«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi haqqında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması barədə
23.03.2004, 12:35«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi haqqında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması barədə
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
QƏRARI
«23» mart 2004-cü il
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qeyd edir ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli qanununun hakimlərin sosial müdafiəsindən bəhs edən 107 və 109-cu maddələrinin tətbiqində müəyyən çətinliklərlə üzləşilir.
Qanunun 107-ci maddəsində müəyyən edilmişdir ki, səlahiyyət müddəti 10 il olan hakimlərə hər il 40 təqvim günü, səlahiyyət müddəti 5 il olan hakimlərə isə 36 təqvimi günü müddətində məzuniyyət verilir. Səlahiyyət müddəti 10 il olan hakimlərə məzuniyyətə çıxdığı vaxt 2 aylıq vəzifə maaşı, səlahiyyət müddəti 5 il olan hakimlərə isə aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir.
Göründüyü kimi səlahiyyət müddəti 5 il olan hakimlərə 36 günlük məzuniyyət verildiyi halda onlara cəmi 30 gün üçün əmək haqqı verilir. Bu məntiqə, əmək qanunvericiliyinə və məzuniyyətin ödənişli olması barədə Konstitusiyanın 37-ci maddəsinin tələblərinə ziddir. Şəxsə məzuniyyətdə olduğu bütün günlər üçün əmək haqqı ödənilməlidir.
Plenum həmçinin qeyd edir ki, müxtəlif instansiya məhkəmələrində işləyən hakimlərə fərqli məzuniyyət haqqı verilməsi anlaşılan deyildir. Daha doğrusu məzuniyyətə çıxan bütün hakimlərə 2 aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilməsi məqsədəuyğundur. Qeyd etmək lazımdır ki, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunda məzuniyyətə çıxan bütün prokurorluq işçilərinə 2 aylıq əmək haqqı məbləğində pul təminatı verilməsi nəzərdə tutulmuşdur (maddə 20).
Plenum qeyd edir ki, əmək pensiyaları təyin edilərkən əsas göstəricilərdən biri də pensiya yaşına çatmış şəxsin müəyyən əmək stacına malik olmasıdır. Adı çəkilən qanunda isə hakimlərin pensiya almaq hüququ əldə etmələri üçün stac nəzərdə tutulmamışdır. Nəticədə oxşar kateqoriyadan olan işçilərdən (prokurorluq, polis, Müdafiə, Milli Təhlükəsizlik Nazirliyi və s.) fərqli olaraq hakimlərə pensiya təyin edilərkən onların az və ya çox hakimlik stacına malik olmaları heç bir əhəmiyyət kəsb etmir. Bunu isə normal hal hesab etmək olmaz.
Hesab edirik ki, qanunda hakim kimi pensiya alası şəxsin ən azı 10 il hakimlik stacına malik olmasının nəzərdə tutulması ədalətli olardı.
Qanunun 109-cu maddəsinin beşinci hissəsinə görə yalnız səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlər pensiya ala bilərlər. Başqa sözlə desək pensiya yaşına çatsa da işləyən hakimin səlahiyyət müddəti qurtarmamışsa o, pensiya almaq hüququna malik deyil. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin üçüncü hissəsinə ziddir. Orada deyilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda sosial təminat hüququna malikdir.
Nəhayət 109-cu maddəsinin altıncı hissəsində deyilir ki, «bu Qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərə də maddənin beşinci hissəsinin müddəaları şamil edilir».
Maddənin bu hissəsindəki «həmin vaxt» sözləri uzun illər (hətta 20-30 il müddətində) hakim işləmiş, hazırda pensiya yaşında olan vətəndaşları hakim kimi pensiya almaq hüququndan məhrum etmişdir. Çünki, əvvəlki illərdə pensiya yaşına çatmış bir çox hakimlər səlahiyyət müddəti qurtardığına görə yenidən seçilməmişlər. Az sonra onlar pensiya yaşına çatsalar da uzun illər hakimlik stacına malik olmalarına baxmayaraq pensiya ala bilmirlər.
Ali Məhkəmənin Plenumu hesab edir ki, həmin məsələlərin nizama salınması üçün Azərbaycan Respublikası Milli Məclisinə qanun layihəsi təqdim edilməlidir.
Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsini və «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli Qanununun 79-cu maddəsini rəhbər tutaraq
QƏRARA ALIR:
«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 107 və 109-cu maddələrinə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisi qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılsın.
Milli Məclisə müvafiq qanun layihəsi təqdim edilsin.
S.C.HƏSƏNOVA
Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri
Göstərilən platformalarda paylaş: