Ali Məhkəmədə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir
20.01.2020, 10:00 2020-cu il yanvarın 20-də Ali Məhkəmədə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yığıncaq keçirilmişdir.
Tədbirdə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yığıncaqda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev 1990-cı ilin 20 Yanvar hadisəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd etmişdir.
Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən dahi şəxsiyyət Heydər Əliyev olmuşdur. Ulu öndər faciənin səhərisi günü, yəni 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək faciəni törədən şəxsləri kəskin şəkildə tənqid etmiş, bu hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd hesab etdiyini bildirmişdir. Görkəmli dövlət xadimi ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 yanvar şəhidlərinin xatirəsini əziz tutmuş, onların ailələrinə və zərərçəkənlərə daim qayğı göstərmişdir. Bu gün Azərbaycanda dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin xeyirxah əməlləri davam etdirilir. 20 yanvar şəhidlərinin ailələrinə və zərərçəkənlərə dövlət yardımı artırılır. Möhtərəm cənab Prezident İlham Əliyev Ulu öndərin siyasi kursunun layiqli davamçısı kimi fəaliyyət göstərir.
Qeyd edilmişdir ki, 20 yanvar hadisələrinə hüquqi-siyasi qiymət də Ulu öndərimizin təşəbbüsü ilə verilmişdir. Bu qiymət ümumiləşmiş formada bundan ibarətdir ki, o vaxtkı SSRI rəhbərliyi Azərbaycana təcavüz edib. Əlbəttə, hadisənin günahkarlarının da adları açıqlanıb. SSRİ rəhbərliyinin təcavüzünün qarşısı alınmalıydı, o zamankı respublika rəhbərliyi bu qırğına imkan verməməliydi. Bu hadisəyə görə o dövrdə xalqın azadlıq hərəkatına rəhbərlik edənlər də məsuliyyət daşıyırdı. SSRİ rəhbərliyinin təcavüz edəcəyini bilərək xalqı qırğına aparan və bu zaman özləri kənarda qalanlar günahkardırlar.
Çıxış edənlər bildirmişlər ki, Azərbaycan xalqı 20 yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin qanlı yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün də Azərbaycan xalqı canlarından keçən övladları ilə fəxr edir.
Göstərilən platformalarda paylaş: