Ali Məhkəmə inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin təhlilinə dair ümumiləşdirmə aparıb
18.05.2023, 15:00Ədalət mühakiməsinin keyfiyyətinin artırılması və məhkəmə icraatının səmərəliliyinin yüksəldilməsi məqsədilə Ali Məhkəmə tərəfindən daimi olaraq baxılan işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və təhlili işi aparılır. Bununla, həm vahid məhkəmə təcrübəsinin formalaşdırılması, həm də məhkəmə fəaliyyətinin optimal idarəçiliyinin həyata keçirilməsinə yönəlmiş görülməli əlavə işlər müəyyənləşdirilir.
İnzibati məhkəmə icraatı sahəsində aparılmış təhlillər göstərir ki, inzibati mübahisələrə baxan hər üç məhkəmə instansiyasında iş yükü ildən-ilə artmaqda davam edir. Belə ki, 2022-ci il ərzində ölkə üzrə inzibati məhkəmələrin icraatında ümumilikdə 31046 iş olmuşdur. Həmin göstəricinin 2021-ci il üzrə 23313 iş təşkil etməsi nəzərə alınsa, müvafiq müqayisə aparılmaqla inzibati məhkəmələrin icraatında olan işlərin sayında kəskin yüksələn tendensiya müşahidə edilir, belə ki, iş sayı əvvəlki illə müqayisədə 33,1% artmışdır.
Oxşar vəziyyət yuxarı instansiya məhkəmələrində də mövcuddur. Belə ki, 2022-ci il ərzində respublika üzrə apellyasiya instansiyası məhkəmələrinin icraatında ümumilikdə 6800 iş olmuş, bu rəqəm 2021-ci ildə 6345 olmaqla apellyasiya icraatlarının sayının əvvəlki illə müqayisədə 7,2% artdığını göstərir. Digər tərəfdən, Ali Məhkəmənin İnzibati Kollegiyasının icraatında 2020-ci ildə cəmi 2893 inzibati mübahisə, 2021-ci ildə isə 2789 inzibati mübahisə olmuşdur. Müvafiq göstəricilərin müqayisəli təhlili onu göstərir ki, əvvəlki il üzrə kassasiya icraatında olan iş sayına nisbətən 2022-ci il ərzində iş sayı 3,7% artmışdır.
Xüsusilə qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasına 2023-cü ilin I rübündə daxil olan iş sayı ötən il ilə müqayisədə kəskin artmışdır. Belə ki, ötən ilin I rübündə 473 kassasiya şikayəti daxil olduğu halda, bu rəqəm hazırkı ilin I rübündə 757 olmaqla, 60%-dən çox artmışdır. Məhkəmələrdə iş yükünün artması məhkəmə fəaliyyətinin optimallaşdırılmasına ciddi maneə təşkil edir, hakimlərin həddən artıq işlə yüklənməsinə səbəb olmaqla son nəticədə ümumən ölkədə ədalət mühakiməsinin həyata keçirilməsinin keyfiyyətinə təsir edir. Belə ki, hər bir işin öyrənilməsinə sərf olunan vaxtın azalması ilə keyfiyyətli məhkəmə araşdırmasının riskə atılması təhlükəsi yaranır. İş yükü həm də ümumən məhkəmə xərclərinin artmasına və əlavə dövlət vəsaitinin xərclənməsinə gətirib çıxarır.
İnzibati mübahisələr üzrə iş yükünün artması bir tərəfdən hüquqların məhkəmə müdafiəsi mexanizmlərinin işlək olması və məhkəmələrə olan etimadın artması ilə bağlıdır. Digər tərəfdən isə işlər üzrə aparılmış təhlillər onu deməyə əsas verir ki, inzibati orqanlar fəaliyyətlərində “İnzibati icraat haqqında” Qanunun normalarını rəhbər tutmurlar, eyni zamanda formalaşmış məhkəmə təcrübəsi inzibati orqanlar tərəfindən nəzərə alınmamaqla formal şikayətlərin verilməsi təcrübəsi davam edir.
Belə ki, 2011-ci ildən fəaliyyətə başlamış inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin təhlili göstərir ki, ötən illər ərzində məhkəmələrdə baxılan işlərin böyük əksəriyyəti iddiaçıların xeyrinə yekunlaşmışdır. Son illər inzibati orqanlara qarşı təmin edilən iddialarda bir qədər azalma tendensiyası müşahidə olunsa da, rəqəmlər yenə də yüksək olmaqda davam edir. Məsələn, 2011-ci ildə baxılmış işlərin 84%-i, 2015-ci ildə 83%-i, 2017-ci ildə 90%-i, 2019-cu ildə 70%-i, 2020-ci ildə 57%-i, 2021-ci ildə 64%-i, 2022-ci ildə isə 74%-i vətəndaşların xeyrinə yekunlaşmışdır. Bu hal bir tərəfdən inzibati məhkəmələrin vətəndaşların hüquqlarının müdafiəsində xüsusi rola malik olduğunun təsdiqi kimi qəbul edilə bilər.
Bununla yanaşı nəzərə alınmalıdır ki, vahid hüquqi yanaşmaya əsasən məhkəməyədək şəxslərin hüquq və azadlıqları inzibati orqanlarda təmin edilməlidir. Buna görə, inzibati orqanlar onlara daxil olmuş hər bir müraciəti yalnız mahiyyəti üzrə düzgün həll etmək vəzifəsi daşımırlar, onlar həm də sözügedən müraciətə qanunvericilikdə nəzərdə tutulmuş icraatla bağlı qaydalara riayət etməklə baxmalıdırlar. İcraatla bağlı qaydalara əməl etmək həm də hüquqi dövlət, eləcə də yaxşı və səmərəli idarəçilik prinsipinin mahiyyətindən irəli gəlir. İcraatla bağlı qaydaların nələrdən ibarət olduğu isə mərkəzi normativ-hüquqi akt olan “İnzibati icraat haqqında” Qanunda təsbit olunmuşdur. Məhkəmə təcrübəsində rast gəlinən inzibati orqanların fəaliyyətlərində yol verdikləri “İnzibati icraat haqqında” Qanunda təsbit olunmuş icraatla bağlı sistematik pozuntuları aşağıdakılar kimi qruplaşdırıla bilər:
Göründüyü kimi, icraatla bağlı hüquq pozuntularına yol verilməsi halları müşahidə olunur və bunun nəticəsidir ki, bu gün bir sıra hallarda inzibati orqanların qərar və hərəkətləri məhkəmələr tərəfindən məhz icraatla bağlı hüquq pozuntularına yol verilməsi əsası ilə ləğv edilir. Digər tərəfdən, bəzi hallarda inzibati orqanların fəaliyyətində məhkəmə təcrübəsinin nəzərə alınmaması müşahidə edilir.
Belə ki, bir sıra təkrarlanan mübahisələr üzrə işlərə artıq Ali Məhkəmədə dəfələrlə baxılmasına və həmin işlər üzrə formalaşmış məhkəmə təcrübəsinin mövcudluğuna baxmayaraq, yenidən eyni əsaslarla inzibati icraatda vətəndaşların müraciətlərinin təmin edilməməsi, daha sonra isə həmin işlər üzrə vətəndaşların xeyrinə çıxarılmış məhkəmə qərarlarından Ali Məhkəməyədək şikayətlərin verilməsi təcrübəsi qalmaqda davam edir. Nəticə etibarilə, müəyyən kateqoriya məsələlər üzrə qanunvericiliyin hansı qaydada tətbiq edilməli olması ilə bağlı məhkəmələrin hüquqi mövqeləri inzibati orqanlar tərəfindən nəzərə alınmır. Bu problemin həlli yaxşı idarəçiliyə və qanunun aliliyinə nail olmaq üçün olduqca vacibdir. Eyni zamanda, inzibati məhkəmələr tərəfindən baxılmış işlər üzrə müəyyən edilmiş mövqelər inzibati orqanların öz təcrübələrini dəyişmələrinə səbəb olmalıdır. Təcrübəni dəyişmək isə iki istiqamətdə olmalıdır – müəyyən məsələlər üzrə artıq əvvəlkindən fərqli qərar vermək və müəyyən məsələlər üzrə inzibati icraatı əvvəlkindən fərqli qaydada aparmaq.
Nəzərə alınmalıdır ki, məhkəmə təcrübəsinin əhəmiyyəti və hüquqi nəticələri yalnız məhkəmələrin işlərə baxılması ilə bağlı fəaliyyətinə şamil edilmir. Vətəndaşlar oxşar işlərin məhkəmələrdə necə həll olunduğuna etimad edərək onların da eyni mübahisələrinin inzibati orqan tərəfindən məhkəmədə həll edilmiş işlərə uyğun qaydada nəzərə alınmasına ümid edə bilərlər. Öz növbəsində inzibati orqanlar da oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsini öz inzibati praktikalarında nəzərə almalıdırlar. Məhkəmələrdə baxılan işlərin öyrənilməsi həmçinin göstərir ki, bəzən inzibati orqanların müraciətləri təmin etməkdən imtina edərkən əsaslandıqları dəlillərlə, daha sonra onların iddiaya qarşı təqdim etdikləri etirazlarının, eləcə də apellyasiya və kassasiya şikayətlərinin dəlilləri tamamilə eynilik təşkil edir. Bu zaman məhkəmə araşdırmasının gedişində həmin dəlillərin əsassızlığına dair toplanılmış əks sübutlara, məhkəmələrin bununla bağlı hüquqi mövqelərinə və qiymətləndirmələrinə apellyasiya və kassasiya şikayətlərində hər hansı münasibət bildirilmədən və ya səthi, yaxud ötəri münasibət bildirilərək əslində faktiki olaraq ilkin dəlillər təkrarlanmaqla yeni hər hansı sübut və ya hüquqi mövqe bildirilmədən formal olaraq məhkəmə aktlarından şikayətlər verilir. Əsaslandırılmamış şikayətlər məhkəmə mübahisələrinin sayının süni şəkildə çoxalmasına və hüquqların ağlabatan müddətlərdə həyata keçirilməməsinə səbəb olur.
Beləliklə, məhkəməyədək vətəndaşların müraciətlərinə baxan inzibati orqanlar “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almaqla icraatın aparılmasını təmin etməlidirlər. İnzibati orqanlar həmçinin gələcəkdə məhkəmələrdə təkrarlanan işlərin yaranmaması üçün öz fəaliyyətlərində məhkəmə təcrübəsini nəzərə almalı, eləcə də uğurluluq perspektivi olmayan əsaslandırılmamış apellyasiya və kassasiya şikayəti vermək praktikasından imtina etməlidirlər.
Göstərilən platformalarda paylaş: