ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

28.03.2016, 12:35
Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı
Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

PDF Word

Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

Q Ə R A R I

            28 mart 2016-cı il                                     № 8-2/2016                                                          Bakı şəhəri

            Cəmiyyətin əsas özəyi olan ailə, xüsusən də uşaqlar dövlət tərəfindən müdafiə edilir və dəstəklənir.

            Nikah, ailə həyatına hörmət hüququ, uşaq hüquqları milli qanunvericiliklə yanaşı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə də təsbit olunmuşdur. “İnsan hüquqlarının ümumi Bəyannaməsi”, “Mülki və siyası hüquqlar haqqında” Beynəlxalq Pakt, “İqtisadi, mədəni və sosial hüquqlar haqqında” Beynəlxalq Pakt, “Uşaq hüquqları haqqında” Konvensiya, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya nikah, ailə həyatına hörmət hüququ, uşaq hüquqları ilə bağlı müddəaları nəzərdə tutmaqla yanaşı, həmin hüquqların müdafiəsi ilə bağlı dövlətin pozitiv öhdəliklərini də müəyyənləşdirmişdir.

            “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs ailə həyatına hörmət hüququna malikdir. Bu hüquq yalnız həmin maddədə və qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda müdaxiləyə məruz qala bilər. Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar.

            Azərbaycan Respublikasının Konstitusiyasında da cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olması, ər ilə arvadın hüquqlarının bərabərliyi, uşaqların qayğısına qalmaq və onları tərbiyə etməyin valideynlərin borcu olması təsbit edilmişdir.

            Nikahın pozulması və yetkinlik yaşına çatmayan uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlər üzrə məhkəmə təcrübəsi Ali Məhkəmə tərəfindən öyrənilib ümumiləşdirilərkən müəyyən edilmişdir ki, məhkəmələr tərəfindən həmin işlərə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün baxılır, lakin bir sıra hallarda  Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsinin) nikahın pozulmasını, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalmasını, uşaqların saxlanılması üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulmasını nizama salan normalarının tətbiqi ilə bağlı nöqsanlara da yol verilir.

            Bu kateqoriyadan olan işlərə baxılarkən qanunvericiliyin düzgün tətbiqi və vahid məhkəmə təcrübəsinin yaradılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79, 80-ci maddələrini rəhbər tutaraq

Q Ə R A R A  A L I R:

1.     Məhkəmələrə izah edilsin ki, nikahın pozulması tələbinə dair iddia ərizəsi icraata qəbul edilərkən həmin ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: MPM-nin) 149, 150-ci maddələrinin tələblərinə uyğun tərtib olunmasına diqqət yetirilməlidir. İddia ərizəsində bir qayda olaraq aşağıdakılar göstərilməlidir: nikah nə zaman və harada qeydə alınmışdır; birgə uşaqlar varsa, onların yaşı (doğulduğu gün, ay, il); ər-arvad arasında uşaqların saxlanması və tərbiyəsi ilə bağlı razılaşma (saziş) əldə olunması; nikahın pozulmasına qarşılıqlı razılıq olmadığı halda nikahın pozulmasının səbəbi; nikahın pozulması haqqında iddia ilə birlikdə baxıla bilən digər tələbləri. İddia ərizəsinə nikah haqqında şəhadətnamə, uşaqların doğum haqqında şəhadətnamələrinin surətləri, ər-arvadın əmək haqqı və digər gəlirləri barədə sənədlər və iş üçün zəruri olan digər sübutlar əlavə edilir.

1.1. Hakimlər nikahın pozulması tələbinə dair iddia ərizəsini icraata qəbul edərkən nəzərə alsınlar ki, Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra bir il ərzində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Bu qayda uşağın ölü doğulduğu və ya bir yaşına çatanadək öldüyü hallara da şamil olunur. Nikahın pozulması tələbinə dair işə baxılmasına arvadın razılığı olmadıqda hakim iddia ərizəsini icraata qəbul etməkdən imtina edir, ərizə icraata götürülmüş olduğu halda isə işin icraatına xitam verir (MPM-nin 153.2.1, 261.0.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinin şərh edilməsinə dair” 16 oktyabr 2015-ci il tarixli qərarı). Ər nikahın pozulmasına arvadın razılığı olduğunu bildirərək iddia qaldırmışdırsa, bu razılığı təsdiq edən sübutu ərizəyə əlavə etməlidir. Həmin razılıq yazılı formada tərtib olunmuş ayrıca və ya birgə ərizədə ifadə oluna bilər.

1.2. Hakim iddia ərizəsini icraata qəbul etdikdən sonra MPM-nin XIV fəslində nəzərdə tutulmuş qaydada işin məhkəmədə baxılmağa hazırlanması üzrə hərəkətləri həyata keçirməlidir.

2.     Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı olduqda nikahın pozulması onlar arasında ümumi birgə əmlakın bölgüsü və yaxud əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsait ödənilməsi ilə bağlı mübahisə olub-olmamasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanında aparılır. Lakin ər-arvaddan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayınarsa (ərizə verməkdən imtina edərsə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlməzsə və s.) nikahın pozulması Ailə Məcəlləsinin 19.2-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə qaydasında həyata keçirilir. 

3.     Məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslə nikahın pozulması müvafiq icra hakimiyyəti orqanında aparılmalıdır (Ailə Məcəlləsinin 17.2.2-ci maddəsi). Bu qayda spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsinə görə məhdud fəaliyyət qabiliyyətli sayılmış şəxslərlə nikahın pozulması hallarına şamil olunmur.

4.     Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, nikahın pozulması haqqında iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehlə nikahın pozulması haqqında iddia onun əmlakının olduğu yer üzrə və ya məlum olan axırıncı yaşayış yerinə görə, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə isə iddiaçının yaşadığı yerə görə verilə bilər. Azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə qarşı nikahın pozulması haqqında iddialar da iddiaçının yaşadığı yerə görə verilə bilər.

5.    Məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmamış ümumi uşaqları olmasından asılı olmayaraq məhkəmə qaydasında xəbərsiz itkin düşmüş hesab edilmiş şəxslə nikahın pozulması müvafiq icra hakimiyyəti orqanında aparılır. İki il ərzində daimi yaşayış yerində görünməyən və olduğu yer məlum olmayan şəxsə qarşı belə iddia qaldırıldıqda hakim şəxsin xəbərsiz itkin düşmüş hesab olunması qaydasını iddiaçıya izah edir. Əgər ər (arvad) belə bir ərizə ilə məhkəməyə müraciət etmək istəməzsə nikahın pozulması tələbinə dair iddiaya MPM ilə müəyyən edilmiş ümumi qaydada baxılmalıdır.

6.      Nikahın pozulması və aliment tələbinə dair işlərə baxarkən məhkəmə ailənin qorunub saxlanılması məsələsinə xüsusi diqqət yetirməli, tərəflərin məhkəmə iclasında şəxsən iştirakının təmin olunması üçün qanunla nəzərdə tutulan bütün tədbirləri görməlidir. Tərəflərdən birinin nikahın pozulmasına razılığı olmadıqda məhkəmə boşanmanın səbəblərini öyrənməli, ailənin bərpası, tərəflərin barışması üçün qanunla yol verilən bütün imkanlardan istifadə etməlidir. Bu məqsədlə məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Bu barədə çıxarılan qərardad məhkəmə iclas protokoluna yazılır. Ayrıca akt şəklində tərtib olunmadığına və işin sonrakı hərəkətinə mane olmadığına görə ondan şikayət verilmir (MPM-nin 395.1.2-ci maddəsi). Tərəflər arasında barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

6.1.    Nikahın pozulmasına qarşılıqlı razılıq olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan    pozulur. Bu halda Ailə Məcəlləsinin 21.3-cü    maddəsinin tələbinə uyğun olaraq nikahın məhkəmə qaydasında         pozulması ər-arvadın         bu barədə ərizə verdikləri gündən bir ay müddət keçdikdən sonra həyata keçirilir.

6.2.    Nikahın pozulması və aliment tələbinə dair işə baxılması ər-arvada barışıq üçün           vaxt verilməsi ilə əlaqədar olaraq təxirə salındıqda məhkəmə cavabdehin uşağın            saxlanmasında iştirak edib-etmədiyini aydınlaşdırmalı və əgər cavabdehin bu vəzifəni           yerinə yetirmədiyini müəyyən edərsə Ailə Məcəlləsinin 101-ci maddəsinin tələbinə            müvafiq olaraq mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək       alimentin müvəqqəti tutulması barədə qərardad çıxara bilər. Bu qərardad dərhal   icra edilir və şikayət verilməsi onun icrasını dayandırmır.

7.       Nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Eləcə də, bununla bağlı tələb olarsa ər-arvadın birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı və əmək qabiliyyəti olmayan arvadın (ərin) saxlanması üçün ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.

7.1.    Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.   

       Məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir. [1]

7.2.     Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz.

7.3       Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi        uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların            və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən        qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin     73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı     yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair            əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin        97-ci maddəsinin tələbinə            müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə        bilər. Alınan rəylər  məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar     məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi         ilə müəyyən edilmiş qaydada qiymətləndirilir.

7.4     Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında          dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci   və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına            toxunulan istənilən            məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə           istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın      fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil           müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya       qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi        məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış    uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. [2]

7.5.      Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə           bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşma çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır ifadəsi uşağın bir valideyndən   digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 10 yaşına çatmış     uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün        maraqlarını   nəzərə almaqla mübahisəni həll etməlidir.

            Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. [3]

7.6.     Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına        çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və           psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri           şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna           olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha         uyğundur.

Məhkəmələrə izah edilsin ki, məhkəmə  qətnaməsinin nəticə hissəsində uşağın            kimin yanında qalması məsələsi həll edilərkən uşağın həmin valideynin yanında olmadığı            hallarda onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə    verilməsi məsələsini həll etməklə yanaşı, həmin valideynlə uşaq arasında uzun müddət      ərzində ünsiyyətin olmaması nəticəsində yaranan və buna görə də, gələcəkdə             qətnamənin icrasını çətinləşdirə biləcək dərəcədə bağlılığın zəyiflədiyini, münasibətlərin     soyuduğunu müəyyən etdiyi halda uşağın mənafeyi baxımından Mülki Prosessual           Məcəllənin 220.6-cı maddəsinə uyğun olaraq qətnamənin nəticə hissəsində icra qaydası     və müddətini göstərməlidir. [4]

7.7.     Məhkəmələrə izah edilsin ki, qətnamənin nəticə hissəsində uşağın kimin yanında        qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda         gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə            də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər   valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll   edilməlidir.

7.8.     Məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən        hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu    barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla    iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa    istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin   Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir.

8.        Məhkəmələr nəzərə alsınlar ki, aliment tutulması və alimentin miqdarının artırılması tələbinə dair iddialar iddiaçının seçməsinə görə onun  yaşadığı yerə görə də verilə bilər (MPM-nin 36.3-cü maddəsi). Aliment ödəyən şəxs tərəfindən alimentin miqdarının azaldılması barədə iddia isə MPM-nin 35.1-ci maddəsinin tələbinə müvafiq olaraq yalnız cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

8.1.      Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi).

8.2.       Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.   

8.3.   Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.                    

8.4.     Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.                              

8.5.     Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi).

8.6.     Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır.

8.7.    Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

8.8.    Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununlada onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır.

8.9.   Alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır.       

8.10.    Xeyrinə aliment tutulan valideyn yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentdən hər hansı səbəbdən (məsələn, özü uşağı saxlamaq iqtidarında olduğuna görə) imtina edə bilər. Məhkəmə bu zaman uşaqla qalan valideynin uşağı tam təmin etmək iqtidarında olub-olmadığını öyrənməli və həmin imtinanın uşağın maddi vəziyyətini pisləşdirməyəcəyinə əmin olmalıdır.

8.11.    Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsində nəzərdə tutulan hallarda isə aliment əvvəlki dövr üçün 3 illik müddət həddində verilə bilər. Məhkəmələrə izah edilsin ki, aliment tutulması barədə qətnamələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələbinə müvafiq olaraq dərhal icra edilməlidir. Yuxarı instansiya məhkəmələri tərəfindən aliment tutulması barədə qətnamənin ləğv olunması, aliment tələbinin rədd edilməsi, yaxud tutulan alimentin miqdarının azaldılması həmin dəyişikliyi nəzərdə tutan məhkəmə aktı qanuni qüvvəyə minənədək ödənilmiş aliment məbləğinin qaytarılmasına əsas vermir (səbəb olmur). [5]                    

8.12.    Alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. Bu zaman Ailə Məcəlləsinin 100.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunandan əvvəlki dövr üçün aliment müəyyən edilə bilməz. Çünki, atalığın müəyyən edilməsi haqqında tələb təmin olunanadək cavabdeh qanunla müəyyən olunmuş qaydada uşağın atası sayılmırdı.

8.13.    Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.    

8.14.    Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

8.15.    Nikahın pozulması haqqında iddiaya baxılan zaman aliment tutulması məsələsi həll edilərkən digər tərəf doğum aktındakı ata və ya ana haqqındakı məlumatları mübahisələndirərsə, məhkəmə bu tələblərin boşanma işindən ayrılıb başqa icraatda birlikdə baxılması məsələsini müzakirə etməlidir.

9.      Alimenti üzrsüz səbəbdən ödəməyən və ya bununla bağlı icra məmurunun tələblərini yerinə yetirməyən şəxslərə inzibati tənbeh növünü seçərkən, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati tənbehin məqsədi inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdən, habelə yeni inzibati xəta törədilməsinin qarşısını almaqdan ibarətdir. Bu baxımdan aliment ödəməyən, habelə pul tələbləri üzrə digər borclular barədə inzibati cərimənin tətbiqinin hansı səmərəsi olması nəzərdən keçirilməli, icra sənədlərinin icrasına real şərait yaradılması üçün daha təsirli vasitələrdən istifadə olunmalıdır. 

10.    Qərəzli olaraq alimenti ödəməyən, habelə digər icra sənədlərini icra etməyən şəxslərə Cinayət Məcəlləsində nəzərdə tutulan cəzaların təyini zamanı məhkəmələr cəzanın məqsədini diqqətdə saxlamalı, Cinayət Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulan “şərti məhkum etmə” institutundan istifadə və bu zaman məhkumun üzərinə icra ilə bağlı öhdəlik qoyulması məsələsi müzakirə edilməlidir. 

11.  Nikahın pozulması tələbinə dair iddia ilə birlikdə nikahın və eləcə də nikah müqaviləsinin etibarsız hesab olunması tələbinə dair qarşılıqlı iddialara da bir icraatda baxıla bilər.                                                                                                        

11.1.     Nikahın etibarsız hesab olunması haqqında iddia ərizəsi icraata qəbul edilərkən      nikahın həqiqiliyinin hansı əsasa görə mübahisələndirildiyi, iddiaçının bu əsas üzrə məhkəmədə iddia qaldırmaq hüququna malik şəxslər kateqoriyasına (Ailə Məcəlləsinin 26.1-ci maddəsi) aid olub-olmaması məhkəmə tərəfindən aydınlaşdırılmalıdır.

11.2.    Nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə      tutulmuş əsasların siyahısı qətidir və genişləndirilə bilməz. Bu əsaslar aşağıdakılardır:      nikahın bağlanması üçün qanunla müəyyən olunmuş şərtlərin pozulması (Ailə           Məcəlləsinin 10, 11-ci maddələri); nikahın bağlanmasına mane olan halların mövcudluğu          (Ailə    Məcəlləsinin 12-ci maddəsi); nikaha daxil olan şəxslərdən birinin özündə dəri-      zöhrəvi xəstəliyin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin             olmasını digərindən gizlətməsi (Ailə Məcəlləsinin 13.7-ci maddəsi); nikahın      saxtalığı (Ailə Məcəlləsinin 25.1-ci maddəsi).

11.3.   Nikah istər məhkəmə qaydasında, istərsə də müvafiq icra hakimiyyəti orqanında      pozulduqdan sonra ər-arvad onun etibarsızlığı barədə iddia qaldıra bilməzlər. Lakin    bu zaman nikahın qanunla qadağan olunmuş qohumlar arasında və ya ikisindən birinin      başqası ilə pozulmamış nikahda olduğu şəxslə bağlanması halı istisnalıq təşkil edir (Ailə                    Məcəlləsinin 27.4-cü maddəsi). Göstərilən iki halda nikah məhkəmə qaydasında   pozulmuşdursa onun etibarsızlığı məsələsinə nikahın pozulması barədə qətnamənin         ləğvindən sonra baxıla bilər. Əgər nikah müvafiq icra hakimiyyəti orqanında             pozulmuşdursa və bundan sonra nikahın pozulması barədə akt qeydinin ləğvi və               nikahın etibarsızlığı barədə məsələ qaldırılmışdırsa, məhkəmə bu iki tələbə bir icraatda        baxa bilər. [6]    

12.    Boşanma prosesində ər-arvadın ümumi əmlakının bölünməsi məsələsi də həll olunarsa, məhkəmə hər şeydən əvvəl hansı əmlakın bölünməli olmasını, bu əmlakın nə vaxt əldə edilməsini, ümumi mülkiyyətdə olan birgə əmlak sayılıb-sayılmamasını, əmlakın bölünməsinin üçüncü şəxslərin mənafeyinə toxunub-toxunmamasını müəyyən etməlidir. Əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda, məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər (Ailə Məcəlləsinin 22.3-cü maddəsi).

13.   Məhkəmə qətnaməsi yalnız məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Ər-arvaddan biri nikahın pozulmasına etiraz etdiyi halda qətnamənin əsaslandırıcı hissəsində ailənin qorunub saxlanmasının qeyri-mümkünlüyü, onun dağılmasının səbəbləri göstərilməlidir.  İddia təmin olunduqda məhkəmənin hər bir tələb üzrə gəldiyi nəticə qətnamənin nəticə hissəsində öz əksini tapmalıdır. Qətnamənin bu hissəsində həmçinin nikahın pozulmasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında dövlət qeydiyyatı üçün zəruri olan məlumatlar da göstərilməlidir (pozulan nikahın nə vaxt, hansı orqanda qeydə alınması, akt qeydinin nömrəsi).

14.    Ailə Məcəlləsinin 23.1-ci maddəsinin tələbinə əsasən nikah məhkəmə qaydasında pozulduqda bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Bu hal Ailə Məcəlləsinin 23.1-ci maddəsinin qüvvəyə mindiyi 01 iyun 2000-ci ilədək olan dövrdə məhkəmə qaydasında pozulmuş nikahlara şamil olunmur. 01 iyun 2000-ci ilədək olan dövrdə məhkəmə qaydasında pozulmuş nikahlar nikahın pozulmasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabında dövlət qeydiyyatına alındığı vaxtdan xitam edilmiş hesab olunur. Müvafiq icra hakimiyyəti orqanında pozulmuş nikah onun 01 iyun 2000-ci ildən əvvəl, yaxud sonra pozulmasından asılı olmayaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabında dövlət qeydiyyatına alındığı vaxtdan xitam olunmuş sayılır.

15.   Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında, eləcə də Azərbaycan Respublikasının vətəndaşları arasında bağlanmış nikah həm Azərbaycan Respublikasında, həm də xarici ölkədə pozula bilər. Bu cür nikahların Azərbaycan Respublikasında pozulması milli qanunvericiliyə əsasən həyata keçirilir. Azərbaycan Respublikası vətəndaşları ilə nikah xarici dövlətin məhkəmə qətnaməsi ilə pozulmuşdursa, həmin qətnamələrin Azərbaycan Respublikasında hüquqi nəticələrə malik olması üçün onlar mülki prosessual qanunvericilikdə müəyyən edilmiş qaydada tanınmalıdır.

 

Ramiz Rzayev,

Azərbaycan Respublikası

Ali Məhkəməsinin sədri

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1]

              Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 7.1-ci yarımbəndə yeni abzas əlavə edilmişdir.

[2]

              Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli    qərarı ilə 7.4-cü yarımbəndin sonuna cümlə əlavə edilmişdir.

[3]

              Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli    qərarı ilə 7.5-ci yarımbənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:                  Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.

[4]

              Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli    qərarı ilə 7.6-cı yarımbəndə yeni abzas əlavə edilmişdir.

[5]

              Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli    qərarı ilə 8.11-ci yarımbəndə cümlə əlavə edilmişdir.

[6]

             Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli    qərarı ilə 11.3-cü yarımbəndin ikinci abzasından nikahın pozulması barədə qətnamənin ləğvindən sonra” sözləri çıxarılmışdır.