“İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarı
19.11.2021, 00:00
№ 10
“İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında”
Azərbaycan Respublikası Ali Məhkəməsinin
Plenumunun qərarı
19 noyabr 2021-ci il Bakı şəhəri
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun 2011-ci il 01 yanvar tarixdən etibarən eyni anda qüvvəyə minməsi ilə Azərbaycanda inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliyinə) qarşı hüquqi müdafiənin yeni təkmil mexanizmlərinin tətbiqinə başlanılmışdır. Ötən 10 il ərzində həyata keçirilən köklü məhkəmə-hüquq islahatları nəticəsində ölkəmizdə inzibati məhkəmə icraatı sahəsində normativ bazanın formalaşdırılması prosesi daim təkmilləşdirilmiş, məhkəmə sistemində mərhələli şəkildə keçidlə tam ixtisaslaşmanın yaradılması təmin edilərək inzibati münasibətlərdən irəli gələn mübahisələrə inzibati məhkəmələrdə baxılması qaydası təsbit olunmuşdur.
Qanunun aliliyi prinsipinə əsaslanan yaxşı dövlət idarəçiliyi konsepsiyası inzibati orqanların fəaliyyətinə məhkəmə nəzarətini qaçılmaz edir. Məhz inzibati məhkəmələrin fəaliyyəti nəticəsində hakimiyyət səlahiyyətlərini həyata keçirən inzibati orqanların fəaliyyəti hüquqi normalar vasitəsi ilə müəyyən çərçivəyə salınır, qanunsuz inzibati aktlar və faktiki xarakterli hərəkətlər maraqlı şəxslərin iddiası əsasında məhkəmə qaydasında ləğv olunur. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarətinin təmin edilməsi son nəticədə dövlətin Konstitusiya ilə üzərinə götürdüyü qanunun aliliyini təmin edən hüquqi dövlət qurmaq, demokratik quruluşa təminat vermək, eləcə də insan və vətəndaş hüquq və azadlıqlarına əməl etməyə və onları qorumağa dair öhdəliklərin reallaşdırılmasını təmin edir.
İnzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün həmin məhkəmələr tərəfindən çıxarılmış qərarların vaxtında və düzgün icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. Ölkəmizdə bu sahədə məhkəmə qərarlarının icrasında mövcud problemləri aradan qaldırmaq, hüquqi müdafiə mexanizmlərinin daha səmərəli və işlək olmasına nail olmaq, eləcə də sözügedən məsələlərə dair hüquq tətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 80-ci maddələrini rəhbər tutaraq
Q Ə R A R A A L I R:
I. ÜMUMİ MƏSƏLƏLƏR
1. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin I və II hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 79.1-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir.
2. İPM-in 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə isə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları tətbiq olunur. Sözügedən normaların mənasına görə inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının icrası ilk növbədə İPM-də təsbit edilmiş müddəalar rəhbər tutulmaqla həyata keçirilməlidir. Bununla yanaşı, bir sıra hallarda məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM), eləcə də “İnzibati icraat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının müvafiq müddəalarının tətbiqi də mümkün və zəruridir.
3. İcranın dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə həyata keçirilməli olduğu hallarda məhkəmə qərarının icrası ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun VIII fəslində nəzərdə tutulmuş qaydalar tətbiq olunmalıdır. Bunun əksinə olaraq, İPM-də belə bir göndəriş olmadığından dövlətə, bələdiyyələrə və ümumi hüququn başqa subyektlərinə qarşı pul tələblərinin icra edilməli olduğu hallarda və inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi ilə bağlı olaraq isə İPM-lə yanaşı, yalnız MPM-in və “İcra haqqında” Qanunun müddəalarının tətbiqi mümkündür, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun normalarının bu iki hala münasibətdə tətbiqi istisna olunur.
4. İnzibati işlər üzrə icra edilməli olan məhkəmə aktları həm mübahisəni mahiyyəti üzrə həll edən məhkəmə qərarlarından, həm də bəzi məsələlər üzrə çıxarılmış məhkəmə qərardadlarından ibarət ola bilər. Belə qərardadlara İPM-in 117-ci maddəsində sadalanmış müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair, barışıq sazişini təsdiq edən və prosessual xərclərin müəyyən edilməsi haqqında məhkəmə qərardadları aiddir.
5. Məhkəmələr nəzərə almalıdırlar ki, yalnız icra edilməli olan nəticələr yaradan, başqa sözlə, icra edilmək keyfiyyətinə malik olan məhkəmə aktları üzrə icra hərəkətləri etmək vəzifələri yaranır. Odur ki, məhkəmələrin icraya dair vəzifələrinin yaranıb-yaranmadığına məhkəmə aktının nəticə hissəsində icra ilə bağlı öhdəliklərin təsbit edilib-edilməməsindən asılı olaraq qiymət verilməlidir. Bununla yanaşı, İPM-in 2.2.1 və 2.2.5-ci maddələrində təsbit edilmiş mübahisələndirmə haqqında, müəyyən etmə və ya tanınma haqqında iddialar üzrə, eləcə də İPM-in XVIII-I fəslində təsbit edilmiş icraat üzrə qəbul edilmiş iddianın tam və ya qismən təmin edilməsinə dair məhkəmə qərarları mübahisəni mahiyyəti üzrə həll etsələr də, həmin qərarlar qanuni qüvvəyə mindikdən sonra onların əsasında əlavə icra hərəkətlərinin həyata keçirilməsinə ehtiyac qalmır (İPM-in 70.3 və 71-ci maddəsində təsbit olunmuş hallar istisna olmaqla). Çünki sözügedən növ iddialar üzrə mübahisə predmetləri ilə bağlı hüquqi vəziyyətlərdə dəyişiklik yaratmaq və ya hüquqi vəziyyəti müəyyən etmək üçün həmin məhkəmə qərarlarının özlərinin çıxarılması kifayət edir. İPM-in 2.2.6-cı maddəsində təsbit olunmuş qanunauyğunluq haqqında iddialar üzrə isə məhkəmənin yerinə yetirməli olduğu icra hərəkətlərinin nədən ibarət olduğu İPM-in 123.3-cü maddəsində müəyyən olunmuşdur.
6. İPM-in 3.1 və 3.2-ci maddələrinə görə inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Bu Məcəllənin XV, XVI, XVII, XVIII, XVIII-I, XIX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Həmin Məcəllənin 116.2 və 118.2-ci maddələrində isə təsbit edilmişdir ki, məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. İcranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. Sözügedən normaların mənasına əsasən məhkəmə qərarlarının icrası məhz birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr tərəfindən təmin edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə məhkəmə qərarının icrası həmin məhkəmələr tərəfindən təmin olunmalıdır. İnzibati məhkəmələrdə birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə isə inzibati məhkəmənin hakimi icra orqanı sayılır və məhkəmə qərarının icrasını təmin etməyə dair hərəkətlər də onun tərəfindən yerinə yetirilməlidir.
Birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir. Müvafiq olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi və ya icraat materiallarının (apellyasiya və kassasiya şikayəti verilmiş işlər üzrə) məhkəməyə daxil olduğu gündən sonra birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr təxirə salınmadan məhkəmə qərarının icrasını təmin etməyə yönəlmiş vəzifələrini həyata keçirməlidirlər. Bu, həmin məhkəmələrin xidməti vəzifəsinə görə (ex officio) yerinə yetirməli olduğu borcunu təşkil edir.
7. Qanunvericilikdə müəyyənləşdirilmiş ümumi prinsipə görə məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir. Ona görə də, məhkəmələr icranı təmin etməyə yönəlmiş hərəkətlərə başlamadan əvvəl məhkəmə aktının formal-hüquqi baxımdan qanuni qüvvəyə mindiyini dəqiq müəyyən etməlidir. Qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının icrasına yalnız qanunda məhkəmə aktının dərhal (təxirə salınmadan) icrasının nəzərdə tutulduğu hallarda yol verilir.
8. Məhkəmələr nəzərə almalıdırlar ki, icra ilə bağlı məhkəmənin həyata keçirməli olduğu hərəkətlər icranın dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə, yaxud ziyanına həyata keçirilib-keçirilməməsindən asılı olaraq dəyişir.
II. DÖVLƏTİN, BƏLƏDİYYƏNİN VƏ YA ÜMUMİ HÜQUQUN BAŞQA SUBYEKTLƏRİNİN XEYRİNƏ İCRA
9. İnzibati orqanlar suverenlik daşıyıcıları olaraq hakimiyyət səlahiyyətlərini həyata keçirdikləri üçün əksər hallarda funksional vəzifələrinin icrası ilə bağlı konkret məsələni nizama salmaq məqsədilə müstəqil qaydada inzibati akt qəbul etmək və həmin aktları bir qayda olaraq qanunvericilikdə təsbit edilmiş məcburetmə vasitələri ilə özləri icra etmək imkanlarına malikdirlər. Belə inzibati aktlar iki kateqoriyaya aid edilirlər - pul tələblərinin ödənilməsinə dair və ya borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktlar.
10. Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə istinadla qaldırılmış iddia üzrə isə məhkəmə cavabdehə məxsus tikinti obyektinin sökülməsinə dair qərar verə bilər.
11. Beləliklə, İPM-in 118-ci maddəsində təsbit edilmiş dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra sözügedən subyektlərin xeyrinə çıxarılmış həm pul tələblərinin icra edilməsi ilə bağlı olan, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən məhkəmə qərarlarının icrasına dair məsələlərin tənzimlənməsinə yönəlmişdir.
12. Dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra həyata keçirilməli olduğu hallarda İPM-in 118.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işə baxan hakim və ya məhkəmə icra orqanı sayılır. İPM-in 118.3-118.5-ci maddələrinə görə hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir.
13. Məhkəmələr nəzərə almalıdırlar ki, hakimin və ya məhkəmənin icra orqanı kimi malik olduğu səlahiyyətlər və həyata keçirməli olduğu vəzifələr icra edilməli olan məhkəmə qərarının pul tələblərinin icrası ilə, yaxud borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı olmasından asılı olaraq dəyişir.
14. Pul tələblərinin icra edilməli olduğu hallarda icra orqanı qismində çıxış edən hakim İPM-in 79.2 və 118-ci, “İnzibati icraat haqqında” Qanunun 82-ci və “İcra haqqında” Qanunun 8-ci maddələrinə əsasən əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək xəbərdarlığın alındığı (elan olunduğu) gündən sonrakı 10 (on) gün müddətində könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Xəbərdarlıq müddəti ərzində borclu könüllü olaraq ödəməni həyata keçirmədikdə məhkəmə tərəfindən icra sənədi qanunla nəzərdə tutulmuş qaydada icraya yönəldilməklə müvafiq İcra qurumuna göndərilməlidir. İcra sənədi qanunvericiliyin tələblərinə uyğun verilmişdirsə, icra məmuru icra sənədini məhkəmədən qəbul etməli, icraata başlamalı və pul tələblərinin ödənilməsini təmin etməklə bağlı “İcra haqqında” Qanunda nəzərdə tutulmuş qaydada icra hərəkətlərini həyata keçirməlidir. Bundan sonra isə icra məmuru həyata keçirdiyi icra hərəkətləri və icranın vəziyyəti barədə icra sənədini vermiş məhkəməyə məlumat təqdim etməlidir. İcra məmurunun belə məlumat vermək borcu, o cümlədən məhkəmənin icranın lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək vəzifəsi “İcra haqqında” Qanunun 26-cı və İPM-in 118.5-ci maddələrinin müddəalarından irəli gəlir. Həmin normalara görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir.
15. Borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarının icrası zamanı isə icra orqanı qismində çıxış edən hakim və ya məhkəmə əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək kifayət qədər müddət təyin etməklə könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Bu müddət ən azı 10 (on) gün olmalıdır, lakin məhkəmə icra ilə bağlı həyata keçirilməli olan hərəkətlərin xüsusiyyətlərini, eləcə də tərəflərin diqqətəlayiq maraqlarını nəzərə almaqla və ağlabatan müddətləri keçməməklə daha uzun müddət də müəyyən edə bilər. Xəbərdarlıq yazılı formada olmalı, orada könüllü icra təmin edilmədikdə məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə məlumatlandırma və tətbiqi əsasları göstərilməli, eyni zamanda, qanunla müəyyən edilmiş qaydada borcluya təqdim olunmalıdır.
16. Məhkəmələr nəzərə almalıdır ki, borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarı könüllü qaydada icra olunmadıqda tətbiq edilməsi mümkün olan məcburi icra tədbirlərinin dəqiq siyahısı “İnzibati icraat haqqında” Qanunun 83.3-cü maddəsində müəyyən edilmişdir. Onlar üç növ tədbirdən – məhkəmə qərarı ilə nəzərdə tutulmuş hərəkətin borclunun (maraqlı şəxsin) hesabına başqa şəxs və ya inzibati orqan tərəfindən icra edilməsi, cərimə və bilavasitə məcburetmədən ibarətdir. Odur ki, məhkəmə qaydasında icra ilə bağlı tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri də yalnız sözügedən üç növdən biri ola bilər. Məhkəmələr həmin tədbirləri tətbiq edərkən “İnzibati icraat haqqında” Qanunun 84, 85 və 86-cı maddələrinin tələblərini nəzərə almalıdır.
17. İPM-in 118.4-cü maddəsi icra ilə bağlı tətbiq edilməli olan mümkün məcburi icra tədbirlərinin yalnız hakim tərəfindən müəyyən edilə biləcəyini təsbit edir. İcra orqanı qismində çıxış edən hakim və ya məhkəmə belə tədbirləri müvafiq qərardad çıxarmaqla tətbiq etməlidir. Borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarının icrasını təmin etmək üçün qərarı çıxarmış məhkəmə tərəfindən icra vərəqəsi verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Buna görə də, məhkəmələr bu kateqoriya işlərin icrası ilə bağlı icra vərəqəsini icraya yönəltməklə müvafiq İcra qurumuna göndərməyə dair hərəkətlər etməməlidir. Bu qəbildən olan işlərin icrası ilə bağlı məhkəmə tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə dair müvafiq qərardad çıxarılmalı, ehtiyac yarandıqda isə ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi üçün müvafiq inzibati orqan və ya icra məmuru icraata cəlb edilməli, onların malik olduğu qanuni imkanlardan icranın təmin edilməsi üçün istifadə olunmalıdır. Bu zaman məhkəmə öz qərardadında belə cəlb etmənin zəruriliyini əsaslandırmalı, eləcə də hər hansı inzibati orqanın və ya icra məmurunun icra ilə bağlı yerinə yetirməli olduğu hərəkətləri konkret müəyyən etməlidir. Öz növbəsində həmin orqanlar da daha sonra icranın lazımi qaydada baş tutması məsələsinə aydınlıq gətirilməsi üçün onların üzərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı məhkəməyə görülmüş işlər barədə məlumat təqdim etməlidir. Belə məlumatın verilməsi İPM-in 118.5-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin normaya görə hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir.
18. İPM-in 118.3, 118.4, 121-ci və “İnzibati icraat haqqında” Qanunun 83-cü maddələrinə əsasən hakim və ya məhkəmə məcburi icra tədbirlərinin tətbiqi ilə bağlı məsələni tərəfləri lazımi qaydada məlumatlandırmaqla məhkəmə iclasında həll etməli və məcburi icra tədbirlərinin müəyyən olunması haqqında qərardad çıxarmalıdır. Məcburi icra tədbirlərinin tətbiqi ilə bağlı məsələni həll etmək üçün təyin edilmiş məhkəmə iclası ilə bağlı tərəflərə göndərilmiş bildirişdə tətbiq olunması nəzərdə tutulan məcburi icra tədbirinin müvafiq növü konkret göstərilməli və yalnız iclasda həmin növün tətbiqinin mümkünlüyü ilə bağlı məsələ həll olunmalıdır. Buna görə, məhkəmə əvvəlcədən tərəflərə ünvanlandığı bildirişdə göstərmədiyi məcburi icra tədbirinin növünü tətbiq edə bilməz. Məhkəmələr həmçinin nəzərə almalıdırlar ki, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbiri tətbiq edilə bilər. Odur ki, yeni icra tədbirinin tətbiqi məsələsinə yalnız əvvəlki icra tədbiri nəticə vermədikdə baxıla bilər. Məcburi icra tədbirləri məhkəmə qərarı icra olunana qədər təkrarlana, sərtləşdirilə və ya dəyişdirilə bilər. Borclu tərəfindən məhkəmə qərarı icra edildiyi halda isə məcburi icra tədbirləri dərhal dayandırılmalıdır.
19. Məhkəmələr məcburi icra tədbirlərinin tətbiqi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl etməyə borcludurlar. Mütənasibliyə əməl etmək üçün məhkəmələr üç meyar üzrə qiymətləndirmə aparmalıdırlar – yararlılıq, zərurilik və uyğunluq. Yararlılıq onu tələb edir ki, məhz seçilmiş məcburi icra tədbiri icranı təmin etməyə qadir, yəni nəticəni təmin etmək xüsusiyyətinə malik olmalıdır. Zərurilik meyarına əsasən əgər özünün təbiətinə və şəxs barəsində doğuracağı nəticələrə görə daha az sərt olan məcburi icra tədbirinin tətbiqi ilə məqsədə çatmaq mümkündürsə, onda məhkəmə daha sərt olan tədbiri tətbiq etməkdə haqlı deyildir. Uyğunluq elementi baxımından isə nəzərə alınmalıdır ki, tətbiq edilmiş məcburi icra tədbiri şəxsi həddindən artıq yükə məruz qoymamalıdır. Buna görə, borcluya münasibətdə əgər bir neçə məcburi icra tədbirinin tətbiqi mümkündürsə, yəni onlardan hər biri zərurilik və yararlılıq meyarlarına cavab verirsə, bu zaman borclunu ən az yükləyən tədbirin tətbiqi lehinə seçim edilməlidir.
20. Məhkəmələr məcburi icra tədbirlərinin tətbiqi ilə bağlı məsələni həll edərkən “İnzibati icraat haqqında” Qanunun 81.4-cü maddəsinin tələblərinə uyğun olaraq borclunun məhkəmə qərarını onun üçün əlverişli olan qanuni üsul və vasitələrlə icra etmək hüququna malik olduğunu da nəzərə almalıdır. Buna görə, məhkəmə məcburi icra tədbirlərinin tətbiqinə dair qərardad çıxarmadan əvvəl borclunun bu məsələyə dair vəsatətinin olub-olmadığını dəqiqləşdirməlidir. Əgər borclu onun üçün daha əlverişli olan qanuni üsul və vasitələrdən istifadə etməklə icranı təmin etməyə dair vəsatətlə çıxış edərsə, məhkəmə mütləq çəkişmə prinsipinə riayət etməklə həmin məsələni müzakirə etməli, çıxaracağı qərardadda vəsatətlə bağlı münasibətini əsaslandırılmış şəkildə göstərməlidir.
III. DÖVLƏTƏ, BƏLƏDİYYƏYƏ VƏ YA ÜMUMİ HÜQUQUN BAŞQA SUBYEKTLƏRİNƏ QARŞI PUL TƏLƏBLƏRİNİN İCRA EDİLMƏSİ
21. Dövlətə, bələdiyyəyə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələblərinin icrasını təmin etmək üçün məhkəmə əvvəlcə İPM-in 119.2-ci maddəsinə uyğun olaraq sözügedən subyektlərə yazılı şəkildə icra haqqında xəbərdarlıq ünvanlamalıdır. Sözügedən xəbərdarlıqda borcluya icranın həyata keçirilməsi üçün 15 (on beş) gündən çox olmamaqla müddət müəyyən olunmalı, eləcə də könüllü icra təmin edilmədikdə məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə məlumatlandırma öz əksini tapmalıdır.
22. Xəbərdarlıqda göstərilən müddətdə məhkəmə qərarının icrası təmin edilmədikdə hakim İPM-in 119.1-ci maddəsinə uyğun olaraq tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə icra haqqında qərardad çıxarmalıdır. Məhkəmə müdafiəsi hüququnun konstitusion əhəmiyyət daşıdığı, eləcə də məhkəmə qərarları icrasız qaldıqda məhkəmə müdafiəsi hüququnun xəyali xarakter qazanacağı nəzərə alınmaqla, tələbkar ərizə vermədikdə belə (tələbkar tələbdən imtina etdikdə və s. bu kimi xüsusi hallar istisna olmaqla), hakim mütləq ağlabatan müddətlərdə xidməti vəzifəsinə görə icra haqqında qərardad çıxarılması məsələsini həll etməlidir. Belə qərardad proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməklə məhkəmə iclasında qəbul olunur.
23. İPM-in 119.1-ci maddəsində həmçinin təsbit edilmişdir ki, məhkəmə qərardadda icra tədbirlərini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsini səlahiyyətli orqana tapşırır. Səlahiyyətli orqan həmin tapşırığı (icra tədbirlərini) məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə borcludur.
Qanunun qeyd olunan normalarının tətbiqi ilə bağlı olaraq isə nəzərə alınmalıdır ki, bu müddəalar pul tələblərinin icrasını tənzimləməyə yönəldiyindən, könüllü icra üçün müəyyən olunmuş müddətdə icra təmin edilmədikdə, borcluya münasibətdə tətbiq edilə biləcək məcburi icra tədbirləri “İcra haqqında” Qanunda nəzərdə tutulan pul tələblərinin ödənilməsini təmin etməyə yönəlmiş məcburi icra tədbirləri olmalıdır. “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Beləliklə, İPM-in 116.1-ci maddəsində inzibati mübahisələr üzrə çıxarılmış məhkəmə qərarlarının icrası ilə bağlı “İcra haqqında” Qanunun müvafiq müddəalarının tətbiqinin yol verilən olduğunun təsbit edildiyi də nəzərə alındıqda, İPM-in 119.1-ci maddəsində göstərilmiş səlahiyyətli orqan qismində məhkəmə qərarlarının icrasını təmin edən icra qurumları çıxış etməlidir. Ona görə də, könüllü icra üçün müəyyən olunmuş müddətdə icra təmin edilmədikdə, məhkəmənin qəbul edəcəyi icra haqqında qərardad sonrakı icra hərəkətlərinin yerinə yetirilməsi üçün müvafiq icra vərəqəsi verilməsi məsələsini həll etməlidir. Həmin qərardadda məhkəmə könüllü icranın baş tutmaması ilə bağlı halları və səbəbləri təsvir etməli, “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqinin zəruriliyini əsaslandırmalı və icra vərəqəsini icraya yönəltməklə sonrakı icra hərəkətlərini həyata keçirəcək konkret icra qurumunu göstərməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunda nəzərdə tutulmuş tədbirlər görməli və bununla bağlı məhkəməni mütəmadi olaraq məlumatlandırmalıdır.
24. “İcra haqqında” Qanunun 26-cı maddəsində icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində nəzarətin həyata keçirilməli olduğu təsbit edilmişdir. Bu normaya uyğun olaraq məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasına nail olmaq üçün icra orqanı qismində çıxış edən hakim icra vərəqəsi verməklə işini bitmiş hesab etməməli, icra məmuru tərəfindən başlanılmış icra icraatının gedişini də nəzarətdə saxlamalıdır. Bunun üçün icra məmurundan görülmüş işlər barədə mütəmadi məlumatlar almalı, işin xüsusiyyətlərindən çıxış etməklə icranın təmin edilməsinə yönəlmiş qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.
IV. İNZİBATİ ORQANLARIN ÜZƏRİNƏ QOYULMUŞ ÖHDƏLİKLƏRİN (VƏZİFƏLƏRİN) İCRA EDİLMƏSİ
25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.
26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.
27. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır.
28. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər.
29. Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır.
30. İPM-in 1.2 və 116.1-ci, eləcə də MPM-in 160.1-ci maddələrinə əsasən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair qərardadlar dərhal icra edilməlidir. Buna görə, təminat tədbirinin tətbiqi barədə qərardad qəbul etmiş birinci instansiya qismində işə baxan məhkəmə, eləcə də apellyasiya və kassasiya şikayətləri əsasında işə baxan yuxarı instansiya məhkəmələri əgər təminat tədbirlərinin tətbiqinə dair məhkəmə aktı çıxararlarsa, dərhal icranı təmin etmək üçün yubanmadan məhkəmə aktını icranı həyata keçirməli olan aidiyyəti şəxslərə və ya orqanlara göndərməlidirlər. Bununla bağlı məhkəmə tərəfindən göndərilən bildirişdə dərhal icranın təmin olunmamasına görə məcburi icra tədbirlərinin tətbiqinə dair xəbardarlıq əks olunmalıdır. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair qərardadların aidiyyəti şəxslərə və ya orqanlara təqdim edilməsinə baxmayaraq, onların icrası təmin edilmədikdə, birinci instansiya məhkəməsi qismində işə baxan məhkəmə, proses iştirakçılarının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə İPM-in 120-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görməlidir. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair qərardadların icrası ilə bağlı icra üçün müddət təyin olunmasına ehtiyac yaranarsa, bu zaman, mümkün olan ən qısa müddətlər nəzərdə tutulmalıdır. Məhkəmə, təminat tədbirinin tətbiqi barədə qərardadın icrasını təmin etmək üçün cərimə və ya təkrar cərimə tətbiq edə bilər, ancaq buna baxmayaraq yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu Qərarın 29-cu bəndində nəzərdə tutulmuş hərəkətləri etməlidir.
V. İCRANIN MÜBAHİSƏLƏNDİRİLMƏSİ
31. İPM-in 121.1-ci maddəsinə əsasən barəsində icranın həyata keçirildiyi şəxs, mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra da icra ilə əlaqədar ona qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadını mübahisələndirilə bilər. Bu normada nəzərdə tutulan barəsində icranın həyata keçirildiyi şəxs dedikdə, qərarı bilavasitə icra etməli olan şəxs və ya orqan nəzərdə tutulur. Həmin şəxslər məhkəmə tərəfindən qəbul edilmiş icra ilə bağlı istənilən qərardaddan deyil, yalnız onlara qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadından şikayət verə bilərlər. Məsələn, İPM-in 119.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən qərardaddan şikayət verilə bilməz. Çünki həmin qərardad şəxsin barəsində konkret məcburi icra tədbirlərinin tətbiqi haqqında məsələni həll etmir. Sözügedən qərardad məhkəmənin qanundan irəli gələn vəzifələrinin həyata keçirilməsini təmin etməyə, könüllü icra üçün müəyyən olunmuş müddətdə icra təmin edilmədikdə, sonrakı icra hərəkətlərinin yerinə yetirilməsi üçün müvafiq icra sənədi verilməsi məsələsini həll etməyə yönəlmişdir.
32. İcra orqanı kimi hakim və ya məhkəmə tərəfindən qəbul edilmiş icra haqqında qərardadların mübahisələndirilməsinin mümkünlüyü ilə bağlı məsələyə münasibətdə nəzərə alınmalıdır ki, İPM-in 121.4-cü maddəsinə müvafiq olaraq apellyasiya və kassasiya şikayəti vermək hüququna, həmin şikayətlərə dair tələblərə, şikayətlərin geri götürülməsinə və onlara apellyasiya və kassasiya icraatı qaydasında baxılmasına dair İPM-in 81, 85, 87, 88, 90, 94, 96, 97 və 99-cu maddələrinin müddəaları müvafiq olaraq tətbiq edilməlidir. Buna görə, qanunda birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı və hüquqi müdafiə maraqlarının mövcudluğu müəyyən olunduğu hallarda icra haqqında qərardadlardan şikayət verə bilərlər.
33. Məhkəmələr nəzərə almalıdırlar ki, İPM-in 1.2 və 116.1-ci maddələrinə uyğun olaraq inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı MPM-in və “İcra haqqında” Qanunun müvafiq normalarına istinadla və inzibati mübahisələrin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə də baxıla bilər.
Göstərilən platformalarda paylaş: