ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Məhkəmələr tərəfindən cəza təyin etməyin ümumi prinsiplərinin tətbiq olunması təcrübəsi haqqında

30.12.1997, 12:35
Məhkəmələr tərəfindən cəza təyin etməyin ümumi prinsiplərinin tətbiq olunması təcrübəsi haqqında
Məhkəmələr tərəfindən cəza təyin etməyin ümumi prinsiplərinin tətbiq olunması təcrübəsi haqqında

PDF Word

MƏHKƏMƏLƏR TƏRƏFİNDƏN CƏZA TƏYİN ETMƏNİN ÜMUMİ PRİNSİPLƏRİNİN TƏTBİQ OLUNMASI TƏCRÜBƏSİ HAQQINDA
 
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1997-ci il 30 dekabr tarixli 3№-li
 
QƏRARI
 
Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa,təqsirsiz sayılır. Bununla Konstitusiyanın həmin müddəası cinayəti törətməkdə təqsirli hesab edilmiş şəxs barəsində ədalətli cəza tədbirinin tətbiq edilməsinə görə məsuliyyəti hökmü çıxaran məhkəmənin üzərinə qoymuşdur.
 
Qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır.
 
Azərbaycan Respublikası cinayət qanunvericiliyi ağır cinayətlər törətmiş, əvvəllər məhkum edilmiş şəxslərə ciddi cəzalar təyin edilməsi, eyni zamanda ilk dəfə az təhlükəli cinayət etmiş və cəmiiyyətdən təcrid olunmadan islah oluna bilən şəxslərə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalar təyin edilməsi üçün məhkəmələrə cəza təyininə diferensial yanaşmanı həyata keçirmək üçün böyük imkanlar yaradır.
 
Qanunvericilik törədilmiş cinayətlərə görə məsuliyyət nəzərdə tutan qanun maddəsinin sanksiyası həddində cəza təyin olunmasının ümumi qaydalarını müəyyən etməklə yanaşı, bəzi hallarda həmin cinayətə görə, qanunda nəzərdə tutulduğundan da daha yüngül cəza təyin edilməsinə, şərti məhkumluğun tətbiqinə, hökmün icrasının təxirə salınmasına, eləcə də cinayət məsuliyyətindən və cəzadan azad etməyə yol verir.
 
Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi göstərir ki, məhkəmələr cəza növünü əsasən düzgün təyin edirlər. Bununla bərabər,məhkəmələr bəzən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, müttəhimin şəxsiyyətini, işin vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla cəzanın fərdiləşdirilməsi haqqında qanunun tələblərinə əməl etmirlər.
 
Bir sıra hallarda residivistlərə və ağır cinayət əməli törətmiş şəxslərə əsassız olaraq yüngül cəzalar təyin edilir. Bununla yanaşı, məhkəmələr cəmiyyətdən təcrid edilmədən islah olunması və yenidən tərbiyə edilməsi mümkün olan şəxslər barəsində kifayət qədər əsas olmadan azadlıqdan məhrumetmə növündə cəzalar təyin edirlər.
 
Bəzi məhkəmələr müttəhimin şəxsiyyəti haqqında olan məlmatları kifayət qədər tam araşdırmır. Halbuki həmin məlumatlar düzgün cəza təyin edilməsi, bəzi hallarda isə şəxsin cəza təyin edilməsindən islah olunması və yenidən tərbiyə olunmasının mümkünlüyünün müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
 
Müttəhim barəsində bu və ya digər cəzanın seçilməsinin motivi hökmlərdə heç də həmişə əsaslandırılmır.
 
Cinayət işlərinin kassasiya və nəzarət baxışı zamanı məhkəmələr tərəfindən yol verilmiş nöqsanlar vaxtında aradan qaldırılmır, bəzən isə birinci instansiya məhkəmələrinə cəza təyin edilməsindən qanuna uyğun olmayan istiqamətlər verilir.
 
Mövcud nöqsanların aradan qaldırılması və qanunun tələblərinə ciddi əməl edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
 
QƏRARA ALIR:
 
1. Məhkəmələr edilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan qanunun maddəsi ilə müəyyən olunmuş həddə cəza təyin edərkən nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, qanunlara dürüst əməl etmə, ümumi davranış qaydalarına hörmət etmə ruhunda tərbiyələndirmə, habelə həm məhkuumlar tərəfindən, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
 
Cəza cismini əzab vermə və ya insan ləyaqətini alçaltma məqsədi daşımır.
 
Məhkəmələr ağır cinayət törətmiş, əvvəllər məhkum olunmuş şəxslərə qanunda nəzərdə tutulmuş ciddi cəza tədbirlərinin tətbiq olunmasını təmin etməlidirlər. Bununla yanaşı, az təhlükəli cinayətlər törətmiş və cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün olan şəxslərə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların təyin edilməsi üçün qanunun bütün imkanlarından istifadə olunmalıdır.
 
2. Məhkəmələrin diqqəti baş vermiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, təqsirkarın şəxsiyyəti və işin halları, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla cəzanın təyin olunmmasını fərdi yanaşmaq haqqında qanunun tələblərinə dönmədən əməl edilməsinin zəruriliyinə cəlb edilsin.
 
Cinayətin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmusu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s.) nəzərə alınmalıdır.
 
3. Müttəhimin şəxsiyyəti haqqında məlumatların cəza növünün və həddinin müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələr bu məlumatları hərtərəfli, tam və obyektiv təhqiq etməlidirlər. Xüsusilə müttəhimin əməyə, təhsilə, ictimai vəzifəyə münasibətinin aydınlaşdırılması, onun məişətdə davranışı, əmək qabiliyyətliliyi, səhhəti, ailə vəziyyəti, məhkumluğu haqqında məlumatların təhqiq olunması vacibdir.
 
İş üzrə müəyyən olunmuş müttəhimi mənfi cəhətdən xarakterizə edən məlumatlar (spirtli içkilərdən sui-istifadlə etmə, ailəyə, işə pis münasibət, ictimai qaydanı və birgəyaşayış qaydalarını pozma və s.) təqsirli bilmənin şəxsiyyətinə aid olduğu üçün onlar Azərbaycan Respublikası CM-nin 37-ci maddəsində sadalanan məsuliyyəti ağırlaşdıran hallar kimi deyil, şəxsiyyəti xarakterizə edən məlumatlar kimi cəza təyini zamanı nəzərə alınmalıdır.
 
Müttəhimin şəxsiyyətini xarakterizə edən məlumatlar kifayət qədər olmadıqda və bunu məhkəmə iclasında tamamlamaq mümkün olmadıqda, iş təhqiqatın və ya ibtidai istintaqın natamamlığı motivi ilə əlavə istintaqa qaytarıla bilər.
 
4. Qanunun tələbinə görə məhkəmələr məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları aydınlaşdırmağa borcludur və onlar təqsirkara cəza təyin edilərkən nəzərə alınmaqla hökmdə göstərilməlidir.
 
Qanunda nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və yaxud ağırlaşdıran bu və ya digər hal Cinayət Məcəlləsinin xüsusi hissəsi maddəsinin dispozisiyasında cinayətin əlamətlərindən biri kimi göstərilmişdirsə, həmin hal bu cinayətə görə cəza təyin edilərkən əlavə olaraq məsuliyyəti yüngülləşdirən və yaxud ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
 
5. Sərxoş halda olan şəxs tərəfindən cinayət törədilməsi o vaxt məsuliyyəti ağırlaşdıran hal kimi qəbul edilə bilər ki, həmin vəziyyət alkoqolun və ya narkotik vasitənin istehlak edilməsi nəticəsində baş vermiş olsun.
 
Qanuna görə, məhkəmə cinayətin xarakterindən asılı olaraq, sərxoşluq vəziyyətini ağırlaşdırıcı hal hesab etmədiyi halda bu məsələni həll edərkən cinayət hərəkətini öz xarakterinə görə təqsirkarın sərxoşluğu ilə əlaqədar olub-olmaması, eləcə də şəxsin belə vəziyyətə düşdüyü şəraiti (yetkinlik yaşına çatmayanın yaşlı şəxs tərəfindən sərxoşluq vəziyyətinə gətirilməsi və s.) hərtərəfli araşdırmalı və nəzərə almalıdır.
 
6. Cinayətin əvvəllər hər hansı cinayət etmiş şəxs tərəfindən törədilməsi, birinci cinayətə cəlb etmə müddəti keçdikdə, qanunla müəyyən olunmuş qaydada məhkumluq götürüldükdə və ya ödənildikdə, yaxud əməlin cinayət və cəzalanmalı olmasını aradan qaldıran qanun olduqda, eləcə də əvvəllər etdiyi cinayətə görə şəxs Azərbaycan Respublikası CM-nin 46-cı maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edildikdə məsuliyyəti ağırlaşdıran hal kimi qəbul edilə bilməz.
 
7. Azərbaycan Respublikası CM-nin 40-cı maddəsinə uyğun olaraq qanunda nəzərdə tutulduğundan daha yüngül cəza yalnız işin müstəsna vəziyyəti və təqsirkarın şəxsiyyətinə aid olan məlumatlar birlikdə nəzərə alınmaqla təyin edilə bilər. Bu zaman cinayətin ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan hallar (o cümlədən qanunda nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar) müstəsna hal kimi qəbul edilə bilər. Məhkəmə tərəfindən göstərilən qaydada müəyyən olunmuş cəzanın həddi bu növ cəzalar üçün qanunda nəzərdə tutulmuş minimum həddən aşağı ola bilməz.
 
Məhkəmə təqsirli şəxsə etdiyi cinayət üçün qanunda müəyyən edilmiş aşağı həddən də az cəza təyin edərkən, yaxud başqa daha yüngül cəza növünə keçərkən hər bir halda iş üzrə müəyyən olunmuş məhz hansı halların müstəsna hal kimi qəbul edilib müttəhimin şəxsiyyəti haqqında məlumatlarla birlikdə Azərbaycan Respublikası CM-nin 40-cı maddəsinin tətbiqi üçün əsas kimi götürüldüyünü hökmün təsviri hissəsində göstərməlidir.
 
Bir neçə cinayət etməkdə təqsirli bilinmiş şəxsə qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin edərkən məhkəmə onlardan biri və ayrı-ayrılıqda hər biri üzrə belə cəza təyin etdikdən sonra Azərbaycan Respublikası CM-nin 38-ci maddəsinin qaydalarına əsasən qəti cəza təyin etməlidir.
 
8. Məhkəmələrin nəzərinə çatdırılsın ki, şəxsin təqsirli bilindiyi qanunun sanksiyasında azadlıqdan məhrum etməklə yanaşı daha yüngül cəza növü nəzərdə tutulduuğu hallarda hökm çıxarılarkən azadlıqdan məhrum etməklə əlaqədar cinayətin cəzaların (islah işləri, cərimə və s.) tətbiqi haqqında məsələ müzakirə olunmalıdır.
 
Belə vəziyyətdə məhkəmə işin konkret hallarından, təqsirkarın şəxsiyyəti haqqında məlumatlardan asılı olaraq, başqa növ cəzaların tətbiqinin mümkün olmadığı nəticəsinə gəldikdə azadlıqdan məhrum etmə, o cümlədən qısa müddətə azadlıqdan məhrum etmə cəzasını təyin edə bilər.
 
9. Məhkəmələr təqsirli şəxslərin şərti məhkum olunmaları barədə onların iş yenldiəri üzrə əmək kollektivlərindən və yaxud ictimai təşkilatlardan daxil olmuş vəsatətləri diqqətlə araşdırmalı,eləcə də şərti məhkum olunanların bu təşkilatlara və əmək kollektivlərinə yenidən tərbiyə və isldah olunmaları üçün verilməsi məsələsini müzakirə etməlidirlər.
 
Məhkumların şərti cəzaya məhkum olunmaqla ictimai təşkilatların və əmək kollektivlərinin vəsatətləri üzrə yenidən tərbiyə və islah olunmaqla verilməsi işə kassasiya və ya nəzarət qaydasında baxıldıqda da tətbiq oluna bilər.
 
10. Məhkəmələr əməli böyük ictimai təhlükə törətməyə cinayətlər etmiş şəxslərin cinayət cəzası tətbiq edilmədən islah olunması və yenidən tərbiyə olunmasının mümkünlüyü məsələsini müzakirə etməli və əsaslar olduqda belə şəxsləri Azərbaycan Respublikası CM-nin 46-cı maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etməlidirlər.
 
Məhkəmələr nəzərə almalıdırlar ki,Azərbaycan Respublikası CM-nin 7-1-ci maddəsinin 2-ci hissəsində sadalanan cinayətlər böyük ictimai təhlükə törətməyə cinayətlər hesab oluna bilməzlər.
 
11. Azərbaycan Respublikası CPM-nin 334-cü maddəsinə əsasən hökmün təsviri hissəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, müttəhimin cəzadan azad edilməsinin səbəbləri, hökmün icrasının təxirə salınması ilə əlaqədar məsələnin həlli, şərti məhkumetmənin tətbiqi, qanunda nəhərdə tutulduğundan daha yüngül cəzanın təyin olunması, zəruri hallarda isə məhkəmənin seçdiyi bu və ya digər cəzanın növü və həddinin motivi öz əksini tapmalıdır.
 
12. Kassasiya və nəzarət qaydasında işə baxan məhkəmələrə tapşırılsın ki, hökm çıxararkən cəza təyin etmənin ümumi prinsiplərinə əməl olunması, təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğunluğunu, cəza tədbiri haqqında qərarın hökmdə ifadə edilmə qaydalarını nizama salan cinayət-prosessual normaların tələblərinə əməl olunmasını və işin konkret hallarını hərtərəfli araşdırsınlar. Yuxarı məhkəmələr birinci instansiya məhkəmələri tərəfindən cəza təyini zamanı yol verilmiş nöqsan və qanun pozuntularını vaxtında aşkar etməli, onların aradan qaldırılması üçün tədbir görməlidirlər.
 
Kassasiya və nəzarət instansiyası məhkəmələri, ittihamın həcmi, cinayətin baş verməsində məhkumun iştirakının dərəcəsi və yaxud təqsirin forması, məsuliyyəti ağırlaşdıran halların olması ilə əlaqədar birinci istansiya məhkəməsinin nəticəsini düzgün hesab etməyib, hökmdə dəyişiklik etdikdə (məsələn, ittiham epizodunun, yaxud bir və ya bir neçə ağırlaşdırıcı halın xaric edilməsi, şəxsin cinayətin bir iştirakçısı deyil, köməkçisi hesab olunması əməldə sui-qəsd deyil, cinayətə hazırlığın əlamətlərinin olması) məhkuma təyin olunmuş cəzanın aşağı salınması məsələsini müzakirə etməli, hökmü dəyişqdirilmədən saxladıqda bunun səbəblərini göstərməlidir.
 
13. Hazırkı qərarın qəbul edilməsi ilə əlaqədar olaraq SSRİ Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cəza təyininin ümumi əsaslarının tətbiq edilməsi təcrübəsi haqqında» 1979-cu il 29 iyun tarixli 3 saylı qərarı Azərbaycan Respublikası ərazisində, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «SSRİ Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cəza təyininin ümumi əsaslarının tətbiq edilməsi təcrübəsi haqqında» 1979-cu il 29 iyun tarixli qərarının respublika məhkəmələri tərəfindən yerinə yetirilməsi barədə» 26 may 1982-ci il tarixli 4 saylı və «SSRİ Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cəza təyininin ümumi əsaslarının tətbiq edilməsi təcrübəsi haqqında» 1979-cu il 29 iyun tarixli 3 saylı qərarının və həmin məsələyə dair Azərbycan SSR Ali Məhkəməsti Plenumunun 26 may 1982-ci il tarixli 4 saylı qərarının respublika məhkəmələri tərəfindən yerinə yetirilməsi barədə» Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun 30 sentyabr 1987-ci il tarixli 3 saylı qərarları qüvvədən düşmüş hesab edilsin.