Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülleteninə elmi-hüquqi məqalələrin qəbulu həyata keçirilir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülleteni Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilib.
Bülletendə dərc olunan hər bir məqaləyə beynəlxalq rəqəmsal obyekt identifikatoru (DOI – Digital Object Identifier) verilir.
Bülleten ildə iki dəfə – iyun və dekabr aylarında dərc olunur.
Bülletenə hüququn müxtəlif sahələri üzrə nəzəri və praktiki məsələlərə həsr olunan, məhkəmə təcrübəsini təhlil edən, hüququn tətbiqi zamanı qarşıya çıxan məsələlərin həlli yollarını araşdıran, eləcə də milli və beynəlxalq hüququn aktual istiqamətlərinə dair elmi-praktiki əhəmiyyət kəsb edən məqalələr təqdim edilə bilər.
Məqalələrinin Bülletendə dərc edilməsini arzulayan müəlliflər materiallarını nəşrin nəzərdə tutulan tarixindən ən azı 3 ay əvvəl redaksiyaya təqdim edə bilərlər.
Redaksiya Heyəti təqdim edilmiş məqalələrin müəyyən olunmuş tələblərə uyğunluğunu, elmi-hüquqi məzmununu, aktuallığını, yeniliyini və praktiki əhəmiyyətini nəzərdən keçirir. Məqalənin qəbul edilməsi, redaktə olunması məqsədilə müəllifə qaytarılması və ya dərc üçün məqsədəuyğun hesab edilməməsi barədə qərar Redaksiya Heyəti tərəfindən verilir.
Məqaləyə dair tələblər
Təqdim edilən məqalə orijinal olmalı, əvvəllər digər nəşrlərdə dərc edilməməli və eyni zamanda başqa elmi nəşrlərə dərc üçün təqdim olunmamalıdır. Məqalədə istifadə edilmiş elmi, normativ-hüquqi və digər mənbələrə müvafiq qaydada istinad edilməlidir.
Məqalənin adından sonra müəllifin adı, soyadı, elmi dərəcəsi və elmi adı (olduğu halda), fəaliyyət göstərdiyi və ya təhsil aldığı müəssisənin adı və elektron poçt ünvanı göstərilməlidir.
Məqalə Microsoft Word (.doc və ya .docx) formatında, Arial şrifti ilə, 14 pt ölçüdə və 1,5 sətirarası intervalla hazırlanmalıdır. Məqalənin həcmi şəkillər, cədvəllər və ədəbiyyat siyahısı daxil olmaqla, bir qayda olaraq, 8 səhifədən artıq olmamalıdır.
Məqalədə tədqiqatın məqsədi, araşdırılan məsələnin aktuallığı, müəllifin gəldiyi elmi nəticələr, elmi yenilik və praktiki əhəmiyyət aydın şəkildə ifadə olunmalıdır.
Məqaləyə onun məzmununu və əsas nəticələrini əks etdirən xülasə və açar sözlər əlavə edilməlidir. Xülasə və açar sözlər Azərbaycan, ingilis və rus dillərində təqdim edilməlidir.
İstifadə olunmuş mənbələrə istinad zamanı müəllifin adı, əsərin adı, nəşriyyat, nəşr ili və müvafiq səhifə, internet mənbələrinə istinad zamanı isə materialın adı, yayımlandığı il və elektron mənbəyə keçid üçün zəruri məlumatlar göstərilməlidir.
Təqdim edilmiş məqalələr plagiat yoxlamasından keçirilir. Plagiat aşkar edildiyi halda məqalə dərc üçün qəbul olunmur.
Məqalələrin təqdim edilməsi və qəbulu qaydaları, texniki tələblər, eləcə də digər əlavə məlumatlarla bağlı müraciətlər etibar.mammadov@supremecourt.gov.az elektron poçt ünvanına göndərilə bilər.