Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında
07.10.2004, 00:00Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
Q Ə R A R I
«7» oktyabr 2004 cü il N2 Bakı şəhəri
Yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsinə dair materialları müzakirə edərək Ali Məhkəmənin Plenumu qeyd edir ki, bu qəbildən olan cinayət işlərinin böyük əksəriyyəti məhkəmələr tərəfindən qanunvericiliyin tələbinə uyğun həll edilir.
Bununla yanaşı məhkəmə təcrübəsində bu cinayət işləri üzrə istər faktların müəyyən edilməsi istərsə də hüququn tətbiqi məsələlərində səhvlərə yol verilir.
Bəzi məhkəmələr tərəfindən işin bütün faktik hallarının araşdırılmasına lazımi diqqət yetirilmir, təqsirləndirilən şəxslərlə yanaşı yol hərəkətinin digər iştirakçılarının da hərəkət və ya hərəkətsizliyinin cinayətin baş verməsinə səbəb olması faktlarına və qarşılıqlı təqsirin mövcudluğuna əhəmiyyət verilmir.
Yol hərəkəti və nəqliyyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirli bilinən şəxslərə əsas və əlavə cəzaların təyin edilməsi cinayət nəticəsində zərərçəkən şəxsə vurulmuş zərərin ödənilməsi məqsədilə verilmiş mülki iddianın həlli təcrübəsində nöqsanlar mövcuddur.
Yol nəqliyyat hadisələri ilə bilavasitə bağlı olan digər cinayətlər üzrə maddi hüquq normalarının tətbiqində vahid təcrübə yoxdur.
Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasının tətbiqini nəzərdə tutan hökmlərin icrası heç də həmişə qanunun tələbinə uyğun həyata keçirilmir.
Məhkəmələrin fəaliyyətində qeyd olunan nöqsan və çatmazlıqların aradan qaldırılması və bu işlər üzrə vahid məhkəmə təcrübəsi yaratmaq məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
QƏRARA ALIR:
1. Məhkəmələr nəzərə almalıdırlar ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, nəticəsindən asılı olaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyətə səbəb olur.
Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən həmin qaydaların pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun.
Eyni əməllər, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və yaxud ona maddi ziyan vurulmasına səbəb olduqda və sair hallarda qeyd edilən qaydaları pozmaqda təqsirləndirilən şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşımalıdır.
2. Bu qəbildən olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidirlər.
3. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin predmeti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitələri, o cümlədən trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlərdir. Özüyeriyən maşınlar dedikdə tırtıllı traktorlar da daxil olmaqla başqa işlərdə istifadə üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi başa düşülür. İş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya surəti saatda 50 kilometrdən artıq olmayan iki və ya üçtəkərli («moped» və «moped»lərə bərabər tutulan) nəqliyyat vasitələri ilə yol hərəkətinin təhlükəsizliyi qaydalarının pozulması CM-nin 263-cü maddəsinin təsiri altına düşmür. Digər, özüyeriyən nəqliyyat vasitələrinə istənilən yol, tikinti, kənd təsərrüfatı və başqa xüsusi təyinatlı maşınlar aid edilə bilər.
Hərbi qulluqçular tərəfindən idarə olunan hərbi maşınlar, döyüş, xüsusi və ya nəqliyyat maşınları, o cümlədən tanklar, zirehli maşınlar, özüyeriyən artilleriya və paket qurğuları və bu kimi sair hərbi texniki vasitələr CM-nin 263-cü maddəsinin predmetinə aid deyildir. Bunlar maşınları idarəetmə və istismar qaydalarını pozmağa görə məsuliyyət müəyyən edən CM-nin 351-ci maddəsində göstərilən hərbi cinayətin predmeti hesab olunur.
4. Nəqliyyat vasitəsini idarə edən şəxsin əməli CM-nin 263-cü maddəsində qeyd olunan nəticələrə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla deyil, yüklərin boşaldılması və ya yüklənməsi, nəqliyyat vasitələrinin təmiri, tikinti işlərinin aparılması zamanı olduqda, bu halda əməl baş vermiş nəticələrdən və təqsirin formasından asılı olaraq, CM-nin şəxsiyyət əleyhinə olan, yaxud müəyyən işlərin aparılması zamanı təhlükəsizlik qaydalarını pozmağa görə məsuliyyəti nəzərdə tutan müvafiq maddələri (CM-nin 162-ci, 222-ci, 268-ci və s. maddələri) ilə tövsif olunmalıdır.
5. Məhkəmələrin diqqəti ona cəlb edilsin ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən zərərçəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur. (Qanunun 37-ci maddəsinin 4-cü hissəsi).
Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması CM-nin 263-cü maddəsi ilə yanaşı həm də CM-nin 264-cü maddəsinin tərkibini yaradır. Eyni vəziyyətdə sürücü yol nəqliyyat hadisəsi yerindən qaçmasa da zərərçəkmiş şəxsi həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğuna görə ona kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə onun əməli CM-nin 263-cü maddəsi ilə yanaşı həm də CM-nin 143-cü maddəsi ilə tövsif olunur.
Zərərçəkmiş şəxsin ölümü yol-nəqliyyat hadisəsi anından dərhal sonra baş verdikdə və ya zərərçəkmiş şəxsin sağlamlığına vurulmuş zərərin ağırlığı üzündən ona təcili tibbi yardım göstərilməsi mümkün olmadıqda və s. bu kimi obyektiv səbəblər üzündən təqsirkar zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün yaranmış təhlükəni aradan qaldıra bilmədikdə CM-nin 143-cü maddəsinin tərkibi istisna edilir. Bu, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan sürücülərin özünün aldığı xəsarətlərdən şok vəziyyətində olduğu və bu səbəbdən də zərərçəkmiş şəxsə kömək edə bilmədiyi hallara da aiddir.
Qanunda nəzərdə tutulan qaydaları pozmayan, lakin yol-nəqliyyat hadisəsi yerindən qaçıb gedən nəqliyyat vasitələrini idarə edən şəxsin əməlinə CM-nin 264-cü maddəsi şamil olunmur.
6. Məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində CM-nin 263.1, 263.2 və 263.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsi baş verdikdə, təqsirləndirilən şəxsə verilən ittihamda baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsilə tövsif edilməlidir.
Qeyd olunan müxtəlif nəticələri olan cinayət əməlləri müxtəlif vaxtlarda törədilmiş olduqda və baş vermiş nəticələr yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının bir-birilə əlaqədar olmayan bir neçə pozuntusunun törədilməsi üzündən yarandıqda əməllər cinayətlərin məcmusu qaydasında tövsif edilir.
7. Məhkəmələr nəzərə almalıdırlar ki, iki idarəetmə pultu olan təlim nəqliyyat vasitəsində təcrübü gediş zamanı yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması qanunda nəzərdə tutulan nəticələrə səbəb olduqda bu əmələ görə müdavim deyil, qəzanın qarşısını ala biləcək müvafiq tədbirləri vaxtında görməmiş təlimatçı cinayət məsuliyyəti daşımalıdır.
8. İzah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması və bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə yol nəqliyyat hadisələrinin ekspertizasının rəyi əsasında müəyyən edilir.
Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizanın səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 23-cü maddəsinə və qeyd olunan qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il və 30 iyul 2001-ci il tarixli fərmanlarına əsasən məhkəmə ekspertizası fəaliyyəti səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Ədliyyə və Səhiyyə Nazirliklərinin məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir.
CPM-nin 268.1.4-cü maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin vəsatəti əsasında onun öz hesabına alternativ ekspertizanın aparıldığı hallarda bu ekspertizanın rəyi də işdə olan digər materiallar və ekspertiza rəyləri ilə müqayisəli surətdə təhlil edilib qiymətləndirilməlidir.
9. Məhkəmələrə izah edilsin ki, nəqliyyat vasitəsini idarə etmək hüququ və nəqliyyat işçisi olub-olmamasından asılı olmayaraq nəqliyyat vasitəsini idarə edən hər bir şəxs CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayətin subyekti ola bilər.
CM-nin 262 və 263-cü maddələri ilə məsuliyyət daşıyan şəxslər istisna olmaqla, nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozan hər bir şəxs (sərnişin, piyada, velosiped surən, avtomobil və ya şəhər elektrik nəqliyyatı konduktoru və digər şəxslər) CM-nin 267-ci maddəsi ilə nəzərdə tutulan cinayətin subyekti ola bilərlər. CM-nin 267.1-ci maddəsi mexaniki olmayan nəqliyyat vasitələrini, yəni məsələn, at-arabanı (kirşəni) idarə edən şəxslərin də cinayət məsuliyyətini istisna etmir. Belə nəqliyyatı idarə edən şəxsin yol hərəkətinin təhlükəsizliyi qaydalarını pozması yalnız mexaniki nəqliyyat vasitəsilə yol nəqliyyat hadisəsinin törədilməsinə səbəb olduqda CM-nin 267-ci maddəsinə tövsüf olunmalıdır. Bütün digər hallarda, (at-araba ilə piyadanı vurma, özgə əmlakını məhv etmə və s. bu kimi hallarda) təqsirkarın əməli şəxsiyyət və ya mülkiyyət əleyhinə törədilən cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrlə tövsüf olunur.
10. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2 və 263.3-cü maddələrinin dispozisiyasında cinayət-tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünündə hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır.
Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növü ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzalarına əlavə cəza kimi təyin olunur. Bu əlavə cəza şərti məhkumetmə zamanı da təyin oluna bilər.
Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmənin tətbiqi qanunla məcburi olduğu hallarda məhkəmə həmin əlavə cəzanı yalnız CM-nin 62-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olduqda, həmin maddəyə istinad etməklə və qəbul olunmuş qərarın motivlərini hökmdə göstərməklə tətbiq etməyə bilər.
Məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir.
Məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur.
CM-nin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə bir ildən – beş ilədək müddətə təyin edilə bilər. Həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əsas cəzanın çəkilmə müddəti qurtardıqdan sonra nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın icrası başlayır.
Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə cəzaları ilə əlaqədar olmayan digər cəzalara əlavə olaraq tətbiq edildiyi hallarda əlavə cəzanın çəkilməsi müddəti əsas cəzanın çəkilməyə başlanılması dövründən hesablanır.
12. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263-cü maddəsində nəzərdə tutulan nəticələrdən əlavə həm də zərərçəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olduqda məhkəmələr cinayət mühakimə icraatı zamanı CPM-nin 183-cü maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq verilmiş mülki iddianı qəbul etməli onu CPM-nin 354-cü maddəsinə əsaslanmaqla qanunun tələbinə müvafiq surətdə həll etməlidirlər.
13. Məhkəmələrə məsləhət görülsün ki, bu qəbildən olan işlər üzrə məhkəmə baxışı zamanı fiziki şəxslərin cinayət məsuliyyətinə səbəb olmayan hərəkət və ya hərəkətsizliyinin, dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyyətindəki çatışmamazlıq və səhvlərin cinayətin baş verməsinə səbəb olduğu və ya şərait yaratdığı hallarda CPM-nin 355-ci maddəsinə uyğun olaraq xüsusi qərar çıxarmaqla buna münasibət bildirsinlər.
14. Həmin qərarın qəbul edilməsi ilə əlaqədar «Avtonəqliyyatın hərəkəti və işlədilməsi qaydalarının pozulmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» AR Ali Məhkəməsi Plenumunun 1962-ci il 28 dekabr tarixli (sonrakı əlavə və dəyişikliklərlə) qərarı qüvvədən düşmüş hesab edilsin.
S.C.HƏSƏNOVA
Azərbaycan RespublikasıAli Məhkəməsinin Sədri
Göstərilən platformalarda paylaş: