Azərbaycan Ali Məhkəməsinin 100 illiyinin qeyd edilməsi
11.01.2023, 16:34Müasir Azərbaycan Respublikası 1918-ci ilin mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cumhuriyyəti demokratik dövlət olaraq bir çox mütərəqqi işlər, o cümlədən məhkəmə sistemi quruculuğunda da mühüm işlər görmüşdür.
1918-ci ilin noyabrın 14-də apelyasiya məhkəməsinin funksiyalarını yerinə yetirmiş Azərbaycan Məhkəmə Palatasının yaradılması barədə qərar qəbul edilmişdir.
Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin tərkibində məhkəmə sahəsinə dair qanunlara yenidən baxılması barədə xüsusi komissiya təşkil etmişdi. Bu komissiyaya Ali Məhkəmənin təsis edilməsi qrupu da daxil idi. Həmin komissiya 1920-ci ilin mart ayında Ali Məhkəmə fəaliyyətini həyata keçirəcək Azərbaycan Senatının Əsasnaməsinin layihəsini hazırlayıb qəbul edilməsi üçün Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinə təqdim etmişdi. Lakin əfsuslar olsun ki, bolşevik ordusunun Azərbaycanı işğal etməsi buna imkan vermədi. Sonrakı illərdə isə Sovet İttifaqı dövründə Azərbaycanda tamamilə fərqli məhkəmə sistemi yaradıldı.
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin (MİK) 1922-ci il 9 dekabrda keçirilən 2-ci sessiyasında “Azərbaycan SSR-də məhkəmə quruluşu haqqında Əsasnamə” qəbul edildi. Azərbaycan SSR MİK “Azərbaycan SSR-in məhkəmə quruluşu haqqında” Əsasnamənin qüvvəyə minməsi barədə 1923-cü il 13 fevral tarixli 8 saylı qərar qəbul etdi. Bu qərarda Azərbaycan Ali Məhkəməsinin 1923-cü il martın 1-dən fəaliyyətə başlaması müəyyən olundu. Azərbaycan Respublikası Ali Məhkəməsinin yaranması günü məhz fevralın 13-ü ilə bağlıdır.
Azərbaycan dövləti müstəqilliyinin bərpasından sonrakı dövrdə Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə məhkəmə-hüquq sistemində mərhələli şəkildə islahatlar aparılmışdır.
Müstəqil Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi statusu, məhkəmə sistemində yeri və rolu 1995-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin ali məhkəmə orqanı kimi təsbit olunması onun yüksək hüquqi statusundan irəli gəlir.
2023-cü il fevralın 13-də Azərbaycanda məhkəmələrin yaradılması günü deyil, Ali Məhkəmənin 100 illiyi qeyd ediləcəkdir.
Məlumat üçün bildirilir ki, Ali Məhkəmənin yaradılmasının ildönümləri dəfələrlə, o cümlədən 90 illik yubileyi 2013-cü ildə qeyd edilmişdir.
Göstərilən platformalarda paylaş: