ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması ilə bağlı qanunvericiliyin tətbiqi üzrə mübahisəli hüquqi məsələnin müzakirəyə çıxarılmasına dair Ali Məhkəmənin məlumatı

05.07.2024, 17:19
Ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması ilə bağlı qanunvericiliyin tətbiqi üzrə mübahisəli hüquqi məsələnin müzakirəyə çıxarılmasına dair Ali Məhkəmənin məlumatı
Ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması ilə bağlı qanunvericiliyin tətbiqi üzrə mübahisəli hüquqi məsələnin müzakirəyə çıxarılmasına dair Ali Məhkəmənin məlumatı

Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsinin formalaşdırılması vəzifəsinin icrası istiqamətində görülən işlərin davamı olaraq Mülki Prosessual Məcəllənin 418-1-ci maddəsində təsbit edilmiş mexanizmə növbəti dəfə müraciət edilməsi qərara alınmışdır.

Hazırda Ali Məhkəmənin Mülki kollegiyasının icraatında əvvəllər müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqini zəruri edən “paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması” tələbinə dair mülki iş vardır.

Mülki işin halları ilə müəyyən olunmuşdur ki, tərəflərin paylı mülkiyyətlərində olan daşınmaz əmlakın paylara uyğun naturada bölünməsi mümkün olmadığından, iddiaçı həmin əmlakın açıq hərracdan satılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunmuş, əmlakın satış qiyməti müəyyən olunmaqla, onun hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin tərəflərin paylarına mütənasib surətdə aralarında bölünməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İşə kassasiya qaydasında baxılarkən mübahisəli məsələyə münasibətdə Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunmuşdur.

Belə ki, Ali Məhkəmənin Mülki kollegiyasının bir sıra məhkəmə tərkibləri əvvəllər oxşar mübahisələr üzrə qəbul etdiyi qərarlarında paylı mülkiyyətdə olan əmlakların hərracdan satılması tələblərinə baxarkən bu əmlakın satış qiymətinin məhkəmə mübahisəsinin predmeti olmamasını, iddianın hüquqi əsası olan Mülki Məcəllənin 220-ci maddəsində əmlakın dəyərinin müəyyən edilməsinin məhkəmənin vəzifəsi kimi göstərilməməsini əsas gətirməklə, əmlakın açıq hərracdakı ilkin satış qiymətinin “İcra haqqında” Qanuna əsasən icra hərəkətləri həyata keçirilərkən müəyyən edilməli olmasını göstərmişlər.

Məsələ ilə bağlı digər mövqe isə ondan ibarətdir ki, Mülki Məcəllənin 220-ci maddəsində ümumi paylı mülkiyyətdə olan əşyanın məhkəmə qərarı əsasında açıq hərracdan satılması üçün əmlakın hərracdakı dəyərinin hansı qaydada müəyyən edilməli olmasının bilavasitə tənzimlənməməsi, əşyanın qiymətinin məhkəmə araşdırmasının predmetini təşkil etməməsi kimi qiymətləndirilməməlidir.

Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarına görə məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 220-ci maddəsində paylı mülkiyyətdə payının ayrılmasını istəyən şəxsə payının dəyərinin (pul kompensasiyasının) ödənilməsinin qeyri-mümkünlüyünün müəyyənləşdirilməsi zəruri mərhələ kimi göstərilmişdir. Bu mərhələ, həm ayrılmaq istəyən paylı mülkiyyətçinin, həm də, qalan mülkiyyətçilərin mülkiyyət hüquqlarının müdafiəsinə yönəldilmişdir. Belə ki, bu mərhələ bir tərəfdən mülkiyyətçiyə əmlakdakı payına sərəncam vermək, digər tərəfdən qalan mülkiyyətçilərə mülkiyyətlərini saxlamaq imkanı verir.

Göstərilənlərə əsasən, Mülki Məcəllənin 220-ci maddəsində paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması ilə bağlı iddialara baxılarkən ayrılmaq istəyən mülkiyyətçinin payının dəyərinin və əmlakın hərracdakı ilkin satış qiymətinin müəyyən edilməsi nəzərdə tutulmasa da, bu halların araşdırılmaması mülkiyyətçilərin mülkiyyət hüquqlarının əsassız olaraq pozulmasına və ya məhdudlaşdırılmasına səbəb ola bilər.

Bununla belə, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 221-ci maddəsində əmlakın bölgüsü nəticəsində mülkiyyətçilərin ümumi paylı mülkiyyət hüquqlarına açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılması yolu ilə xitam verilməsi nəzərdə tutulsa da, payçıların bir birindən kompensasiya almaq hüquqları təsbit olunmamışdır.

Odur ki, Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması ilə bağlı fərqli hüquqi yanaşmaların mövcud olduğu nəzərə alınaraq, mübahisəli məsələ üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilmişdir.

Müzakirəyə çıxarılacaq məsələlər aşağıdakılardan ibarətdir:

  • Bu kateqoriya işlərə baxılarkən paylı mülkiyyətdə olan əmlakın dəyəri məhkəmə araşdırmasının predmetini təşkil etməlidirmi ? Məhkəmə, əmlakın açıq hərracdan satılması barədə qətnamə qəbul etdiyi halda, ilkin satış qiymətini qətnamənin nəticə hissəsində müəyyən etməlidirmi ?
  • Müsbət halda, əmlakın dəyərinin araşdırılması iddiaçının bununla bağlı iddia tələbinin mövcudluğundan asılıdırmı, yoxsa məhkəmə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq bu məsələni iddia tələbindən kənara çıxmaqla həll etməlidir ?
  • Mülki Məcəllənin 220.3-cü maddəsinin ikinci cümləsinə əsasən ayrılan mülkiyyətçi digər mülkiyyətçilərdən öz payının kompensasiya olunmasını tələb edərkən, onun tələb etdiyi məbləğin əmlakın bazar qiymətinə uyğun olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil etməlidirmi ?
  • Ayrılan mülkiyyətçinin tələb etdiyi kompensasiya məbləğinin əmlakın bazar dəyərinə münasibətdə açıq-aydın yüksək olduğu müəyyən edildiyi halda, əmlakın hərracdan satılması tələbi bu əsasla rədd edilməli və ya müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq əmlakın ilkin satış qiyməti ilə hərracdan satılması qət edilməlidir ?
  • Mülki Məcəllənin 220-ci maddəsi ilə müqayisədə, mülkiyyətçilərin ümumi paylı mülkiyyət hüquqlarına məhkəmə qaydasında xitam verilərkən, onların bir-birinə kompensasiya verməsi mərhələsini nəzərdə tutmayan 221-ci maddəsinin tətbiqi xüsusiyyətləri nədən ibarətdir?

Bununla əlaqədar olaraq Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları 2024-cü ilin sentyabr ayının 1-dək yazılı formada əsaslandırılmış hüquqi rəylərini (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət edir.

Rəylər yazılı qaydada Ali Məhkəmənin Mülki kollegiyasının ünvanına və ya elektron poçt vasitəsilə (mulkikollegiya@supremecourt.gov.az) göndərilməlidir.