ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

"Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" - (Qüvvədən düşmüşdür)

25.03.2003, 12:35
"Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" - (Qüvvədən düşmüşdür)
"Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" - (Qüvvədən düşmüşdür)

PDF Word

"Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında"
 
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
 
QƏRARI
 

Bakı şəhəri № 3 25 mart 2003-cü il

Respublika məhkəmələri tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar baxılmış işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələrini müzakirə edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə əsasən düzgün baxılır, həmin işlər üzrə qanuni və əsaslı məhkəmə aktları qəbul edilir.
 
Bununla yanaşı, bəzi hallarda, maddi və prosessual hüquq normalarının pozulmasına, yaxud da düzgün tətbiq olunmamasına, qanunun tələblərinə uyğun olmayan məhkəmə aktlarının qəbul edilməsinə də təsadüf olunur. Belə ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlər üzrə iddia ərizələrinin icraata qəbul olunmasında, aidiyyət məsələlərinin həllində, apellyasiya və kassasiya şikayətlərinin icraata qəbul olunmasında, icarə və borc münasibətlərini nizama salan qanunların tətbiqində səhvlərə yol verilir.
 
Həmin qəbildən olan cinayət işlərinə baxılarkən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə qanunsuz olaraq müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzalar təyin edilir.
 
Təsadüfi deyil ki, "Sahibkarlığın inkişafına mane olan mudaxilələrin qarşısının alınması haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2002-ci il tarixli Fərmanında bu kimi nöqsanlara yol verilməsi, məhkəmələr tərəfindən iqtisadi və sahibkarlıq fəaliyyətinə dair mübahisələrin həllində süründürməçilik və qeyri obyektiv qərarların qəbul olunması, bunların sahibkarlıq fəaliyyəti ilə məşğul olan adamların haqlı narazılıqlarına səbəb olması, sahibkarlıq təşəbbüsünün reallaşmasına və daxili potensialdan daha dolğun istifadə edilməsinə imkan verməməsi xüsusi qeyd olunmuşdur.
 
Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılmasında qanun pozuntularına və nöqsanlara yol verilməsinin qarşısını almaq və vahid məhkəmə təcrübəsi yaratmaq məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
 
QƏRARA ALIR:
 
1. Məhkəmələrə tövsiyyə edilsin ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlər üzrə aidiyyət mübahsələrini həll edərkən, Azərbaycan Respublikası MPM-nin 25-27-ci maddələrinin tələblərinə düzgün əməl etsinlər. Nəzərə alınmalıdır ki, hüquqi şəxsin təşkilati-hüquqi formasının dəyişilməsi aidiyyətin dəyişdirilməsi üçün əsas hesab edilə bilməz.
 
Azərbaycan Respublikası MPM-nin 31-ci maddəsinin tələblərinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına əməl olunmaqla məhkəmənin icraatına qəbul edilmiş iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Belə ki, İqtisad Məhkəməsi hüquqi şəxslər arasında olan mübahisə üzrə iddia ərizəsini aidiyyət qaydalarına əməl etməklə öz icraatına qəbul etmiş, sonradan isə fiziki şəxs də həmin işə qoşulmuşsa, belə halda işin icraatı ümumi məhkəməyə aid olsa da, mahiyyəti üzrə İqtisad Məhkəməsində həll edilməlidir. Məhkəmənin aidiyyət qaydalarını pozmaqla işi öz icraatına qəbul etməsi həmin maddənin təsiri altına düşmür. Belə halda iddianın baxılmamış saxlanmasına və iş üzrə icraata xitam verilməsinə yol verilmir və Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş qərardadla qısa müddət ərzində aid olduğu məhkəməyə göndərilməlidir.
 
Yuxarı instansiya məhkəmələrinə tövsiyyə edilsin ki, məhkəmələr tərəfindən aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarını ləğv etdikdə, işi aid olduğu məhkəməyə göndərsinlər. Belə halda, yuxarı instansiya məhkəməsi tərəfindən iddianın baxılmamış saxlanmasına və ya iş üzrə icraata xitam verilməsinə yol verilmir.
 
2. Məhkəmələrə izəh edilsin ki, "Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altındı olan rayonların təsərrüfat sübyektlərinin borcları haqqında" 24 oktyabr 2000-ci il tarixli Qanuna əsasən, borcların silinməsi məhkəməyə aid dleyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat sübyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləi (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan, ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi Qaydaları" nın 2.2-ci bəndinə əsasən həmin borcların silinməsi Azərbaycan Respublikası Vergilər Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna tapşırılmışdır (Hazırda Azərbaycan Respublikası Dövlət Əhalinin Məşğulluğuna Kömək Fondu və Əlilləri Sosial Mudafiə Fondu ləğv edildiyinə görə, onların bu səlahiyyətləri Dövlət Sosial Müdafiə Fonduna keçmişdir).
 
Həmin orqanların bu məsələ üzrə qəbul etdikləri qərarlardan, habelə hərəkətlərindən (hərəktsizliyindən) isə məhkəməyə şikayət verilə bilər.
 
İddia ərizəsi göstərilən orqanlara müraciət olunmadan icraata qəbul edilmişdirsə, Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə müvafiq olaraq, iddiaçı işin qabaqcadan məhkəmədən kənar həll edilməsi barədə qanunla müəyyən edilmiş qaydada əməl etmədiyindən və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyindən, məhkəmə ərizəni baxılmamış saxlayır.
 
3. Məhkəmələrə izah edilsin ki, onlar Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxarkən, Azərbaycan Respublikası MPM-nin 14.1 maddəsinin tələblərinə əsasən, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tətbiqinə lazımi şərait yaratmalı, işdə iştirak edən şəxslərə prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidirlər.
 
Bunun üçün məhkəmələr işdə iştirak edən şəxslərin vəsatətinə əsasən, onların bilavasitə əldə edə bilmədikləri sübutların (məlumatların) toplanmasına köməklik göstərməli, zəruri hesab etdiyi hallarda sorğular verməli, ekspertiza təyin etməli, mübahisəli obyektə baxış keçirməli, tərəflərin, eləcə də işdə iştirak edən şəxslərin mübahisə predimeti ilə əlaqədar tələb, irad, təklif və etirazlarının aydınlaşdırılması üçün qanunda nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etmlidirlər.
 
Azərbaycan Respublikası MPM-nin 47-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrin izah edilməsi, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nədən ibarət olması, məhkəmələrin bu barədə etdiyi xəbərdarlığın hansı formada həyata keçirilməsi məhkəmə iclas protokolunda qeyd olunmalıdır.
 
Əgər apellyasiya şikayətində iş üzrə çıxarılmış məhkəmə qərarları (qətnamə, qərardad) ilə yanaşı qarşılıqlı iddianın və yaxud müstəqil iddia tələbinin əsaslarını təşkil edən hallardan şikayət olunursa, məhkəmə şikayət edən şəxsə, eləcə də işdə iştirak edən şəxslərə bu barədə iddia, yaxud da baxılan işlə əlaqədar qarşılıqlı iddia qaldırmaq hüquqlarının olmasını izah etməli, görüləcək, yaxud görülməyəcək bu kimi hərəkətlərin nəticələri barədə onları xəbərdar etməlidir.
 
Məhkəmələr nəzərə almalıdırlar ki, apellyasiya şikayətinə şikayət olunan məhkəmə aktları ilə olmayan mübahisə edilən müstəqil iddia tələbinin mahiyyətinə dair qəbul edilcək qərarda münasibət bildirilməsi, gələcəkdə həmin şəxsləri eyni əsaslarla iddia qaldırmaq hüququndan məhrum etdiyi üçün yolverilməzdir. Ona görə də, qəbul olunacaq qərarda aid olmayan yeni tələblər üzrə işdə iştirak edən şəxslərə mübahisə predmetinə dair qanunda nəzərdə tutulmuş müraciət qaydası izah edilməlidir.
 
4. İzah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan mübahisələrə dair işlərə baxılarkən, qanunun həmin tələblərinə əməl edilməli, işin düzgün həlli üçün zəruri olan sübutların təqdim edilməsi bütün hallarda tərəflrə təklif edilməlidir.
 
5. İzah edilsin ki, sahibkarlıqla əlaqədar mübahisələrə baxılarkən mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, Milli Bankın yalnız müvafiq qaydada qeydiyyatına alınmış normativ xarakterli aktlarına istinad edilə bilər.
 
6. Məhkəmələrə tövsiyyə edilsin ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, sübutların obyektiv, qərəzsiz, hərtərəfli tam araşdırılmasını və düzgün qiymətləndirilməsini təmin etsinlər.
 
7. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3-cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur.
 
8. Məhkəmədlərə tövsiyyə edisin ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan mübahisələr üzrə iddia ərizələri icraata qəbul edilərkən iddianın, iddianı qaldırmağa səlahiyyəti olan hüquqi və ya fiziki şəxs tərəifndən verilməsinə diqqəti artırsınlar və səlahiyyəti olmayan şəxslər tərəfindən qaldırılan iddiaların qanunsuz olaraq icraata qəbul edilməsi hallarına yol verməsinlər.
 
Hüquqi şəxsin rəhbəri məhkəmədə nümayəndə kimi iştirak etdikdə həmin hüquqi şəxsin nizamnaməsində ona iddia üzərində sərəncam vermək səlahiyyətinin verilib-verilməməsi aydınlaşdırılmalı, Nizamnamədə ona belə səlahiyyətlər verilmədikdə, həmin hərəkətlərin yerinə yetirilməsi üçün ondan qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş etibarnamə tələb olunmalıdır.
 
MPM-nin 151.1.6-cı maddəsinə görə, müəyyən kateqoriya işlərdə iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
 
İzah edilsin ki, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydası tərəflər arasında mübahisə doğuran müqavilədə və yaxud qanunvericilikdə müəyyən edilə bilər. Digər hallarda mübahisənin məhkəməyə qədər həllinin tələb olunmasına şəxslərin məhkəməyə müraciət etmək hüququnun pozulması kimi qiymətləndirilir.
 
Qeyd edilsin ki, iqtisad məhkəmələri müqavilələr üzrə ixtilaflardan (müqavilə qabağı mübahisələr) doğan mübahisələrə yalnız qanunvercilikdə göstərilən və tərəflərin razılığı ilə müəyyən edilən hallarda baxılır.
 
9. Məhkəmələrin diqqəti ona cəlb edilsin ki, iddia müddətinin keçməsi iddia ərizəsinin qaytarılması və onun qəbul edilməsindən imtina edilməsinə əsas ola bilməz. İddia ərizələrinin qaytarılması və onu qəbul etməkdən imtina edilməsi Azərbaycan Respublikası MPM-nin 152-153-cü maddələrində nəzərdə tutulmuş hallarda mümkündür. Ərizənin digər əsaslarla qaytarılması və qəbulundan imtina edilməsi yolverilməzdir.
 
10. Məhkəmələrə izah edilsin ki, vaxtaşırı (aylıq, rüblük və s.) icra edilməli öhdəliklər üzrə iddia müddəti hər bir ödəmə üçün ayrılıqda hesablanmalıdır. Ödəmələr vahid borcun ayrı-ayrı hissələri olduqda iddia müddəti axırıncı ödəmədən hesablanmalıdır.
 
11. Məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası MM-nin 56-cı maddəsinə əsasən hüquqi şəxslər birləşdirildikdə onların hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda, qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki, yəni başqasının qoşulduğu hüquqi şəxsə keçir. Hüquqi şəxs bölündükdə, onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq, verilən payına mütənasib qaydada yeni yaranmış hüquqi şəxslərə keçir. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda, yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevirildikdə, yəni təşkilati hüquqi foması dəyişdikdə yeni təşkil edilən hüquqi şəxsin hüquq və vəzifələri, təhvil aktına uyğun olaraq, yeni yaranmış hüquqi şəxsə keçir. MM-nin 59.1-ci maddəsinin tələblərinə görə, hüquqi şəxs ləğv edildikdə onun hüquq və vəzifəli hüquq varisliyi qaydasında başqa şəxslərə keçmir. Hüquqi şəxsin ləğvi isə, onun mövcudluğuna və fəaliyyətinə xitam verilməsi deməkdir.
 
Nəzərə alınmalıdır ki, hüquqi şəxslər birləşdikdə, birləşən bütün hüquqi şəxslərin mövcudluğu itir, onların bazasında yeni hüquqi şəxs yaranır. Hüquqi şəxslərin qoşulması zamanı başqasına qoşulan hüquqi şəxs ləğv olunur, digəri isə mövcudluğunu saxlayır. Hüquqi şəxslərin bölünməsi nəticəsində bir neçə müstəqil hüquqi şəxs yaranır. Hüquqi şəxsin ayrılması hallarında, hüquqi şəxsdən əvvəlki hüquqi şəxs qalmaqla yeni hüquqi şəxs əmələ əmələ gəlir. Hüquqi şəxsin çevrilməsi dedikdə, əvvəlki hüquqi şəxs mövcudluğunu itirir və onun balansında yeni hüquqi şəxs əmələ gəlir.
 
Məhkəmələr nəzərə almalıdırlar ki, hüquqi şəxslərin iddiaçı və ya cavabdeh qismində iştirak etdikləri işlərə baxılarkən, hüquqi şəxsin birləşdiyi, qoşulduğu və ya çevrildiyi məlum olduqda, əsl tərəf kimi işə yalnız yeni yaradılmış hüquqi şəxsin, hüquqi şəxs bölündüyü və ayrıldığı hallarda isə, yeni yaranmış hüquqi şəxslərin birgə iddiaçı və ya birgə cavabdeh qismində işə cəlb edilməsi məsələsi müzakirə edilməlidir.
 
12. Tövsiyyə edilsin ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar mübahisələrə dair işlərə baxılarkən, obyektivliyi təmin etmək məqsədilə məhkəmələr iş üçün həlledici əhəmiyyətə malik olan sənədlərin (muqvailələr, ödəmə sənədləri, nizamnamə, lisenziya, təsis müqaviləsi və s.) əslini və yaxud notariat qaydasında təsdiq edilmiş surətini tələb etsinlər.
 
13. Məhkəmələr maddi hüquq normalarının tətbiqi zamanı qanunların zamana görə qüvvəsini tənzimləyən Azərbaycan Respublikası MM-nin 7-ci maddəsinin tələblərinə düzgün əməl etməli və qanunun həmin maddədə göstərilən tələblərinin pozulması hallarına yol verməməlidirlər.
 
14. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən, əmr icraatı qaydasında yalnız kreditorun tələbinin aşkar olduğu və ya həmin tələb borcunun mübahisə edilməyə vəzifəsinə əsaslandığı hallarda baxıla bilər. Məcəllnin 276.2.1-276.2.7-ci maddələrində göstərilməyən və mübahisə yarada bilən işlərə əmr icraatı qaydasında baxılması hallarına yol verilməməlidir.
 
15. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 362, 364-cü maddələrinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsinə təqdim edilir və həmin məhkəmə tərəfindən işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Ona görə də, sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan işlər üzrə apellyasiya şikayətinin qəbulu və göndərilməsi üçün qanunla müəyyən edilmiş həmin qaydalara əməl edilməlidir. Apellyasiya şikayətinin bilavasitə apellyasiya instansiya məhkəmələri tərəfindən qəbul edilməsi qanunsuz sayılmaqla, birinci instansiya məhkəməsinin həmin şikayəin qəbulu ilə əlaqədar qanunla nəzərdə tutulan tədbirləri görmək imkanından məhrum edir. Ona görə də, apellyasiya şikayəti bilavasitə apellyasiya instansiyası məhkəməsinə verdiyi halda, həmin məhkəmə şikayəti işə baxan birinci isntansiya məhkəməsinə göndərilməlidir.
 
Apellyasiya Məhkəmələrinə izah edilsin ki, müddətin bərpası ilə əlaqədar qərardadlardan verilən apellyasiya şikayətlərinə baxarkən, qərardad tam və ya qismən ləğv edildikdə, yaxud dəyişdirildikdə MPM-nin 398.0.2-ci maddəsinə əsasən, 1-ci instansiya məhkəməsinə göndərməlidirlər.
 
Qanunda işin kassasiya şikayətinə əsasən kassasiya instansiyası məhkəməsinə göndərilməsi üçün konkret müddət müəyyən edilmədiyindən, zəruri prosessual hərəkətlərin başa çatmasından sonra işin qısa müddət ərzində kassasiya məhkəməsinə göndərilməməsi, əsassız yubadılması süründürməçilik kimi qiymətləndirilməlidir.
 
16. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixzli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında bəzi fəaliyyət nömlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın 1.5-ci bəndinə əsasən, lisenziyanın sahibi ona verilən lisenziyadan yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz, verilmiş lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, habelə lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.
 
Ona görə də, xüsusi razılıq (lisenziya) əsasında əldə edilmiş hüquqların qanunsuz girov qoyulmasına, alqı-satqısına, bağışlanmasına dair və s. mübahisələrə baxılarkən həmin qaydaların tələbləri rəhbər tutulmalıdır.
 
17. "İcarə haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinə əsasən, icarə müqaviləsinin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən heç birinin ərizəsi olmadıqda, o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Muqavilə yeni müddət üçün uzadılarkən, onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər.
 
Məhkəmələrə izah edilsin ki, həmin qaydada uzadılmış müqavilə müddəti qurtardıqdan sonra da tərəflərin ərizəsi olmadıqda icarə müqaviləsi yenidən eyni müddətə bağlanmış hesab olunur.
 
18. Məhkəmələrin diqqəti ona cəlb edilsin ki, Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsində qətnamənin icrasına möhlət verilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi nəzərdə tutulmuşdur. Ona görə də, məhkəmə yalnız möhlət verilməsi və qanunda göstərilən sair hallar üzrə qərar qəbul edi bilər. Qanunda konkret vaxt müəyyən edilmədiyi üçün möhlətin verilməsi müddəti ağlabatan olmaqla əsaslandırılmalıdır.
 
İzah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 254 və 255-ci maddəəlrində nəzərdə tutulmuş əsaslar olmadan iş üzrə icraatın dayayndırılması yolverilməzdir.
 
Həmin Məcəllənin 254.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraat dayandırıldıqda qəbul edilmiş qərarda bu halı nəzərdə tutan konkret hüquq normasına istinad edilməlidir.
 
19. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərilən həmin işə yenidən baxan məhkəmə üçün məcburi hesab edilməsini nəzərdə tutan Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən, işə yenidən baxan məhkəmə verilmiş göstərişlərə tam əməl etməli, qəbul etdiyi qərarda həmin göstərişlərlə əlaqədar gəldiyi nəticəni əsaslandırmalıdır.
 
20. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası CM-nin 46-cı maddəsində nəzərdə tutulan muəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası yalnız dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmanın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmanın qadağan edilməsi barədə cəza növüdür. Ona görə də, həmin cəza özəl sahənin vəzifəli şəxslərinə təyin edilə bilməz.
 
21. Məhkəmələrə izah olunsun ki, məhkəmə aktları məhkəmə iclas protokoluna əsasən tərtib olunduğuna görə, məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətlərin protokolu işə baxmanın və ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Yerində müayinə zamanı tərtib edilən protokollar MPM-nin 202-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Həmin Məcəllənin 272.1 və 272.2-ci maddələrinə əsasən, hakim özü, məhkəmə iclasında sədrlik edən və ya işə baxan məhkəmə tərkibinin digər hakimi bütün məhkəmə iclas protokollarını deyil, yalnız məhkəmə iclasından kənar məhkəmənin qəbul etdiyi prosessual hərəkətlər barədə protokolları tərtib edə bilər.
 
22. Məhkəmələrə tövsiyyə edilsin ki, iqtisadi və sahibkarlıq fəaliyyətinə dair mübahisələrin həlli ilə bağlı qərarların qəbulunda qanunun aliliyini təmin etsinlər və mübahisələrin baxılmasında süründürməçilik hallarına yol verməsinlər.
 
Dövlət müəssisələrinin hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərinin təmin edilməsi ilə bağlı tələbin dövlət əmlakı hesabına ödənilməsi barədə qərar qəbul edərkən, dövlət əmlakının süni surətdə müflisləşdirməklə əsassız olaraq özgəninkiləşdirilməsinə yol verməsinlər. Dövlət müəssisələri ilə bağlı mübahisələrə baxılarkən, dövlət marağını təmsil edən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin işə cəlb olunmasını təmin etsinlər.
 
23. Məhkəmələrə tövsiyyə edilsin ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar mübahisələrə baxarkən sahibkarlığa əngəl törədən, sahibkarların hüquqlarını pozan və məhdudlaşdıran faktlar aşkar etdikdə, belə hallara yol verən dövlət orqanlarının və digər orqanların, vəzifəli şəxslərin barəsində MPM-nin 265.1-ci maddəsində nəzərdə tutulan qaydada xüsusi qərardadla münasibət bildirsinlər. İşə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayət əlamətlərini aşkara çıxardıqda, MPM-nin 265.4-cü maddəsinə əsasən bu barədə xüsusi qərardad çıxarmaqla prokurora məlumat versinlər.
 
24. Azərbaycan Respublikasının apellyasiya və kassasiya instansiyası məhkəmələrinə tövsiyyə edilsin ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar mübahisələrə baxılarkən, hər bir qanun pozuntusuna qarşı daha barışmaz olsunlar, onların aradan qaldırılması üçün əməli tədbirlər görsünlər, süründürməçilik və qanunvericiliyin tələblərinin kobudcasına pozulması halları üzrə, eləcə də ?Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 111-ci maddələrində nəzərdə tutulmuş digər hərəkətlərə yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxarılmaqla, intizam icraatı başlamaq səlahiyyəti olan vəzifəli şəxsə məlumat verilməsini təmin etsinlər.
 
S.C.Həsənova
Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri