ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Orucov Əhməd Abdul oğlu, onun vəkili Həsənov Hafiz Bəşir oğlunun Mərkəzi Seçki Komissiyasının 12 sentyabr 2013-cü il tarixli 26/148 saylı qərarının ləğv edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 14 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-1519/13 saylı qərarından verdiyi kassasiya şikayəti

18.09.2013, 12:35
Orucov Əhməd Abdul oğlu, onun vəkili Həsənov Hafiz Bəşir oğlunun Mərkəzi Seçki Komissiyasının 12 sentyabr 2013-cü il tarixli 26/148 saylı qərarının ləğv edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 14 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-1519/13 saylı qərarından verdiyi kassasiya şikayəti
Orucov Əhməd Abdul oğlu, onun vəkili Həsənov Hafiz Bəşir oğlunun Mərkəzi Seçki Komissiyasının 12 sentyabr 2013-cü il tarixli 26/148 saylı qərarının ləğv edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 14 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-1519/13 saylı qərarından verdiyi kassasiya şikayəti
Azərbaycan Respublikası adından
Q Ə R A R
 
18 sentyabr 2013-cü il                                                          Bakı şəhəri
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin
İnzibati-İqtisadi kollegiyası
 
      Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sarıyev Rauf Həsən oğlu, iddiaçı Orucov Əhməd Abdul oğlu, onun vəkili Həsənov Hafiz Bəşir oğlu, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının vəkili və nümayəndəsi İbrahimov Ramiz Hilal oğlunun iştirakı ilə,
         İddiaçı və vəkilinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 sentyabr 2013-cü il tarixli 26/148 saylı qərarının ləğv edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 14 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-1519/13 saylı qərarından verdiyi kassasiya şikayətinə baxaraq
 
MÜƏYYƏN ETDİ:
 
       İddiaçı Orucov Əhməd Abdul oğlu (bundan sonra iddiaçı adlanacaq) Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azadlıq Partiyası tərəfindən irəli sürülmüş namizədliyinin təsdiq edilməməsi haqqında cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra cavadbeh adlanacaq) 12 sentyabr 2013-cü il tarixli, 26/148 nömrəli qərarının qanunsuz olduğu üçün ləğv edilməsini xahiş etmişdir.
        Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Tağızadə Mirzə Nəsib oğlu, Mustafayev Nurəddin Yusif oğlu və Abiyeva Kəmalə Nəbi qızı, iş № 2-1inz(103)-1519/2013) 14 sentyabr 2013-cü il tarixli qərarı ilə ərizə təmin edilməmişdir.
          Həmin qərardan iddiaçı və vəkili kassasiya şikayəti vermişdir.
 
 Kassasiya şikayətinin dəlilləri:
 
        İddiaçı və vəkili kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, Seçki Məcəlləsinin 60.4-cü maddəsinə əsasən bu Məcəllənin 60.2.2 və 60.2.4-cü maddələrində göstərilən səbəblər olduqda, səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd və ya siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsini 24 saat müddətində bu haqda xəbərdar edir və onun tərəfindən müvafıq düzəlişlər edildikdən sonra namizədi qeydə alır. İşçi qrupunun rəyində göstərilir ki, yoxlanılmış imza vərəqələrində 939 imzanın etibarsız hesab edilməsinə səbəb şəxsiyyəti təsdiq edən sənədlərdəki məlumat göstəricilərində çatışmazlıqlar (əsasən şəxsiyyət vəsiqəsinin verilmə və ya etibarlıq müddətinin göstərilməməsi) olmuşdur. Rəydən də göründüyü kimi, bu çatışmazlıqların aradan qaldırılması mümkün olan çatışmazlıqlar olmuşdur, lakin cavabdeh bununla bağlı namizəd olaraq nə ona, nə də səlahiyyətli nümayəndəsinə yazılı və ya şifahi məlumat verməmişdir. Bundan başqa, namizədliyinin qeydiyyatı üçün sənədləri təqdim edən zaman cavabdehin səlahiyyətli nümayəndəsindən xahiş olunmuşdur ki, imzaların yoxlanılması barədə ona və səlahiyyətli nümayəndəsinə məlumat versinlər. Lakin cavabdeh Seçki Məcəlləsinin 59.3-cü maddəsinə əməl etməyərək imzalar yoxlanılarkən o və nümayəndəsi məlumatlandırılmamışdır. Cavabdehin tərkibində fəaliyyət göstərən işçi qrupunun təqdim etdiyi 11 sentyabr 2013-cü il tarixli rəydə, “imza və onun qoyulduğu tarix” qrafasındakı 19150 ədəd imzalardan 7331 ədəd imza 693 qrup olmaqla öz aralarında ehtimal ki, eyni şəxs tərəfindən icra olunması göstərilmişdir. Həmin imzalar barədə rəy vermiş mütəxəssislər məhkəməyə cəlb edilməmişdir. Məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilməli və bu məsələ araşdırılmalı idi. Odur ki,  Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 14 sentyabr 2013-cü il tarixli qərarının ləğv olunaraq iddiaçının 9 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərinə namizədliyinin qeydə alınması ilə bağlı yeni qərar qəbul edilməsi xahiş olunmuşdir.
 
Prosessual məsələlər:
 
     Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edib şikayətdə qeyd edilənləri bildirərək şikayətin təmin edilməsini xahiş etmişlər.
      Məhkəmə kollegiyasının iclasında iştirak edən cavbdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin dəlillərini qəbul etməyərək bildirmişdir ki, 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Azadlıq Partiyası tərəfindən irəlı sürülmüş şikayətçi Orucovun müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və digər sənədlər 2013-cü il sentyabrın 8-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün onlara təqdim edilmişdir. Seçki Məcəlləsinin 60.1-ci maddəsinə əsasən müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Mərkəzi Seçki Komissiyasının tərkibində olan işçi qrupu tərəfindən iddiaçı tərəfdən təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə 11 sentyabr 2013-cü il tarixli protokol və rəy tərtib olunmuşdur. Həmin protokol və rəylə təsdiq olunur ki, Seçki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün 40.000-dən az olmayan sayda etibarlı seçici imzaları toplanılmalı olduğu halda, təqdim edilmiş imza vərəqələrində olan etibarlı imzaların sayı namizədin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş saydan az olmuşdur. Seçki Məcəlləsinin 59.6, 59.10 və 59.12-ci maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır. Odur ki, iddiaçının Prezidentliyə namizəd kimi qeydə alınmasından imtina edilmişdir. 08 sentyabr 2013-cü il tarixdə iddiaçı tərəfdən imza vərəqələri təqdim edilərkən sənədləri təqdim edən şəxs sabahdan imza vərəqələrinin yoxlanılması prosesinin başlanacağı barədə xəbərdar olunmuşdur. Bundan başqa, kütləvi informasiya vasitələri ilə də mütəmadi olaraq hansı Prezidentliyə namizədin imza vərəqələrinin daxil olması və yoxlanılması barədə məlumatlar verilmişdir. 08 sentyabr 2013-cü il tarixdən başlayaraq imza vərəqələrinin MSK-ya daxil olması və imza vərəqələrinin yoxlanılmasına başlamasına dair iddiaçıya məlumatlar getmişdir. Bu səbəbdən iddiaçı tərəf imza vərəqələrinin yoxlanılmasından məlumatlı olmuşdur.
 
Hüquqi məsələlər:
 
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Məhkəmə kollegiyası tərəfləri dinləyib iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının bu iş üzrə 14 sentyabr 2013-cü il il tarixli qərarı ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir.
Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 181.1-ci maddəsinə görə siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.
Apellyasiya instansiya məhkəməsi tərərfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçının təqdim etdiyi 877 ədəd imza vərəqələrindəki 43.413 imzanın toplandığı göstərilmiş, cavabdeh həmin imzaların 7578-ni etibarlı saymamış, bu səbəbdən də iddiaçı 40.000-dən az imza topladığına görə Prezidentliyə namizəd kimi qeydə alınmamışdır.
 İddiaçı tərəfindən mübahisə olunan apellyasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, işdə olan sənədlərdən görünür ki, cavabdehin 8/67 saylı, 02.08.2013-cü il tarixli qərarı ilə 09 oktyabr 2013-cü ilə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədlərin, siyasi partiyaların, siyasi partiyalar blokunun təqdim etdikləri imza vərəqələrində olan məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə işçi qrupu yaradılmışdır.
İşçi qrupunun ekspertləri tərəfindən 09 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Azadlıq Partiyası tərəfindən irəli sürülmüş Əhməd Abdul oğlu Orucovun namizədliyinin qeydə alınması üçün partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması üzrə tədqiqat aparılmışdır.
Həmin ekspertlər tərəfindən tərtib edilmiş rəydən görünür ki, təqdim olunmuş 07 ədəd qovluqdakı 877 ədəd imza vərəqələrindən yoxlanlımış 383 ədəd imza vərəqəsinin “İmza və onun qoyulduğu tarix” qrafalarındakı 19.150 ədəd imzalardan 7.331 ədəd imza 693 qrup olmaqla öz aralarında ehtimal ki, eyni şəxs tərəfindən icra olunmuşdur.
Bundan əlavə, Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış işçi qrupunun mütəxəssisi tərəfindən 09 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Azadlıq Partiyası tərəfindən irəli sürülmüş Əhməd Abdul oğlu Orucovun namizədliyinin qeydə alınması üçün partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş imza vərəqələrindəki məlumatların düzgünlüyünün yoxlanılması üzrə tədqiqat aparılmışdır.
Həmin mütəxəssisin tərtib etdiyi rəydən görünür ki, təqdim olunmuş 07 ədəd qovluqdakı 877 ədəd imza vərəqələrindən 939-u şəxsiyyəti təsdiq edən sənədlərdəki məlumatlar müxtəlif səbəblərə (şəxsiyyət vəsiqəsinin verilmə tarixinin göstərilməməsi, anket məlumatının göstərilməməsi, təvəllüdün göstərilməməsi, 18 yaşına çatmayan şəxslər tərəfindən imzalanması) görə düzgün deyildir.
Apellyasiya instansiya məhkəməsinin qərarında eyni zamanda qeyd edilmişdir ki, qeyd edilənlər nəzərə alınaraq cavabdehin 12 sentyabr 2013-cü il tarixli, 26/148 nömrəli qərarın ilə 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Azadlıq Partiyası tərəfindən irəli sürülmüş Əhməd Abdul oğlu Orucovun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.
Seçki Məcəlləsinin 60.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 60.2.2 və 60.2.4-cü maddələrində göstərilən səbəblər olduqda, səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd və ya siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsini 24 saat müddətində bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədi qeydə alır.
Həmin Məcəllənin 60.2-ci maddəsində qeyd edilir ki, namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizəd irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməli, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilməlidir. İmtina üçün aşağıdakılar əsas ola bilər:
...60.2.2. bu Məcəllənin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması;
...60.2.4. namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması...
İşdən görünür ki, imza vərəqələri təqdim edildikdən sonra imza vərəqələrində olan mümkün səhvlər və pozuntuların aradan götürülməsi mümkünlüyü ilə bağlı cavabdehin iddiaçını 24 saat müddətində xəbərdar etməsi, xəbərdar edilmənin zəruri olub olmaması apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılıb hüquqi qiymət verilməmişdir.
Seçki Məcəlləsinin 59.3-cü maddəsinə əsasən imza vərəqələri yoxlanılarkən müvafiq seçki komissiyasında namizədlər, onların səlahiyyətli nümayəndələri, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Müvafiq seçki komissiyası imza vərəqələrinin yoxlanılması haqqında göstərilən şəxslərə qabaqcadan məlumat verməlidir. Seçki komissiyası namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun göndərdiyi şəxsin həmin tədbirlərdə iştirakına etiraz edə və ya maneəçilik törədə bilməz. İmza vərəqələrində olan bütün imzalar yoxlanılmalıdır.
İmza vərəqlərinin yoxlanılması ilə bağlı iddiaçının onun və ya nümayəndəsinin məlumatlandırılmaması, cavabdehin isə iddiaçını məlumatlandırması ilə bağlı tərəflərin izahatının qısa məzmunu apellyasiya instansiya məhkəməsinin qərarında qeyd edilsə də, cavabdehin imza vərəqələrinin yoxlanılması haqqında iddiaçı tərəfə hansı qaydada məlumat veriməsi məhkəmə tərəfindən araşdırılmamışdır.
Apellyasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının və ya onun səlahiyyətli nümayəndəsinin imzaların yoxlanılmasında iştirak edib-etməməsindən asılı olmayaraq, onun təqdim etdiyi seçici imzalarının nümunələrinin yuxarıda qeyd edilənlərə əsasən bir qisminin etibarsızlığı işin mübahisəsiz halı olduğundan, etibarlı sayılmış imzalar onun namizədliyinin qeydə alınması üçün yetərsay deyildir və bu, MSK-nın mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsas ola bilməz.”
İddia ərizəsindən görünür ki, iddiaçı 7000-dən çox imzanın qüsurlu çıxmasını inandırıcı hesab etməmişdir. Belə olan halda apellyasiya instansiya məhkəməsinin seçici imzalarının nümunələrinin bir qisminin etibarsızlığının işin mübahisəsiz halı hesab etməsi əsaslı sayıla bilməz. Odur ki, 7000-dən şox imzanın qüsurlu olub-olmaması araşdırılmayaraq hüquqi qiymət verilməmişdir.
Apellyasiya instansiya məhkəməsinin qərarından görünür ki, cavabdehin təşkil etdiyi işçi qrupunun rəyində 7.331 ədəd imzanın ehtimal ki, eyni şəxs tərəfindən icra olunması qeyd olunmuşdur.
Həmin rəydə 7.331 imzanın eyni şəxs tərəfindən icra olunmasının ehtimal edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, həmin xüsusat ətraflı araşdırılmamışdır.
Seçki Məcəlləsinin 59.2-ci maddəsində qeyd edilir ki, müvafiq seçki komissiyası bu Məcəlləyə uyğun olaraq təqdim edilmiş məlumatların və faktların düzgünlüyünü yoxlamaq məqsədi ilə müvafiq orqanlara müraciət edə bilər. Həmin orqanlar seçki komissiyasının müəyyənləşdirdiyi müddətdə, lakin səsvermə gününə 40 gündən az vaxt qalmışsa, 1 gün müddətində yoxlamanın nəticələri barədə seçki komissiyasına məlumat verməlidirlər. Müvafiq seçki komissiyası öz qərarı ilə imza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün ekspertlərdən ibarət işçi qrupları yarada bilər. Həmin işçi qruplarına bu qrupu yaradan seçki komissiyasının üzvü sədrlik etməlidir. Belə yoxlamaya Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi məbləğdə haqq ödənilməklə ekspertlər, müvafiq orqanların mütəxəssisləri sırasından ekspertlər, habelə əhalinin qeydiyyatını həyata keçirən xüsusiləşdirilmiş orqan və təşkilatların mütəxəssisləri cəlb edilə bilər. Onların rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir. Seçki komissiyaları imza vərəqələrində olan məlumatların düzgünlüyünü müəyyənləşdirmək üçün seçici siyahılarından və vətəndaşların qeyydiyyat sistemindən istifadə edə bilərlər.
Göründüyü kimi, qanunverici ehtimalla verilən rəyi deyil, ehtimal olunmadan verilən rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul etmişdir.
Apellyasiya instansiya məhkəməsi ehtimalla verilən rəyə obyektiv hüquqi qiymət verməmiş, həmin rəyi verən şəxslərin dəvət edilməsinin zəruriliyinə, mübahisə olunan imzaların eyni şəxs tərəfindən icra olunub olunmadığını xüsusi biliyə malik olan ekspert tərəfindən müəyyən etmək üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsi mümkünlüyünə qiymət verməmişdir.
       İnzibati Prosessual Məcəllənin 96.5.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.
         Həmin Məcəllənin 58.2-ci maddəsində qeyd edilir ki, məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər.
          Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, sübutlar məhkəmə tərəfindən tam araşdırılmadığından, geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsi zərurəti ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 14 sentyabr 2013-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.
         Kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi ilə yanaşı, iddiaçının 9 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərinə namizədliyinin qeydə alınması ilə bağlı yeni qərar qəbul edilməsi xahiş olunmuşdir. Qərar ləğv olunsa da, məhkəmə kollegiyası iddianı təmin etməyərək işi təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərdiyindən kassasiya şikayəti qismən təmin edilməlidir.
Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilərək iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
Odur ki, məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq 
 
QƏRARA ALDI
 
Əhmədov Oruc Abdul oğlu və vəkilinin kassasiya şikayəti qismən təmin edilsin.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 14 sentyabr 2013-cü il tarixli 2-1inz(103)-1519/13 saylı qərarı ləğv edilsin.
İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Kassasiya şikayəti qalan hissədə təmin olunmasın.
 
       Sədrlik edən
       Hakimlər
       Hakim                                             Rahib Nəbizadə