“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı
24.12.2021, 18:11“Məhkəmə hökmü haqqında”
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
Q Ə R A R I
“24” dekabr 2021-ci il № 15 Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Bu baxımdan məhkəmə hökmünün qanuniliyinin, əsaslılığının və ədalətliliyinin təmin edilməsi demokratik, hüquqi dövlətə xas olan mühüm məsələ kimi nəzərdən keçirilməlidir.
Məhkəmə hökmünün çıxarılması üzrə məhkəmə təcrübəsinin öyrənilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən bu sahədə təcrübənin ümumiləşdirilməsi həyata keçirilərək bəzi hallarda cinayət-prosessual normaların tətbiqində müəyyən məsələlərlə bağlı fərqli yanaşmaların olması müəyyən edilmişdir.
Məhkəmələr tərəfindən məhkəmə hökmü ilə bağlı məsələləri tənzimləyən cinayət-prosessual normaların eyni cür tətbiqini, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək məqsədilə, habelə məhkəmə hökmünün çıxarılması üzrə məhkəmə təcrübəsinin ümumiləşdirməsi nəticəsində təcrübədə fərqli şəkildə həll edilməsi aşkar edilmiş məsələlərin xarakterini nəzərə alaraq Plenum
Q Ə R A R A A L D I :
Ümumi məsələlər
1. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.
2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - “CPM”) 352.2-ci maddəsinə əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır.
Odur ki, hökmdə məhkəmə baxışının aparıldığı dilin qrammatik qaydalarına əməl edilməli, qeyri-dəqiq ifadələrin, rəsmi sənədlərdə qəbul olunmayan sözlərin işlədilməsinə, baxılan iş üzrə əhəmiyyəti olmayan halların sadalanması ilə hökmün mətninin ağırlaşdırılmasına yol verilməməlidir.
Hökmdə texniki və digər xüsusi terminlər, habelə yerli ləhcəyə mənsub ifadələr işlənildiyi halda, bunların izahı da verilməlidir. Bütün hallarda hökm açıq elan edildiyinə görə, məhkəmə narkotik vasitələrin, partlayıcı maddələrin və s. hazırlanması, habelə şəxslərin cinsi toxunulmazlığı ilə əlaqədar işlər üzrə cinayətin törədilməsi üsullarının hökmdə ətraflı surətdə şərh edilməsindən çəkinməlidir.
3. CPM-in 352.5-ci maddəsinə əsasən məhkəmə hökmünün hər səhifəsi onun lehinə səs vermiş hakimlər tərəfindən imzalanmalıdır. Bu tələbə cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına, xüsusi ittiham qaydasında şikayət üzrə materiala hakim tərəfindən təkbaşına baxıldıqda da əməl olunmalıdır.
CPM-in 352.6-cı maddəsinə əsasən hökmə düzəlişlər də yalnız hökm elan olunanadək müşavirə otağında edilməli və düzəlişin lehinə səs vermiş hakimlərin imzası ilə təsdiq olunmalıdır.
Nəzərə alınmalıdır ki, CPM-in 391.8.12-ci maddəsinə əsasən qeyd olunan cinayət-prosessual normaların tələblərinə əməl olunmaması cinayət-prosessual qanunun müddəalarının kobud pozuntusu hesab olunur və CPM-in 391.9-cu maddəsinə müvafiq olaraq apellyasiya müraciətlərinə ilkin baxılması üzrə məhkəmə iclasında birinci instansiya məhkəməsinin hökmünün və ya digər qərarının ləğv edilməsi və cinayət işinin (materialın) birinci instansiya məhkəməsinə - hazırlıq iclasının keçirilməsi mərhələsinə və yaxud yeni məhkəmə baxışına göndərilməsi haqqında qərarın çıxarılması üçün əsasdır.
4. Hökmün çıxarılması tarixi onun lehinə səs vermiş hakimlər tərəfindən imzalandığı gün hesab olunur. Hökm imzalandıqdan sonra məhkəmə iclas zalına qayıdır və hökm sədrlik edən, həcmi böyük olduqda isə növbə ilə məhkəmə tərkibində olan hakimlər tərəfindən elan edilir. CPM-in 356.1-ci maddəsinə əsasən hökmün həcminin böyük olması səbəbindən yalnız onun giriş və nəticəvi hissəsi elan edilə bilər.
5. Məhkəmələr cinayət mühakimə icraatının elektron qaydada aparılması üzrə məsələləri tənzimləyən CPM-in 51-1-ci maddəsinin tələblərinə əməl etməli, o cümlədən CPM-in 51-1.11-ci maddəsinə müvafiq olaraq hökmü, digər yekun qərarı elektron sənəd formasında tərtib edib hökmün (digər yekun qərarın) elan olunduğu vaxtdan 3 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yerləşdirməlidir.
CPM-in 51-1.12-ci maddəsi məhkəmənin yekun qərarının, yəni həm də hökmünün nəticəvi hissəsi barədə məlumatın qərarın (hökmün) elan edildiyi gün hakimin elektron imzası (məhkəmə tərkibində olan hakimlərin imzaları) ilə təsdiq olunmaqla “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsini tələb edir.
6. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir.
Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır.
7. Hökmdə sübut kimi ifadələrinə istinad edilən zərərçəkmiş şəxslərin, şahidlərin və sair şəxslərin soyadı, adı, atasının adı göstərilməklə yanaşı, bu ifadələrin sübut etmə predmetinə aid məsələ ilə şərtləndirilən zəruri həcmdə məzmunu da açıqlanmalıdır. Bu eynilə ekspert rəylərinə, məhkəmənin fikrincə işin faktiki hallarını təsdiq edən digər materiallara da aiddir.
Hökmdə sübuta onun məzmunu açıqlanmadan məhkəmənin bu və ya digər məsələ üzrə qənaətini təsdiq edən mənbə kimi istinad olunmamalı, sübutun təsvir və təhlil edilməsindən məhkəmənin müvafiq nəticəyə məhz həmin sübutdan əldə etdiyi məlumat (məlumatlar) əsasında gəldiyi aydın görünməlidir.
8. Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır.
9. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz.
10. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun.
11. Nəzərə almaq lazımdır ki, CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə və buna görə hər hansı təqibə məruz qala bilməz.
Odur ki, təqsirləndirilən şəxsin yaxın qohumları məhkəmə iclasında ifadə verməkdən imtina etdikdə, onların məhkəməyədək icraat zamanı şahid qismində verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, məhkəməyədək icraatda dindirilərkən onlara qeyd edilən maddənin mahiyyəti izah edilmiş olsun.
12. Şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-in 327, 329-cu maddələri ilə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacibdir.
Həmin hüquqi problemi İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasının (bundan sonra – “Avropa Konvensiyası”) 6-cı maddəsinin 1-ci hissəsinin və 3-cü hissəsinin “d” bəndinin tətbiqi ilə bağlı olan məsələ kimi səciyyələndirən Avropa Məhkəməsinə görə, təqsirləndirilən şəxsin əleyhinə verilmiş şahid ifadələrinin məhkəmədə elan edilməsinin və həmin ifadələrlə məhkəmə qərarlarının əsaslandırılmasının təqsirləndirilən şəxsin müdafiə hüququnun və ədalətli məhkəmə araşdırması standartının pozuntularına səbəb olmaması üçün aşağıdakı üç meyarla ehtiva olunan tələblərə əməl olunmalıdır (“Əl-Xavaya və Taheri Birləşmiş Krallığa qarşı” [BP] (Al-Khawaja and Tahery v. the United Kingdom [GC]), №№ 26766/05 və 22228/06, 2011-ci il 15 dekabr tarixli; “Əfəndiyev Azərbaycana qarşı” (Efendiyev v. Azerbaijan), № 27304/07, 2014-cü il 18 dekabr tarixli; “Şaçaşvili Almaniyaya qarşı” [BP] (Schatschaschwili v. Germany [GC]), № 9154/10, 2015-ci il 15 dekabr tarixli və s. qərarlar).
İlk növbədə şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsinin zərurətdən irəli gəldiyini, qaçılmaz olduğunu göstərən, onun məhkəmə iclasına gəlməsini həqiqətən istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi səbəbindən asılı olmayaraq, onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işə baxan məhkəmə kifayət qədər səy göstərməlidir.
İkinci meyar - məhkəmənin məhkəmə iclasında dindirilməyən şahidin ifadəsindən hökmün əsaslandırılmasında nə dərəcədə istifadə etməsi, ifadənin ittihamın həll edilməsində oynadığı roldur. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, hətta şahidin məhkəməyə gəlməməsinin üzrlü səbəbi olduqda belə, əgər ittiham yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanırsa, təqsirləndirilən şəxsin müdafiə hüququ ədalətli məhkəmə araşdırması konsepsiyasının ehtiva etdiyi təminatlarla bir araya sığmayan dərəcədə pozula bilər.
Lakin, “həlledici sübut qaydası” adlandırılan bu meyar mütləq deyil və Avropa Məhkəməsi Böyük Palatasının “Əl Havaya və Taheri”, “Şaçaşvili” qərarlarında (bax yuxarıda) bəyan edildiyi kimi, şahidin məhkəmə iclasında dindirilməməsindən irəli gələn prosessual çətinlikləri müdafiə tərəfinə kompensasiya etmək üçün kifayət qədər tarazlaşdırıcı vasitələrin, o cümlədən ifadənin mötəbərliliyinin ədalətlə və hərtərəfli yoxlanılması üçün səmərəli prosessual təminatların təqdim olunması şərti ilə ittiham hökmünün əsaslandırılmasında məhkəmədə dindirilməyən yeganə və həlledici şahidlərin ibtidai istintaqda vermiş olduqları ifadələrindən istifadə oluna bilər.
Beləliklə, üçüncü meyar – təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin gördüyü tarazlaşdırıcı tədbirlərin səmərəliliyidir. Bu o deməkdir ki, məhkəmə iclasına gəlməyən ittiham tərəfinin şahidinin ibtidai istintaqda verdiyi ifadəsini məhkəmə sübut kimi qəbul edərkən, müdafiə tərəfinin cinayət prosesində ittiham tərəfi ilə bərabər şərtlər əsasında çəkişməsinə şərait yaratmaq məqsədi ilə kifayət qədər tədbirlər görməlidir (şahidin bilavasitə dindirilməsi üçün məhkəmə iclasının başqa vaxta keçirilməsi, şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar verildikdə həmin qərarın icra edilməməsi səbəblərinin məhkəmə tərəfindən yoxlanılması, məhkəmənin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin mötəbərliyinin yoxlanılması üçün addımlar atılması, əlavə sübutlar tədqiq edilməsi, həmin ifadə vasitəsi ilə müəyyən edilən halın əlavə araşdırılması məqsədilə müdafiə tərəfinə sübutlar təqdim etmək üçün lazımi şərait yaradılması, bu barədə vəsatətlərə zəruri həssaslıqla yanaşılması, şahidin alternativ üsullarla məhkəmədən kənar dindirilməsi üçün müvafiq vasitələrdən istifadə etmək imkanlarını nəzərdən keçirilməsi, o cümlədən CPM-in 51-2-ci maddəsində nəzərdə tutulmuş videokonfrans əlaqə sistemi və yaxud məhkəmə tapşırığı kimi vasitələrdən istifadə etməyə cəhdlər edilməsi və s.).
Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə iclasında dindirilməyən şahidin əvvəlki icraatda verdiyi ifadəsi ilə ittiham hökmünün əsaslandırılması məsələsi bu üç meyarın məcmusu əsasında təhlil edilməlidir. Lakin, təhlil olunan vəziyyət birinci meyara cavab vermədikdə, yəni şahidin məhkəmə iclasında iştirak etməməsi bunu həqiqətən istisna edən (ibtidai istintaqda verilmiş ifadənin elan edilməsinə bəraət qazandıran) üzrlü səbəbdən irəli gəlmədikdə və yaxud bu cür səbəbin mövcudluğunun araşdırıldığını və mötəbərliliklə müəyyən edildiyini məhkəmə qərarlarından görmək mümkün olmadıqda, belə vəziyyət (ikinci və üçüncü meyarlara cavab verib-verməməsindən, o cümlədən ifadənin ittihamın həllində oynadığı roldan asılı olmayaraq) özü-özlüyündə təqsirləndirilən şəxsin ona qarşı ifadə vermiş şahidi dindirmək hüququnu və nəticə etibarı ilə müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarını pozur, bununla da məsələnin ikinci və üçüncü meyarlar əsasında araşdırılmasını lüzumsuz edir.
13. Cinayət prosesi tərəflərinin məhkəmə baxışında qaldırdıqları əlavə sübutların tədqiq edilməsi haqqında vəsatətlərə baxılması məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, vəsatətlərə və xahişlərə baxılmasının məcburiliyi barədə CPM-in 121-ci maddəsinə əsasən cinayət-prosessual qanununda başqa qayda nəzərdə tutulmayıbsa və vəsatətin həlli vəsatət üzrə qərarın qəbul edilməsi üçün əhəmiyyətli halların müəyyən edilməsindən asılı deyilsə, vəsatətə onun verilməsindən bilavasitə sonra baxılmalı və baxılmanın nəticələri üzrə müvafiq qərar qəbul edilməlidir.
Hər bir halda məhkəmə vəsatətin baxılmasını təxirə saldıqda, hansı əhəmiyyətli halın müəyyən edilməməsinin vəsatəti dərhal həll etməyə mane olduğunu konkret göstərməli və həmin hal müəyyən edildikdən sonra (bu halın vəsatət üzrə nəticəyə nə cür təsir etməsini də göstərməklə) vəsatətin həllinə dair qərar qəbul etməlidir.
14. Əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır.
15. Məhkəmələr əlavə sübutların tədqiq edilməsinə dair vəsatətlər üzrə nəticəyə gələrkən belə vəsatətlərin rədd edilməsi haqqında qərarlarda gəldikləri nəticələrin motivlərinin göstərilməsini vacib hesab edən Avropa Məhkəməsinin mövqeyini də nəzərdən qaçırmamalıdırlar.
Konkret olaraq, əlavə şahidin dindirilməsi barədə müdafiə tərəfinin vəsatətinin rədd edilməsinə dair şikayətlərlə əlaqədar olaraq, Avropa Məhkəməsi “Murtazaliyeva Rusiyaya qarşı” [BP] (Murtazaliyeva v. Russia [GC], № 36658/05, 18 dekabr 2018-ci il, § 158) işi üzrə qəbul etdiyi qərarında müvafiq qaydanı müəyyən etmişdir. Həmin qaydaya görə, bu növdən şikayətlərə baxarkən, aşağıda göstərilən üçpilləli testlə müəyyən edilən məsələlər mütləq araşdırılmalıdır:
1) müdafiə tərəfinin əlavə şahidin dindirilməsi barədə vəsatətinin kifayət qədər əsaslandırılmış və ittihamın mahiyyətinə aid olub-olmaması;
2) işə mahiyyəti üzrə baxan məhkəmənin dindirilməsi təklif olunan əlavə şahidin verə biləcək ifadənin işin mahiyyətinə aid olub-olmamasını araşdırıb, vəsatətin rədd edilməsi haqqında qərarı kifayət qədər əsaslandırması;
3) əlavə şahidin dindirilməsi barədə vəsatətin rədd edilməsi haqqında qərarın məhkəmə prosesinin ədalətli nəticə ilə yekunlaşmasına mənfi təsir göstərib-göstərməməsi.
Birinci suala münasibətdə Avropa Məhkəməsi müəyyən etmişdir ki, vəsatətdə əlavə şahidin verəcəyi ifadənin obyektiv baxımdan həqiqətin müəyyən edilməsinə, məhkəmə baxışının nəticələrinə, müdafiənin güclənməsinə, təqsirləndirilən şəxsin alibisinin müəyyən edilməsinə, onun bəraət almasına və s. bu kimi məsələlərə necə və nə dərəcədə təsir edə biləcəyi haqda məlumat öz əksini tapmalıdır.
İkinci suala cavab verərkən ilk növbədə nəzərə alınmalıdır ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndi müdafiə tərəfinin təklif etdiyi hər bir əlavə şahidin dindirilməsini tələb etmir, onun məqsədi tərəflərin bərabərliyinin təmin edilməsidir. Buna görə, müdafiə tərəfi məhkəmə qarşısında kifayət qədər əsaslandırılmış vəsatət qaldırdıqda, belə vəsatətə ətraflı münasibət bildirmək məhkəmənin vəzifəsidir. Vəsatətlə bağlı qəbul edilmiş hər bir qərarda vəsatətin məzmununun işin halları ilə müqayisədə qiymətləndirilməsi öz əksini tapmalı, qiymətləndirmənin həddi və dərəcəsi vəsatətdə göstərilən əsaslara mütənasib olmalıdır. Müvafiq olaraq, müdafiə tərəfi vəsatətdə tutarlı əsaslar göstərdikdə, onun rədd edilməsi barədə qərar qəbul edən məhkəmə ciddi və ətraflı əsaslara istinad etməlidir.
Üçüncü suala münasibətdə Avropa Məhkəməsi müəyyən etmişdir ki, əlavə şahidin dindirilməsinə dair vəsatətin rədd edilməsi haqqında məhkəmə qərarına qiymət verilərkən, hər bir işdə mütləq qaydada belə qərarın ədalətli yekun məhkəmə qərarının qəbul edilməsinə təsiri nəzərdən keçirilməlidir. Bu məqsədlə təqsirləndirilən şəxsin vəkillə təmsil edilib-edilməməsi, müdafiəsini səmərəli şəkildə qurmağa, əleyhinə ifadə vermiş şahidlərin dindirilməsində və əleyhinə istifadə edilən sübutların qiymətləndirməsində iştirak etməyə, əleyhinə ifadə vermiş şahidlərə suallar verməyə, öz xeyrinə sübut və baş vermiş hadisələr haqqında öz fərziyyəsini bildirməyə imkanlarının olub-olmaması, təqsirin digər, o cümlədən ittiham tərəfinin şahidlərinin yetərli ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, əməliyyat-axtarış materialları və s. sübutlarla təsdiq edilib-edilməməsi nəzərə alınmalıdır.
16. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.
Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır.
Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır.
Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (Ibrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır.
17. Nəzərə almaq lazımdır ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayət-prosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”.
Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir.
18. CPM-in 352.3-cü maddəsi hökmün növündən asılı olmayaraq hər bir hökmün giriş, təsviri-əsaslandırıcı və nəticəvi hissələrdən ibarət olmasını tələb etdiyindən, hökm çıxarılarkən bu tələbə əməl olunmalı, hökmün hissələri onların məzmununa dair cinayət-prosessual qanunun müddəalarına əməl olunmaqla tərtib olunmalıdır.
Hökmün giriş hissəsinə aid məsələlər
19. CPM-in 353.1-ci maddəsi istər ittiham hökmü, istərsə də bəraət hökmünün giriş hissələrinin eyni məzmunda olmasını təsbit etməklə bu hissədə CPM-in 353.1.1-353.1.11-ci maddələrində göstərilənlər barədə qeydlərin tam şəkildə və bu normalarda müəyyən olunmuş ardıcıllığa əməl olunmaqla əks etdirilməsini tələb edir.
Bu səbəbdən məhkəmələr məhkəmə hökmünün çıxarıldığı tarixi, yəni onun işə təkbaşına baxan hakim və yaxud məhkəmə tərkibi tərəfindən imzalandığı günü və yeri göstərməklə kifayətlənməməli, hökmün imzalandığı saatı və dəqiqəni də qeyd etməli, qısaltmalara yol vermədən hər bir hakimin, habelə CPM-in 353.1.5 - 353.1.9-cu maddələrində göstərilən digər proses iştirakçılarının ardıcıllıqla soyadını, adını , atasının adını, eləcə də dövlət ittihamçısının tutduğu vəzifəni, müdafiəçinin isə daxil olduğu vəkillər qurumunu qeyd etməlidir.
20. Cinayət-Prosessual Məcəllənin 102.2.1 və 102.2.2-ci maddələri zərər çəkmiş şəxs, yaxud mülki iddiaçı və ya mülki cavabdeh olan fiziki şəxslərin nümayəndələri qismində yalnız onların qanuni mənafelərini təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkilin və yaxud zərər çəkmiş fiziki şəxsin yaxın qohumunun (yəni, CPM-in 7.0.32-ci maddəsində göstərilən şəxsin) ola bilməsini nəzərdə tutduğundan, məhkəmə hökmünün giriş hissəsində əgər nümayəndə vəkildirsə onun daxil olduğu vəkil qurumu, yaxın qohumdursa qohumluq dərəcəsi göstərilməlidir.
Zərər çəkmiş hüquqi şəxsin, yaxud mülki iddiaçı və ya mülki cavabdeh olan hüquqi şəxsin nümayəndəsi vəkil olduqda onun barəsində məlumatlar yuxarıda göstərilən qaydada hökmün giriş hissəsində əks etdirilməli, məhkəmə baxışında hüquqi şəxsin nümayəndəsi qismində qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxs, habelə müvafiq səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan digər şəxs iştirak etdikdə isə səlahiyyətli şəxsin vəzifəsi və səlahiyyətin əsaslandığı müvafiq qanun (digər hüquqi akt, təsis sənədi), səlahiyyət verilmiş şəxsin isə əsas iş yeri və hüquqi şəxsi təmsil etmək səlahiyyətini təsdiq edən sənəd göstərilməlidir.
21. CPM-in 353.1-ci maddəsində birbaşa göstərilməsə də, zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, mülki cavabdehin qanuni nümayəndələri cinayət-prosessual qanunun 101-ci maddəsinə əsasən cinayət prosesində iştirak edən şəxslər olduqlarından, məhkəmə baxışında iştirak etdikləri halda onların soyadları, adları və ata adları, habelə qohumluq dərəcələri (qanuni nümayəndə qismində cinayət prosesini aparan orqan tərəfindən təyin edilmiş qəyyumluq və himayəçilik orqanının nümayəndəsi iştirak etdikdə, həmin orqanın adı və qanuni nümayəndənin tutduğu vəzifə) hökmün giriş hissəsində qeyd edilməlidir.
Eynilə, xüsusi ittihamçının nümayəndəsi (CPM-in 103-cü maddəsi), zərər çəkmiş şəxsin hüquqi varisi (CPM-in 106-cı maddəsi) və təqsirləndirilən şəxsin hüquqi varisi (CPM-in 106-1-ci maddəsi) məhkəmə baxışında iştirak etdikləri təqdirdə, onların barəsində məlumatlar da hökmün giriş hissəsində əks etdirilməlidir.
22. CPM-in 353.1.10-cu maddəsinə əsasən hökmün giriş hissəsində təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün və yer, ailə vəziyyəti, vətəndaşlığı, iş yeri, məşğuliyyəti, təhsili və onun şəxsiyyəti barədə digər məlumatlar göstərilməlidir. Digər məlumatlar dedikdə, elə məlumatlar nəzərdə tutulur ki, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətlərin residivi, cəzaçəkmə müəssisəsinin növü müəyyənləşdirilərkən, onların əhəmiyyəti olsun. Belə məlumatlar sırasına məhkumun əlilliyi, nə vaxt, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) hansı maddəsi ilə, hansı cəzaya məhkum olunmasına, şərti məhkum olunmuşsa sınaq müddətinə dair məlumatlar da daxil olmaqla əvvəlki məhkumluğu, cəzanı çəkib qurtardığı, vaxtından əvvəl şərti azad olunmuşsa, azad olunduğu tarixlər, əvvəlki hökmlə təyin olunmuş cəzanın çəkilməmiş hissəsi, dövlət mükafatları, fəxri ad və hərbi rütbələrə malik olması kimi məlumatlar aiddir.
Məhkumluq götürülmüş və ya ödənmişsə, hökmün giriş hissəsində əvvəlki məhkumluq barədə məlumat əks etdirilməməlidir.
İttiham hökmünün xüsusiyyətlərindən irəli gələn məsələlər
23. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir.
Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.
24. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
25. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər.
Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
26. CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
27. Şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər.
28. Məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz.
Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir.
29. CPM-in 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən CM-in maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyri-müəyyən ifadələrlə (“məlum olmayan” “istintaqla müəyyən edilməyən” kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir. Məsələn, CM-in 206.1-ci maddəsinin dispozisiyasında qaçaqmalçılıq cinayəti alternativ üsullarla, o cümlədən gömrük nəzarətindən kənar və ya gömrük nəzarətindən gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların gömrük sərhədindən xeyli miqdarda keçirilməsi kimi təsbit edildiyindən, cinayətin təsvirində əməlin bu üsullardan hansı biri ilə törədilməsini aşkarlayan hərəkətlər (faktiki hallar) CPM-in 353.2-ci maddəsi ilə tələb olunan qaydada aydınlığı ilə təsvir olunmalıdır.
30. CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır.
Eynilə, əgər şəxsin təqsirli bilindiyi CM-in müvafiq maddəsinin dispozisiyasında başa çatmış cinayətin mövcudluğu konkret halların qiymətləndirilməsindən asılı olan “ağır nəticə”, “mühüm zərər”, “əhəmiyyətli zərər” kimi kriminal nəticələrin baş verməsi ilə əlaqələndirilirsə, cinayət əməlinin təsvirində həmin nəticələrlə uyğunluq təşkil edən konkret hallar da öz əksini tapmalı və hökmün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin hansı kriteriyalara və sübutlara əsasən nəticəni “ağır” və yaxud zərəri “mühüm” və s. kimi qiymətləndirdiyi əsaslandırılmalıdır.
31. Cinayət iştirakçılıqla törədilmişsə iştirakçılığın forması, hər bir iştirakçının hərəkətlərinin və yaxud hərəkətsizliyinin nədə ifadə olunması əks etdirilməklə onların rolları hökmdə təsvir edilməlidir.
32. Hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda, məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır.
33. Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir.
Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.
34. Təqsirləndirilən şəxsin ifadə verməkdən imtina etməsi onun təqsirli olmasının təsdiqi kimi qəbul oluna və cəzanın növü, müddəti məsələsi müzakirə edilərkən şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alına bilməz.
35. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından, hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir.
36. Təqsirləndirilən şəxsə istinad edilən cinayətin digər iştirakçıları qanunla nəzərdə tutulmuş əsaslarla cinayət məsuliyyətindən azad edilmişlərsə və onların hərəkətlərinin və yaxud hərəkətsizliyinin təqsirləndirilən şəxsin cinayət hadisəsində rolu, iştirak dərəcəsi, əməlinin tövsifi və işin digər mühüm hallarının müəyyən edilməsində əhəmiyyəti varsa, o zaman həmin şəxslər haqqında işin icraatına xitam verilməsi göstərilməklə, onların cinayət hadisəsində roluna istinad edilə bilər.
Başqa şəxslər haqqında cinayət təqibi üzrə icraat ayrılmışsa, hökmdə həmin şəxslərin soyadları göstərilmədən, cinayətin haqqında icraat ayrılmış başqa şəxslərlə birlikdə törədildiyi qeyd edilməlidir.
37. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır.
Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın.
Daha ağır ittiham dedikdə aşağıdakılar başa düşülməlidir:
a) təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan norması tətbiq olunur;
b) ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirir. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
38. Təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir.
Şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir.
İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir.
39. Məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır).
İki normanın rəqabəti zamanı, əgər bu normalardan biri məsuliyyəti ağırlaşdıran, digəri isə yüngülləşdirən halları nəzərdə tutursa, bu zaman məsuliyyəti yüngülləşdirən halı nəzərdə tutan normaya üstünlük verilməlidir (məsələn, iki və ya daha çox şəxsi fizioloji affekt vəziyyətində zərərçəkən şəxs tərəfindən edilən zorakılıq və ya ağır təhqir nəticəsində öldürmə CM-in 122.2-ci maddəsi ilə tövsif edilməlidir).
40. Məhkəmə təqsirləndirilən şəxsə elan olunmuş ittihamın cinayət qanununun zərərçəkmiş şəxsin şikayəti əsasında və ya CPM-in 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə həyata keçirilən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə aid edilmiş maddələrinə (məsələn CM-in 127, 128, 129.2, 130.2, 133, 134 və s. maddələri) dəyişdirilməli olması nəticəsinə gələrsə və işdə zərərçəkmişin şikayəti varsa və ya məhkəmə iclasında o, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması barədə bəyanat vermişsə və yaxud prokurorun təşəbbüsü ilə başlanılmış cinayət işi üzrə CPM-in 37.5-ci maddəsində göstərilən hallardan biri mövcuddursa, təqsirləndirilən şəxsin əməlini cinayət qanununun yuxarıda göstərilən maddələrilə tövsif edib ittiham hökmü çıxara bilər.
İşdə zərərçəkmişin ərizəsi olmadıqda, məhkəmə iclasında təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi barədə onun fikri soruşulur. Zərərçəkmiş təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini istəmədikdə və əgər CPM-in 37.5-ci maddəsində göstərilən hallar yoxdursa və yaxud işdə onun cinayət məsuliyyətinə cəlb olunması barədə ərizəsi olsa da, o, CM-in 73 və 73-1-ci maddələrində nəzərdə tutulmuş imperativ qaydada cinayət məsuliyyətindən azad edilməni şərtləndirən müvafiq halların mövcudluğu vəziyyətində təqsirləndirilən şəxslə barışdığını bildirirsə, məhkəmə işin icraatına xitam verilməsi barədə qərar qəbul edir.
CPM-in 37.5-ci maddəsində göstərilən hallar olduqda dövlət ittihamçısı ittihamdan imtina etdiyi halda məhkəmə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verməlidir.
Zərər çəkmiş şəxslə barışığın əldə edildiyi qalan digər hallarda məhkəmə baxışı nəticəsində məhkəmənin mülahizəsinə görə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilə bilər.
41. Təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir.
42. CPM-in 39.1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi və CPM-in 39.1.5-ci maddəsində nəzərdə tutulmuş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ölməsi kimi cinayət təqibini istisna edən hallar olduqda və müdafiə tərəfi bəraətverici sayılmayan həmin əsaslarla cinayət təqibinə xitam verilməsinə razı olmadıqda, məhkəmə cinayət-prosessual qanunun 44.2.1 və 44.2.1-1-ci maddələrinə müvafiq olaraq məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə (ölmüş təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsə) cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bu halda hökmün nəticəvi hissəsində şəxsin CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi haqqında qərardan sonra ona CPM-in 39.1.3-cü maddəsinə və yaxud 39.1.5-ci maddəsinə müvafiq olaraq cəzanın təyin edilməməsi haqqında qərar əksini tapmalıdır.
43. CPM-in 39.1.12-ci maddəsində nəzərdə tutulmuş hal olduqda (təqsirləndirilən şəxs amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməli olduqda) və müdafiə tərəfi həmin bəraətverici sayılmayan əsasla cinayət təqibinə xitam verilməsinə razı olmadıqda, məhkəmə CPM-in 44.2.2-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsi təyin olunmuş cəzadan azad etməklə ittiham hökmü çıxarır. Bu halda hökmün nəticəvi hissəsində şəxsin CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi və bu maddə ilə ona cəzanın təyin edilməsi (cinayətlərin məcmusu olduqda, cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) haqqında qərarlardan sonra şəxsin CPM-in 39.1.12-ci maddəsində göstərilən əsasla həmin cəzadan azad edilməsi haqqında qərar əks etdirilməlidir.
44. CPM-in 391.3, 39.1.5 və 39.1.12-ci maddələrində qeyd edilən hallarda müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığı olduqda, məhkəmə CPM-in 43.3-cü və ya 43.3-1-ci maddələrinə müvafiq olaraq cinayət-prosessual qanunun müvafiq olaraq 39.1.3 və 39.1.12-ci maddələrində və ya 39.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edir.
Məhkəmə icraatı materialları məhkəmənin müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığının olub-olmaması məsələsini araşdırdığını əks etdirməli, o cümlədən razılığın verilməsi haqqında ərizə cinayət işinə əlavə edilməli, məhkəmə iclas protokolunda isə müvafiq qeyd aparılmalıdır.
45. Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır.
Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
46. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir.
CM-in 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal hesab edilən bu və ya digər hal (məsələn, cinayətin ağır nəticəyə səbəb olması) təqsirləndirilən şəxsə istinad edilən CM-in Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi göstərilmişsə (məsələn, qəsdən adam öldürmə cinayətlərində zərərçəkmişin həyatdan məhrum edilməsi), hökmdə cəzanın təyin edilməsi əsaslandırılarkən, təkrar cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” 2019-cu il 7 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə məhkəmənin cinayətin tövsifini dəyişdirmədən ittiham aktında göstərilməyən halın (cinayətlərin residivinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alması və buna görə cəzaçəkmə müəssisəsinin növünü müəyyənləşdirməsi cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz.
Odur ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər.
47. Məhkəmələr CPM-in 346.1.11 - 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər.
48. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir.
Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır.
49. Ömürlük azadlıqdan məhrum etmə cəzasının tətbiqi məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdır ki, qanunda göstərilən hallarda belə cəza yalnız o vaxt tətbiq oluna bilər ki, həmin cəzanın təyini cəzanı ağırlaşdıran xüsusi hallarla və cinayəti törətmiş şəxsin cəmiyyət üçün son dərəcə təhlükəli olması ilə şərtləşmiş olsun. Bütün hallarda ömürlük azadlıqdan məhrum etmə cəzasının təyini üçün əsas verən hallar hökmdə göstərilməlidir.
Təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hökmün elan edilməsindən sonra ona əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilməlidir.
50. Məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır.
Cinayət qanunu ilə şəxsin əvvəllər azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsi və yaxud ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması residivin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır.
CM-in 65-ci maddəsi residivə görə təyin edilən cəzanın müddətini residivin növündən asılı etdiyindən, hökmdə residivin hansı növünün müəyyən edildiyi, yəni residivin sadə, təhlükəli və ya xüsusilə təhlükəli olması müvafiq əsaslar gətirilməklə aydın şəkildə göstərilməlidir.
Əgər residivin müəyyən edilməsi şəxsin əvvəllər hökmlərin məcmusu qaydasında məhkum edilməsi ilə əlaqədardırsa, yalnız həmin (hökmlərin məcmusu qaydasında cəzanın təyin olunmasına dair) hökm deyil, həm də hökmlərin məcmusunu təşkil etmiş daha əvvəl çıxarılmış digər hökmlər də ayrı-ayrılıqda nəzərə alınmalıdır.
51. Hökmdə cəza elə şəkildə göstərilməlidir ki, icra zamanı məhkəmənin təyin etdiyi cəzanın növü, müddəti və ya miqdarı ilə bağlı heç bir anlaşılmazlıq meydana çıxmasın. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 353.2.7 və 353.2.8-ci maddələrinə əsasən ittiham hökmünün nəticəvi hissəsində sübut olunmuş hesab edilən cinayət üzrə təqsirləndirilən şəxsə təyin olunan əsas və əlavə cəzanın növü, müddəti (miqdarı), müvafiq hallarda cinayətlərin və ya hökmlərin məcmusu üzrə çəkilməli olan əsas və əlavə cəzalar göstərilməlidir.
52. Cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi yeri (həbsxana və ya müəyyən növ cəzaçəkmə müəssisəsi) yalnız qəti cəza təyin edildikdən sonra göstərilir.
53. Təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az və ya həmin maddədə müəyyən ediləndən daha yüngül növdə cəza təyin edilirsə və yaxud təyin edilməsi məcburi olan əlavə cəza təyin edilmirsə hökmün nəticəvi hissəsində bu cəzanın CM-in 62-cı maddəsi tətbiq olunmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təyin edildiyi göstərilir.
54. Şəxs cinayətlərin məcmusuna görə təqsirli bilindiyi hallarda cəzanın CM-in 70-ci maddəsi tətbiq olunmaqla şərti tətbiq edilməsi və yaxud CM-in 79-cu maddəsi tətbiq olunmaqla çəkilməsinin təxirə salınması yalnız qəti cəza təyin edildikdən sonra göstərilməlidir. Bu zaman nəzərə almaq lazımdır ki, CM-in 70-ci maddəsi yalnız əsas cəzaya (müəyyən müddətə azadlıqdan məhrum etmə, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, islah işləri), CM-in 79-cu maddəsi isə həm əsas, həm də əlavə cəzaya şamil edilə bilər.
55. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslərin himayəsində yetkinlik yaşına çatmayan baxımsız uşaqlar olduqda, hökmün nəticəvi hissəsində belə uşaqların qohumların razılığı ilə onların və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilmələri göstərilməlidir.
56. Təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir.
Bəraət hökmünün xüsusiyyətlərindən irəli gələn məsələlər:
57. CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur.
Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir.
Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir.
58. Bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir.
CPM-in 42.1.1-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş “cinayət hadisəsinin olmaması” təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir cinayətin mövcud olmamasını ehtiva edir.
Əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır.
Cinayətin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətinin olmaması (CPM-in 42.1.3-cü maddəsində nəzərdə tutulmuş hal) cinayət qanunu ilə nəzərdə tutulmuş hadisənin mövcudluğunu və cinayət tərkibinin olmasını inkar etmir, lakin əməlin törədilməsində təqsirləndirilən şəxsin iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edir.
CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir.
59. Bəraət hökmünün nəticəvi hissəsində cinayət qanununun hər bir maddəsi üzrə təqsirləndirilən şəxsə cinayət-prosessual qanunla nəzərdə tutulan hansı əsaslarla bəraət verildiyi göstərilməlidir.
Şəxsə cinayət qanunun bir maddəsi ilə bir əmələ görə irəli sürülmüş ittiham üzrə bəraət yalnız cinayət-prosessual qanunda göstərilən bəraətin əsaslarından biri ilə verilə bilər.
Bir neçə cinayət törətməkdə ittiham olunan təqsirləndirilən şəxsə müxtəlif maddələr üzrə bəraət verilməsi üçün fərqli əsaslar müəyyən edildikdə, ona cinayət-prosessual qanunda göstərilən bir neçə əsasa istinad olunmaqla bəraət verilə bilər. Bu halda hökmün nəticəvi hissəsində təqsirləndirilən şəxsə hansı cinayətə görə, qanunda göstərilən hansı əsasla bəraət verilməsi dəqiq göstərilməlidir.
60. Bəraət hökmünün nəticəvi hissəsində həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dərhal ləğv edilməsi, məhkəmə hökmü çıxarılanadək mülki iddianın və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi üzrə tədbirlər görüldükdə, görülmüş tədbirlərin ləğv edilməsi, habelə cinayət-prosessual qanunda müəyyən edilən digər məsələlər öz əksini tapmalıdır.
61. Bəraət alan şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah olunmaqla, bu barədə məhkəmə iclas protokolunda müvafiq qeydiyyat aparılmalıdır.
62. Məhkəmə baxışı nəticəsində CM-in 14-cü maddəsində göstərilən hal (təqsirləndirilən şəxsə istinad edilən hərəkət və ya hərəkətsizlikdə cinayət qanununda nəzərdə tutulmuş əməlin əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə əməlin ictimai təhlükəli olmadığı, yəni şəxsiyyətə, cəmiyyətə və ya dövlətə zərər yetirmək təhlükəsi yaratmadığı) və yaxud CM-in 36-40-cı maddələrində nəzərdə tutulmuş müvafiq olaraq zəruri müdafiə, cinayət törətmiş şəxs tutularkən ona zərər vurulması, son zərurət, əsaslı risk, əmrin və ya sərəncamın yerinə yetirilməməsi kimi hallar müəyyən edildikdə, bunlar əməldə cinayət tərkibinin olmaması kimi qiymətləndirilməli, müvafiq olaraq da şəxsə bəraət verilməsini (dövlət ittihamçısı ittihamdan imtina etdikdə həmin əsasla cinayət təqibinə xitam verilməsini) şərtləndirən əsas kimi nəzərdən keçirilməlidir.
63. Dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin, nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir.
Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir.
64. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığı üçün məhkəmə təqsirləndirilən şəxsin əməlində ittihamda göstərilən cinayətin deyil, digər – daha ağır cinayətin əlamətlərinin olması kimi dəlildən çıxış etməklə irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsə bəraət verməyə və cinayət işini, sadələşdirilmiş icraat materialını CPM-in 350.4-cü maddəsinə müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmağa haqlı deyil.
Nəzərə almaq lazımdır ki, məhkəmənin öz mülahizələrinə görə şəxsin əməlində irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olması kimi dəlildən çıxış edərək təqsirləndirilən şəxsə bəraət verib ona daha ağır ittihamın irəli sürülməsi üçün işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarması, mahiyyət etibarı ilə məhkəməyə xas olmayan ittiham tərəfinə aid funksiyasının üzərinə götürülməsi olmaqla cinayət prosesində məhkəmənin həyata keçirdiyi tərəfsiz arbitr rolu, CPM-in 32-ci maddəsində təsbit edilmiş cinayət prosesində tərəflərin çəkişməsi prinsipi, 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsini qadağan edən CPM-in 350.3-cü maddəsi ilə bir araya sığmır.
Qeyd olunan normalara, eləcə də CPM-in 34, 55.2, 142, 350.1-ci maddələrinə görə şəxsin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə bəraət alması onun tam və qəti olaraq reabilitasiyası deməkdir və müstəsna olaraq şəxsin hüquqlarının bərpası üçün əsas kimi çıxış etməklə onun məhkəmədə baxılmış ittihamın əsasını təşkil edən eyni hallara görə yenidən təqib olunmasını, o cümlədən eyni hallara başqa cür hüquqi qiymət verilməsi yolu ilə məsuliyyətə cəlb olunmasını istisna edir.
Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin müəyyən edildiyi hal üçün cinayət-prosessual qanunun 318.2-ci maddəsi xüsusi prosedur müəyyən etmişdir ki, bu da məhkəmənin öz təşəbbüsü ilə cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsə bəraətin verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını deyil, yalnız dövlət ittihamçısının və yaxud zərərçəkmiş şəxsin (onun qanuni nümayəndəsinin) vəsatəti ilə daha ağır ittihamım irəli sürülməsi üçün işin prokurora qaytarılmasını ehtiva edir.
Mülki iddianın verilməsi ilə bağlı hökmün xüsusiyyətləri
65. Məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir.
O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir.
66. Cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin II hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”.
Həmçinin, CPM-in 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir.
Belə ki, CPM-in 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. CPM-in 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır.
Cinayət Məcəlləsinin 99-3-cü maddəsində də xüsusi müsadirə məsələsi həll olunarkən müsadirə edilmiş əmlak hesabına ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsi imperativ qaydada təsbit edilmişdir.
Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir.
67. Məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir.
68. Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır.
Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır.
69. İştirakçılıqla törədilmiş cinayətlər nəticəsində vurulmuş maddi ziyan cinayətin iştirakçılarından Mülki Məcəllənin 1113-cü maddəsinə əsasən müştərək qaydada və yaxud mülki iddiaçının vəsatəti ilə və onun mənafeyi üçün hər bir iştirakçıdan məhkəmə tərəfindən müəyyən edilmiş hissələr (paylar) üzrə tutula bilər.
Bir neçə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş mülki iddia (mülki iddialar) təmin edildiyi halda ittiham hökmünün nəticəvi hissəsində hansı hissənin (konkret məbləğin) müştərək, hansı məbləğlərin isə hər bir təqsirləndirilən şəxsdən paylar üzrə, eləcə də hansı mülki iddiaçının xeyrinə tutulması göstərilməlidir.
70. Birgə maddi ziyanın vurulması ilə əlaqədar olan cinayət işlərində iştirakçılarından biri (bir neçəsi) haqqında cinayət təqibi üzrə icraat ayrılmışsa və yaxud bəzi iştirakçılar haqqında cinayət təqibinə bəraətverici sayılmayan əsaslarla xitam verilmişsə, məhkəmə mülki iddia üzrə maddi ziyanın ödənilməsi vəzifəsini tamamilə barəsində cinayət işinə baxılan təqsirləndirilən şəxsin üzərinə qoyur və eyni zamanda təqsirkara barəsində cinayət təqibinə xitam verilmiş şəxsə qarşı mülki mühakimə icraatı qaydasında maddi ziyanın müştərək qaydada ödənilməsi haqqında iddia qaldırmaq hüququnu izah edir.
Ayrılmış icraat üzrə təqsirləndirilən şəxsin (şəxslərin) barəsində cinayət işinə baxıldıqda məhkəmə verilmiş mülki iddia ilə əlaqədar onun (onların) üzərinə vurulmuş maddi ziyanı əvvəlki hökmə əsasən məhkum edilmiş (barəsində mülki iddia həll edilmiş) şəxslə müştərək qaydada ödəmək vəzifəsini qoya bilər.
71. Məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir.
72. Məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir.
Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər.
73. Mülki iddianı təmin etmək üçün təqsirləndirilən şəxsin və yaxud onun törətdiyi cinayətə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsin əmlakı üzərinə həbs qoyulmuşsa, məhkəmə hökmün nəticəvi hissəsində təmin olunmuş tələblər üzrə ödənilməli olan pul məbləğınə uyğun olan dəyərdə üzərinə qoyulmuş həbsin saxlanıldığı əmlakı göstərməlidir.
Nəzərə almaq lazımdır ki, cinayət-prosessual qanunun 185, 248, 301.2.5, 354.2-ci maddələrinin mənasına görə məhkəməyədək icraatda mülki iddianın təmin edilməsi üzrə tədbirlər görülməmişsə, məhkəmə müvafiq vəsatət əsasında və yaxud öz təşəbbüsü ilə həmin tədbirləri həm hazırlıq iclasında, həm də mülki iddia təmin edildiyi halda məhkəmə baxışının nəticələrinə görə görmək hüququna malikdir. Belə tədbirlərin görülməsi ilə əlaqədar təqsirləndirilən şəxsin və yaxud onun törətdiyi cinayətə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsin əmlakı üzərinə həbs qoyulursa, müvafiq qərar hökmün nəticəvi hissəsində və yaxud hazırlıq iclasının qərarında göstərilməlidir.
74. Təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq - cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir.
Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır.
75. Mülki iddiaçı və ya onun nümayəndəsi məhkəməyə gəlmədiyi və iddiaya onların iştirakı olmadan baxılması barədə vəsatət vermədikləri hallarda da mülki iddia baxılmamış saxlanıla bilər. Mülki iddiaçı və ya onun nümayəndəsi onların iştirakı olmadan mülki iddiaya baxılması haqqında vəsatət qaldırdıqda, habelə prokuror tərəfindən CPM-in 181.7-ci maddəsində göstərilən hallarda verilmiş mülki iddia dövlət ittıhamçısı tərəfindən müdafiə olunduqda, məhkəmə CPM-in 316.3.1 və 316.3.2-ci maddələrinə uyğun olaraq mülki iddiaçının və ya onun nümayəndəsinin gəlib-gəlməməsindən asılı olmayaraq iddiaya baxmalıdır.
Xüsusi müsadirə məsələsi ilə bağlı hökmün xüsusiyyətləri
76. Nəzərə almaq lazımdır ki, cinayət prosesində mülki iddianın verilməsi cinayətin törədilməsi nəticəsində və yaxud onunla əlaqədar pozulmuş mülki hüquqların bərpası üçün nəzərdə tutulmuş, təqsirləndirilən şəxsin və yaxud onun əməlinə görə cavabdehlik daşıyan digər şəxslərin mülki-hüquqi məsuliyyətinin realizə edilməsi vasitəsidirsə, xüsusi müsadirə əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasında ifadə olunan, cinayət cəzası ilə yanaşı cinayət məsuliyyətinin realizə edilməsinə xidmət edən cinayət-hüquqi xarakterli tədbirdir.
Odur ki, hökmdə mülki iddianın təmin edilməsinə təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin tətbiq edilməsinin əsası kimi istinad edilməməli, xüsusi müsadirə mülki iddianın verilib-verilməməsindən asılı olmayaraq cinayət prosesində CM-in 99-1.1.1 - 99-1.1.4-cü maddələrində nəzərdə tutulmuş əmlak müəyyən edildiyi hər bir halda tətbiq edilməlidir.
77. CM-in 99-2-ci maddəsində təsbit edilmiş əmlakın dəyərinə görə xüsusi müsadirəyə dair müddəaya da CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya sair səbəbdən dövlət nəfinə alına bilinmədiyi hər bir halda həmin əmlakın dəyərinə bərabər dəyərdə təqsirləndirilən şəxsə məxsus başqa, yəni baxılan cinayətlə əlaqəsi olmayan əmlakın alınmasını tələb edən norma kimi baxılmalıdır.
Dövlət nəfinə alına bilinməyən əmlakın əvəzinə təqsirləndirilən şəxsə məxsus digər əmlak barəsində xüsusi müsadirənin tətbiq edilməsi vəzifəsi BMT-nin 2004-cü il 27 fevral tarixli “Korrupsiya əleyhinə” Konvensiyasının, “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə və müsadirəsinə dair” Avropa Şurasının 1990-cı il 8 noyabr tarixli Konvensiyasının, “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə, və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurasının 2005-ci il 16 may tarixli Konvensiyasının (bundan sonra – 2005-ci il Varşava Konvensiyası) müddəalından da irəli gəlir.
CPM-in 38.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. CPM-in 248.2 və 248.3-cü maddələrində təsbit edilmişdir ki, cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəbdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak üzərinə (onun nədən ibarət və kimdə olmasından asılı olmayaraq) həbs qoyulur. CPM-in 289.8.3 və 289.8.4-cü maddələrinə əsasən ittiham aktına müstəntiqin xüsusi müsadirə olunması təklif edilən əmlak barədə, habelə mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlər barədə arayışları əlavə edilir.
Odur ki, CM-in 99-1.1-ci maddəsində göstərilən yalnız cinayət prosesində müəyyən olunmuş (məsələn, maddi sübut kimi tanınmış) əmlakın deyil, həmin əmlakı (məsələn, oğurlanmış əmlakı) onun istifadə edilməsi, özgəninkiləşdirilməsi və s. səbəblərdən aşkar etmək mümkün olmadıqda ona bərabər dəyərdə təqsirləndirilən şəxsə məxsus digər əmlakın (bu əmlakın nədən ibarət olmasından və kimdə olmasından asılı olmayaraq) müsadirə edilməsini təmin etmək üçün cinayət-prosessual qanunla müəyyən edilmiş tədbirlərin görülməməsinə və bunun nəticəsi kimi şəxsin cinayət yolu ilə əldə etdiyi gəlirlərdən məhrum edilməməsinə cinayət mühakimə icraatının məqsədləri ilə bir araya sığmayan hal kimi baxılmalı, cinayət təqibi orqanının təqsirləndirilən şəxsə məxsus digər əmlakın müəyyən edilməsi və üzərinə həbs qoyulması üçün kifayət qədər səy göstərməməsi onun bu məsələdə fəaliyyətsizliyi kimi qiymətləndiriməli və məhkəmə tərəfindən belə hallara xüsusi qərar çıxarılmaqla münasibət bildirilməlidir.
Həmçinin, belə hallarda məhkəmə əmlakın xüsusi müsadirəsini təmin etmək üçün müvafiq tədbirlər görməli, o cümlədən təqsirləndirilən şəxsə məxsus müsadirə edilməsi nəzərdə tutulmuş başqa əmlakın üzərinə həbs qoymalı, həmin əmlakın dəyəri ilə istifadə edilmiş, özgəninkiləşdirilmiş və ya sair səbəbdən dövlət nəfinə alına bilinməyən əmlakın dəyəri arasında bərabərliyi gözləmək üçün zəruri olduğu hallarda müsadirə olunmalı əmlakın dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə ekspertizası təyin etməlidir.
78. CPM-in 346.1.18, 346.1.19-cu maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə digər məsələlərlə yanaşı, həmçinin “cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmadığını”, habelə “hansı əmlakın xüsusi müsadirə edilməli olduğunu” müzakirə etməli, CPM-in 353.4.12-ci maddəsinə görə isə ittiham hökmünün nəticəvi hissəsində xüsusi müsadirə edilən əmlakın siyahısını göstərməlidir.
Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli Qanunu ilə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əmlakın xüsusi müsadirəsinin “məhkəmənin yekun qərarı ilə” həyata keçirilməsini nəzərdə tutan dəyişiklik edilmiş, eyni zamanda CM-in 99-1.1.1, 99-1.1.2-ci maddələrində “məhkumun” sözü “şəxsin” sözü, 99-1.3-cü maddəsinin 1-ci və 2-ci cümləsində “məhkum” sözü “cinayət törətmiş şəxs” sözləri ilə əvəz edilmişdir. Cinayət-Prosessual Məcəlləyə isə Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli Qanunu ilə cinayət təqibi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməli olduğu, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən edildiyi hallarda, cinayət təqibi üzrə icraatın davam etdirilməsini və məhkəmənin yekun qərarının çıxarılması ilə başa çatdırılmasını təsbit edən 41.1-1-ci maddə əlavə edilmişdir.
Odur ki, əmlakın xüsusi müsadirəsi üzrə qərar yalnız ittiham hökmündə deyil, bəraətverici sayılmayan əsaslarla cinayət təqibinə (o cümlədən, cinayət işi üzrə icraata) xitam verilməsinə dair məhkəmənin yekun qərarında da qəbul edilə bilər. Bu halda cinayət təqibinə (o cümlədən, cinayət işi üzrə icraata) xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində xüsusi müsadirə edilən əmlakın siyahısı göstərilməlidir.
79. Xüsusi müsadirənin tətbiq edilməsini nəzərdə tutan ittiham hökmünün, eləcə də bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində xüsusi müsadirənin zəruriliyi, o cümlədən əmlakın cinayətin törədilməsi zamanı alət və vasitə kimi istifadə olunması (başa çatmayan cinayətlər üzrə isə bu qisimdə istifadə olunmaq üçün nəzərdə tutulması), cinayət yolu ilə əldə edilməsi və yaxud həmin əmlak hesabına əldə edilmiş gəlir olması, cinayət yolu ilə əldə olunmuş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və yaxud hər hansı başqa üsulla tam və ya qismən çevrildiyi əmlak və yaxud terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayət birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak olması müvafiq, o cümlədən əmlakın ayrı-ayrılıqda və ümumi dəyərini əks etdirən sübutlar gətirilməklə əsaslandırılmalıdır.
2005-ci il Varşava Konvensiyasının 1-ci maddəsinin “c” bəndinin mənasına görə cinayətin alət və vasitələrinə cinayətin törədilməsi zamanı və yaxud ictimai təhlükəli nəticənin əldə edilməsi üçün istifadə olunmuş və yaxud istifadə edilməsi nəzərdə tutulmuş predmetlər aid edilməlidir (məsələn, qaçaqmalçılıq cinayətinin törədilməsi zamanı malların gömrük sərhədindən gizli keçirilməsi üçün xüsusi düzəldilmiş saxlanc yeri ilə təchiz olunmuş avtomobil, qanunsuz balıq ovu üçün istifadə edilmiş və yaxud nəzərdə tutulmuş avadanlıq, saxta pulun hazırlanması üçün istifadə olunmuş və yaxud nəzərdə tutulmuş texniki qurğular və s.).
Nəzərə almaq lazımdır ki, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayət birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak onun mənbəyinin qanuni olub-olmamasından asılı olmayaraq müsadirə edilir.
80. Xüsusi müsadirə üzrə məsələlər həll edilərkən cinayətin törədilməsində alət və vasitə kimi istifadə olunmuş, lakin qanuni sahibinə qaytarılmalı olan əmlakın, eləcə də cinayət yolu ilə əldə olunsa da (həmin əmlak hesabına əldə edilmiş gəlir olsa da), qanuni sahibinə qaytarılmalı olan əmlakın müsadirəsini istisna edən müvafiq olaraq CM-in 99-1.1.1 və 99-1.1.2-ci maddələrinin müddəaları nəzərdən qaçırılmamalıdır.
81. Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsinin tələbinə görə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş, özgəninkiləşdirilməklə və yaxud hər hansı başqa əsasla digər şəxsin (şəxslərin) mülkiyyətinə keçmiş əmlak, əgər bu şəxs (o cümlədən əmlakı hədiyyə kimi və yaxud öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə əldə edən) vicdanlı əldə edəndirsə, yəni əmlakı əldə edərkən onu özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirdisə və yaxud bilməli idisə, müsadirə edilə bilməz.
Qeyd olunan müddəalar təfsir edilərkən onu nəzərə almaq lazımdır ki, CM-in 99-1.3-cü maddəsində həmin Məcəllənin 99-1.1-ci maddəsinə istinad olunmuş, bu maddədə isə xüsusi müsadirəyə məruz qoyula bilən əmlak sırasından, o cümlədən müsadirə edilməli olan cinayət yolu ilə edilmiş pul və əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər dairəsindən qanuni sahiblərinə qaytarılmalı olan pul vəsaitləri və digər əmlak istisna edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.2-ci maddəsində də təsbit edilmişdir ki, daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər hərracda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur.
Bu o deməkdir ki, özgəninkiləşdirilmiş əmlakın vicdanlı alıcıda qalmasını ehtiva edən CM-in 99-1.3-cü maddəsi qanuni sahiblərlərinə qaytarılmalı olan daşınar əmlakı nəzərdə tutmur.
Odur ki, zərərçəkmiş şəxsin cinayətin törədilməsi nəticəsində məhrum olunduğu daşınar əmlakı (məsələn oğurlanmış .əşyalar) kimdə, o cümlədən onu əldə etmiş hər hansı şəxsdə aşkarlanmasından asılı olmayaraq qanuni sahibinə qaytarılmalıdır (hərracda özgəninkiləşdirilmiş əşyalar istisna olmaqla).
82. Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsinin mənasına görə (burada CM-in 99-1.1-ci maddəsində göstərilənlərə aid olan özgəninkiləşdirilmiş və yaxud hər hansı digər səbəbdən başqasına verilmiş əmlakın müsadirəsi nəzərdə tutulduğu üçün) özgəninkiləşdirmə nəticəsində və yaxud başqa əsasla digər şəxsin sahibliyinə keçmiş, o cümlədən onun mülkiyyəti kimi rəsmiləşdirilmiş əmlak barəsində də (vicdanlılıq barədə müddəlarının tələbləri nəzərə alınmaqla) xüsusi müsadirə tətbiq edilə, müvafiq olaraq da xüsusi müsadirənin təmini tədbiri kimi CPM-in XXXII fəsillinin normalarına əməl edilməklə həmin əmlakın üzərinə həbs qoyula bilər.
Odur ki, CPM-in 248.2-ci maddəsinin “həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur” müddəası CM-in 99-1.3-cü maddəsi ilə yalnız təqsirləndirilən şəxsin və yaxud onun hərəkətlərinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin deyil, həm də digər vicdanlı əldə edən hesab edilməyən şəxslərin də adına rəsmiləşdirilmiş əmlakın müsadirəsinə yol verildiyi nəzərə alınmaqla təfsir edilməlidir.
Belə hallarda CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı əldə edən şəxsin vicdanlı alıcı olub-olmaması CPM-in 139, 146-cı maddələrinin mənasına görə sübut etmə predmetinə aid olan mühüm əhəmiyyətli məsələ olduğundan, həmin şəxsin özünün cinayət prosesində dindirilməsi də daxil olmaqla baxılan məsələ kontekstində zəruri olan digər sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır.
83. Müsadirə məsələsi həll olunarkən məhkəmələr onu nəzərə almalıdırlar ki, CM-in 99-3-cü maddəsi müsadirə edilən əmlak hesabına ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsini, yalnız bundan sonra əmlakın qalan hissəsinin dövlət nəfinə alınmasını tələb edir.
Odur ki, xüsusi müsadirə tətbiq edildiyi və əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsi zəruri olduğu hallarda buna dair göstəriş aydınlığı ilə məhkəmənin yekun qərarının nəticəvi hissəsində, bunun əsaslandırılması isə yekun qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilməlidir.
84. CPM-in 132.1.4-cü maddəsində nəzərdə tutulmuş cinayət işi üzrə maddi sübut qismində tanınmış mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla), mülki dövriyyədən çıxarılmış əmlak barəsində onların CM-in 99-1.1-ci maddəsində göstərilən əmlak növlərinə aid olub-olmamasından asılı olmayaraq xüsusi müsadirə tətbiq olunmamalı, hökmdə, digər yekun qərarda həmin predmetlərin müvafiq təşkilatlara verilməsi, dəyəri olmadıqda isə məhv edilməsi haqqında qərar qəbul edilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin hökmünün xüsusiyyətləri
85. Apellyasiya icraatının apellyasiya müraciətinin məhkəməyə daxil olduğu andan, xüsusilə apellyasiya müraciətlərinə ilkin baxılması üzrə məhkəmə iclasının cinayət-prosessual normaların tələblərinə uyğun olaraq həyata keçirilməsi məhkəmə baxışında apellyasiya müraciətlərinin düzgün həll edilməsi, o cümlədən apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuni və əsaslı olması üçün başlıca şərtlərdəndir.
Apellyasiya instansiyası məhkəməsi sübutların bilavasitə tədqiq edilməsinin mümkün olduğu, faktların yenidən müəyyən edilə bildiyi sonuncu məhkəmə instansiyası olduğundan, məhkəmə tərəfindən məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla, o cümlədən əlavə sübutlar tədqiq edilməklə keçirilməsinə zərurətin olub-olmaması məsələsi apellyasiya müraciətlərinə ilkin baxılması zamanı mütləq şəkildə araşdırılmalı, cinayət prosesi iştirakçılarının tam və ya qismən məhkəmə istintaqının keçirilməsi barədə vəsatətlərinə baxılmalı, belə vəsatətlər rədd edildikdə məhkəmə qərarı vəsatətə əsaslandırılmış cavabı əks etdirməlidir.
Avropa Konvensiyasının 6-cı maddəsi nöqteyi-nəzərindən də (Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiyaya qarşı” işi (Kuznetsov and Others v. Russia), № 184/02, üzrə 2007-ci il 11 yanvar tarixli qərarının 83-cü bəndində və bir sıra başqa qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə) “Əsaslandırılmış qərarın funksiyalarından biri – tərəflərə onların dəlillərinin eşidildiyini nümayiş etdirməkdir... Ədalət mühakiməsinin həyata keçirilməsinə ictimai nəzarət yalnız əsaslandırılmış qərarlar vasitəsilə yerinə yetirilə bilər”.
86. CPM-in 392.3-cü maddəsinə görə “birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər”.
Apellyasiya baxışında yeni sübutların tədqiq edilməsini isə cinayət-prosessual qanunun 397.3-cü maddəsi aşağıdakı əsaslarla şərtləndirmişdir:
cinayət prosesinin iştirakçıları yeni sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsini onlardan asılı olmayan səbəblərlə əsaslandırdıqda (maddə 397.3.1);
birinci instansiya məhkəməsi bu sübutların tədqiqini obyektiv səbəb olmadan rədd etdikdə (maddə 397.3.2).
Odur ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla və yaxud aparılmamaqla keçirilməsi üzrə məsələni həll edilərkən birinci instansiya məhkəməsində aparılmış araşdırmanın natamam olub-olmamasına, aparılmış araşdırma natamam olmaqla məhkəmənin gəldiyi nəticələrin qəbul edilməsi üçün kifayət etmədikdə natamamlığın aradan qaldırılması üçün yeni sübutların tədqiq edilməsinə zərurətin olub-olmamasına əhəmiyyət verməlidir.
Nəzərə almaq lazımdır ki, cinayət-prosessual qanunla apellyasiya instansiyası məhkəməsində məhkəmə istintaqının aparılıb-aparılmaması üzrə məsələnin həllinin apellyasiya müraciətlərinə ilkin baxıldığı mərhələyə aid edilməsi, məhkəmə istintaqının keçirilməsi üçün əsaslar məhkəmə baxışında ortaya çıxdıqda, ilkin baxış iclasının qərarında məhkəmə istintaqının keçirilməsinin nəzərdə tutulmamasına baxmayaraq tam və ya qismən məhkəmə istintaqının keçirilməsi haqqında qərarın məhkəmə baxışında qəbul edilməsinin qarşısını almır.
87. Apellyasiya instansiyası məhkəməsində məhkəmə istintaqının aparılmasına və əlavə sübutların tədqiq edilməsinə zərurətin olub-olmaması məsələsi həll edilərkən bu məsələləri tənzimləyən cinayət-prosessual normalarla yanaşı Avropa Məhkəməsinin hüquqi mövqeyi də nəzərdən qaçırılmamalıdır.
Avropa Məhkəməsinin apellyasiya baxışında araşdırmanın həcmi, xüsusilə də faktların və sübutların yenidən araşdırılması (Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin apellyasiya icraatına tətbiqi) barədə hüquqi mövqeyi onun “Ekbatani İsveçə qarşı” işi (Ekbatani v. Sweden, № 10563/83, 26 may 1988-ci il) üzrə qərarında və bir sıra başqa qərarlarda əksini tapmışdır.
Həmin qərarda Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin pozuntusunu müəyyən edərkən xüsusilə ona əsaslanmışdır ki, apellyasiya məhkəməsi həm fakt, həm də hüquq üzrə məsələlərə baxmaq vəzifəsini daşıyırdı, onun qarşısında mübahisələndirilən əsas məsələ isə ərizəçinin cinayətdə təqsirli bilinməsi idi. Bu səbəbdən həmin məsələ ərizəçinin özünün, eləcə də zərər çəkmiş şəxsin ifadələri bilavasitə tədqiq edilmədən düzgün həll edilə bilməzdi.
“Sibqatullin Rusiyaya qarşı” iş üzrə (Sibgatullin v. Russia, № 32165/02, 23 aprel 2009-cu il) qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, “İşlərə faktlar və hüquq üzrə yenidən baxıldığı apellyasiya icraatı ilə əlaqədar olaraq 6-cı maddə heç də həmişə işə açıq məhkəmə iclasında baxılması hüququnun, hətta şəxsin məhkəmə iclasında iştirak etmək hüququnun təmin olunmasını tələb etmir. ... Bu məsələnin həlli zamanı, digər hallarla bərabər, konkret baxışın xüsusiyyətlərinə, habelə apellyasiya məhkəməsində onun həll etməli olduğu məsələlərin xarakteri və ərizəçi üçün əhəmiyyəti xüsusi olaraq nəzərə alınmaqla ərizəçinin maraqlarının təmsil olunması və müdafiəsi qaydasına diqqət yetirilməlidir ... Misal üçün, apellyasiya məhkəməsi şəxsin təqsirli olub-olmaması məsələsini tam araşdırmalıdırsa, həmin məsələnin həll edilməsi təqsirləndirilən şəxsin ona istinad edilən cinayət törətmədiyini əsaslandırmaq üçün təqdim etdiyi sübutları bilavasitə qiymətləndirmədən mümkün deyil”.
Eyni mövqe Avropa Məhkəməsinin “Dondarini San Marinoya qarşı” (Dondarini vş San Marino, № 50545/99, 6 iyul 2004-cü il, § 27), “Sevastyanov Rusiyaya qarşı” (Sevastyanov v. Russia, № 37024/02, 22 aprel 2010-cu il, § 71), “Nefedov Rusiyaya qarşı” (Nefedov v. Russia, № 40962/04, 13 mart 2012-ci il, § 38) işləri üzrə qərarlarında müdafiə olunmuşdur.
Odur ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktların, təqsirlilik üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin mübahisələndirildiyi apellyasiya şikayətlərinə ilkin baxılması zamanı məhkəmə istintaqının keçirilməsinə zərurətin olub-olmaması məsələsi Avropa Məhkəməsinin hüquqi mövqeyi də nəzərə alınmaqla xüsusilə araşdırılmalıdır.
88. Apellyasiya instansiyası məhkəməsinin hökmü CPM-in 398.2-ci maddəsinə əsasən həmin Məcəllənin 353-cü maddəsinin tələblərinə uyğun olmalıdır.
Lakin nəzərə almaq lazımdır ki, apellyasiya icraatı birinci instansiya məhkəməsinin hökmündən və digər yekun qərarından verilmiş apellyasiya müraciətlərinə baxılmasını, bu müraciətlərdə irəli sürülən dəlillərin araşdırılmasını, mahiyyət etibarı ilə həmin hökm və qərarların yoxlanılmasını ehtiva etdiyi üçün apellyasiya baxışı nəticəsində çıxarılan hökm bundan irəli gələn xüsusiyyətləri də əks etdirməlidir.
Odur ki, apellyasiya instansiyası məhkəməsinin hökmünün giriş hissəsi hansı apellyasiya müraciəti əsasında işə (materiala) baxılmasını, təsviri-əsaslandırıcı hissəsi apellyasiya müraciətlərinin dəlillərini və həmin dəlillər üzrə məhkəmə qənaətinin əsaslandırılmasını, nəticəvi hissəsi isə birinci instansiya məhkəməsinin hökmünün, digər yekun qərarının ləğv edilməsi və hansı apellyasiya müraciətinin təmin edilməsi, hansının isə rədd edilməsinə dair nəticələri də əks etdirməlidir.
89. Apellyasiya müraciətinin qismən təmin edilməsi və birinci instansiya məhkəməsinin hökmünün müəyyən hissədə ləğv edilməsi və həmin hissədə yeni hökmün çıxarılması, digər hissələrdə isə hökmün dəyişdirilmədən saxlanılması və yaxud dəyişdirilməsi üçün əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsinin hökmü həm hökmə, həm də apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasına və yaxud dəyişdirilməsinə dair apellyasiya instansiyası məhkəməsinin digər yekun qərarına xas olan xüsusiyyətləri təsviri-əsaslandırıcı və nəticəvi hissələrdə nəzərdə tutmalıdır.
Məsələn, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin hökmündən əməlin əsassız olaraq ittiham aktında göstərilən Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən 126.1-ci maddəsinə tövsif edilməsi ilə əlaqədar dövlət ittihamçısının apellyasiya protestinə və təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibi olmadığı halda CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair müdafiəçinin apellyasiya şikayətinə baxılması nəticəsində apellyasiya məhkəməsi apellyasiya protestinin əsaslı, apellyasiya şikayətinin isə əsassız olması haqqında nəticəyə gələrsə, bu halda CPM-in 405.1.4-cü maddəsinin mənasına görə hökm çıxarmalı olduğu üçün qəbul edilən yekun qərar şəxsin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair hökm formasında olmalı və bununla yanaşı, apellyasiya məhkəməsinin yekun qərarı hər bir apellyasiya müraciəti üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələri əks etdirməli olduğundan, hökmün nəticəvi hissəsində həm də müdafiəçinin apellyasiya şikayətinin təmin edilməməsinə, şəxsin CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməsi və cəzalandırılması hissəsində birinci instansiya məhkəməsinin hökmününün dəyişdirilmədən saxlanılmasına dair qərarlar (təsviri-əsaslandırıcı hissəsində isə bu qərarların əsaslandırılması) öz əksini tapmalıdır.
90. Həmçinin, apellyasiya icraatının xüsusiyyətləri apellyasiya instansiyası məhkəməsinin bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində irəli sürülmüş ittihamın mahiyyətinin və birinci instansiya məhkəməsinin ittiham hökmündə, digər yekun qərarda müəyyən edilmiş sayılan cinayətin təsvirinin verilməsi ilə yanaşı, apellyasiya məhkəməsinin özünün müəyyən etdiyi bəraətin verilməsinə əsas olmuş halların, ittiham tərəfinin gətirdiyi və yaxud birinci instansiya məhkəməsinin ittiham hökmündə, digər yekun qərarında əsaslandığı sübutların rədd edilməsinin motivlərinin göstərilməsini tələb edir.
Apellyasiya instansiyası məhkəməsinin bəraət hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsə bəraətin verilməsi ilə yanaşı, birinci instansiya məhkəməsinin ittiham hökmünün, digər yekun qərarının ləğv edilməsinə dair qərar verilməlidir.
91. Apellyasiya instansiyası məhkəməsinin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində irəli sürülmüş ittihamın mahiyyəti və birinci instansiya məhkəməsinin hökmündə, digər yekun qərarında müəyyən edilmiş şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) təsviri, apellyasiya məhkəməsinin özünün müəyyən olunmuş saydığı cinayət əməlinin təsviri, cinayət prosesi tərəflərinin təqdim etdikləri və yaxud birinci instansiya məhkəməsinin hökmündə istinad olunmuş sübutların qəbul və yaxud rədd edilməsinin motivləri, nəticəvi hissəsində birinci instansiya məhkəməsinin hökmünün, digər qərarın ləğv edilməsi haqqında qərarla yanaşı təqsirləndirilən şəxsin təqsirli bilinməsinə dair qərar, habelə bundan irəli gələn digər qərarlar verilməlidir.
92. Nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsinin istər hökmü, istərsə də digər yekun qərarı olsun, məhkəmə aktının qanuniliyi və əsaslılığı meyarları ilə ehtiva olunan tələblərə cavab verməli, apellyasiya müraciətlərinə məhkəmənin adekvat cavabını əks etdirməlidir.
CPM-in 353.2.2-ci maddəsinin tələbləri ilə uzlaşan Avropa Məhkəməsinin bir sıra (məs. “Moreira Ferreira Portuqaliyaya qarşı” (Moreira Ferreira v. Portugal, № 19867/12, 11 iyul 2017-ci il) qərarlarında təkrarladığı yanaşmasına görə də, məhkəmə qərarlarında həmin qərarların əsasları adekvat şəkildə göstərilməlidir. Şikayətçinin hər bir arqumentinə cavab verilməsi tələb olunmasa belə, bu öhdəlik məhkəmə prosesində iştirak edən tərəflərin məhkəmə prosesinin nəticəsi üçün həlledici olan arqumentlərə konkret və aydın cavab alacağını gözlədiklərini nəzərdə tutur.
93. Bu qərarın qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 1996-cı il 27 dekabr tarixli, 4 saylı qərarı qüvvəsini itirmiş hesab edilsin.
Azərbaycan Respublikası
Ali Məhkəməsinin sədri: Ramiz Rzayev
Göstərilən platformalarda paylaş: