Ali Məhkəmə mübahisəli məsələyə münasibətdə özünün yanaşmasını və hüquqi mövqeyini dəyişməli, eləcə də qeyd edilən məsələ ilə sıx bağlı olan bir sıra başqa məsələlərə dair hüquqi mövqeyini dəqiqləşdirməlidir. 

16. Üçüncü şəxslərin kassasiya şikayəti vermək hüquqları ilə bağlı olaraq isə təqdimatda göstərilmişdir ki, İPM-in 29.1-ci maddəsində təsbit edilmiş qaydaya görə üçüncü şəxslər müstəqil şəkildə öz maraqlarını qorumaq məqsədilə hüquqi müdafiə vasitələrindən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Müstəqil şəkildə dedikdə, digər proses iştirakçılarının iradəsindən asılı olmadan öz adından sərbəst prosessual hərəkətlər etmək imkanına malik olmaq nəzərdə tutulur. Hüquqi müdafiə vasitələrindən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malik olmaq dedikdə, məhkəmə aktlarından şikayət verə bilmək və qanunvericilikdə nəzərdə tutulmuş prosessual hərəkətləri (məsələn, vəsatətlər vermək və s.) etmək imkanına sahib olmaq başa düşülür. Öz maraqlarını qorumaq məqsədilə dedikdə isə nəzərdə tutulan ondan ibarətdir ki, hüquqi müdafiə vasitələrindən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququ yalnız üçüncü şəxslərin maraqlarının müdafiəsi məqsədilə yolveriləndir. Müvafiq olaraq belə bir maraq müəyyən edilmirsə, hüquqi müdafiə vasitələrindən istifadəyə və prosessual hərəkətləri həyata keçirməyə dair hüquqi maraq da yaranmamış olur. 

17. Məhkəmə tərkibi hesab etmişdir ki, İPM-in 29.1 və 90.2-ci maddələrində nəzərdə tutulmuş “öz maraqlarını qorumaq məqsədilə” və “yalnız onların tələblərinin təmin olunmadığı hallarda” ifadələri onu nəzərdə tutur ki, məhkəmə icraatının iştirakçısı olan üçüncü şəxslər kassasiya şikayəti vermək hüququna o halda malik ola bilər ki, onların icraat gedişində mübahisənin predmeti ilə bağlı tələblər irəli sürmək imkanına malik olduqları qanunvericiliklə təsbit edilmiş  olsun, eləcə də qəbul edilmiş məhkəmə aktları onların maraqlarına toxunan məsələni həll etsin. 

18. Məhkəmə tərkibinin qənaətinə görə üçüncü şəxs qismində Maliyyə Nazirliyinin iştirakı ilə baxılan, dövlət büdcəsindən maliyyələşən inzibati orqanlara qarşı məhz həmin orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin həyata keçirilməsi nəticəsində irəli sürülən pul şəklində kompensasiya məbləğlərinin tutulması barədə mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarları üçüncü şəxs kimi proses iştirakçısı olan Maliyyə Nazirliyinin  hüquqlarına toxunmur.

19. Sadəcə olaraq dövlət büdcəsindən maliyyələşən müvafiq inzibati orqandan, yəni həmin inzibati orqanın özünün hesablaşma hesabından müəyyən kompensasiya məbləği tutulur ki, bunun da üçüncü şəxs qismində Maliyyə Nazirliyinin hesablaşma hesabına heç bir aidiyyəti yoxdur. Maliyyə Nazirliyinin ümumən dövlət büdcəsinin icrasına nəzarət etməsi, ona son nəticədə dövlət büdcəsindən ödənilməli olacaq məbləğlərlə bağlı məsələni həll edən  bütün məhkəmə aktlarından şikayət vermək hüququ vermir. 

20. Belə olan halda məhkəmə tərkibi hesab etmişdir ki, bu kateqoriyadan (bu növdən) olan işlər üzrə üçüncü şəxsin məhkəmə qərarlarından kassasiya şikayəti vermək hüququ olmadığından, kassasiya şikayətləri mümkün sayılmamalı, onların qəbulundan imtina edilməlidir (İPM-in 90.2 və 96.3-cü maddələr).

21. Məhkəmə tərkibi həmçinin hesab etmişdir ki, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını və məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini təmin etmək üçün inzibati məhkəmə icraatının gedişində üçüncü şəxslərin icraata cəlb edilmələri və iştiraklarına xitam verilmələri, onların proses iştirakçısı qismində malik olduqları hüquqlarının həcmi, eləcə də məhkəmə aktlarını apellyasiya qaydasında mübahisləndirmək hüquqları ilə bağlı məsələlərə də aydınlıq gətirilməlidir. 

22. Odur ki, mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 98-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilmişdir.

II. Məhkəmənin mövqeyi

inzibati məhkəmə icraatında üçüncü şəxslərin iştirakının məqsədi

23. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I və III hissələrinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.  Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Konstitusiyanın bu normaları ilk növbədə fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə birbaşa iddia qaldırmalarına imkan verir. Lakin sözügedən normalar həm də belə bir təminatı nəzərdə tutur ki, inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliklərinə) qarşı başqa şəxslər tərəfindən qaldırılmış iddialar üzrə işlərə baxılarkən, qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı halda, mübahisənin tərəfi olmayan üçüncü şəxslərin məhkəmə icraatına qoşulması imkanı hüquq və azadlıqların məhkəmə müdafiəsi və dinlənilmə hüququnun tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Buna görə, bir işə baxılması nəticəsində qəbul edilən qərarla hüquq və mənafelərinə təsir göstərilmiş olacaq şəxslərə bu mühakimə haqqında məlumat verilməli, mübahisənin həlli ilə bağlı həmin şəxslərin dinlənilmə hüququ təmin olunmalı, eləcə də onların məhkəməyə işin həlli ilə bağlı öz dəlil və sübutlarını təqdim etmələrinə imkan yaradılmalıdır. 

24. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.

25. Üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin  tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur.

26. İPM-in 46.2-ci maddəsində təsbit edilmiş prosesin tezləşdirilməsi ilə bağlı prinsipə və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə, eləcə də onunla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən, məhkəmələr icraatlarında olan işləri ağlabatan müddətlərdə (İPM-də nəzərdə tutulmuş konkret müddətlərdə baxılmalı olan işlər istina olmaqla) yekunlaşdırmaq vəzifəsi daşıyırlar. Bu mənada, üçüncü şəxslərin prosesdə iştiraka qoşulması işin hallarını daha tez müəyyənləşdirməyə imkan verərək, həm də məhkəmə mübahisələrinin ağlabatan müddətlər çərçivəsində mümkün qədər sürətli yekunlaşdırılmasına səbəb olur. 

27. İnzibati məhkəmə icraatında üçüncü şəxslərin iştirakı qəbul edilən məhkəmə qərarının qüvvəsinin onlara da şamil edilməsi ilə bağlı hüquqi nəticə yaradır. Belə ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquq varisləri üçün məcburidir. Qanunverici üçüncü şəxslərin icraata cəlb edilməsi vasitəsilə növbəti hüquqi mübahisələrin və ziddiyyətli məhkəmə qərarlarının qəbul olunmasının qarşısını almaq məqsədi də güdür. Mübahisəyə baxılması nəticəsində qəbul edilmiş məhkəmə qərarının qanuni qüvvəsi sözügedən prosesin bütün iştirakçılarına, o cümlədən icraatda iştirak etmiş üçüncü şəxslərə şamil edilir. Beləliklə, qəbul edilmiş həmin vahid qərar yeni məhkəmə çəkişmələrinin yaranmasının qarşısını alır, münasibətlərin davamlı mübahisə predmetinə çevrilməsini önləyir, prossesual qənaət prinsipinə uyğun olaraq icraat iştirakçılarını əlavə zaman itkisindən və xərclərlə bağlı məsrəflər çəkilməsindən qoruyur.

Adi və zəruri cəlb etmə, onların fərqləndirilməsi

28. İPM-in 27-ci maddəsi inzibati məhkəmə icraatının iştirakçılarının dairəsini belə müəyyən etmişdir - iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); cavabdeh; inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər.

29. İPM-in 28.1-ci maddəsi üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması ilə bağlı adi cəlbetmə halını, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Sözügedən normaların redaksiyası aşağıdakı kimidir:

Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.

Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).

30. Qanunvericiliyin qeyd olunan müddəalarının mənasına görə adi və ya zəruri cəlbetmə qaydasında qoşulmanın baş tuta bilməsi üçün bir neçə şərtin birlikdə mövcud olması tələb olunur. Həmin şərtlərin bəziləri hər iki cəlbetməyə münasibətdə eyni olsa da, bəziləri isə cəlbetmənin növündən asılı olaraq fərqli olur. 

31. Cəlbetmənin hər iki növünü həyata keçirə bilmək üçün ilk növbədə, məhkəmənin icraatında konkret bir iş mövcud olmalıdır. İcraatda olan iş dedikdə nəyin anlaşılmalı olduğunu müəyyənləşdirmək üçün isə iddia ərizəsinin icraata qəbul edilməsi və işin yekunlaşdırılması anı əsas götürülməlidir. İPM-in 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Buna görə, ərizənin məhkəmə dəftərxanasına daxil olmaqla müvafiq qaydada qeydiyyata alındığı andan məhkəmə icraatı başlanmış sayılır. Odur ki, məhz həmin andan etibarən də adi və ya zəruri cəlbetmə qaydasında qoşulmanın həyata keçirilməsi mümkündür. İşin yekunlaşdırılması anı ilə bağlı olaraq isə nəzərə alınmalıdır ki, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, eləcə də yeni açılmış hallar üzrə icraat təzələndikdən sonra cəlbetmə həyata keçirilə bilər.  

32. İnzibati məhkəmə icraatının tərəfləri iddiaçı və cavabdehdir. Üçüncü şəxslər isə mübahisə tərəflərindən (iddiaçı və ya cavabdehdən) kənar şəxslər ola bilərlər. Cəlbetmənin hər iki növünü həyata keçirə bilmək üçün üçüncü şəxslər həm də İPM-in 26-cı maddəsinin tələblərinə uyğun olaraq prosessual fəaliyyət qabiliyyətinə də malik olmalıdırlar. 

33. İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir.

34. Nəzərə almaq lazımdır ki, “İnzibati icraatı haqqında” Qanunda da inzibati icraatın gedişində üçüncü (maraqlı) şəxslərin icraata qoşulmasını tənzimləyən normalar mövcuddur. Həmin Qanunun müvafiq normalarına görə:

Maddə 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs;

Maddə 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur.

Maddə 36.4. Qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər.

Göründüyü kimi “İnzibati icraat haqqında” Qanun da üçüncü şəxslərin icraata cəlb edilməsi məsələsini fərqləndirmişdir. Qəbul edilməsi nəzərdə tutulan inzibati aktın şəxsə münasibətdə yaradacağı təsirin dərəcəsindən asılı olaraq üçüncü şəxsin icraata cəlb edilməsi məsələsi həll edilməlidir. Əgər, inzibati aktın digər şəxsin hüquqlarına birbaşa təsir edəcəyi güman olunursa, həmin şəxsin icraatda iştirakı təmin olunmalıdır, bu halda, inzibati orqan hər hansı seçim imkanına malik deyildir. Birbaşa təsir törətmə halı mövcud olmadıqda, lakin şəxsin qanunla qorunan maraqlarına digər qaydada toxunma halı yarandıqda isə inzibati orqan seçim imkanına malikdir və öz mülahizəsinə əsasən icraata qoşulma məsələsini həll edə bilər. Göründüyü kimi, “İnzibati icraatı haqqında” Qanun “hüquqlarına və qanunla qorunan maraqlara birbaşa təsir etmə” və “qanunla qorunan maraqlara toxunma” anlayışlarını fərqləndirmiş, icraata qoşulma məsələsinin həllini həmin meyarlardan asılı olmaqla inzibati orqanın diskresiyasından asılı etmiş və ya məcburi hala gətirmişdir. 

35. Beləliklə, üçüncü şəxslərin icraata cəlb edilməsi məsələsinə münasibətdə “İnzibati icraat haqqında” Qanun və İnzibati Prosessual Məcəllə məqsədlər və prinsiplər baxımından təxminən eyni xarakterli normativ tənzimləmələr nəzərdə tutur.

36. İnzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir.

37. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur. 

38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. 

39. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir. 

40. Adi cəlbetmə zamanı üçüncü şəxs bir qayda olaraq, mübahisə tərəflərindən birinin yanında, yəni iddiaçının yaxud cavabdehin tərəfində icraatda iştirak edir. Bu halda, onun hüquqi marağı da daha çox yanında iştirak etdiyi tərəfin (iddiaçı və ya cavabdehin) mübahisədə qalib gəlməsi ilə bağlı yaranır. Lakin üçüncü şəxs həmişə prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak etməyə bilər, onun həm də tərəflərə aid olmayan öz maraqlarının müdafiəsi məqsədilə də icraata qoşulması mümkündür. Adi cəlbetmədə üçüncü şəxsin hüquqi marağı birbaşa iddia predmeti ilə əlaqəli olmur. Çıxarılacaq məhkəmə qərarının cəlb ediləcək şəxsin maraqlarına təsir etmə (toxunma) ehtimalı varsa, adi cəlbetmə həyata keçirilməlidir. Sözügedən təsir (toxunma) ehtimalı isə o zaman mövcud olur ki, məhkəmə qərarından asılı olaraq şəxsin hüquqi statusunun mövcud hüquqi statusu ilə müqayisədə pis və ya yaxşıya doğru dəyişməsi halı yaranmış olur. Başqa sözlə, iddiaçının və ya cavabdehin xeyrinə məhkəmə qərarının qəbul edilməsi nəticəsində üçüncü şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması, yaxud pisləşməsi baş verir. Beləliklə, adi cəlbetmə üçün şərtlərin mövcud olub-olmadığını müəyyən etmək üçün məhkəmə qərarının üçüncü şəxsin maraqlarına toxunmasının mümkün olub-olmamasını qiymətləndirmək lazımdır. Əgər bu cür toxunma ehtimalı mümkün hesab olunursa, bu zaman adi cəlbetmə üçün şərtlər formalaşmış olur.

41. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

“Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir”.

42. Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur. 

43. Vahid qərardan isə o zaman söz edilə bilər ki, çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edə bilsin. Əgər məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verirsə, hüquqi statusa həmin qərarla birbaşa təsir edilmiş olur. Qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisənin tərəfi olmayan digər şəxslərin hüquqi statuslarına göstərəcəyi mümkün təsirin dərəcəsi və intensivliyi cəlbetmənin adi, yaxud zəruri olduğunun müəyyənləşdirilməsi baxımından önəm kəsb edə bilər. Təsirin yüksək dərəcəsi və müdaxilə intensivliyinin çoxluğu bir qayda olaraq zəruri cəlbetmənin mövcudluğuna işarə edir. Beləliklə, əgər aidiyyəti olan şəxsin hüquqi statusuna birbaşa təsir və ya müdaxilə etmədən məhkəmə qərarını qəbul etmək mümkün deyilsə, o zaman hüququna müdaxilə edilməsi nəzərdə tutulan şəxs zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb olunmalıdır. Məsələn, qonşu A tərəfindən qaldırılmış iddia əsasında tikintiyə verilmiş icazənin ləğvi ilə bağlı işə baxılarkən onun hüquqi statusuna birbaşa təsir etdiyi nəzərə alınmaqla B icazə sahibi kimi zəruri cəlbetmə qaydasında icraata qoşulmalıdır. Çünki üçüncü şəxs (B) tikinti hüququnun normaları baxımından həmin mübahisəli hüquq münasibətinin iştirakçısıdır və məhkəmə icraatının sonunda mübahisəyə dair tərəflər (qonşu A və icazə sənədini vermiş inzibati orqan) və üçüncü şəxs (B) barəsində vahid qərar qəbul edilməli olacaqdır. 

Cəlbetməyə dair bəzi prosessual məsələlər

44. İPM-in 28-ci maddəsi üçüncü şəxslərin icraata cəlb edilməsinin iki qaydasını müəyyən edir – məhkəmənin öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında. Həmin şəxslər bu barədə vəsatət verirlərsə, onlar işə “daxil olmaq” iradələrini bildirirlər, digər proses iştirakçılarının müvafiq tələbi olduqda və ya məhkəmə öz təşəbbüsü əsasında bunu zəruri hesab etdikdə isə işə “cəlb edilmə” baş verir. İPM-də anlayış kimi istifadə olunmuş cəlb edilmə ifadəsi hər iki qaydada qoşulmanı ehtiva edir. 

45. Həmin an proses iştirakçısı olmayan aidiyyəti şəxs məhkəmə icraatının iştirakçısı olmaq (qoşulmaq) arzusunu ifadə edir və ərizə verməklə bunu məhkəmə qarşısında bəyan edir. Həmçinin icraatın digər iştirakçıları da (iddiaçı, cavabdeh və artıq cəlb edilmiş üçüncü şəxslər) üçüncü şəxsin cəlb edilməsi ilə bağlı iradələrini bildirir və vəsatət verməklə bunu məhkəmənin diqqətinə çatdırırlar. Nəhayət, məhkəmə öz təşəbbüsü əsasında icraata üçüncü şəxsin cəlb edilməli olduğu qənaətinə gəlirsə, bu halda, iradə məhkəməyə məxsus olur.

46. Bununla belə, prosesə daxil olmaq və ya cəlb edilmək üçün iradə ifadəsi kifayət deyil, çünki proses iştirakçısı olmayan şəxsin üçüncü şəxs qismində icraat iştirakçısına çevrilməsi üçün həlledici olan məhkəmənin gələcəyi qənaətdir və bu barədə qərarı məhkəmə ona daxil olmuş ərizə və ya vəsatətə qiymət verərək qəbul etməlidir. Hər bir halda, üçüncü şəxslərin prosesdə iştirakı məsələsi məhkəmə tərəfindən həll edilir, yəni yalnız məhkəmə müvafiq əsasların mövcud olduğu qənaətinə gəldikdə onlar icraatda iştiraka cəlb edilə bilərlər. Məhkəmənin təşəbbüsü əsasında həyata keçirilmiş cəlbetmə zamanı da son nəticədə həmin cəlbetmə məhkəmə tərəfindən həyata keçirilmiş olur. 

47. Ənənəvi olaraq, inzibati prosessual hüquqda iki qrup iştirakçılar fərqləndirilir. Birinci qrupa prosesin əsas iştirakçıları olan tərəflər (iddiaçı və cavabdeh) aid edilir. Dispozitivlik prinsipinə uyğun olaraq tərəflər proses iştirakçısı statuslarını bir qayda olaraq məhkəməyə iddia ərizəsinin verilməsi nəticəsində əldə edirlər. İştirakçıların digər qrupu isə məhkəmənin cəlb edilmə haqqında qərarı əsasında prosesdə iştirak edən üçüncü şəxslərdən ibarətdir. Onların isə məhkəmə icraatının iştirakçıları statusları əldə etmələri məhz məhkəmə tərəfindən cəlb edildiklərinə görə yaranır.

 48. Beləliklə, adi və ya zəruri cəlbetmə ya prosesə qoşulmaq istəyən, lakin həmin vaxt icraat iştirakçısı statusuna malik olmayan şəxsin özünün vəsatəti əsasında, ya məhkəmə icraatı iştirakçılarından (iddiaçı, cavabdeh və ya artıq cəlb edilmiş digər üçüncü şəxsin) birinin vəsatəti üzrə, yaxud da məhkəmənin özünün təşəbbüsü əsasında həyata keçirilə bilər. Şəxsin özü və ya məhkəmə icraatının iştirakçıları cəlbetmə barədə verdikləri vəsatətlərində hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər. Əgər vəsatətlər verilərkən bu tələblərə riayət olunmursa, o halda, məhkəmə İPM-in 48-ci maddəsinə uyğun olaraq xidməti vəzifəsinin tələb etdiyi yardım etməni həyata keçirməlidir. Belə yardım etmə vəsatətlə bağlı yuxarıda qeyd edilən halların müəyyənləşdirilməsini təmin etməyə yönəlməlidir.

49. Məhkəmə icraatına cəlbetmə barədə vəsatət ayrıca yazılı sənəd formasında təqdim edilə biləcəyi kimi, iddia ərizəsində, yaxud məhkəmə aktlarından icraatın iştirakçıları tərəfindən verilən şikayətlərdə də göstərilə bilər. Vacib olan belə vəsatətin İPM-in 48.2 və 48.3-cü maddələrinə əsasən mütləq yazılı formada təqdim edilməli olduğudur. Bundan başqa, vəsatət şəxsin iradəsini və onun səbəblərini müəyyənləşdirməyə imkan verəcək qaydada tərtib olunmalı, ona istinad olunan sənədlər və sübutlar əlavə edilməlidir. Bu zaman, xüsusilə nəzərə almaq lazımdır ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ərizədə icraat iştirakçısı kimi həm də üçüncü şəxslərin göstərilməsi özü-özlüyündə (vasitəsiz olaraq) həmin şəxslərə üçüncü şəxs qismində icraat iştirakçısı statusu qazandırmır. İddia ərizəsində üçüncü şəxslərin göstərilməsinə İPM-in 46.2.3-cü maddəsinə uyğun olaraq iddiaçının həmin şəxslərin üçüncü şəxs qismində icraata cəlb edilməli olduğuna dair vəsatəti kimi yanaşılmalıdır. Son nəticədə, istər iddia ərizəsi tərtib edilərkən iddiaçının özü tərəfindən üçüncü şəxs kimi göstərilməsindən, istərsə də, ayrıca vəsatət kimi verilməsindən asılı olmayaraq, məhkəmə, hər bir halda, üçüncü şəxs qismində cəlbetmə məsələsini İPM-in 28 və 50.0.6-cı maddələrinə uyğun olaraq bu barədə ayrıca akt formasında qərardad çıxarmaqla həll etməlidir. Çünki qeyd edilən normalara əsasən sırf iddia ərizəsində göstərildiyinə və ya bu barədə müvafiq vəsatət verildiyinə görə yox, yalnız məhkəmə tərəfindən çıxarılmış cəlbetmə barədə pozitiv qərardaddan sonra həmin şəxs üçüncü şəxs qismində proses iştirakçısı statusu qazınmış olur. 

50. Cəlbetmə barədə vəsatət İPM-in 28.1-ci maddəsinə əsasən iş hər üç məhkəmə instansiyasının icraatında olduğu müddətdə həmin məhkəmələr tərəfindən mübahisə üzrə yekun qərar çıxarılanadək verilə bilər. Müvafiq olaraq vəsatətlə bağlı cəlbetməyə dair qərar da həmin məhkəmələr tərəfindən özlərinin icraatı yekunlaşanadək qəbul oluna bilər. Bundan başqa, məhkəmə öz təşəbbüsü əsasında üçüncü şəxslərin icraata qoşulması məsələsini mübahisəyə mahiyyəti üzrə baxılması ilə bağlı birinci, apellyasiya və kassasiya məhkəməsinin icraatının davam etdiyi müddətlərdə həyata keçirə bilər. 

51. Digər tərəfdən, İPM-in 28.1-ci maddəsi məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə də həm vəsatətlər verilməsi, həm də öz təşəbbüsü əsasında məhkəmə tərəfindən cəlbetmənin həyata keçirilə biləcəyini də təsbit edir. Nəzərə almaq lazımdır ki, bu qaydada cəlbetmə kassasiya instansiyası məhkəməsinə münasibətdə yol verilmir, yalnız birinci və apellyasiya məhkəmələri tərəfindən həyata keçirilə bilər. Çünki Ali Məhkəmənin qərarı qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətidir. Qanunvericiliyə görə isə bu imkan yalnız məhkəmə aktlarının qanuni qüvvəyə minmədiyi dövrlərdə həyata keçirilə bilər. 

52. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı olaraq isə “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı və həmin qərardakı hüquqi mövqelər nəzərə alınmalıdır. Həmin qərara görə: 

“1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. 

Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir”. 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz.

53. İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. 

54. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. 

55. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır.  Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır.

56. İPM-in 81.1, 83.3.6, 83.4-cü maddələrinin müddəaları, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelər nəzərə alındıqda, cəlbetmənin dəyişdirilməsi və ya ləğv edilməsi, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verilməsi barədə qərardadlardan şikayət verilə bilər. 

57. Məhkəmələr həmçinin nəzərə almalıdırlar ki, işin halları bunu tələb etdikdə, cəlbetmə məsələləri icraat iştirakçılarının dinlənilmə hüququ təmin olunmaqla həll edilməlidir. Məhkəmə dinlənilmə hüququ ilə bağlı vəzifələrini tərəflərə ünvanlandığı məhkəmə bildirişləri və sərəncamlar vasitəsilə, onlarla apardığı yazışmalarla, eləcə də məhkəmə iclasında işin faktiki və hüquqi vəziyyətini proses iştirakçıları ilə müzakirə etməklə icra etməlidir. Bundan başqa, dinlənilmə hüququnun tam təmin edilə bilməsi üçün məzmunla bağlı tələblərə də riayət olunmalıdır. Belə ki, məhkəmə yalnız baxılmaqda olan iş və ya daxil olmuş vəsatət barədə sadəcə məlumat verməməli, həm də məlumat verməklə bağlı vəzifəsini elə qaydada icra etməlidir ki, tərəflər mübahisə ilə bağlı işin faktiki və hüquqi vəziyyəti barədə dolğun məlumat sahibi olsunlar. Tərəflər yalnız bu qaydada məlumat sahibi olduqda iddiaya, etiraza və ya vəsatətə dair məzmun baxımından öz mövqelərini ətraflı və məhkəmənin gözlədiyi şəkildə bildirə, eləcə də öz dəlillərini və sübutlarını lazımi qaydada təqdim edə bilərlər.  

58. Cəlbetmənin həyata keçirilməsi yalnız qanunvericilikdə təsbit olunmuş müvafiq əsasların mövcudluğu müəyyən olunduğu halda mümkündür. Buna görə, mübahisə üzrə əhəmiyyət kəsb edən sırf hansısa halları aydınlaşdırmaq üçün, eləcə də yalnız baxılan məsələyə formal aidiyyətinin olduğuna istinadla üçüncü şəxs qismində cəlbetmə həyata keçirilə bilməz. Məhkəmələr işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən halların aydınlaşdırılmasını zəruri hesab edirlərsə, bunu, üçüncü şəxs qismində cəlbetmə aparmaqla deyil, prosessual qanunvericilikdə kifayət qədər geniş həcmdə təsbit olunmuş digər müvafiq imkanlardan – zəruri sənədləri toplamaq, inzibati orqanlardan və digər təşkilatlardan rəy və mülahizələr almaq, tələb olunan sənədlərin təqdim olunması barədə sərəncam vermək, ekspert və mütəxəssis rəyləri almaq, yerində baxış keçirmək və.s istifadə etməklə həyata keçirməlidirlər.

Üçüncü şəxslərin prosessual hüquqlarının həcmi

59. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları İPM-in 29-cu maddəsində təsbit olunmuşdur. Buna görə: 

29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər.

29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər.

60. Qeyd edilən tənzimləmələrdən göründüyü kimi üçüncü şəxslərin prosessual hüquqlarının həcmi ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur. Belə ki, onlar prosesdə tərəf kimi deyil, üçüncü şəxs qismində iştirak etdikləri üçün dispozitivlik prinsipinə əsasən tərəflərə məxsus olan hərəkətləri etmək hüququna malik deyillər. Məsələn, İPM-in 15 və 40-cı maddələrinə əsasən üçüncü şəxslərin iddiadan imtina edilməsi, iddianın qəbul edilməsi, barışıq sazişinin bağlanılması və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla çıxış edilməsi, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair ərizə verilməsi hüquqları yoxdur. Odur ki, qanunvericiliyin birbaşa göstərişinə və istifadə edilmək istənilən hüququn mahiyyətinə əsasən yalnız tərəflərə məxsus ola bilən hüquq və vəzifələr istisna olmaqla üçüncü şəxslər tərəflərə aid bütün digər hüquq və vəzifələrə malikdirlər. Bundan başqa, üçüncü şəxslər malik olduqları hüquqlardan tərəflərin iradəsindən asılı olmayaraq müstəqil şəkildə istifadə edə bilərlər. 

61. Zəruri cəlbetmə qaydasında prosesin iştirakçısına çevrilmiş üçüncü şəxslər, adi cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxslərlə müqayisədə nisbətən daha geniş hüquqlara malikdirlər. Adi cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxslər ancaq qaldırılmış iddia çərçivəsində, yəni tərəfin tələbləri daxilində öz maraqlarının müdafiəsinə yönəlmiş hərəkətlər edə bilərlər. Zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər isə tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Zəruri cəlb edilmiş üçüncü şəxsin adi cəlbetmə qaydasında cəlb olunmuş üçüncü şəxslə müqayisədə malik olduğu hüquqların həcminin genişliyi məhz bu xüsusda özünü büruzə verir. Bu, zəruri cəlb edilmiş şəxsin tərəflərin tələbləri daxilində olsa belə, özünün müstəqil tələb irəli sürə bilmək hüququnu nəzərdə tutur. Belə fərqli tələblər irəli sürmək imkanı mübahisə predmetinin genişləndirilməsinə səbəb olur. 

Üçüncü şəxslərin məhkəmə aktlarını müstəqil qaydada mübahisələndirmək imkanı

62. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq həm də iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyildir.

63. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüqüquna görə də məhkəməyə müraciət etmək hüququ mütləq deyil və ona dair nəzərdə tutulan, xüsusilə də qəbuledilənlik şərtlərinə aid olan məhdudiyyətlər qoyula bilər. Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. 

64. İPM-in apellyasiya və kassasiya şikayəti vermək hüququna dair mərkəzi normaları qismində çıxış edən 81.2 və 90.2-ci maddələrinin müddəaları aşağıdakı kimidir:

81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

65. Qeyd edilən normalarda hər hansı fərqləndirmə aparılmadan, eləcə də  adi və ya zəruri cəlbetmə qaydasında icraatda iştirak etmələrindən asılı olmayaraq bütün üçüncü şəxslərin şikayət vermək hüququna malik olduğu təsbit olunmuşdur. Bununla belə, icraatın bütün digər iştirakçıları kimi üçüncü şəxslərə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün həm də digər həlledici şərt mövcud olmalıdır – qəbul edilmiş məhkəmə qərarı ilə üçüncü şəxslərin tələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, dəqiqləşdirilməli olan məqam ondan ibarət olmalıdır ki, məhz hansı hallarda qəbul edilmiş məhkəmə qərarları üçüncü şəxslərə münasibətdə onların “tələblərinin təmin olunmaması” vəziyyətini yaratmış olur? 

66. İnzibati məhkəmələrin qərar və qərardadlarından şikayət vermə hüququnu nəzərdə tutan İPM-in 81.2-ci maddəsinin məzmunu iddiaçıya münasibətdə mübahisə doğurmur. Belə ki, iddiaçının irəli sürdüyü tələb təmin olunduğu təqdirdə (qismən təmin olunduğu halda isə, təmin olunan hissədə), o, həmin məhkəmə aktından apellyasiya şikayəti verə bilməz. Bu norma hüquqi müdafiə ehtiyacının başqa bir formada ifadəsidir. Əgər proses iştirakçısı birinci instansiya məhkəməsində onsuz da qalib gəlibsə, belə bir ehtiyac təbii ki, mövcud olmayacaqdır. Başqa sözlə, ona birinci instansiya məhkəməsində qalib gəldiyi təqdirdə də şikayət vermək imkanının verilməsi mənasız olardı. 

67. İcraatın digər iştirakçılarına (cavabdehə və icraata cəlb olunmuş üçüncü şəxslərə) münasibətdə bu, ondan asılıdır ki, “tələblər” ifadəsi necə təfsir edilməlidir. Bununla əsl prosessual vəsatətlər (ərizələr, şikayətlər) başa düşülsə, onda bu, o demək olardı ki, ancaq o iştirakçılar (hazırkı halda, cavabdeh və ya cəlb olunmuş üçüncü şəxslər) şikayət verə bilərlər ki, onlar formal olaraq həmin vəsatəti (ərizəni, şikayəti) vermiş olsunlar. Lakin bu cür təfsir (yanaşma) vəsatəti (ərizəni, şikayəti) verməyən, lakin qəbul edilmiş məhkəmə aktından “ziyan” görən icraat iştirakçısının hüquqi müdafiə ehtiyacının təminat altına alınmaması ilə nəticələnəcəkdir. Mütləq deyildir ki, cavabdeh və ya icraata cəlb olunmuş üçüncü şəxslər özləri bir vəsatət (ərizə, şikayət) ilə müraciət etsinlər. Onlar həm də iddia tələbinə məzmun baxımından fikir bildirməyə də borclu deyillər. Onlar, yalnız məhkəməni lazimi faktların araşdırılması zamanı dəstəkləmək öhdəliyi daşıyırlar (bax: İPM-in 12.3, 12.4, 48.2 və 60-cı maddələri). İPM-in 47.2-ci maddəsinin tələbinə gəldikdə, həmin norma iddiaya qarşı münasibətin (etirazın) məhkəməyə məhz yazılı şəkildə bildirilməli olduğunu tələb edir, lakin cavabdehin üzərinə mütləq münasibət bildirmək (etiraz etmək) öhdəliyi qoymur. 

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası  İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair”  2014-cü il 29 aprel tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinadla qeyd etmişdir ki, “...istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki, hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və Di Stefano İtaliyaya qarşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; Böyük Palatanın Gorzelik və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; Böyük Palatanın Rekvenyi Macarıstana qarşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34).

69. Beləliklə, İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir. 

70. İPM-in 90.2-ci maddəsində də inzibati məhkəmələrin qərar və qərardadlarından verilmiş apellyasiya şikayətlərində, apellyasiya instansiyası məhkəməsi işə birinci instansiya məhkəməsi qismində baxdığı hallarda isə, iddia ərizələrində (ərizələrdə) ifadə olunmuş tələblərin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığı hallarda, apellyasiya şikayəti vermiş şəxsin və iddiaçının (ərizəçinin) məhkəmə aktlarından kassasiya şikayəti vermək imkanları aşkar tənzimlənmişdir. Apellyasiya icraatının digər iştirakçılarına münasibətdə isə, bu Qərardadın 69-cu bəndində nəzərdə tutulmuş prinsip rəhbər tutulmalıdır.   

71. Kollegiya həmçinin hesab edir ki, İPM-in 81.2 və 90.2-ci maddələrindəki müddəalar  adi və ya zəruri cəlbetmə qaydasında icraata qoşulmasından asılı olmayaraq üçüncü şəxslərin tələblərini təmin etməyən məhkəmə aktından şikayət vermək hüququna təminat verir. Belə ki, İPM-in 29-cu maddəsi üçüncü şəxslərin prosessual hüquqlarını müəyyən edən ümumi norma, həmin Məcəllənin 81.2 və 90.2-ci maddələri isə üçüncü şəxslərin məhkəmə aktlarından şikayət vermək hüquqlarını müəyyən edən xüsusi normadır. Məhkəmə aktlarının mübahisələndirilməsi məsələsinin həllində də məhz xüsusi normanın müəyyən etdiyi qayda rəhbər tutulmalıdır. Digər tərəfdən, İPM-in 29-cu maddəsində də aşkar şəkildə təsbit edilmişdir ki, üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, üçüncü şəxslər məhkəmə aktlarından şikayət vermək hüququnu müstəqil şəkildə həyata keçirə bilərlər. Məhkəmə müdafiəsi hüququnun konstitusion əhəmiyyəti nəzərə alındıqda üçüncü şəxslərin prosessual hüquqlarını tərəflərdən birinin tələbi daxilində həyata keçirəcəkləri ilə bağlı qeyd-şərt həmin hüquqların həyata keçirilməsinin ümumilikdə tərəflərin iradəsindən asılı edilməsi kimi təfsir olunmamalıdır. Çünki qanunverici açıq şəkildə üçüncü şəxslərin hüquqi müdafiə vasitələrindən müstəqil şəkildə istifadə etmək hüquqlarını təsbit etmişdir. 

72. İcraata adi və ya zəruri cəlbetmə qaydasında qoşulmalarından asılı olmayaraq üçüncü şəxslər məhkəmə aktlarından müstəqil qaydada şikayət verə bilmək hüququna həm də ona görə malik olmalıdırlar ki, qəbul edilən məhkəmə qərarı onlara münasibətdə də başqa icraata mübahisələndirə bilməyəcəkləri məcburi hüquqi nəticələr yaradır. Belə olan halda, üçüncü şəxslərin öz maraqlarını qoruması tərəflərin iradəsindən asılı hala salına bilməz. Bu, ədalətli məhkəmə araşdırması hüququnun mahiyyətinə xələl gətirə bilər. Ona görə də, tərəf məhkəmə aktını mübahisələndirmədiyi halda da, üçüncü şəxs özünün qanunla qorunan maraqlarına toxunan həmin qərardan şikayət vermək hüququna malik olmalıdır. 

73. Bununla yanaşı, təcrübədə həmçinin elə hallara rast gəlmək mümkündür ki, məhkəmələr cəlbetməni həyata keçirsələr belə, onun növünü dəqiq göstərmirlər, yəni cəlbetmənin zəruri və ya adi qaydada həyata keçirildiyi qeyri-müəyyən qalır. Yaxud, cəlbetmənin növü göstərilsə də, düzgün cəlbetmə həyata keçirilməmiş olur, yəni zəruri cəlbetmə qaydasında cəlb edilməli olan şəxs adi cəlbetmə qaydasında icraata cəlb edilir və ya əksinə. Bu kimi hallarda, müvafiq yuxarı instansiyası məhkəməsi yalnız işi icraatına qəbul etdikdən sonra öz mövqeyini lazımi qaydada əsaslandırmaqla həmin şəxsin adi, yaxud zəruri qaydada cəlb edilməli olan şəxs olduğunu müəyyən etməli və bu barədə çıxaracağı qərardadla cəlbetmədə yol verilmiş yanlışlığı düzəltməlidir. 

74. Üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyünə dair məsələlər həll edilərkən bu Qərardadda göstərilən hüquqi mövqelər nəzərə alınmalı, üçüncü şəxsin əslində istər adi, istərsə də zəruri cəlbetmə qaydasında icraata ümumiyyətlə cəlb edilməli olmadığı müəyyən edildikdə həmin şəxsin şikayəti üzrə apellyasiya və ya kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

75. Hazırkı qərardadın çıxarılmasına əsas təşkil etmiş konkret iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya məhkəməsinin qərarından müstəqil qaydada kassasiya şikayəti vermək hüququnun olub-olmadığı ilə bağlı məsələyə münasibətdə isə aşağıdaklılar nəzərə alınmalıdır. 

76. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır. Əgər məhkəmə qərarının çıxarılmasından sonra həmin qərar əsasında yaradılmış statusdan irəli gələrək dövlət büdcəsindən müəyyən birdəfəlik və ya davamlı ödəmələr aparılmalı olduğu vəziyyəti yaranırsa (məsələn, müxtəlif müavinətlərin, təqaüdlərin, pensiyaların, kompensasiyaların ödənilməsi və s.), bu halda, çıxarılmış məhkəmə qərarları həmin ödəmələri etməli olan orqanların hüquqi maraqlarına toxunmur. 

77. İcra hakimiyyətinin vahidliyi prinsipinin tələbinə görə eyni hakimiyyət qolu tərkibində olan ödəmələri həyata keçirən digər icra hakimiyyəti orqanları hüquqi statusun özünün yaranması məsələsini təftiş etmək və mübahisələndirmək hüququna malik deyillər. Həmin orqanların vəzifəsi müvafiq hüquqi status yarandıqdan sonra ondan irəli gələn ödəmələri həyata keçirməkdir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Ona görə də, məhkəmə qərarı icraatda iştirak edən inzibati orqan üçün məcburi olmaqla bərabər, eyni zamanda, həmin hakimiyyət qoluna aid olan digər suveren hakimiyyət daşıyıcılarının (orqanların) da bu qərara münasibətdə davranışını müəyyən etməlidir. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına əsassız olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur. 

78. Kollegiya qanunvericiliyin tələblərini nəzərə almaqla qeyd edir ki, məsələn, şəxsə müharibə veteranı adının, şəhid ailəsi statusunun və ya pensiya təyin edilməsi üçün müvafiq təminat xərcliyinin verilməsi səlahiyyəti bu sahədə qanunvericiliklə müəyyənləşdirilmiş müvafiq orqanlara məxsusdur. İcra hakimiyyətinin vahidliyi pinsipindən irəli gələn həmin hakimiyyət qoluna daxil olan orqanların fəaliyyətinin təşkilinin ümumi qaydasına görə məhz həmin orqanlar şəxsin müvafiq statusunu (məsələn, müharibə veteranı, şəhid ailəsi, işsiz və s.) tanımaq səlahiyyətinə malikdirlər. Onlar tərəfindən verilmiş qərarlar maraqlı şəxslərə müvafiq status qazandırır. “İnzibati icraat haqqında” Qanuna görə sözügedən orqanlar bu qaydada statusu müəyyən edən qərarlar qəbul edərkən daha sonra həmin statusdan irəli gələrək hansısa ödəmələr həyata keçirməli olan digər orqanları bununla bağlı apardıqları inzibati icraata məcburi qaydada cəlb etmək öhdəlikləri daşımırlar. Çünki həmin icraatda həll edilməli olan məsələ müstəsna olaraq statusun özünün yaranıb-yaranmadığı halına qiymət verilməsidir. Bu məsələyə qiymət vermək üçün isə ödəməni həyata keçirəcək olan digər orqanın icraatda iştirakı tələb olunmur. Müvafiq olaraq ödəmələri həyata keçirən orqanlar da statusu müəyyən edən orqanın qərarını məhkəmə qaydasında mübahisələndirmək hüququna malik deyillər. 

79. İnzibati orqan statusu müəyyən edən qərar verməkdən imtina etdikdə maraqlı şəxs həmin orqanın qərar və hərəkətini (hərəkətsizliyini) məhkəmə qaydasında mübahisələndirə bilər. Bu halda, məhkəmədə işə baxılarkən həll edilməli olan məsələni, yenə də inzibati icraatın özündə olduğu kimi statusun yaranıb-yaranmadığı məsələsinə qanunvericiliyin tələbləri baxımından qiymət verilməsi təşkil edir. İnzibati icraatda tətbiq edilən eyni hüquqi yanaşmanın davamı olaraq ödəməni həyata keçirməli olan digər orqanların həmin işə baxılması zamanı məhkəmə icraatında qanunla qorunan maraqlarına toxunan şəxslər kimi qəbul edilmələri istisna olunur. Çünki çıxarılacaq məhkəmə qərarı ödəməni həyata keçirməli olan həmin orqanların hüquqi maraqlarına toxunmur. 

80. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya məxsus tikili Bakı şəhər İcra Hakimiyyəti başçısının 225 saylı, 10 iyun 2013-cü il tarixli sərəncamı əsasında sökülmüşdür. Həmin  sərəncamla yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bundan başqa, sərəncamda köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsi də məhz Xətai Rayon İcra Hakimiyyətinə tapşırılmış, kompensasiyanın ödənilməsində Maliyyə Nazirliyinin hər hansı iştirakı birbaşa nəzərdə tutulmamışdır. İddiaçıya veriləcək kompensasiyanın məbləği ilə bağlı olaraq da tərəflər arasında mübahisə yoxdur. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti razılaşdırılmış kompensasiya məbləğinin ödənilməməsinin yeganə səbəbi kimi lazımi vəsaitin ayrılmamasını göstərmiş, vəsait ayrılacağı təqdirdə hesablanmış kompensasiya məbləğinin ödəniləcəyini bildirmişdir. Məhkəmələr tərəfindən çıxarılmış qərarla da kompensasiya ödəmək öhdəliyi cavabdeh kimi məhz Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. 

81. Belə olan halda, hazırkı mübahisə üzrə qəbul ediləcək qərar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qanunla qorunan maraqlarına toxunmur. Məhkəmə qərarları ilə cavabdeh kimi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən tutulmuş kompensasiya məbləğinin ehtimal kimi son nəticədə gələcəkdə dövlət büdcəsindən həyata keçirilən ayırmalar hesabına ödəniləcəyinə dair dəlil də yuxarıda göstərilmiş hüquqi mövqelərə əsasən Maliyyə Nazirliyinin hüquqi marağına toxunma halını yaratmır. Həmçinin nəzərə almaq lazımdır ki, Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinin dəlilləri dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsinin səmərəliliyini təmin etmək üçün dövlət maliyyə nəzarətinin həyata keçirilməsi ilə əsaslandırılmamışdır. Bundan başqa, məhkəmələr işə baxarkən yalnız iddiaçı tərəfindən verilmiş iddia ərizəsində məhz üçüncü şəxs qismində göstərildiyi üçün Maliyyə Nazirliyini üçüncü şəxs qismində icraatın iştirakçısı qismində qəbul etmişlər. Halbuki, əgər bunun üçün əsaslar mövcuddursa, adi və ya zəruri cəlbetmə qaydasında həyata keçirildiyi dəqiq göstərilməklə üçüncü şəxs qismində cəlbetməyə dair əsaslandırılmış ayrıca qərardad çıxarılmalı idi. Buna baxmayaraq, bu qərardadda sadalanmış hüquqi mövqelərə uyğun olaraq kassasiya məhkəməsinin məhkəmə tərkibi məsələnin mahiyyətinə qiymət verməklə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə dair məsələni həll etməlidir.

82. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 98-1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası

 

QƏRARA ALDI:

 

1. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin tələblərinə riayət edilməklə adi və ya zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb edilmiş üçüncü şəxslər məhkəmə aktlarını İPM-in 81.2 və 90.2-ci maddələrinə uyğun olaraq müstəqil qaydada mübahisələndirmək hüququna malikdirlər.

2. Məhkəmələr tərəfindən inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə etmək hüquqları ilə bağlı məsələlər həll edilərkən bu Qərardadda müəyyən edilmiş hüquqi mövqelər rəhbər tutulmalıdır.

3. Qərardad Azərbaycan Respublikasının Ali Məhkəməsinin rəsmi internet səhifəsində və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Bülletenində dərc edilsin.

 

Sədrlik edən:                               Xəqani Məmmədov