Mərkəzi və Şərqi Avropa ölkələri Ali Məhkəmə sədrlərinin konfransı keçirilmişdir
30.11.2020, 14:0030 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsi və “CEELI Institute”-nun birgə təşkilatçılığı ilə Mərkəzi və Şərqi Avropa ölkələri Ali Məhkəmə sədrlərinin “Pandemiya dövründə məhkəmə fəaliyyətinin idarə edilməsi” mövzusunda videoformatda konfrans keçirilmişdir.
Konfransın keçirilməsində əsas məqsəd pandemiya dövründə məhkəmələrin xüsusi rejim şəraitində fəaliyyətinin təşkili ilə bağlı müzakirələr aparmaq, məhkəmələrin üzləşdiyi mövcud problemlərin həlli və müasir informasiya texnologiya və innovasiyaların tətbiqi barədə təcrübələri paylaşmaq olmuşdur.
Konfransın açılış mərasimində iştirakçıları salamlayan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev, Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları irəli sürən Ermənistanın 90-cı illərin əvvəllərində hərbi təcavüzə başladığını və Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirərək Dağlıq Qarabağı və ətraf yeddi rayonunu işğal etdiyini, bunun nəticəsində bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini bildirmişdir.
Ali Məhkəmənin sədri qeyd etmişdir ki, Ermənistan 30 ilə yaxındır ki, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnamələrinə və digər aparıcı beynəlxalq təşkilatlarının qərarlarına məhəl qoymayaraq işğalda saxladığı torpaqlarımızı azad etməmişdir. 1994-cü ildə atəşkəs rejiminə nail olduqdan sonra münaqişənin sülh yolu ilə həlli istiqamətində vasitəçilik missiyası – ATƏT-in Minsk Qrupuna həvalə edilmişdir. Lakin sülh danışıqlarında Ermənistan qeyri-konstruktiv mövqe sərgiləyərək münaqişənin sülh yolu ilə həllini uzatmış və ona sərf edən status-kvonu davam etdirmişdir.
30 il davam edən Ermənistan-Azərbaycan- Dağlıq Qarabağ münaqişəsinin pik həddi isə, 2020-ci ilin sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin hərbi mövqelərimizi və eləcə də yaşayış məntəqələrimizi və mülki əhalini qəsdən və məqsədyönlü şəkildə atəşə tutaraq təmas xətti boyunca Azərbaycana qarşı geniş miqyaslı hərbi kampaniyaya başlaması olmuşdur.
Ali Məhkəmə sədrlərinin diqqətinə çatdırılib ki, Ermənistan silahlı qüvvələri intensiv döyüşlər getdiyi dövrdə tərəflər arasında əldə edilmiş atəşkəs razılaşmalarını hər dəfə kobudcasına pozaraq münaqişə zonasından uzaqda yerləşən şəhərlərin sıx məskunlaşdığı əraziləri və orda məskunlaşan dinc əhalini qəsdən hədəfə almaqla beynəlxalq humanitar hüquq normalarında qadağan olunmuş kassetli və fosforlu bombalardan, ballistik raketlərdən istifadə edib. Mülki əhaliyə qarşı qəsdən və heç bir ayırım gözlənilmədən törədilən bu hücumlar beynəlxalq insan hüquqları təşkilatlarının yayımladığı hesabatlarda geniş şəkildə sənədləşdirilmişdir. Nəticədə 27-i qadın və 11-i uşaq daxil olmaqla 100-ə yaxın mülki şəxsin həlak olduğu və 400-dən çox insanın yaralandığı bildirilib. Mülki itkilərlə yanaşı, mülki infrastruktura ciddi şəkildə ziyan dəymişdir.
Buna cavab olaraq, Azərbaycan silahlı qüvvələri Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon üzərindəki beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etmək məqsədi ilə BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun olaraq özünümüdafiə hüququnun həyata keçirilməsi üçün əks-həmlə əməliyyatlarına başlamışdır. Əks-həmlə əməliyyatları nəticəsində, Azərbaycanın silahlı qüvvələri Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri də daxil olmaqla, çox sayda yaşayış məntəqələrini erməni işğalından azad etmişdir.
Doğma torpaqları uğrunda və yalnız öz ərazilərində vuruşan ordumuzun uğurlu əks-hücumu nəticəsində uzun illər ərzində işğal altında qalan şəhər və rayonların işğaldan azad olunmasını bildirən Ali Məhkəmənin sədri noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın baş nazirinin birgə imzaladığı işğal olunmuş ərazilərin geri qaytarılması, münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanatını iştirakçıların diqqətinə çatdırmışdır.
Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı görülən işlər barədə, məhkəmələrdə pandemiyaya qarşı zəruri profilaktik və qabaqlayıcı tədbirlərin görülməsi haqda konfrans iştirakçılarına məlumat vermişdir.
Eləcə də, konfransda müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin gücləndirilməsi prosesi, məhkəmə müstəqilliyi və şəffaflığı və ədalət mühakiməsinə əlçatanlıq mövzuları ətrafında fikir mübadiləsi aparılmışdır.
Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov müzakirə olunan mövzularla bağlı diskussiyalarda iştirak edərək ölkəmizdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son dövrlərdə məhkəmə-hüquq sistemində həyata keçirilən fundamental islahatlar barədə danışmış, eləcə də, COVID-19 qlobal pandemiyasının qanunun aliliyinə və ədalət mühakiməsinə təsirini, pandemiya dövründə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən görülən tədbirləri, xüsusi rejim şəraitində məhkəmələrin fəaliyyətinin təşkilini və vətəndaşların məhkəmələrə əlçatanlığının asanlaşdırılması məqsədilə müasir innovasiyaların tətbiqini iştirakçıların diqqətinə çatdırmışdır.
Konfransda Mərkəzi və Şərqi Avropa Ali Məhkəmə sədrləri pandemiya şəraitində öz ölkələrində məhkəmələrin üzləşdiyi problemlər, onların həlli və məhkəmələrə əlçatanlığının asanlaşdırılması məqsədilə tətbiq olunan müasir informasiya texnologiya və innovasiyalar haqda çıxış etmişlər.
Faydalı fikir mübadiləsi zamanı COVID-19 qlobal pandemiyası dövründə əldə olunmuş Azərbaycanın məhkəmə təcrübəsinə böyük maraq göstərilmişdir.
Göstərilən platformalarda paylaş: