Xarici dövlətin məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxsin cəzasını çəkmək üçün Azərbaycan Respublikasına təhvil verilməsi ilə əlaqədar xarici dövlətin məhkəməsinin hökmünün tanınması və Azərbaycan Respublikasının ərazisində icrası məsələsi üzrə qərar
10.05.2023, 18:19
Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Ali Məhkəməsinin
Cinayət kollegiyasının hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin
vahidliyinin təmin edilməsinə dair
Q Ə R A R I
28 aprel 2023-cü il Bakı şəhəri
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu, Kazımov Tahir Lələkişi oğlu, Seyidov Əziz Cəfər oğlu, Novruzov Ələsgər Əli İskəndər oğlu, Rəcəbov İlkin Əbülfəz oğlu, Mövsümov Nazim Rasim oğlu, Cəfərov Vidadi Cəfər oğlu, Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Rəşad Əli oğlunun iştirakı ilə,
Məhkum XXX barəsində Rusiya Federasiyasının Moskva vilayəti, Serebryano-Prudski Rayon Məhkəməsi tərəfindən çıxarılmış 4 avqust 2017-ci il tarixli hökmün Azərbaycan Respublikasında tanınmasına dair material üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2022-ci il tarixli qərarından verilmiş kassasiya protestinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının məhkəmə tərkibi tərəfindən verilmiş təqdimatla əlaqədar mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ :
Məhkum XXX Rusiya Federasiyası, Moskva vilayəti, Serebryano-Prudski Rayon Məhkəməsinin 2017-ci il 4 avqust tarixli hökmü ilə qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satmağa cəhd etməsinə görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin (bundan sonra RF CM-in) 30-cu maddəsinin 3-cü hissəsi, 228.1-ci maddəsinin 4-cü hissəsinin “q” bəndi ilə RF CM-in cinayətə cəhdə görə cəzanın təyin edilməsi qaydasını təzimləyən 66-cı maddəsinin tələbi nəzərə alınmaqla, 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkum XXX cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır.
Hökmə əsasən, YYY və məhkum XXX narkotik vasitə – qurudulmuş marixuana satmaq niyyəti ilə qabaqcadan əlbir olmuş və bu niyyətlərini həyata keçirmək üçün 5 dekabr 2016-cı ildə Moskva şəhərində müəyyən olunmayan şəxsdən 5 bağlamada ümumi çəkisi 1919,4 qram təşkil edən qurudulmuş marixuananı satmaq məqsədi ilə qanunsuz olaraq əldə etmişlər. Həmin gün onlar narkotik vasitəni YYY idarə etdiyi “Hyundai Solaris” markalı avtomobilin baqaj yerində gizlətmiş və onu satmaq məqsədi ilə Saratov şəhərinə yola düşmüşlər. Lakin yolun Moskva vilayəti, Serebryanıye Prudı şəhəri ərazisindən keçən hissəsində polis əməkdaşları tərəfindən saxlanıldıqlarına və narkotik vasitə aşkar olunub götürüldüyünə görə öz iradələrindən asılı olmayan səbəbdən cinayəti başa çatdıra bilməmişlər.
Məhkum XXX RF, Saratov şəhəri, Lenin Rayon Məhkəməsinin 21 iyul 2021-ci il tarixli qərarı ilə “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 6 mart 1998-ci il tarixli Moskva Konvensiyasına əsasən, 21 dekabr 2021-ci ildə Azərbaycan Respublikasına təhvil verilməsi ilə əlaqədar, Azərbaycan Respublikası Baş prokurorunun müavini III dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov Rusiya Federasiyası, Moskva vilayəti, Serebryano-Prudski Rayon Məhkəməsinin 4 avqust 2017-ci il tarixli hökmünün Azərbaycan Respublikasının ərazisində tanınması haqqında təqdimatla Şəki Apellyasiya Məhkəməsinə müraciət etmişdir.
Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2022-ci il tarixli qərarı ilə təqdimat təmin edilmiş, Rusiya Federasiyası, Moskva vilayəti, Serebryano-Prudski Rayon Məhkəməsinin 4 avqust 2017-ci il tarixli hökmü Azərbaycan Respublikası ərazisində icraya qəbul edilib leqallaşdırılmaqla (tanınmaqla) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənməklə məhkumun əməli qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni satmağa cəhd kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə tövsif edilmiş, ona həmin maddələrlə CM-in 63.3-cü maddəsinə müvafiq olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi qərara alınmışdır.
Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti, Azərbaycan Respublikası Baş prokurorun müavini tərəfindən isə kassasiya protesti verilmişdir.
Kassasiya şikayətində məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması barədə tələb irəli sürülmüşdür.
Kassasiya protestində irəli sürülmüş dəlillərə görə isə RF rayon məhkəməsinin hökmü tanınarkən və məhkumun əməli Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənərkən cinayət qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni satmağa cəhd kimi Cinayət Məcəlləsinin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə deyil, başa çatmış satış məqsədi ilə qanunsuz olaraq bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli idi.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə və Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən verilmiş kassasiya protestinə baxaraq, 18 avqust 2022-ci il tarixli qərarla kassasiya şikayətini təmin etməmiş, lakin kassasiya protestində müdafiə olunan hüquqi mövqe ilə razılaşaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2022-ci il tarixli qərarını ləğv edib, materialı apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin etmişdir.
Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası Baş prokurorunun müavinin təqdimatına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin əvvəl çıxarılmış (Ali Məhkəmənin Cinayət kollegiyası tərəfindən ləğv olunmuş) qərarında əksini tapmış hüquqi mövqe ilə üst-üstə düşən nəticəyə gələrək 24 oktyabr 2022-ci il tarixli qərarla yenidən məhkumun əməlini qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni satmağa cəhd kimi Azərbaycan Respublikası CM-in 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə tövsif etmiş və həmin maddələrlə CM-in 63.3-cü maddəsinin tələbinə müvafiq olaraq ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini qərara almışdır.
Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən əvvəlki kassasiya protestində göstərilən eyni dəlillərlə kassasiya protesti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, materialın yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb irəli sürülmüşdür.
Həmin kassasiya protestinə hazırda baxan məhkəmə tərkibi ilə bu materiala əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibi arasında hüququn tətbiqi üzrə (məhkumun əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən tövsifi məsələsində) yanaşma fərqi olduğundan, yəni birinci dəfə materiala kassasiya qaydasında baxmış məhkəmə tərkibi məhkum XXX əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədli külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması kimi başa çatmış cinayət olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməsinə, hazırda materiala baxan məhkəmə tərkibi isə məhkum XXX əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satışına cəhd (başa çatmayan cinayət) kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1, 29,234.4.3-cü maddələri ilə tövsif edilməsinə tərəfdar olduqlarından, materiala baxan məhkəmə tərkibi həmin mübahisəli hüquqi məsələyə CPM-in 419-1-ci maddəsində nəzərdə tutulmuş prosedurda, Cinayət kollegiyasının bütün hakimlərindən ibarət tərkibdə baxılması üçün təqdimatla Ali Məhkəmənin sədrinə müraciət etmiş və təqdimatla əlaqədar hazırkı iclas təyin olunmuşdur.
Mübahisəli hüquqi məsələyə baxılmasına dair Cinayət kollegiyasının iclasında bir hakim istisna olmaqla kollegiyaya daxil olan digər doqquz nəfər hakim iştirak etmiş və belə iclasda kollegiyanın hakimlərinin ən azı üçdə ikisinin iştirak etməsini tələb edən CPM-in 419-1.2-ci maddəsinin müddəasına əməl olunduğundan, iclas səlahiyyətli sayılmışdır.
Qeyd olunan mübahisəli hüquqi məsələyə baxılması nəticəsində kollegiyanın bütün hakimlərindən ibarət olan tərkibi səs çoxluğu ilə (7 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla) məhkum XXX əməlinin hökm üzrə RF CM-in 30-cu maddəsinin 3-cü hissəsi, 228.1-ci maddəsinin 4-cü hissəsinin “q” bəndi ilə tövsifinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinə (başa çatmış satış məqsədi ilə deyil, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satışına cəhd (başa çatmayan qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmə, saxlama, daşıma) kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1, 29,234.4.3-cü maddələrinə uyğunlaşdırılmalı olması haqqında nəticəyə gəlmişdir.
Belə nəticəyə gələrkən kollegiyanın bütün hakimlərdən ibarət olan tərkibi aşağıdakılara əsaslanmışdır:
Xarici dövlətin məhkəməsinin hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikası vətəndaşının və yaxud vətəndaşlığından asılı olmayaraq daimi yaşayış yeri Azərbaycan Respublikası olan şəxsin cəza çəkmək üçün Azərbaycan Respublikasına təhvil verilməsi ilə əlaqədar xarici dövlətin məhkəməsinin hökmünün tanınması və Azərbaycan Respublikasının ərazisində icrası sahələrarası institut olmaqla ona dair məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 522-524-cü maddələri və digər milli hüquqi aktlarla yanaşı, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələr və bir sıra dövlətlərlə bağlanmış ikitərəfli müqavilələrlə tənzimlənir.
Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin II hissəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olduğu təsbit edilmişdir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 64.3-cü maddəsinə əsasən “Xarici dövlətlərin məhkəmələri və istintaq orqanları qərarlarının Azərbaycan Respublikası ərazisində məcburiliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir”.
Azərbaycan Respublikası 2000-ci il 12 dekabr tarixli № 43-IIQ nömrəli qanunu ilə “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasına (bundan sonra Strasburq Konvensiyası) müvafiq bəyanatlar və qeyd-şərt ilə qoşulmuşdur.
O cümlədən, Azərbaycan Respublikası "Məhkum olunmuş şəxslərin verilməsi haqqında Avropa Konvensiyası"nın 3-cü maddəsinin 3-cü bəndi üzrə aşağıdakı məzmunda Bəyanat vermişdir.
“Azərbaycan Respublikası Konvensiyanın 3-cü maddəsinin 3-cü bəndi üzrə bəyan edir ki, o, Konvensiyanın 9-cu maddəsinin 1-ci bəndinin "b" yarımbəndində nəzərdə tutulan prosedurları bütünlüklə istisna edir.”
Bu bəyanat üçün əsas yaradan Strasburq Konvensiyasının 3-cü maddəsinin 3-cü bəndində təsbit edilmişdir ki, “İstənilən Razılığa Gələn Dövlət imzalanma və yaxud ratifakasiya haqqında sənədin verilməsi, qəbul edilmə, təsdiq etmə və yaxud qoşulma anında Avropa Şurasının Baş katibinə bəyanat təqdim edə və həmin bəyanatda onu qeyd edə bilər ki, o, digər Razılığa Gələn Tərəflərlə əlaqələrin qurulması zamanı 9-cu maddənin 1-ci bəndinin “a” və “b” yarımbəndlərində nəzərdə tutulan prosedurlardan birini istisna etmək niyyətindədir”.
Strasburq Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinin müddəaları aşağıdakı məzmundadır:
“Hökmü icra edən dövlətin səlahiyyətli hakimiyyəti:
a) dərhal və yaxud 10-cu maddədə müəyyən edilmiş şərtlərə uyğun olaraq, qəbul edilmiş özünün məhkəmə və ya inzibati qərarına əsasən hökmün icra edilməsini davam etdirirlər; və yaxud
b) məhkəmə və ya inzibati proseduralar vasitəsilə hökmü öz dövlətinin qərarına çevirərək bu yolla hökmü çıxarmış dövlətin müəyyən etdiyi cəzanı 11-ci maddədə müəyyən edilmiş şərtlərə uyğun olaraq, hökmün icra olunduğu dövlətin qanunvericiliyində eyni hüquq pozuntusuna görə nəzərdə tutulmuş sanksiya ilə əvəz edirlər”.
Strasburq Konvensiyasının “Hökmün icrasının davam etdirilməsi” adlanan 10-cu maddəsində 9-cu maddənin 1-ci bəndinin “a” yarımbəndində göstərilən prosedurun tətbiqi zamanı əməl edilməsi tələb olunan şərtlər aşağıdakı kimi təsbit edilmişdir:
“1. Hökmün icrası davam etdirildiyi halda hökmü icra edən dövlət əməlin hüquqi tövsifini və cəzanın müddətini hökmü çıxarmış dövlətin müəyyən etdiyi kimi tanıyır.
2. Bununla belə, əgər cəzanın xarakteri və müddəti hökmü icra edən dövlətin qanunvericiliyi ilə bir araya sığmırsa və yaxud həmin dövlətin qanunvericiliyi bunu tələb edirsə, hökmü icra edən dövlət məhkəmə və ya inzibati qərarı ilə cəzanı özünün daxili qanunvericiliyində analoji hüquq pozuntusuna görə nəzərdə tutulmuş sanksiyaya uyğunlaşdıra bilər. Belə cəza öz xarakterinə görə icra edilməli hökmlə müəyyən edilmiş cəzaya maksimal dərəcədə uyğun olmalıdır. O, özünün xarakterinə və yaxud müddətinə görə hökmü çıxarmış dövlətin müəyyən etdiyi cəzadan ağır olmamalı və hökmü icra edən dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmuş cəzanın maksimal həddini aşmamalıdır.”.
Yuxarıda təsvir edilən, Azərbaycan Respublikasının qəbul etdiyi, xarici dövlətin məhkəməsi tərəfindən məhkum edilmiş şəxslərin azadlıqdan məhrum etmə cəzasını çəkmək üçün vətəndaşı olduğu ölkəyə verilməsi zamanı tətbiq edilən prosedurdan fərqli olaraq, Strasburq Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinin “b” yarımbəndində göstərilən ikinci prosedur üçün şərtlər bu Konvensiyanın “Hökmün əvəz edilməsi” adalanan 11-ci maddəsində aşağıdakı kimi müəyyən edilmişdir:
“1. Hökmün əvəz edilməsi zamanı hökmü icra edən dövlətin proseduru tətbiq edilir. Hökm əvəz edilərkən səlahiyyəti hakimiyyət orqanları:
a) faktların müəyyən edilməsi məsələsində onların birbaşa və yaxud dolayısı ilə hökmü çıxarmış dövlətin qərarında nə cür təsvir olunmasından asılıdırlar;
b) azadlıqdan məhrum etmə növündə cəzanı maddi xarakterli sanksiya ilə əvəz etməyə haqlı deyillər;
c) cəzadan artıq məhkumun çəkdiyi cəzanı tamamilə çıxırlar;
d) məhkumun cinayət məsuliyyətini ağırlaşdırmamaqla bərabər hökmü icra edən dövlətin qanunvericiliyində törədilən bir və ya bir neçə hüquq pozuntusuna görə nəzərdə tutulmuş cəzanın minimal hədlərini təyin etməyə də istiqamətlənməməlidirlər.
2. Əgər hökmün əvəz edilməsi proseduru məhkumun verilməsindən sonra həyata keçirilmişsə, hökmü icra edən dövlət onu həbsdə saxlayacaq və yaxud hazırkı prosedurun başa çatmasınadək onun hökmü icra edən dövlətdə şəxsən olmasını təmin edən digər tədbirləri görəcəkdir.”
Azərbaycan Respublikasından fərqli olaraq Rusiya Federasiyası Strasburq Konvensiyasına qoşularkən bu Konvensiyanın 11-ci maddəsinin şərtlərinin tətbiqini ehtiva edən 9-cu maddənin 1-ci bəndinin “b” yarımbəndində nəzərdə tutulmuş proseduru seçdiyini bəyan etsə də, bu hal nə özü-özlüyündə, nə də ki, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının, habelə digər MDB ölkələrinin iştirakçıları olduqları (1998-ci il 4 dekabr tarixli 563-IQ nömrəli Qanunla qeyd-şərtlə təsdiq edilmiş) “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Konvensiya (bundan sonra Moskva Konvensiyası), eləcə də Azərbaycan Respublikasının və Rusiya Federasiyasının 1994-cü il 26 may tarixində bağladıqları (Milli Məclisin 1995-ci il 9 mart tarixli 985 nömrəli qərarı ilə təsdiq edilmiş) “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında məhkumların cəza çəkmək üçün verilməsi haqqında müqavilə” (bundan sonra İkitərəfli Müqavilə) RF-in ərazisində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin cəzasını çəkmək üçün Azərbaycan Respublikasına verilməsi məsələsi ilə əlaqədar münasibətlərdə Azərbaycan Respublikasının Strasburq Konvensiyasına qoşularkən verdiyi bəyanatda seçdiyi prosedura uyğun olaraq davranmasının qarşısını almır, o cümlədən Strasburq Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulmuş (10-cu maddədə təsbit edilmiş şərtlərə əməl olunmasını ehtiva edən) prosedur çərçivəsində hərəkət etmək sərbəstliyini ləğv etmir.
Belə ki, Moskva Konvensiyasının 21-ci maddəsində təsbit edilmişdir ki, “Hazırkı Konvensiyanın müddəaları Razılığa Gələn Tərəflərin iştirakçıları olduqları başqa beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur”.
Moskva Konvensiyasının baxılan məsələyə bilavasitə həsr olunmuş 12-ci maddəsinin müddəaları da Strasburq Konvensiyasına qoşularkən Azərbaycan Respublikasının seçdiyi proseduru istisna etməyən aşağıdakı məzmunda formulə edilmişdir:
“Hökmü icra edən dövlət məhkumun vəziyyətini pisləşdirmədən öz qanunvericiliyinə uyğun olaraq, cəzanın çəkilməsinin davam etdirilməsini təmin edir. Digər Razılığa Gələn Tərəfin hökmünün icra edilməsi məsələsinə baxılması üzrə məhkəmə aidiyyəti hər bir Razılığa Gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir.
Məhkuma təyin olunmuş cəza Hökmü çıxarmış dövlətin hökmünə əsasən çəkilir. Hökmü çıxarmış dövlətdə çəkilmiş müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanır. Hökmü icra edən dövlət çıxarılmış hökmdən çıxış edərək öz dövlətinin qanununa əsasən azadlıqdan məhrum etmənin müddətini hökmdə olduğu kimi müəyyən etməklə onun icra edilməsi barədə qərar qəbul edir.
Əgər həmin əmələ görə Hökmü icra edən dövlətin qanunvericiliyində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə müddətinin son həddi hökmlə təyin olunmuş cəzadan azdırsa, məhkəmə bu dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmənin maksimal müddətini müəyyən edir.
Əgər hökm iki və ya daha çox, lakin onlardan hər hansı biri Hökmü icra edən dövlətdə cinayət hesab edilməyən əməllərə aiddirsə, məhkəmə cəzanın hansı hissəsinin cinayət hesab edilən əmələ tətbiq olunduğunu müəyyən edir.
Hökmü icra edən dövlət tərəfindən əlavə cəzanın icra edilməsi haqqında qərar o halda qəbul edilir ki, bu dövlətin qanunvericiliyi ilə törədilmiş əmələ görə belə cəza nəzərdə tutulmuş olsun. Əlavə cəza bu maddə ilə nəzərdə tutulmuş qaydada icra edilir.”
Eyni müddəalar Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında bağlanmış İkitərəfli Müqavilənin müvafiq olaraq, 12 və 6-cı maddələrində də nəzərdə tutulmuşdur .
Göründüyü kimi, Strasburq Konvensiyasına qoşularkən Azərbaycan Respublikasının bu Konvensiyanın 9-cu maddəsinin 1-ci bəndinin “b” yarımbəndində nəzərdə tutulmuş proseduru tamamilə istisna etməsi (bununla da həmin bəndin “a” yarımbəndində nəzərdə tutulmuş proseduru qəbul etməsi), eyni zamanda nə Moskva Konvensiyasının, nə də ki İkitərəfli Müqavilənin fərqli prosedurun tətbiqi üçün əsas yaratmaması Rusiya Fedrasiyasının ərazisində törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin cəzasını çəkmək üçün Azərbaycan Respublikasına təhvil verilməsi ilə əlaqədar xarici dövətin məhkəməsinin hökmünün tanınmasına və Azərbaycan Respublikasında icra edilməsinə dair müraciətlərə baxan məhkəmələrdən tələb edir ki, baxılmanın hədlərini müəyyən edərkən və qərar çıxararkən Strasburq Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulmuş prosedura uyğun fəaliyyət göstərsinlər, o cümlədən qeyd olunan yarımbəndin tələb etdiyi kimi həmin Konvensiyanın 11-ci maddəsində deyil, məhz 10-cu maddəsində nəzərdə tutulmuş şərtlərə əməl etsinlər.
Strasburq Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulmuş proseduru, müvafiq olaraq da 10-cu maddəsinin şərtlərini “b” yarımbəndində nəzərdə tutulmuş prosedurdan, o cümlədən 11-ci maddənin şərtlərindən fərqləndirən başlıca cəhət isə odur ki, əgər ikinci prosedurda xarici dövlətin məhkəməsinin hökmü yerli məhkəmənin (inzibati orqanın) qərarı ilə əvəz edilərək, bu qərarla 11-ci bənddə göstərilən şərtlər gözlənilməklə müəyyən edilən cəza icra olunursa, birinci prosedurda xarici dövlətin məhkəməsinin hökmü səlahiyyətli milli orqanın (məsələn, məhkəmənin) qərarı ilə əvəz edilmir, xarici dövlətin məhkəməsinin hökmü tanınmaqla olduğu kimi icra edilməkdən ötrü qəbul edilir, beləliklə də cəzanın icrasının Azərbaycan Respublikasında davam etdirilməsinin əsası kimi məhz xarici dövlətin məhkəməsinin hökmü çıxış edir.
Baxılan məsələyə aidiyyəti olan Azərbaycan Respublikasının müvafiq hüquqi aktların müddəaları da məhz bu cür (Strasburq Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinin “a” yarımbəndindən irəli gələn konseptual yanaşma) əsas götürülməklə formulə edilmişdir.
Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”nın 1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasına, “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Moskva Konvensiyasına və bir sıra dövlətlərlə bağlanmış ikitərəfli müqavilələrə (bundan sonra – beynəlxalq müqavilələr) əsasən həyata keçirilir.”
Eyni zamanda həmin “Qaydalar”ın 4.1-ci bəndində xarici dövlətin məhkəməsinin hökmünün tanınması və icrası barədə müraciətə baxan məhkəmələrə münasibətdə göstərilmişdir ki, “Məhkəmə çıxarılmış hökmdən çıxış edərək onun icrası haqqında qərar qəbul edir”.
Strasburq Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinin “a” yarımbəndindən və 10-cu maddəsindən irəli gələn xarici dövlətin məhkəməsinin hökmündən çıxış etmək barədə tələb həm də bu hökmdə əksini tapmış cinayət əməlinin hüquqi tövsifinin rəhbər tutulmasını ehtiva edir.
Əslində, bu xüsusiyyət Strasburq Konvensiyasının 10-cu maddəsində 9-cu maddənin 1-ci bəndinin “a” yarımbəndində təsbit edilən prosedura xas olan və onu həmin bəndin “b” yarımbəndində göstərilən prosedurdan fərqləndirən mühüm şərtlərdən biri kimi birbaşa nəzərdə tutulmuşdur.
Belə ki, əgər Strasburq Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndində əksini tapmış “Hökmün icrası davam etdirildiyi halda, hökmü icra edən dövlət əməlin hüquqi tövsifini və cəzanın müddətini hökmü çıxarmış dövlətin müəyyən etdiyi kimi tanıyır” müddəası ilə bu Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinin “a” yarımbəndində göstərilən proseduru qəbul etmiş dövlətin səlahiyyətli orqanının (o cümlədən, Azərbaycan Respublikasının müvafiq apellyasiya məhkəməsinin) üzərinə xarici dövlətin məhkəməsinin hökmündə əmələ (onu təşkil edən faktiki hallara) verilən hüquqi qiyməti (tövsifi) olduğu kimi qəbul etmək öhdəliyi qoyulursa, bununla da hökmdə təsvir olunan faktiki halları yenidən təhlil edib onlardan və öz cinayət qanunundan çıxış etməklə əməlin sərbəst dəyərləndirilməsini aparmaq imkanı istisna edilirsə, Strasburq Konvensiyanın 11-ci maddəsinin 1-ci bəndinin “a” yarımbəndində təsbit edilmiş “Hökm əvəz edilərkən səlahiyyətli hakimiyyət orqanları faktların müəyyən edilməsi məsələsində onların birbaşa və yaxud dolayısı ilə hökmü çıxarmış dövlətin qərarında nə cür təsvir olunmasından asılıdırlar” müddəası bu konvensiyanın 9-cu maddəsinin 1-ci bəndinin “b” yarımbəndində göstərilən proseduru qəbul etmiş dövlətlərin səlahiyyətli orqanlarını xarici dövlətin hökmündə əmələ (faktiki hallara) verilən qiymətdən (hüquqi tövsifdən) sərt şəkildə asılı etmir, onların mülahizə sərbəstliyini yalnız hökmdə təsvir edilmiş əməli təşkil edən faktiki halların dairəsi ilə məhdudlaşdırmaqla həmin faktların öz qanunvericliyinə əsasən, lakin 11-ci maddənin digər müddəlarında nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla yenidən hüquqi dəyərələndirilməsini (tövsif olunmasını) ehtiva edir.
Rusiya Federasiyası, Moskva vilayəti, Serebryano-Prudski Rayon Məhkəməsinin 4 avqust 2017-ci il tarixli hökmünə görə isə məhkum XXX əməli qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satmağa cəhd etmə kimi RF CM-in 30-cu maddəsinin 3-cü hissəsi, 228.1-ci maddəsinin 4-cü hissəsinin “q” bəndi ilə tövsif olunmuşdur.
Hökmdə təsvir olunmuş cinayət əməlini təşkil edən (yuxarıdakı tövsifi şərtləndirən) faktiki hallar isə ondan ibrətdir ki, məhkum XXX digər şəxslə qabaqcadan əlbir olub Moskva şəhərində satış məqsədi ilə narkotik vasitə əldə etmişlər, eyni məqsədlə digər şəxsin idarə etdiyi avtomobilin baqaj hissəsində gizlədib saxlamışlar və Saratov şəhərinə yola düşdükdən sonra polis tərəfindən tutulduqları anadək həmin avtomobildə daşımışlar.
RF CM-in 30-cu maddəsinin 3-cü hissəsi, 228.1-ci maddəsinin 4-cü hissəsinin “q” bəndi ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satmağa cəhd etmə kimi tövsif olunmuş eyni (formal tövsif baxımından üst-üstə düşən) əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1, 29,234.4.3-cü maddələri nəzərdə tutur.
Tövsifi şərtləndirən cinayətin obyektiv cəhətini təşkil edən faktiki hallardan çıxış etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən əmələ hüquqi qiymət verildikdə isə, həmin cinayət başa çatmış qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi AR CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif olunmalıdır.
Lakin Strasburq Konvensiyasının 9-cu maddəsinin 1-ci maddəsinin “b” yarımbəndində təsbit edilən (11-ci maddənin şərtlərinə görə hökmdə təsvir edilmiş fakitki halların milli qanunvericilik əsasında yenidən dəyərləndirilməsini ehtiva edən) prosedurdan fərqli olaraq, Azərbaycan Respublikasının qəbul etdiyi həmin Konvensiyanın 9-cu maddəsinin 1-ci bəndinin “a” yarımbəndində göstərilən prosedur (eynilə bu proseduru istisna etməyən Moskva Konvensiyası və İkitərəfli Müqavilə) Strasburq Konvensiyasının 10-cu maddəsində göstərilən şərtlərə əməl etməklə faktiki halların milli qanunvericilik əsasında qiymətləndirilməsini deyil, əməlin hüquqi tövsifinin hökmdə olduğu kimi tanınmasını nəzərdə tutduğundan, Rusiya Federasiyasının rayon məhkəməsinin hökmünün tanınması və Azərbaycan Respublikasında icra olunması haqqında müraciətə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da həmin prosedura və onun şərtlərinə əməl etməklə qeyd olunan müraciətə baxmış və eyni əməli nəzərdə tutan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin normalarını müəyyən edərkən haqlı olaraq RF-in rayon məhkəməsinin hökmündə əksini tapmış cinayətin obyektiv cəhətini təşkil edən faktiki hallardan deyil, onların hüquqi tövsifindən çıxış etmiş, məhz əməlin hüquqi tövsifini rəhbər tutmuşdur.
RF CM-in 30-cu maddəsinin 3-cü hissəsi, 228.1-ci maddəsinin 4-cü hissəsinin “q” bəndi üzrə tövsif olunmuş eyni əməli (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satmağa cəhd kimi başa çatdırılmayan cinayəti) tam dəqiqliyi ilə təsbit edən normalar (29,234.4.1, 29,234.4.3-cü maddələr) nəzərdə tutulduğu halda, məhkəmə cinayətin obyektiv cəhətini təşkil edən faktiki hallardan çıxış etməklə əməli sərbəst və hökmlə uzlaşmayan şəkildə - CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə, yəni başa çatmış qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmə, saxlama, daşıma kimi tövsif edə bilməzdi.
Sözügedən (Strasburq Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinin “a” yarımbəndində qeyd olunan) prosedurun tətbiqi zamanı da xarici dövlətin məhkəməsinin hökmündə təsvir edilmiş cinayətin eyni əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutan müvafiq maddəyə tövsif edilməsi (hökmün tanınması və Azərbaycan Respublikasının ərazisində icrası barədə qərarda eyni əməli nəzərdə tutan AR CM-in müvafiq maddəsinin göstərilməsinin tələb olunması) Strasburq Konvensiyasının 11-ci maddəsində göstərildiyi kimi - hökmdə təsvir edilən faktiki halları yenidən - milli normalara əsasən dəyərləndirmək öhdəliyindən deyil, həmin Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş şərtlərə, eləcə də həmin şərtlərlə uzlaşan Moskva Konvensiyasının 12-ci, İkitərəfli Müqavilənin 6-cı maddələrində təsbit edilən müddəalara əməl olunmasını təmin etmək, yəni eyni əmələ görə milli qanunvericilikdə nəzərdə tutulmuş cəzanı düzgün müəyyən etmək, müvafiq olaraq da həmin cəza üçün əsas kimi çıxış edən milli qanunvericiliyin müvafiq normasını seçmək vəzifəsindən irəli gəlir.
Bu prosedurda çıxarılmış qərarda da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin eyni əməli nəzərdə tutan maddəsinin göstərilməsi xarici dövlətin məhkəməsinin hökmündəki tövsifin AR CM-in müvafiq maddəsinə uyğunlaşdırılması deməkdir. Bu zaman hökmdəki faktiki hallar deyil, məhz faktlara verilən hüquqi qiymət (tövsif) rəhbər tutulmaqla həmin əməlin milli qanunvericilikdəki analoqunun tapılması baş verir ki, bu da hökmdə əksini tapmış əməli təşkil edən faktiki halların yenidən - milli qanunvericiliyə əsasən dəyərləndirilməsi anlamına gəlmir.
Beləliklə, xarici dövlətin məhkəməsinin hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin cəzasını çəkmək üçün Azərbaycan Respublikasına təhvil verilməsi ilə əlaqədar xarici dövlətin məhkəməsinin hökmünün tanınması məsələsinə müvafiq apellyasiya məhkəməsində baxılması zamanı Strasburq Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulmuş prosedura və həmin Konvensiyanın 10-cu maddəsində göstərilən şərtlərə, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə əlaqələrində isə həm də qeyd edilən prosedurla uzlaşan Moskva Konvensiyasının 12-ci maddəsinin və İkitərəfli Müqavilənin 6-cı maddəsinin müddəalarına əməl olunmalıdır.
Qeyd olunan prosedur, şərtlər və müddəalara əməl olunması xarici dövlətin məhkəməsinin hökmündə təsvir edilmiş faktiki halların yenidən dəyərləndirilməsini istisna etməklə hökmdə əmələ verilən qiymət - hüquqi tövsif rəhbər tutulmaqla tövsifin Azərbaycan Respublikasının eyni əməli nəzərdə tutan maddəsinə (maddələrinə) uyğunlaşdırılmasını tələb edir.
Təqdimatda qaldırılan mübahisəli hüquqi məsələ Ali Məhkəmənin Cinayət kollegiyasının bütün hakimlərindən ibarət olan tərkibinin bu yanaşması rəhbər tutulmaqla həll edilməli, qanuni və əsaslı nəticə kimi məhkum XXX hökmdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 228.1-ci maddəsinin 4-cü hissəsinin “q” bəndi ilə tövsif olunmuş əməlinə uyğun gələn (tövsifin uyğunlaşdırılmalı olduğu), milli qanunvericiliyin eyni əməli nəzərdə tutan normaları kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1, 29,234.4.3-cü maddələri qəbul edilməlidir.
Azərbaycan Respublikası Cinayət kollegiyası (kollegiyaya daxil olan bütün hakimlərdən ibarət tərkibdə) yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-1-ci maddəsini rəhbər tutub
Q Ə R A R A A L D I:
Xarici dövlətin məhkəməsinin hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin cəzasını çəkmək üçün Azərbaycan Respublikasına təhvil verilməsi ilə əlaqədar xarici dövlətin məhkəməsinin hökmünün tanınması məsələsinə müvafiq apellyasiya məhkəməsində baxılması zamanı “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulmuş prosedura və həmin Konvensiyanın 10-cu maddəsində göstərilən şərtlərə, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə əlaqələrində isə həm də qeyd edilən prosedurla uzlaşan “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Konvensiyanın 12-ci maddəsinin və 1994-cü il 26 may tarixli “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında məhkumların cəza çəkmək üçün verilməsi haqqında müqavilə”nin 6-cı maddəsinin müddəalarına əməl olunmalıdır.
Qeyd olunan prosedur, şərtlər və müddəalara əməl olunması xarici dövlətin məhkəməsinin hökmündə təsvir edilmiş faktiki halların yenidən dəyərləndirilməsini istisna etməklə hökmdə əksini tapmış əməlin hüquqi tövsifi rəhbər tutulmaqla məhz tövsifin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni əməli nəzərdə tutan maddəsinə (maddələrinə) uyğunlaşdırılmasını tələb edir.
Ali Məhkəmənin Cinayət kollegiyasının bütün hakimlərindən ibarət olan tərkibinin bu yanaşmasına əsasən təqdimatda qeyd edilən konkret material üzrə qanuni və əsaslı nəticə kimi məhkum XXX Rusiya Federasiyası, Moskva vilayəti, Serebryano-Prudski Rayon Məhkəməsinin 2017-ci il 4 avqust tarixli hökmündə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 228.1-ci maddəsinin 4-cü hissəsinin “q” bəndi ilə tövsif olunmuş əməlinə uyğun gələn (tövsifin uyğunlaşdırılmalı olduğu), milli qanunvericiliyin eyni əməli nəzərdə tutan normaları kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1, 29,234.4.3-cü maddələri qəbul edilməlidir.
Ali Məhkəmənin Cinayət kollegiyasının məhkum XXX barəsində olan materiala baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələyə baxan bütün digər məhkəmə tərkibləri hazırkı qərarda müəyyən edilmiş hüquqi mövqeyi rəhbər tutmalıdırlar.
Sədrlik edən H.Q.Nəsibov
Göstərilən platformalarda paylaş: