ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

"Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

24.12.2021, 18:51
"Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı
"Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

PDF Word

 

Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar

valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında

 

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

Q Ə R A R I

№ 13

24 dekabr 2021-ci il                                                                                     Bakı şəhəri

 

Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 2017-ci, 2018-ci illərdə və 2019-cu ilin I yarımilində uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələr ilə bağlı işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsi aparılmışdır.

Aparılmış ümumiləşdirmənin nəticələri uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə bir sıra hallarda məhkəmələr tərəfindən qüvvədə olan qanunvericiliyin tətbiqi üzrə bir-birindən fərqlənən yanaşmaların sərgiləndiyi müəyyən edilərək, bu kateqoriya işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması zərurətini üzə çıxarmışdır.

Bu baxımdan, məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələrin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi, habelə bu kateqoriya işlər üzrə hüquqi yanaşmanın sabitliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu, Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsini, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79, 79-1 və 80-ci maddələrini rəhbər tutaraq,

 

QƏRARA ALIR:

 

1. Uşaqların üstün mənafelərinin nəzərə alınması

1.1. Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra Konstitusiyası) əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (maddə 17, hissə I, II). Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (maddə 34, hissə IV). Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər (maddə 28 hissə III), Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır (Maddə 28 hissə IV).

1.2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi) vəzifələrindən biri kimi uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi müəyyən edilmişdir (maddə 3.0.4.). Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir (maddə 51.2). Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər (maddə 58.6). Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir (maddə 60.4).

1.3. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Konstitusiyaya uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar (maddə 4). Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır (maddə 5). Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər (maddə 19).

1.4. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinin 1-ci bəndinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Həmin Konvensiyanın 4-cü bəndinə əsasən isə iştirakçı dövlətlər istər iştirakçı dövlətin daxilində, istərsə də xaricdə valideynlər və ya uşaq üçün maliyyə məsuliyyəti daşıyan digər şəxslər tərəfindən uşağın saxlanmasının bərpa olunmasını təmin etmək üçün bütün lazımi tədbirləri görürlər.

1.5. Avropa Şurasının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsində təsbit edilmişdir ki, uşaq barəsində bütün tədbirlərdə onun mənafeləri tam həcmdə nəzərə alınmalıdır. Bu Konvensiyasının 9-cu maddəsinə görə, uşaq valideynlərindən ayrılmamaq hüququna malikdir, bunun uşağın ən yaxşı mənafeləri naminə labüd olması və məhkəmə prosesi ilə baş verməsi istisna təşkil edir.

1.6. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi)  pesedent hüququna əsasən, uşaqlarla bağlı bütün qərarlar qəbul edilərkən ilk növbədə onların üstün maraqlarının nəzərə alınması ideyasının dəstəklənməsi istiqamətində geniş konsensus (o cümlədən beynəlxalq miqyasda) mövcuddur (Noylinger və Şuruk İsveçrəyə qarşı [BP], § 135; X Latviyaya qarşı [BP], § 96). Uşağın üstün maraqları, xarakterindən və ciddilik dərəcəsindən asılı olaraq, valideynlərin maraqlarından üstün tutulur. Bununla belə, valideynlərin maraqları, xüsusən onların uşaqla mütəmadi təmasda olmaq hüququ işdəki müxtəlif maraqlar balanslaşdırılarkən nəzərə alınmalı olan amildir (Şahin Almaniyaya qarşı [BP], § 66, Noylinger və Şuruk İsveçrəyə qarşı [BP], § 134). Uşağın ailəsi ilə əlaqələrinin onun üçün münasib hesab edilmədiyi hallar istisna olmaqla, uşağın maraqları onun ailəsi ilə əlaqələrinin qorunub saxlanmasını tələb edir.

1.7. Beləliklə, məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələrə baxılarkən, uşağın təhsil, peşə hazırlığı, tibbi xidmət, sağlamlığının bərpası, əmək fəaliyyətinə hazırlıq sahəsində xidmətlərdən səmərəli istifadə etməsini və istirahət vasitələrindən bəhrələnməsini təmin etmək məqsədi ilə bütövlükdə uşağın sosial həyata mümkün qədər daha yaxşı cəlb edilməsi, uşağın mədəni və mənəvi inkişafı da daxil olmaqla, şəxsiyyətinin formalaşması naminə hər bir halda üstün mənafeyi nəzərə alınmalıdır.

2. İddia tələbinin qanuni əsası

2.1. İstinad edilən mübahisələr üzrə tətbiq edilməli maddi hüquq norması ilə bağlı qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 02 iyul 2013-cü il tarixli Qanununun 4-cü maddəsinə əsasən, 2013-cü il avqustun 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (bundan sonra – Miqrasiya Məcəlləsi) Azərbaycan Respublikası vətəndaşlarının, o cümlədən, yetkinlik yaşına çatmayan vətəndaşların ölkədən getmək və ölkəyə gəlmək hüququ, onun həyata keçirilməsinə dair qaydalar da nəzərdə tutulmuşdur. Miqrasiya Məcəlləsinin qüvvəyə minməsindən əvvəl göstərilən hüquqların həyata keçirilməsi ilə bağlı qaydalar 07 noyabr 2014-cü ilədək qüvvədə olmuş ”Ölkədən getmək və ölkəyə gəlmək  və pasportlar haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənirdi. Göstərilən tarixdən sonra edilmiş dəyişikliklərə əsasən ölkədən getmək və ölkəyə gəlmək hüququnun reallaşdırılmasına dair qaydalar çıxarılmaqla, bu normativ hüquqi akt “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu adlandırılmışdır.

2.2. Vətəndaşların ölkədən getmək və ölkəyə gəlmək qaydaları Miqrasiya Məcəlləsinin aşağıdakı müddəaları ilə tənzimlənir. Belə ki, Miqrasiya Məcəlləsinin 9.1 və 9.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək, sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Vətəndaşın ölkədən getmək hüququnun məhdudlaşdırılmasının mümkünlüyü isə dəqiq dairəsi göstərilən Məcəllənin 9.3-9.5–ci maddələrində əks olunan halların mövcudluğu ilə əlaqələndirilmişdir.

2.3. Yetkinlik yaşına çatmayan vətəndaşlar isə Miqrasiya Məcəlləsində xüsusi subyekt kimi tanınmaqla, onların ölkədən getməsinin həmin Məcəllənin 11-ci maddəsi ilə tənzimlənən ayrıca qaydası nəzərdə tutulmuşdur. Məcəllənin 11.1-ci maddəsinə əsasən, 11.2-ci maddədə nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilərlər. 11.2-ci maddədə isə göstərilir ki, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə isə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

2.4. Göründüyü kimi, qanunverici Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsində yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərinin biri ilə və ya tək getməsi qaydasının nizamlayarkən onların valideynləri ilə birlikdə və ya ayrı yaşaması faktını nəzərə almadan, universal şərt kimi notariat qaydasında təsdiq edilmiş razılığın olmasını müəyyənləşdirmişdir. Həmin şəxslərdən birinin razılığının olmadığı halda isə, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi yalnız məhkəmənin qərarı əsasında mümkün hesab edilir. Odur ki, məhkəmələr bu kateqoriya iddialara baxarkən tələbin qanuni əsasını Miqrasiya Məcəlləsinin 11-ci maddəsinin təşkil etməsini nəzərə almalıdırlar.

3. Mübahisənin ərazi aidiyyəti

3.1. Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə ərazi aidiyyətin müəyyənləşdirilməsi zamanı bir sıra məqamlara diqqət yetirilməlidir. Belə ki, bəzi hallarda iddia ərizələrində formal olaraq dövlət orqanının (Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və ya Azərbaycan Respublikasının Miqrasiya Xidməti) və ya digər şəxsləri ikinci cavabdeh kimi göstərilməsi yolu ilə iddia tələbi yönəlməli olmayan cavabdehə görə ərazi aidiyyətinin MPM-in müəyyən etdiyi qaydalara zidd şəkildə dəyişdirilməsinə cəhd edilir. Halbuki, Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin mənasına görə, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərinin biri ilə getməsi ilə əlaqədar yaranan mübahisələrdə prosessual tərəf qismində cavabdeh kimi yalnız buna razılıq verməyən, razılığın rəsmiləşdirilməsindən yayınan, yaxud da olduğu yerin müəyyənləşdirilməsi mümkün olmayan digər valideyn çıxış edir.

3.2. Məhkəmələr bu kateqoriya işlər üzrə cavabdeh qismində dövlət orqanlarını və ya qanunla mübahisə tərəfi hesab edilməyən şəxsləri qoyduqları və onlara qarşı mülki məhkəmə icraatı qaydasında yol verilən konkret tələblər irəli sürmədikləri hallarda iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149.2.3-cü maddəsinin şərtlərinə cavab verməməsi əsası ilə həmin Məcəllənin 152.1.1-ci maddəsinə uyğun olaraq geri qaytarılmalıdır.

3.3. Beləliklə, bu kateqoriya işlər üzrə iddiaların ərazi aidiyyəti razılıq verməyən və yaxud razılığın rəsmiləşdirilməsindən yayınan digər valideynin rəsmi qeydə alındığı yer üzrə, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan valideynə münasibətdə isə onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə müəyyənləşdirməlidirlər. Cavabdeh olan valideyn məhkəmə qərarı (hökmü) əsasında psixiatriya stasionarına, narokoloji-tibb müəssisələrinə məcburi yerləşdirilmiş, eləcə də azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə aid olduqda, onların müvəqqəti yaşadıqları yer həmin müəssisələr hesab edildiyindən, onlara qarşı tələblər həmin müəssisələrin yerləşdiyi yer üzrə məhkəmələrə verilməlidir.

4. İddia tələbinin məzmunu

4.1. Bu kateqoriya işlər üzrə iddiaçılar bir çox hallarda iddia tələblərini qanunvericiliyin tələblərinə zidd olaraq, yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına-gətirilməsinə, getməsinə-gəlməsinə hüququn tanınması və s. bu kimi məzmunda ifadə edirlər. Halbuki, Azərbaycan Respublikası vətəndaşlarının öz ölkəsinə qayıtmaq hüququ Konstitusiyanın 28-ci maddəsinin IV hissəsində nəzərdə tutulmuş konstitusion hüquq olmaqla, hər hansı formada məhdudlaşdırıla bilmədiyindən, ölkəyə gətirilməsinə icazənin verilməsi ilə bağlı tələblərə məhkəmə qaydasında baxıla bilməz. Digər tərəfdən, tələbin hüququn tanınması şəklində ifadə edilməsi də, bir valideynin digər valideynə münasibətdə üstünlüyü baxımından doğru hesab edilə bilməz. Belə ki, ailə qanunvericiliyinin tələblərinə görə, uşağın yanında qalması müəyyən edilmiş valideyn digər valideynə münasibətdə hər hansı üstün hüquqlar əldə etmir, əksinə Ailə Məcəlləsinin 61-ci maddəsində təsbit edilmişdir ki, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.

4.2. Qeyd edilənlərdən belə nəticə hasil olur ki, Miqrasiya Məcəlləsinin 9.1-ci, 9.2-ci, 11.1-ci və 11.2-ci maddələrinə əsasən, bu kateqoriya işlər üzrə tələb “yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) digər valideynin razılığı olmadan ölkədən getməsinə icazənin verilməsi” məzmununda qoyulmalıdır. Bu baxımdan məhkəmələrə izah edilir ki, iddia tələbinin məzmunu bu şəkildə qoyulmadıqda, məhkəmələr MPM-in 14 və 53-cü maddələrinə əsasən iddiaçıya tələbin dəqiləşdirilməsini təklif edə bilər, təklifin qəbul edilib-edilməməsindən asılı olmayaraq, qətnamənin nəticə hissəsi tələbin məzmunu ilə bağlı qanunvericiliyin göstərişlərinə uyğun olmalıdır.

5. Mübahisələrin məhkəməyə qədər nizama salınma qaydası

5.1. Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələr ailə münasibətlərindən irəli gələn mübahisələrə aid olduğundan “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən, həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirakları tələb olunur.

5.2. Məhkəmələr nəzərə almalıdırlar ki, iddia ərizəsinə ilkin mediasiya sessiyasında iştirakı təsdiq edən sənədlərin əlavə edilməməsi, onun MPM-in müvafiq olaraq 152.1.6-1-ci maddəsinə əsasən geri qaytarılması, iddia ərizəsi icraata qəbul edildiyi halda isə həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən baxılmamış saxlanılması üçün əsasdır.

6. İddianın yolverilməzliyi

6.1. Məhkəmələr iddia ərizənin icraata qəbul edilməsi zamanı iddianın yolverilməzliyi hallarına da diqqət yetirməlidirlər. Belə ki, Miqrasiya Məcəlləsinin 11-ci maddəsinə əsasən uşaqların digər valideynin razılığı olmadan ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar tələblər üzrə iddia qaldırmaq hüququna malik olan şəxslərin dairəsinə yalnız valideynlər və valideynlərə bərabər tutulan övladlığa götürənlər (əgər uşaq ər-arvad tərəfindən övladlığa götürülübsə) daxildirlər. Miqrasiya Məcəlləsinin 11.1 və 11.2-ci maddələrinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada valideyn himayəsindən məhrum olmuş uşağın nənə, baba və ya digər qohumu və ya orqanın himayəsinə və yaxud qəyyumluğuna, o cümlədən bir nəfərin övladlığına verildiyi hallarda həmin şəxslərin özü ilə uşağı ölkədən çıxarması üçün hər hansı icazənin alınması tələb olunmur. Qanunvericiliyin sonuncular tərəfindən icazənin verilməsi ilə bağlı tələbi yalnız uşağın təkbaşına getdiyi hallara aiddir.

6.2. Digər tərəfdən, Miqrasiya Məcəlləsinin 11.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması halı olduqda yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərinin biri ilə getməsi üçün digər şəxsin razılığı tələb olunmur. Yəni, qeyd olunan halları təsdiq edən sənədlərin olması uşağın bir valideynlə, həmin valideynin notariat qaydasında təsdiq edilmiş razılığının təqdim edildiyi halda isə tək gedə bilməsi üçün yetərlidir.

6.3. Odur ki, məhkəmələr yuxarıda qeyd edilən halların mövcudluğu zamanı MPM-in 153.2.1-ci maddəsini rəhbər tutmaqla iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina etməli, icraata qəbul etdiyi halda isə MPM-in 261.0.1-ci maddəsinə əsasən işin icraatına xitam verməlidirlər.

7. Mübahisələrə baxılması xüsusiyyətləri 

7.1. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 12-ci maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər öz baxışlarını formalaşdırmağa qadir olan uşağı özünə aid bütün məsələlər barəsində həmin baxışları sərbəst ifadə etmək hüququ ilə təmin edirlər, həm də uşağın baxışlarına onun yaşına və yetkinliyinə uyğun lazımi diqqət yetirilir. Konvensiyanın 12-ci maddəsinin 2-ci bəndinə əsasən, bu məqsədlə uşağa onun mənafeyinə toxunan hər hansı məhkəmə araşdırmasının və ya inzibati araşdırmanın gedişində ya bilavasitə, ya da nümayəndə və ya müvafiq orqan vasitəsilə, milli qanunvericiliyin prosessual normalarında nəzərdə tutulan qaydada dinlənilmək imkanı verilir.

7.2. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

7.3. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar (maddə 14).

7.4. Beləliklə, məhkəmələr tərəfindən bu qəbildən olan işlərə baxılarkən, qanunla müəyyən edilmiş yaş həddinə çatmış uşağın fiziki və psixoloji vəziyyəti nəzərə alınmaqla dinlənilməsi təmin edilməlidir. Nəzərə alınmalıdır ki, bu dinlənilmə uşağın yaşayış yerində, təhsil aldığı müəssisədə, o cümlədən sosial həyata uyğunlaşdığı şəraitdən ölkəni bir valideyni ilə çıxması səbəbi ilə daimi və ya müvəqqəti məhrum olmasının onun əqli, fiziki və mənəvi inkişafına yaratdığı təsirlərlə əlaqədar uşağın fikirlərinin öyrənilməsi baxımından həyata keçirilməlidir.

7.5. Ailə qanunvericiliyinin müəyyən yaş həddinə çatmış uşağın fikrinin nəzərə alınması ilə bağlı göstərişləri hər bir işin konkret hallarından və uşağın üstün mənafeyindən çıxış edilərək, onların fikri ilə üst-üstə düşməyən qərarın qəbul olunmasını istisna etmir. Lakin bu çür hallarda uşağın fikrini həlledici hesab etməyən məhkəmə öz mövqeyini işin hallarına və işdə olan sübutlara istinadla əsaslandırmalıdır.

7.6. İddianın qaldırılmasınadək razılıq verməməsi, razılığın rəsmiləşdirilməsindən yayınması, yaxud da olduğu yeri müəyyənləşdirilməyin mümkünsüzlüyü sübuta yetirilən valideynin sonradan işə məhkəmədə baxılarkən notarial qaydada təsdiq edilmiş razılığını təqdim etməsi iş üzrə icraata xitam verilməsi, iddia ərizəsinin baxılmamış saxlanması və yaxud da iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, həmin valideynin təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsini hüququndan sui-istifadə etməklə sonradan ləğv etmə imkanının olması qarşı tərəfi müdafiəsiz qoymaqla, hüquqlarının pozulması ilə nəticələnə bilər. Bu baxımdan, mübahisəyə məhkəmə icraatında baxıldığı vaxt müvafiq razılığı əks etdirən ərizənin təqdim edilməsi mahiyyət etibarı ilə iddianın tam və yaxud qismən etiraf edilməsi kimi qiymətləndirilməlidir.

7.7. Məhkəmələr nəzərə almalıdır ki, ölkədən çıxarılmasına icazənin verilməsi tələb olunan uşağın iddianın qaldırılması zamanı xaricdə olması mübahisənin olmaması anlamına gəlmir. Çünki, valideynlərdən birinin xaricdə olan uşağın ölkəyə gətirilməsindən sonra onun ölkədən çıxışına icazə verməməsi, həmin uşağın ölkədən çıxışının qarşısını aldığından bu, iddianı qaldıran tərəfin ehtimal edilən deyil, həqiqi hüququnun müdafiəsi baxımından əhəmiyyətli hal kimi qiymətləndirməklə, iddia ərizəsinin ümumi əsaslarla baxılaraq mahiyyəti üzrə qərarın qəbul edilməsini tələb edir.

7.8. Valideynlərdən biri əcnəbi olduğu hallarda bu kateqoriya mübahisələrə baxılması zamanı bir sıra xüsusiyyətlərin məhkəmələr tərəfindən nəzərə alınması diqqətdən kənarda qalmamalıdır. Belə ki, Ailə Məcəlləsinin yeddinci bölməsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirak etdikləri ailə münasibətlərinə tətbiq edilməli olan qanunvericiliyə dair qaydalar göstərilmiş, bu Məcəllənin 153-cü maddəsində isə onların birgə və ya ayrı yaşaması faktından irəli gəlməklə valideynlərin və uşaqların hüquq və vəzifələri məsələləri ilə bağlı hansı ölkənin ailə qanunvericiliyinin tətbiqinə dair iki imperativ qayda nəzərdə tutulmuşdur. Başqa bir qayda isə məhkəmənin mülahizəsinə buraxılmışdır. Belə ki, həmin maddənin məzmununa əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri, o cümlədən valideynlərin uşağı saxlamaq vəzifəsi onların birgə yaşadıqları ölkənin qanunvericiliyinə uyğun, uşaqlarla ata-ananın birgə yaşayış yeri yoxdursa, uşaqların və ata-ananın hüquq və vəzifələri uşağın vətəndaşı olduğu ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir. Bununla belə, qanunverici aliment öhdəliklərinə və valideynlərlə uşaqlar arasında digər münasibətlərə, iddiaçının tələbi ilə ərazisində uşaq daimi yaşayan ölkənin qanunvericiliyinin tətbiq olunması imkanını nəzərdə tutmaqla onun tətbiqi mümkünlüyünü məhkəmənin (məhkəmənin öz mülahizəsinə üstünlük verilməklə) mülahizəsinə buraxılmışdır. Odur ki, valideynlərdən birinin əcnəbi olduğu hallarda qanunvericiliyin tətbiqi ilə bağlı istinad edilən tələblərə riayət edilməli olduğu nəzərə alınmalıdır.   

7.9. Qanunvericilikdə bu kateqoriya işlər üzrə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının cəlb edilməsini və yaxud müvafiq rəyinin alınmasını tələb edən hər hansı imperativ norma mövcud deyildir. Belə ki, Ailə Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, uşaqların yalnız tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Qanunvericilikdə buna dair hər hansı tələbin olmadığı halda, işə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının cəlb edilməsi və yaxud onların müvafiq rəyinin alınması, xüsusiyyətinə görə əslində daha çevik yanaşmanı tələb edən bu kateqoriya işlərin baxılması müddətlərinin lüzumsuz olaraq uzadılması ilə nəticələnir.

7.10. Nəzərə almaq lazımdır ki, cavabdeh valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu uşaqların həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddia tələblərinin rədd edilməsi üçün müstəqil əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası (10-cu maddəsinin 2-ci bəndi) valideynləri müxtəlif dövlətlərdə yaşayan uşağın, xüsusi hallar istisna olmaqla, hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququnu tanıyır. Digər tərəfdən, uşaqlardan ayrı yaşayan valideynin onlarla ünsiyyət hüququ ilk növbədə uşaqların tərbiyə və təhsili, onların fiziki, psixi sağlamlığı, əxlaqi inkşafına xidmət etməklə, uşağın mənafeyinə zidd olmamalıdır.

7.11. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, uşaqla onun valideynləri arasında elə bir bağlılıq əlaqəsi mövcuddur ki, hətta onun valideynləri daha birgə yaşamasalar belə və ya münasibətlərinə son qoysalar belə, həmin əlaqə "ailə həyatı" təşkil edir (Berrehab Niderlanda qarşı, § 21). Valideynlə uşağın birlikdə olmaq hüququndan istifadə etmələri “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Avropa Konvensiyası) 8-ci maddəsində nəzərdə tutulmuş "ailə həyatı"nın fundamental elementini təşkil edir (valideynlər arasında əlaqələr qırılmış olsa belə) və daxili qanunvericilikdə bu hüquqdan istifadəyə maneə yaradan tədbirlərin nəzərdə tutulması Avropa Konvensiyasının 8-ci maddəsi ilə qorunan hüquqa müdaxiləyə bərabərdir (Monori Rumıniya və Macarıstana qarşı, § 70; Kutsner Almaniyaya qarşı, § 58; Elsholts Almaniyaya qarşı [BP], § 43; K. və T. Finlandiyaya qarşı [BP], § 151). Bununla yanaşı, Avropa Məhkəməsi bildirir ki, Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına zərər verə biləcək addımlar atmaq hüququna malik deyil (Elsholts Almaniyaya qarşı [BP], § 50). Bu sahədə həlledici məsələ dövlətin ona verilən qiymətləndirmə sərbəstliyinin hüdudları çərçivəsində əks maraqlar (uşağın və iki valideynin maraqları ilə ictimai asayişin qorunması maraqları) arasında ədalətli balansa riayət edib-etmədiyini müəyyənləşdirməkdir (Momusso və Vaşinqton Fransaya qarşı, § 62), lakin onu da yadda saxlamaq lazımdır ki, uşağın üstün maraqları birinci növbədə nəzərə alınmalıdır. Bununla belə, valideynlərin maraqları da, xüsusən onların uşaqla mütəmadi təmasda olmaq hüququ işdəki müxtəlif maraqlar balanslaşdırılarkən nəzərə alınmalı olan amildir (X. Latviyaya qarşı [BP], § 95; Kutsner Almaniyaya qarşı, § 58).

7.12. Beləliklə, ünsiyyətlə bağlı qanuni qüvvəsini almış qətnamənin mövcudluğu halında məhkəmələr bu kateqoriya iddialara ümumi əsaslarla baxmalı və qərarın qəbulu zamanı ilk növbədə uşaqların maraqlarını nəzərə almalı, valideyni ilə üsiyyətdən müəyyən müddətdə məhrum olacaqlarına səbəb olan səfərin onların tərbiyə və təhsili, fiziki, psixi sağlamlığı, əxlaqi inkşafına təsiri baxımından qiymətləndirməli, habelə ünsiyyət hüququ olan valideynin maraqları ilə uşağın mənafeləri arasındakı ədalətli balansı gözləməlidirlər.

7.13. Cavabdeh valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəsini almış qətnamənin olduğu halda, məhkəmələr uşaqların həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddianın təmin edilməsi qənaətinə gəldikdə, qətnamədə iddiaçı tərəfin üzərinə səfərdən öncə, səfər edilən ölkə və səfərin tarixləri barədə icraatında uşaqla ünsiyyətə dair icra sənədi olan icra məmuruna məlumat vermək vəzifəsini qoymalıdırlar. Belə ki, həmin məlumatın verilməsi icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 18.1.2-ci maddəsinə əsasən ünsiyyət hüququnun təmin edilməsi ilə bağlı olan icra sənədi üzrə icraatın borclunun üzürlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduğu müddətdə, yəni səfər müddətində dayandırılması üçün əsas təşkil edəcəkdir.

7.14. Analoji işlərə baxılarkən mübahisənin keçmiş ər-arvad arasında barışmaz şəxsi münasibətlərdən irəli gələrək bir-birinə qarşı təsir vasitəsi kimi istifadə olunmasının qarşısı alınmalıdır. Bunun üçün hər bir tərəfin uşağın mənafeyindən çıxış etməsi ilə bağlı diqqətəlayiq hallar aydınlaşdırılmalıdır. Uşağın ölkə hüdudlarından kənara getməsi hüququndan istifadə etməsinə razılıq verməyən valideynin uşaqla ailə əlaqələrinə xüsusi diqqət yetirilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, tərəflərin nikaha daxil olmamaları və ya aralarındakı nikahın pozulmaması səbəbindən uşağın hansı valideynin yanında saxlanması ilə bağlı məhkəmə qərarının olmaması bu cür iddiaların rədd edilməsi üçün müstəqil əsas ola bilməz.

7.15. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan "ailə həyatının" mövcud olması və ya olmaması faktlara aid məsələdir və sıx şəxsi bağlılıq əlaqələrinin praktikada real olaraq mövcud olub-olmamasından, məsələn, uşaq doğulana qədər və doğulduqdan sonra atanın ona münasibətdə maraq və bağlılıq nümayiş etdirməsindən asılıdır (L.Niderlanda qarşı, § 36). Sadəcə bioloji qohumluq əlaqəsinin olması, amma sıx şəxsi bağlılıq münasibətlərinin olduğunu göstərən hər hansı əlavə hüquqi və ya faktiki elementlərin mövcud olmaması Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş müdafiənin bu əlaqəyə şamil olunması üçün yetərli deyil (L.Niderlanda qarşı, §§ 37-40).

7.16. Odur ki, məhkəmələr tərəfindən nikahda olan və ya nikahda olmayan şəxslərin analoji iddialarına baxılarkən, işdə olan sübutlara ölkəni tərk etmək üçün icazəni verməyən valideyn ilə uşaq arasında həqiqi münasibətlər, ünsiyyət, uşağın ictimai-sosial həyatında onun rolu, valideynlik vəzifələrinin yerinə yetirilib-yetirilməməsi, yaxud aliment ödəməklə kifayətlənməsi kimi halların mövcudluğu baxımından qiymət verilməli, uşağın həyatında faktiki heç bir rol oynamayan valideynin səfərin uşağın mənafeyinə zidd olması ilə bağlı konkret sübutlara əsaslanmayan etirazı əsassız hesab edilməlidir.

7.17. Uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edən valideyn iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı (uşaqların xarici ölkələrdə daha etibarlı və düzgün müalicə almaları, eləcə də onların dünya görüşlərinin artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması, istirahətinin təşkili və.s) aydın mövqe sərgiləməlidir. Belə ki, bu qaydaya riayət edilməklə verilən iddia tələbi uşağın xarici ölkəyə aparılmasının onun mənafeyinə uyğunluğunu yoxlamağa imkan verir.

7.18. Bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, III hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. 

7.19. Bu baxımdan, uşağın himayəsində olduğu valideynlə xarici ölkəyə çıxarılmasına etiraz edən tərəf belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etdiyi təqdirdə iddianın təmin olunmasından imtina edilə bilər.

7.20. Qeyd edilməlidir ki, iddiaçı uşağın ölkədən çıxarılmasına icazənin verilməsini özünün daimi əsaslarla başqa ölkəyə köçməsi məqsədi ilə də əsaslandıra bilər. Belə əsas iddianın özü-özlüyündə rədd edilməsinə səbəb ola bilməz.

7.21. Məhkəmə bu halda yuxarıda qeyd edilənlərdən fərqli olaraq, ölkədən daimi əsaslarla çıxarılmanın uşağın mənafeyinə uyğunluğu ilə bağlı sübut etmə yükünü iddiaçının üzərinə qoymalıdır, həmçinin uşağın mənafeyi ilə bağlı bütün məsələlər daha ciddi yoxlamadan keçirilməlidir. Belə ki uşaq himayəyə verilərkən məhkəmə, yanında saxlanıldığı valideynin şəxsi keyfiyyətləri ilə yanaşı, uşağın yaşayış yeri, həyat şəraiti, təhsil aldığı mühit, daxil olduğu sosial qrupun onun mənafeyinə uyğunluğunu nəzərə alır. Faktiki himayədə olduğu hallarda isə bu məsələlər digər valideyn tərəfindən mübahisələndirilmir. Odur ki, uşağın valideyni ilə birlikdə daimi əsaslarla başqa ölkəyə getməsi onun həyat şəraitinin köklü surətdə dəyişilməsinə səbəb olacağından, bu dəyişikliyin uşağın mənafeyinə uyğun olacağına dair sübut etmə yükü də, məhz iddiaçının üzərinə düşür. 

7.22. Bu yanaşma iddiaçının belə əsaslarla çıxış etməməsinə baxmayaraq, cavabdeh tərəfin iddiaçının uşağı daimi əsaslarla ölkədən çıxaracağını sübuta yetirdiyi hallara da tətbiq edilməlidir.

7.23. Məhkəmələrə izah edilir ki, qətnamənin nəticə hissəsində iddia tələbində göstərilməyən, icazəni formal edən qanunla nəzərdə tutulmayan məhdudlaşdırıcı şərtlərin qeyd edilməsindən çəkinilməlidir.

7.24. Analoji işlər üzrə tələblərin xüsusiyyəti məhkəmələrə işlərə daha çevik və operativ baxılmasını zəruri edir. Xüsusilə, iddia tələbi icazənin konkret vaxt, konkret məqsədlər üçün verilməsi ilə şərtləndirildikdə məhkəmələr həmin tələbə elə ağlabatan müddətdə baxmalıdırlar ki, etiraz edən tərəfin prosessual qanunvericiliyin verdiyi imkanlardan istifadə edərək bütün məhkəmə instansiyalarını keçdiyi təqdirdə (və yaxud digər prosessual hüquqlarından istifadə etdiyi təqdirdə) irəli sürülən tələb öz aktualllığını itirməmiş olsun. Nəzərə almaq lazımdır ki, mübahisəni daha erkən yekunlaşdırmaq üçün məhkəmələrin Mülki Prosessual Məcəllənin 14.3-cü maddəsində nəzərdə tutulan səlahiyyətlərindən istifadə edərək uşağın mənafeyi ilə bağlı tərəflərin razılığa gələ bilmiədikləri digər məsələlərlər də daxil olmaqla mübahisəni barışıq sazişinin təsdiqi yolu ilə yekunlaşdırması istisna edilmir.

7.25. Uşağın sağlamlığının qorunması məqsədi ilə xarici ölkədə təxirəsalınmaz şəkildə tibbi müayinə və müdaxilənin həyata keçirilməsinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin xətti ilə xaricdə keçirilən beynəlxalq idman yarışlarında, habelə gələcəkdə xaricdə ali təhsil alması məqsədi ilə keçirilən imtahan və müsabiqələrdə iştirakının zəruri olduğu hallarda, uşağın ölkədən gedə bilməməsi onun hüquqlarının sonradan qorunmasının mümkün olmayacağı, və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ilə nəticələnmə ehtimalı böyük olduğundan, iddianın ümumi şəkildə icazənin verilməsi məzmununda verildiyi halda məhkəmələr müvəqqəti təminat tədbiri qismində uşağın qeyd edilən məqsədlə konkret müddətdə bir valideynin razılığı olmadan getməsinə icazə verilə bilərlər. Məhkəmələr mübahisənin həllinədək uşağın məhdud şəkildə minimal səfər müddətində müvəqqəti olaraq valideynlərindən biri və yaxud beynəlxalq yarışlarla bağlı komandanın tərkibində təkbaşına getməsinə (valideynin birinin razılığının olduğu halda) icazənin verilməsindən ibarət müvəqqəti təminat tədbiri ilə bağlı vəsatətə baxılarkən, təxirəsalınmazlıqla bağlı yuxarıda qeyd edilən əsasların olmasına dair ilkin sübutların mövcudluğuna qiymət verməlidirlər.

7.26. Məhkəmələrə izah edilir ki, uşağın ölkədən çıxmasına icazənin verilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğu, uşağın mənafeyinə zidd olan, yəni uşağın silahlı münaqişə bölgəsində, təbii fəlakət zonasında, kütləvi epidemiya zonasında yerləşən ölkəyə, habelə uşağın ölkədən çıxarılmasının onun həyat və sağlamlığına və digər mənafelərinə açıq - aşkar təhlükə yaradacağı digər hallarda, buna etiraz edən valideyn öz seçiminə görə uşağın onun himayəsinə verilməsi və yaxud daha əvvəl məhkəmə qaydasında verilmiş icazənin yeni əsaslarla ləğv edilməsi tələbinə dair müstəqil iddia qaldırmaq hüququnu istisna etmir. O da qeyd edilməlidir ki, bu iddialara baxılarkən icazənin ləğv edilməsinə dair yuxarıda sadalanan əsaslara dair ilkin sübutların olduğu hallarda mübahisəyə baxılıb yekunlaşanadək, iddiaçının ərizəsinə əsasən müvəqqəti təminat tədbiri qismində uşağın ölkədən çıxışı qadağan edilə bilər.

 

Ramiz Rzayev

Azərbaycan Respublikası

Ali Məhkəməsinin sədri