Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında
27.05.2005, 12:35Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
QƏRARI:
Bakı şəhəri № 2 27 may 2005-ci il
Məhkəmə statsitikası göstərir ki, hər il qanunsuz olaraq silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, hazırlanması və satışı ilə bağlı məhkəmələrdə xeyli cinayət işlərinə baxılır. Bu sahədəki qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi zamanı qanunun tələblərinin müxtəlif mənada, hətta biri-digərinə zidd mənada başa düşülməsi halları mövcuddur.
Bu, bir tərəfdən onunla əlaqədardır ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş cinayət qanunvericiliyi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, həmin predmetləri və məmulatları hazırlama, talama, hədə-qorxu ilə tələb etmə ilə əlaqədar yeni tövsifedici əlamətlər müəyyən etmişdir.
Azərbaycan Respublikası 2000-ci ildə «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında» 1978-ci il 28 iyun tarixli Avropa Konvensiyasına qoşulmuş, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2003-cü il dekabrın 29-da «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinin şərh edilməsi barədə» qərar qəbul etmişdir.
Həmin səbəblərdən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Silah, döyüş sursatı və ya partlayıcı maddələrin oğurlanması və qanunsuz dövriyyəsinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 1998-ci il 22 may tarixli qərarında verilən izahlar hazırkı dövrün tələblərini ödəmir.
Silahların, döyüş sursatının, partayıcı maddələrin və qurğuların qanunsuz hazırlanması, dövriyyəsi və talanması işləri üzrə vahid məhkəmə təcrübəsi yaratmaq məqsədilə Ali Məhkəmənin Plenumu
QƏRARA ALIR:
1. Məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayət işlərinə baxarkən nəzərə almalıdırlar ki, bu cinayətlərin predmetini silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir.
Təqsirləndirilən şəxsdən götürülən predmetin qeyd edilən maddələrin dispozisiyalarında nəzərdə tutulan predmetə aid olub-olmaması məsələsi «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanununun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında Avropa Konvensiyasının müddəaları əsasında müəyyənləşdirilməlidir.
Təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yüvsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir.
2. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, silah dedikdə, canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərədə tutulmuş, lakin canlı qüvvənin və digər obyektivlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir.
Odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurqular və soyuq silah həm sənaye, həm də kustar üsulla istehsal edilə bilər.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinə və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlanılması üzərində nəzarət haqqında» 1978-ci il 28 iyun tarixli Avropa Konvensiyasının müddəalarına əsasən odlu silah və döyüş sursatına –
a) Avtomatik silah;
b) Yarımavtomatik mexanizmli, yenidən doldurma tələb edən mexanizmli və ya tək-tək atəş açan mexanizmli qısalüləli silah;
c) Yarımavtomatik mexanizmli və ya yenidən doldurulma tələb edən mexanizmli minimum bir yivli lüləli mexanizmli uzunlüləli silahı;
ç) Yivli lüləsi birdən az olmayan təkatılan uzunlüləli silah;
d) Əl reaktiv qranatomyotlar (qumbara atanlar).
e) Hücum və ya müdafiə oqnemyotları (odsaçanlar)
ə) Yay tipli atıcı mexanizmli silah
Odlu silahlara həmçinin yivli lüləsi olan müxtəlif növ tapançalar, minaatanlar, təyyarə vuran toplar və bu bəndin «a-ə» yarımbəndlərində göstərən xüsusiyyətlərə malik olan digər silahlar da aiddirlər.
Pnevamatik silah, işıqverici, işarəverici, fişəng atıcı, tikinti-montac təyinatlı tapança və revolverlər, elektroşok qurğuları eləcə də soyuq silah-odlu silah hesab edilmir.
3. «Avtomatik» termini, ondan növbə ilə atəş açıla bilən silahlara aiddir.
«Yarımavtomatik» termini, tətiki hər dəfə sıxarkən atəş açılan silahlara aiddir.
«Yenidən doldurma tələb edən mexanizmli» termini, tətiki sıxmaqdan başqa, onun hərəkətə gətirilməsi üçün hər dəfə yenidən doldurulmasının yerinə yetirilməsi zəruri olan silahlara aiddir.
«Təkatılan» termini, lüləli və ya lülüləri hər növbəti atəşin açılması üçün yenidən doldurulan silahlara aiddir.
«Qısalüləli» termini, lüləsinin uzunluğu 30 santimetrdən çox olmayan və ya ümumi uzunluğu 60 santimetrdən az olan silahlara aiddir.
«Uzunlüləli» termini, lüləsinin uzunluğu 30 santimetrdən çox, ümumi uzunluğu isə 60 santimetrdən çox olan silahlara aiddir.
4. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 5-ci bəndinə əsasən – döyüş sursatı-müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstuktiv qurğu və ya əşyadır.
Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibind dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür.
Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir.
Hədəfi zədələmək və məhv etmək üçün nəzərdə tutulan elementi (mərmisi, gülləsi, qırması və s.) olmayan və canlı hədəfi məhv etmək təyinatına malik olmayan işarəverici, işıqverici, tikinti-montac işlərində istifadə edilən qaz və təlim patronları döyüş sursatlarına aid deyillər.
Xüsusi təyinatlı döyüş sursatlarına – hədəfi məhv etmək üçün nəzərdə tutulmamış, yəni məhv etmə elementləri (mərmisi, gülləsi, karteçi, qırması və s.) olmayan atəşin səsinə, işığına və aldatma məqsədilə istifadə etmək üçün aldadıcı döyüş patronları və ya işıqlandırıcı, işarəverici, səsverici, idarəedici fişəng patronları və fişəng atıcıları, gözyaşardıcı qaz patronları və balonları, müəyyən müddətə hazırlaşdıran qurğular, yerüstu sahəni dumanla örtən tüstü- buraxıcı patron və qurğular, aşındırıcı xassəli, kimyəvi-hərbi zəhərləyici maddələri olan patronlar, balonlar və qurğular, həmçinin rezin, taxta, plastmas, polietilen, yumşaq materialdan olan kisəciklərə yerləşdirilmiş xırda qurğuşun qırmaları, iynə şprisli, sink xəlitəsindən mərmiləri olan ağrıdıcı və ya heyvanları müvəqqəti ölümcül vəziyyətə gətirmək üçün nəzərdə tutulmuş patronlar, mıx atan qurğular, arbalitlər, balıq ovlamaq üçün nəzərdə tutulmuş müxtəlif qarpunlar aiddir.
Partlayıcı maddələr dedikdə, tezliklə özüyayılan kimyəvi çevrilmə xüsusiyyətinə – partlamaya malik kimyəvi birləşmələrdən ibarət maddələr başa düşülməlidir.
Bunlara - trotil, ammonitlər, plastitlər, elastitlər, tüstülü və tüstüsüz barıt, bərk raket yanacağı və s. aiddir.
Partlayıcı qurğular dedikdə, partlayıcı maddələrdən və konstruktiv təyinatına görə partlayışın baş verməsi üçün qığılcım yaradan xüsusi qurğulardan (məsələn, detonator, fitil və s.) ibarət olan predmetlər nəzərdə tutulur.
Odlu silah, döyüş sursatı, xüsusi təyinatlı döyüş sursatı, partlayıcı maddə, partlayıcı qurğular həm sənaye, həm də kustar üsulla istehsal edilə və ya hazırlana bilər.
- Odlu silahın komplekt hissələri dedikdə, onun funksional təyinatını müəyyən edən hissələr-odlu silahın lüləsi, zərbə, buraxılış (titək), bağlayıcı mexanizmi, baraban (güllə yuvacığı), eləcə də kompleks halında silahdan təyinatı üzrə istifadə etməyə – atəş açmağa imkan verən digər detalları başa düşülür.
Lakin, odlu silahın üzərində olsa belə, həmin silahdan təyinatı üzrə atəş açmağa imkan verməyən əşyalar və qurğular (süngü bıçağı, sünbə və s.) Azərbaycan Respublikası CM-nin 228 və 229-cu maddələrində nəzərdə tutulmuş odlu silahın komplekt hissələrinə aid deyillər.
5. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 16-cı bəndinə görə, silahın dövriyyəsi – silahın istehsalı, gətirilməsi, aparılması, idxalı, ixracı, satışı, başqasına verilməsi, əldə edilməsi, kolleksiya edilməsi sərgisinin keçirilməsi, uçotu, gəzdirilməsi, daşınması, istifadə edilməsi, göndərilməsi, götürülməsi və məhv edilməsidir.
Odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz olaraq başqasına vermə dedikdə, həmin predmetlərin digər şəxslərin sahibliyinə verilməsi, bağışlanması, müvəqqəti saxlama və ya istifadə etmək üçün verilməsi və s. kimə hərəkətlər başa düşülür.
Məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin «Xidməti və mülki silah haqqında» Qanunun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında» Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, «Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası»nın,«Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları»nın, «Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları»nın, «Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları»nın, «Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları»nın, «Silahın mühafizəsi ilə bağlı tələbləri»nin, «Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları»nın, «Silahın geri alınması Qaydaları»nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur.
Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki sidahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır.
6. Mülki dövriyyədən çıxarılmayan yivsiz lüləli ov tüfənginin qanunsuz hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaratmır.
Lakin qadağan edilmiş, uzunluğu 800 mm-dən az olan, habelə konstruksiyası onu qatlamaq, sökmək və ya yığmaq imkanı verən və bu zaman atəş imkanının aradan qaldırmayan odlu ov silahının qanunsuz dövriyyəsi CM-nin yuxarıda qeyd edilən maddələrinin tərkibini yaradır.
Bununla belə ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır.
7. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun tələbinə görə kalibri 4,5 mm-dən çox, gülləsinin uçuş surəti saniyədə 150 metrdən çox olan pnevmatik silahın, habelə odlu silahın idman obyektlərindən kənarda saxlanılması, istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi qadağan olunduğundan, həmin növ silahların qanunsuz əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Renspublikası CM-nin 228 və ya 232-ci maddələrinin tərkibini yaradır.
8. Partlayıcı maddələrdən və konstruktiv təyinatına görə partlayış edilməsi üçün qurğulardan ibarət olan müxtəlif partlayıcı qurğuların qanunsuz əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınılması, gəzdirilməsi və ya talaması da müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228 və ya 232-ci maddələrində nəzərdə tutulan cinayət məsuliyyətini yaradır.
9. CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür.
Sadalanan predmetlərin qanunsuz satılması dedikdə, onların qanunsuz olaraq hər hansı bir üsulla yayılması (satılması, dəyişdirilməsi, borc əvəzinə verilməsi və ya borc olaraq verilməsi və s.), yəni həmin predmetlərin satılması- onların başqasının sahibliyinə keçməsi ilə yanaşı onların üzərində sərəncam vermək «hüququnun» da əvvəlki sahibindən digər şəxsə keçməsi başa düşülməlidir.
Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir.
Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir.
Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir.
Göstərilən predmetlərin müvafiq icazə olmadan təqsirkarın idarə etdiyi nəqliyyat vasitəsində olması işin konkret hallarından asılı olaraq onları qanunsuz saxlama, daşıma və ya gəzdirmə kimi tövsif olunmalıdır.
10. CM-nin 229-cu maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradan qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama ( silah istehsal etmə) dedikdə, onların yaradılması və ya itirilmiş məhv etmə qabiliyyətinin bərpa edilməsi, habelə başqa predmetlərin (məsələn, raket atanların, qaz, start və tikinti-montac, məişət və idman təyinatlı inventarların) üzərində dəyişikliklər etmə nəticəsində onların odlu və ya soyuq silah, döyüş sursatı, yaxud partlayıcı maddə xüsusiyyətlərinə gətirilməsi başa düşülməlidir.
Odlu silahı təmir etmə dedikdə, onun itirilmiş məhv etmə xüsusiyyətlərinin bərpa edilməsi nəzərdə tutulur.Təmir nəticəsində odlu silah təyinatı üzrə istifadə üçün yararlı vəziyyətə gətirilməlidir.
Şərh edilən cinayət hazırlama zamanı odlu silah və CM-nin 229-cu maddəsində göstərilən digər predmetlər tam hazır şəkildə yaradıldığı andan, odlu silahı təmir etmə cinayəti isə onun məhvedici xassələrinin bərpa edilməsi yekunlaşdığı andan başa çatmış hesab edilir.
Şəxs bu cinayətin predmetlərini hazırlama, habelə odlu silahı təmir etmə üzrə texnoloci prosesi apararkən yaxalanarsa, onun əməli CM-nin 229-cu maddəsində nəzərdə tutulan cinayəti törətməyə cəhd etmə kimi tövsif edilməlidir.
Odlu silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların talanması dedikdə, belə predmetləri mənimsəmək və ya başqa şəxsə vermək, habelə öz mülahizəsinə uyğun şəkildə istifadə etmək məqsədi ilə onları hər hansı bir üsulla (quldurluq istisna olmaqla) ələ keçirmək başa düşülməlidir.
Lakin odlu silahın qeyd etdirilməsi (yenidən qeyd etdirilməsi) üçün qanunvericiliklə müəyyən edilmiş müddətlər bitdikdən sonra odlu silahın saxlanılması, gəzdirilməsi, daşınması Azərbaycan Respublikası CM-nin 228-ci maddəsinin tərkibini yaratmır.
11.Azərbaycan Respublikası CM-nin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan slahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidlən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır.
Təqsirli şəxs yanılıb funksional istifadə üçün yararlı olmayan silahı, döyüş sursatını, partlayıcı maddəni və qurğunu yararlı hesab edərək talamışsa onun əməli həmin prelmetlərin talanmasına cəhd kimi tövsif edilməlidir.
Əgər şəxs sadalanan predmetlərlə bağlı işləri yerinə yetirərkən vicdanlı surətdə yanılmışdırsa, bu, onun CM-nin 228-ci maddəsi ilə cinayət məsuliyyətini istisna edir.(Məsələn, sürücü daşıdığı yükün sahibinin həmin yükün içərisində odlu silah və ya döyüş sursatı gizlətdiyindən xəbərsiz olaraq həmin yükü daşıyır).
Odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular dövlət və digər müəssisə və təşkilatlardan, eləcə də onların qanuni və qanunsuz yolla əldə etmiş ayrı-ayrı vətəndaşlardan talandıqda Azərbaycan Respublikası CM-nin 232-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət yaranır.
12. Qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən törədilmiş cinayət, yəni Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsinin tövsifedici əlaməti olan qabaqcadan iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilmiş cinayət əməli nəzərdə tutulur.
Azərbaycan Respublikası CM-nin 228.2.2-ci maddəsində nəzərdə tutulan təkrarlıq tövsifedici əlaməti təqsirkar şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 228.1, 228.2.1, 228.2.2 və 228.3-cü maddələrində nəzərdə tutulan cinayətlərdən hər hansı birinin iki və ya iki dəfədən çox törədilməsi hallarında mövcud olur.
Lakin, əvvəllər törətdiyi cinayətə görə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətindən azad olunmuş, yaxud məhkumluğu götürülmüş və ya ödənilmiş şəxs tərəfindən həmin cinayətlərin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir.
Azərbaycan Respublikası CM-nin 232.2.2-ci maddəsində göstərilən təkrarlıq əlaməti təqsirkar şəxsin əvvəllər odlu silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların talanması üstündə məhkum olub-olmamasından asılı olmayaraq yaranır.
Təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya CM-nin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi CM-nin 228.1-ci maddəsi ilə tövsif edilməlidir.Əgər təqsirləndirilən şəxs təkbaşına qanunsuz olaraq odlu silah əldə edir, onu saxlayır və sonradan hər hans qrupun tərkibində, döyüş sursatı və odlu silah əldə edirsə, onun əməli CM-nin 228.1-cə maddəsi və bu cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə CM-nin 228.2.2-ci maddəsi ilə tövsif edilməlidir.
CM-nin 228.1 və 228.4-cü maddələrində göstərilən cinayət tərkibi bir-birinə münasibətdə müstəqil olduğundan CM-nin 228.4-cü maddəsində nəzərdə tutulan hərəkətlər törədildikdən sonra CM-nin 228.1, 228.2.1, 228.2.2 və 228.3-cü maddələrində göstərilən əlamətlərin törədilməsi onların təkrar törədilməsi hesab olunmur.
13. CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur.
«Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) sair kəsici- deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enercisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir.
Göstərilən Qanunun 2-ci maddəsinin 10-cu bəndinə əsasən qaz silahı- gözyaşardıcı, qıcıqlandırıcı, zəhərləyici , sinir-iflic və başqa güclü təsir göstərən digər maddələrin tətbiqi ilə canlı hədəfin müvəqqəti sıradan çıxarılması üçün nəzərdə tutulmuş silahdır.
14. Odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları könüllü surətdə təhvil verən şəxsin, əgər onun əməlində başqa cinayət əməllərinin tərkibi yoxdursa, CM-nin 228-ci maddəsi ilə məsuliyyət daşımır.
Sadalanan predmetlərin könüllü surətdə təhvil vermə dedikdə, həmin predmetləri istədiyi kimi sərəncam vermək imkanına malik olan şəxsin motivindən asılı olmayaraq, bu predmetlərin təqdim edilməsi və ya onların saxlandığı yer barədə məlumat verməsi başa düşülməlidir.
CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan predmetlərin həm şəxsin öz təşəbbüsü ilə, həm də digər şəxslərin məsləhəti əsasında eləcə də müəyyən növ silahı təhvil verməni vətəndaşların öhdəliyi qismində müəyyən edən müvafiq hakimiyyət orqanlarının tövsiyyəsinə görə təhvil verilməsi onları könüllü təhvil vermə hesab olunur.
Həmin predmetləri könüllü surətdə təhlil verən şəxs CM-nin 228.1 - 228.4-cü maddələrində qeyd edilən bütün növ əməllərə görə cinayət məsuliyyətindən azad edilir.
15. CM-nin 228-ci maddəsində nəzərdə tutulan cinayətin predmetlərinin şəxs tərəfindən başqa bir cinayəti (ağır və ya xüsusilə ağır cinayəti) törətmək məqsədi ilə əldə edilməsi,, başqasına verirməsi, satılması, saxlanılması, daşınması və ya gəzdirilməsi, cinayətlərin məcmusu qaydasında CM-nin 228-ci maddəsi ilə başa çatmış cinayət kimi və digər cinayəti törətməyə hazırlıq kimi tövsif edilməlidir.
Şəxs silahdan istifadə etməklə cinayət törətdikdə də onun əməli ayrıca tövsif edilir.Məsələn, silah tətbiq edilməklə quldurluq törədildikdə, əməl CM-nin 181.2.5 və 228-ci maddəsi ilə tövsif olunmalıdır.
Şəxs silahı cinayət törətmək üçün digər şəxsə müvəqqəti istifadəyə verdikdə onun əməli CM-nin 228-ci maddəsi ilə və digər cinayəti törətməkdə köməkçi kimi qiymətləndirilərək müvafiq maddə ilə tövsif edilməlidir.
Şəxs zəruri müdafiə zamanı silah tətbiq edirsə onun əməli CM-nin 228-ci maddəsi ilə, qanunsuz olaraq silahı əldə etməyə və ya gəzdirməyə görə məsuliyyət daşımalıdır.
16. Odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələr və qurğuları talama və sonradan saxlama, gəzdirmə, satma və daşıma cinayətlərin məcmusu qaydasında-CM-nin 232 - ci və 228 - ci maddələri ilə tövsif edilir.
Odlu silah, onun komplekt hissələrini , döyüş sursatını, partlayıcı maddələr və qurğuları təsadüfən tapmış, lakin onu mənimsəməyən və onu sonradan gizlədilməsi üçün heç bir tədbir görməyən şəxs CM-nin 228.- ci maddəsi ilə cinayət məsuliyyəti daşıya bilməz.
Lakin təsadüfən tapdığı özgənin silahını gizlədən və ya yerini dəyişən şəxs mahiyyətcə onu əldə etmiş və saxlamış olduğuna görə CM-nin 228-ci maddəsi ilə cinayət müsuliyyəti daşıyır.
17. Məhkəmələr nəzərə almalıdırlar ki, şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırladıqdan və ya onları təmir etdikdən sonra gəzdirir, satır, daşıyır, başqasına verir və ya saxlayırsa, onun əməli cinayətlərin məcmusu qaydasında – CM-nin 228 və 229 - ci maddələri ilə tövsif edilməlidir.
Şəxs odlu silahın komplekt hissələrini taladıqda və sonradan həmin hissələrdən istifadə edərək qanunsuz olaraq odlu silah hazırladıqda, onun əməli də cinayətlərin məcmsu qaydasında – CM-nin 229 və 232-ci maddələri ilə tövsif edilməlidir.
Əgər odlu silahın komplekt hissələri bir şəxs tərəfindən talanmış, digər hissələrin hazırlanması və odlu silahın yığılması isə başqa şəxs tərəfindən həyata keçirilmişdirsə, bu şəxslərdən birinin əməli ayrıca, yəni birinci şəxsin əməli CM-nin 232-ci, ikincininki isə CM-nin 229-cu maddəsi ilə tövsif olunur.
Bu şəxslərdən biri cinayətin digər şəxs tərəfindən törədilməsinin təşəbbüskarı kimi çıxış etdikdə, onu cinayəti törətməyə təhrik etmiş olduqda və s. hallarda təqsirkarın, təhrikçiliyə və iştirakçılığının (CM-nin 32-ci maddəsi) digər növlərinə görə cinayət məsuliyyətinə cəlb edilməsi istisna olunmur. Məsələn, odlu silahın kompelkt hissələrini talamış şəxs başqasını dilə tutaraq çatışmayan hissələri hazırlamağa və istifadəyə yararlı silah yığmağa təhrik edir.
Bu zaman silahı hazırlayanın əməli CM-nin 229.1-ci, təhrikçinin əməli isə CM-nin 32.4-cü, 229.1 və 232.1-ci maddələri ilə tövsif olunmalıdır.
18. Odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin istifadəyə yararsız olan hissələrini əldə etmə, saxlama, daşıma, satma, başqasına vermə və ya gəzdirmə, əgər onların təmir etməyə niyyət yoxdursa, törədildikdə, CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaratmır.
19. Qanuna görə CM-nin 229.1-ci maddəsində sadalanan predmetləri yalnız hazırlamağa, habelə odlu silahı təmin etməyə görə məsuliyyət nəzərdə tutulduğundan və xidməti və mülki silahın istehsalını, hazırlanmasını yalnız bunun üçün xüsusi icazəsi olan müəssisələr həyata keçirdiyindən belə icazəsi olmayan şəxslərin qeyri-dövlət müəssisələrində və ya dövlət müəssisələrində odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlaması, habelə odlu silahı təmin etməsi CM-nin 229-cu maddəsinin tərkibini yaradır.
20. CM-nin 229.1-ci maddəsində sadalanan predmetlərin əvvəllər CM-nin 229.4-cü maddəsində göstərilən qaz silahı, soyuq silahı, o cümlədən soyuq atıcı (tullayıcı) silahı qanunsuz hazırlayan şəxs tərəfindən hazırlanması CM-nin 229.2.2-ci maddəsində nəzərdə tutulan təkrar törətmə sayılmır.
Məsələn, qanunsuz olaraq qaz silahını hazırladıqdan sonra odlu silahı hazırlama və ya təmir etmə təkrarlıq yaratmır.
21. Qanunsuz olaraq silahı, onun komplekt hissələrini, döyüş sursatını partlayıcı maddələri hazırlayan və ya qanunsuz olaraq odlu silahı təmir edən şəxs onların könüllü surətdə təhvil verərsə, əgər onun əməllərində başqa cinayət tərkibi yoxdursa, CM-nin 229-cu maddəsi ilə cinayət məsuliyyətindən azad edilir.
Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə əldə etmiş şəxs onları könüllü surətdə təhvil verdikdə CM-nin 232.1-ci maddəsilə məsuliyyətə cəlb edilməlidir.
«Könüllü təhvil vermə» dedikdə, bu qərarın 14-cü bəndində göstərilən izah nəzərə alınmalıdır.
22. Odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin hazırlanması və ya təmir edilməsi, eləcə də onların əldə edilməsi, başqasına verilməsi, satılması, daşınması, gəzdirilməsi, talanması, hədə-qorxu ilə tələb edilməsi, əgər onlar başqa cinayət törətmək məqsədi ilə edilirsə və bu cinayətlər ağır və xüsusilə ağır cinayətlər sırasına daxildirsə, əməl cinayətlərin məcmusu qaydasında-başa çatmış kimi CM-nin 229-cu maddəsi ilə və digər cinayəti törətməyə hazırlıq kimi tövsif edilməlidir.
Odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin istifadəyə yararsız olan hissələrini əldə etmə, saxlama, daşıma, satma, başqasına vermə və ya gəzdirmə, əgər onları təmir etməyə niyyət yoxdursa, törədildikdə, CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaratmır.
23. CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazə olmadan odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma saxlama, daşıma və gəzdirmə, müstəqil cinayət tərkibi kimi müəyyən edildiyi üçün bu cinayətin predmetlərinin talanması və onların sonrakı əldə edilməsi, başqasına verilməsi, satlıması, saxlanılması, daşınması və gəzdirilməsi CM-nin 228-ci və 232-ci maddələrində nəzərdə tutulan cinayətlərin real məcmusu qaydasında tövsif edilməlidir.
24. CM-nin 232.2.4-cü maddəsində nəzərdə tutulmuş tövsifedici əlamət-həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə və ya belə zor tətbiq etməklə hədələmə dedikdə, odlu slahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların talanması, onlara sahib olmaq məqsədilə hücuma məruz qalanın həyatı və səhhəti üçün təhlükəli olan zorakılıqla edildiyi və ya belə zor tətbiq etmək hədəsi ilə basqın başa düşülür və həmin cinayət basqın edildiyi andan bitmiş hesab olunur.
25. CM-nin 231-ci maddəsində nəzərdə tutulan məsuliyyət silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, xidməti vəzifəsi ilə əlaqədar mühafizəsi tapşırılmış şəxs tərəfindən öz vəzifəsinin sadalanan predmetlərin talanmasına və ya məhv edilməsinə, yaxud digər ağır nəticələrə səbəb olan şəkildə lazımınca yerinə yetirilməməsində ifadə olunur, CM-nin 228 və 229-cu maddələrində nəzərdə tutulmuş cinayətlərdən fərqli olaraq odlu silahın kompleks hissələri CM-nin 231-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti hesab olunmur.
Şəxsin öz vəzifələrini lazımınca yerinə yetirməməsi dedikdə, CM-nin 231-ci maddəsində sadalanan predmetlərin mühafizəsinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan qaydalarını pozma başa düşülür.Bu cinayət həm stasionar anbarların (məsələn, cəbbəxanaların, silah istehsal edən müəssisələrin anbarlarının və s.) həm də səyyar və müvəqqəti anbarların (məsələn, bu maddədə qeyd olunan silah və digər predmetlərin daşınması zamanı) mühafizəsi, eləcə də anbardan kənarda olan silahın nəqliyyat vasitəsinə yükləmə zamanı törədilir.
CM-nin 231-ci maddəsində sadalanan predmetlərin mühafizəsi üzrə təqsirkarın vəzifəsini lazımınca yerinə yetirməməsi yalnız bu predmetlərin digər şəxs tərəfindən talanmasına və ya məhv edilməsinə, yaxud digər ağır nəticələrə səbəb olduqda və şəxsin silahın mühafizəsi üzrə vəzifələrini lazımınca yerinə yetirilməməsi ilə nəticə arasında səbəbli əlaqə olduqda cinayət məsuliyyəti yaranır.
Eyni zamanda odlu silah,onun mühafizəsi tapşırılmış şəxs tərəfindən talandıqda, əməl CM-nin 232-ci maddəsi ilə tövsif olunur.
26.Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 232.1-ci maddəsində göstərilən odlu silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların talama və ya hədə-qorxu ilə tələb etməyə görə cinayət məsuliyyətinin yaranması üçün bu predmetlərin mülkiyyətçisinin və ya sahibinin kim olması, habelə onların miqdarı və dəyəri əhəmiyyət kəsb etmir.
Həmin predmetlərin talama, yaxud hədə-qorxu ilə tələb edilməsinin şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi dedikdə, həmin əşyaların müəyyən müddətə xüsusi vəzifələri yerinə yetirmək üçün (məsələn, qarovulçu, növbə üzrə asayışın mühafizəsində iştirak edən, müəyyən qaydalar üzrə daimi silah gəzdirmək hüququ olan polis əməkdaşları, keşikçi, inkassatorun öz xidməti vəzifələrini yetirdiyi zaman) verildiyi şəxs tərəfindən onların talanması və ya hədə-qorxu ilə tələb edilməsi başa düşülür.
Eyni zamanda mühafizə üçün etibar olunduğu şəxs tərəfindən odlu silahın və şərh olunan cinayətin digər predmetlərinin talanması dedikdə, onların anbarda və ya başqa saxlanc yerində nəinki qoruyub mühafizə etmək vəzifələrini yerinə yetirən şəxs həmçinin onların xidməti vəzifələri ilə əlaqədar öhdəsində olduğu vəzifəli və maddi məsuliyyətli şəxs tərəfindən talanması başa düşülür.
27. Odlu silahın vəzifəli şəxs tərəfindən diqqətsiz saxlaması ağır nəticələrə səbəb olduqda onun əməli Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə (səhlənkarlıq) tövsif edilməli, hərbi qulluqçunun xidməti istifadəsinə verilmiş silahın və ya döyüş sursatının onların diqqətsiz saxlanılması nəticəsində itirilməsi isə Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməlidir.
CM-nin 230-cu maddəsində nəzərdə tutulmuş tövsifedici əlamət ağır nəticələr dedikdə, təqsirləndirilən şəxsin diqqətsiz odlu silahdan başqa şəxsin istifadə etməsi nəticəsində həmin şəxsin ölməsi, sağlamlığına ağır və ya az ağır zərər vurması, intihar etməsi, insan tələfatına, maddi ziyan vurmasına səbəb olan yanğın törətməsi və s. başa düşünülməlidir.
28. Xidməti istifadə üçün verilmiş odlu, soyuq silah, döyüş sursatı və ya partlayıcı maddələri oğurlamaq məqsədi olmadan aparmaqla fərarilik etmiş və hərbi hissəni (qulluq yerini) özbaşına tərk etdikdən sonra həmin predmetləri qanunsuz gəzdirən və ya saxlayan hərbi qulluqçunun əməlləri Azərbaycan Respublikası CM-nin 334.2-ci maddəsi ilə yanaşı sillahın növündən asılı olaraq Məcəllənin 228.1-ci və ya 228.4-cü maddəsi ilə tövsif edilməlidir.
29. Məhkəmələr odlu silahın, onun komplekt hissələrinin, döyüş sursutanın, partlayıcı maddələr və qurğuların talanmasına kömək etmiş səbəb və şəraiti müəyyən etdikdə onların aradan qaldırılmasına müvafiq orqanların diqqətini xüsusi qərar çıxarma yolu ilə cəlb etməlidirlər.
Bunlarla yanaşı, məhkəmələr bu növ cinayətlər törətmiş şəxslərə cəza təyin edərkən onların hərəkətlərinin məqsədi və motivini, talanmış odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatlarının, partlayıcı maddələr və qurğuların əldə edilmə mənbəyini və ələ keçirmə üsulunu, onların növünü, miqdarını, dəyərini və döyüş xüsusiyyətlərini nəzərə almalıdırlar.
30. Hazırkı qərarın qəbul edilməsi ilə əlaqədar «Silah, döyüş sursatı və ya partlayıcı maddələrin oğurlanması və qanunsuz dövriyyəsinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1998-ci il 22 may tarixli 1N-li qərarı qüvvədən düşmüş hesab edilsin.
Ramiz Rzayev
Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri
Göstərilən platformalarda paylaş: