ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmədə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

19.01.2022, 11:31
Ali Məhkəmədə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
Ali Məhkəmədə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

2022-ci il yanvarın 19-da Ali Məhkəmədə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yığıncaq keçirilib.

Ali Məhkəmənin sədri Ramiz Rzayev yığıncaqda çıxış edərək bildirib ki, 1990-cı ilin 20 Yanvar hadisəsi  Azərbaycanın azadlığı  və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı  qətliam  törətmişdir.

Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən dahi şəxsiyyət  Heydər Əliyev  olmuşdur. Ulu  öndər faciənin səhərisi günü, yəni 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək faciəni törədən şəxsləri kəskin şəkildə tənqid etmiş, bu hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd hesab etdiyini bildirmişdir. Görkəmli dövlət xadimi  ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutmuş, onların ailələrinə və zərərçəkənlərə daim qayğı göstərmişdir. Bu gün  Azərbaycanda dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin xeyirxah əməlləri davam etdirilir. 20 Yanvar şəhidlərinin ailələrinə və zərərçəkənlərə dövlət yardımı artırılır. Möhtərəm cənab Prezident  İlham Əliyev Ulu öndərin siyasi kursunun layiqli davamçısı kimi fəaliyyət göstərir.

Sədr qeyd edib ki, 20 Yanvar hadisələrinə hüquqi-siyasi  qiymət də Ulu öndərimizin təşəbbüsü ilə verilmişdir. Bu qiymət ümumiləşmiş formada  bundan ibarətdir ki, o vaxtkı SSRİ rəhbərliyi Azərbaycana təcavüz edib. Əlbəttə,  hadisənin günahkarlarının da adları açıqlanıb. SSRİ rəhbərliyinin təcavüzünün qarşısı alınmalıydı, o zamankı respublika rəhbərliyi bu qırğına imkan verməməliydi. Bu hadisəyə görə o dövrdə  xalqın azadlıq hərəkatına  rəhbərlik edənlər də  məsuliyyət daşıyırdı. SSRİ rəhbərliyinin təcavüz edəcəyini  bilərək xalqı qırğına aparan və bu zaman özləri kənarda qalanlar məsuliyyət daşıyırlar.

Bildirilib ki, Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da,  vətənin azadlığı  və müstəqilliyi naminə  ən ağır sınaqlara sinə gərdi, şəhid verdi.    44 günlük Vətən müharibəsində də belə oldu. Öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olan Azərbaycan xalqı 30 il işğal altında qalan torpaqlarımızı Ali Baş Komandanın sərkərdəliyi ilə Ermənistan Silahlı Qüvvələrinin işğalından azad etdi.

1990-cı ilin qanlı yanvarında, birinci və ikinci Qarabağ  müharibəsində Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün də Azərbaycan xalqı Vətənin azadlığı, xalqın xoşbəxtliyi uğrunda canlarından keçən övladları ilə fəxr edir.

1990-cı ilin Yanvar hadisələri Azərbaycan xalqının şəhid qanı ilə yoğrulmuş azadlıq arzusunun bütün dünyaya nümayişi idi. Əzmkarlığının, yenilməzliyinin gerçək nümunəsi idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!