ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

“Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”

28.10.2011, 12:35
“Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”
“Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”

PDF Word

 “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

Q Ə R A R I

 

“28” oktyabr 2011-ci il                             №6/2011                                              Bakı şəhəri

Uşaqların cəmiyyətdə, ailədə xoşbəxt, məhəbbət və anlaşma şəraitində sağlam böyüməsini təmin etmək dövlətin qarşısında duran mühüm vəzifələrdən biridir.

Azərbaycan Respublikası Ali Məhkəməsi bu məsələnin aktuallığını nəzərə alaraq, valideynlərin və digər qohumların uşaqlarla ünsiyyətdə olma hüququ ilə bağlı 2009-2010-cu illərdə məhkəmələr tərəfindən baxılmış işləri öyrənmiş və müəyyən etmişdir ki, işlərə baxılarkən maddi və prosessual hüquq normaları əsasən düzgün tətbiq olunmaqla, mübahisə uşaqların və tərəflərin hüquqi mənafeyinə uyğun həll edilir. Bununla yanaşı bəzən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində nöqsanlara da yol verilir.

Bu qəbildən olan işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən düzgün və eyni cür tətbiq edilməsini, habelə vahid məhkəmə təcrübəsinin formalaşmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu, Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsini, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 80-ci maddələrini rəhbər tutaraq,

Q Ə R A R A  A L I R:

1. Ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.  [1]

2. 

2.1. Məhkəmələrin diqqətinə çatdırılsın ki, qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir.

2.2. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını,onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini hansı valideynə daha çox bağlılığını, ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər.

 

2.3. Uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan validenlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. 

2.4. Məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyətdə olma qaydasını müəyyən edərkən daha dolğun ünsiyyətin təmin edilməsi məqsədilə həftəlik görüş günləri ilə yanaşı, qeyri-iş günləri hesab edilən bayramlarda, uşaqların tətil günlərində, habelə ünsiyyət tələb edən valideynin və uşağın doğum günlərində, eləcə də ailəyə aid digər əlamətdar günlərdə ünsiyyət qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin olunmasının mümkünlüyünü də nəzərə almalıdırlar.

2.5. Məhkəmələr nəzərə almalıdır ki, ünsiyyət qaydasının müəyyən edilməsi zamanı işin əhəmiyyətli halları (ünsiyyət tələb edən valideynin yaşayış yerinin şəraiti və uşağın yaşayış yerindən uzaqlığı, uşağın yaşı, sağlamlığı, təhsil rejimi və digər diqqətəlayiq hallar) nəzərə alınmaqla, gecə qalmaqla ünsiyyətin qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin edilməsi imkanı da istisna edilmir.

2.6. Məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyət forması kimi şəxsi görüşdən əlavə, mümkün olduğu hallarda digər ünsiyyət formalarının (yazışma, telefon danışıqları, video-əlaqə və texnologiyaların imkan verdiyi digər vasitələr) tətbiqini də nəzərdən keçirməlidirlər.

2.7. Məhkəmələrə izah edilsin ki, uşaqların öz valideynləri ilə ünsiyyətdə olma qaydasını müəyyən edərkən, həmin valideynlə uşaq arasında uzun müddət ərzində ünsiyyətin olmaması nəticəsində yaranan və buna görə də gələcəkdə qətnamənin icrasını çətinləşdirə biləcək dərəcədə bağlılığın zəiflədiyini, münasibətlərin soyuduğunu müəyyən etdiyi halda uşağın mənafeyi baxımından Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə uyğun olaraq qətnamənin nəticə hissəsində icranın mərhələli şəkildə həyata keçirilməsini ehtiva edən icra qaydası və müddətini göstərməlidirlər.

2.8. Məhkəmələrə izah edilsin ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin müvəqqəti təminat tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin müvəqqəti təminat tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir. [2] [5]

 

3. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir.

4. 

4.1. Qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir.Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

4.2. Məhkəmələrə izah edilsin ki, baba, nənə, qardaş, bacı və digər qohumlar müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etdikləri halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina etməlidir. Əgər eyni məzmunlu ərizə məhkəmənin icraatına qəbul olunmuşdursa, həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır.

Müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) uşaqla ünsiyyət hüququnu həyata keçirilməsindən imtina etmək haqqında qərarlarından bu ünsiyyət hüququna malik olan baba, nənə, qardaş, bacı və digər qohumlar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin inzibati-iqtisad məhkəməsinə şikayət edə bilərlər. [3]

4.3. Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə baba, nənə, qardaş, bacı və digər qohumların müraciətinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən qanunla müəyyən edilmiş müddətdə baxılmaması və ya bu müraciətin təmin edilməsindən imtina edilməsi həmin orqanın qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsinə deyil, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi məqsədilə məhkəməyə iddia vermək üçün əsasdır. [8]

5. Plenum qeyd edir ki, Ailə Məcəlləsinin 50.1-ci maddəsinə müvafiq olaraq uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və digər qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Lakin həmin maddədə uşaqlarla ünsiyyətdə ola bilən digər qohumların dairəsi tam müəyyən edilməmişdir. Digər qohumların qohumluq dərəcəsi sənədlərlə təsdiq olunmalı, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaqların həmin qohumu ilə hansı dərəcədə bağlılığını müəyyən etməlidir.

6. Məhkəmələrə izah edilsin ki, uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin qohumunun yaşayış yerindən, ailədə münaqişələrinin olub-olmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər. [6]

7. 

7.1. Valideynlərdən biri başqa dövlətdə yaşadıqda uşaqların onunla ünsiyyətdə olması hallarına xüsusi diqqət verilməlidir. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 9-cu maddəsinin 3-cü bəndi - iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı yaşayan uşağın hər iki valideyni ilə müntəzəm əsasda şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəslənilməsini, bu münasibət və əlaqələrin uşaqların maraqlarına zidd olmamasını təsbit etmişdir.

7.2. Məhkəmələrə izah edilsin ki, bu zaman BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın 10-cu maddəsinin 2-ci bəndi rəhbər tutularaq dövlətlərarası siyasi münasibətlər deyil, hər bir dövlətin uşaqların və valideynlərin hüquqlarına hörmət bəsləməsi prinsipi əsas götürülməlidir. [8]

8. 

8.1. Qanunun tələbinə görə uşaq ekstremal hallarda da (tutulduqda, həbs olunduqda, müalicə müəssisəsində yerləşdirildikdə və sair) qanunvericiliklə müəyyən edilmiş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.

8.2. Plenum qeyd edir ki, ekstremal vəziyyətlə əlaqədar müvafiq qanunun normaları rəhbər tutulmaqla, ünsiyyətdə olmanın qaydası müəyyənləşdirilməli, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla uşaqların ünsiyyətdə olmaq hüququ məhdudlaşdırılmamalıdır. Ünsiyyət hüququ məhdudlaşdırıldıqda, qanunun müvafiq normalarına istinad olunmaqla qəbul edilmiş qərar əsaslandırılmalıdır. Lakin hər bir halda ünsiyyət hüququnun məhdudlaşdırılması müddəti, ekstremal vəziyyətdə olma müddətindən artıq olmamalıdır. [8]

9. 

9.1. Məhkəmələrə izah edilsin ki, uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər vurduqda məhkəmə valideynin, yaxud uşaq himayəsinə verilmiş digər şəxsin, yaxud da icra məmurunun ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması və yaxud həmin müddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər. Məhkəmə qərar qəbul edərkən tərəflərin izahatları, uşağın tibb müəssisələrində müəyyən xəstəlikdən müalicə olunması, yaxud uçotda olması barədə verilmiş sənədlərlə kifayətlənməməli, müvafiq ekspertizalar keçirməklə qəbul etdiyi qərarı əsaslandırmalıdır.

9.2. Məhkəmələr nəzərə almalıdırlar ki, bu kimi hallar ünsiyyətdə olma zamanı, yəni icra mərhələsində aşkar olunan hallara aid olduğundan, yalnız icra qaydasında həll olunmalıdır. Lakin, bu kimi halların mövcudluğu uşaqla ünsiyyət hüququna dair iddianın rədd edilməsi üçün əsas hesab oluna bilməz. [8]

10. 

10.1. Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir.

10.2. Qanuni maraqlarına zidd olan hallar istisna olunmaqla 10 yaşına çatmış uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasına dair məsələyə baxılarkən Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşağın fikri mütləq nəzərə alınmalıdır. Zərurət olduqda məhkəmə öz mülahizəsi ilə valideynlərin iştirakı olmadan pedaqoqun iştirakı ilə uşağın dindirilməsini həyata keçirir. Bu zaman “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 12-ci maddəsinin tələblərindən irəli gələrək, özünü dərketmə qabiliyyəti olan, öz fikrini ifadə etməyi bacaran uşağın fikrinə diqqət yetirilməlidir. Qanunda nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. [4] [8]

11. Valideynlərin və digər qohumların uşaqlarla ünsiyyətdə olmaq hüquqları ilə bağlı işlərə baxılarkən məhkəmə qəyyumluq və himayədarlıq himayə orqanından uşaqlarla ünsiyyətdə olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitinin müayinə edilməsinə dair aktı və mübahisəyə dair həmin akta əsaslanmış rəyi tələb etməlidir. Nəzərə alınmalıdır ki, qəyyumluq və himayə orqanının rəyində təklif edilən ünsiyyət qaydası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmələr üçün məcburi olmayıb, iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. [7]

12. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qəsdən icra etməyən valideyn barəsində Ailə Məcəlləsinin 74-cü maddəsinin tələbinə əsasən mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin tətbiq olunması onu məhkəmə qətnaməsinin icrasından azad etmir. Məhkəmə qətnaməsi qəsdən yenidən icra edilmədikdə Ailə Məcəlləsinin 61.4-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşaqların mənafeyi və fikri nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər.

 

Ramiz Rzayev,

Azərbaycan Respublikası

Ali Məhkəməsinin sədri

 

 

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə 1-ci bəndin birinci abzasına cümlə əlavə edilmişdir.

[2Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli    qərarı ilə 2-ci bəndə ikinci abzas əlavə edilmişdir.

[3Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli    qərarı ilə 4-cü bəndin birinci abzasına cümlə əlavə edilmiş, 4-cü bəndin sonuncu cümləsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:                                   

Müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) uşaqla ünsiyyət hüququnu həyata keçirilməsindən imtina etmək haqqında qərarlarından bu ünsiyyət hüququna malik olan baba, nənə, qardaş, bacı və digər qohumlar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin inzibati-iqtisad məhkəməsinə şikayət edə bilərlər.

[4Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli    qərarı ilə 10-cu bəndin ikinci abzasına cümlə əlavə edilmişdir.

[5] Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2022-ci il 19 dekabr tarixli 5 nömrəli Qərarına əsasən 2-ci bənddə əlavə və dəyişikliklər edilmişdir:

[6] Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2022-ci il 19 dekabr tarixli 5 nömrəli Qərarına əsasən 6-cı bənddə əlavə və dəyişikliklər edilmişdir.

[7] Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2022-ci il 19 dekabr tarixli 5 nömrəli Qərarına əsasən 11-ci bənddə əlavə və dəyişikliklər edilmişdir.

[8] Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2022-ci il 19 dekabr tarixli 5 nömrəli Qərarına əsasən 4-cü, 7-ci, 8-ci, 9-cu və 10-cu bəndlərdə əlavə və dəyişikliklər edilmişdir.