Ulu öndərin anadan olmasının 99-cu ildönümü Ali Məhkəmədə qeyd edilmişdir
10.05.2022, 10:292022-ci il mayın 10-da Azərbaycan Respublikası Ali Məhkəməsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar yığıncaq keçirilmişdir.
Tədbirdə Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək böyük tarixi şəxsiyyət olan Heydər Əliyevin şərəfli ömür yolundan, Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışmışdır.
Ali Məhkəmənin sədri qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin bütün siyasi və dövlətçilik fəaliyyəti çağdaş Azərbaycanın, Azərbaycan xalqının, milli dövlətçiliyin inkişafı və möhkəmlənməsi tarixidir. Onun Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizin iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi yüksəlişi, tərəqqisi ilə fərqlənir.
Heydər Əliyev Azərbaycan tarixində yeganə şəxsiyyət-rəhbərdir ki, keçmiş SSRİ kimi dövlətin siyasi rəhbərlik zirvəsinə yüksəlmiş və dünyanın tanınmış dövlət və siyasi xadimləri sırasında ən görkəmli və böyük təsirə malik olan dünya şöhrətli siyasətçi olduğunu əməli fəaliyyəti ilə göstərmişdir.
Heydər Əliyevin şəxsiyyəti, həyatı və fəaliyyəti görkəmli dövlət və siyasi xadim kimi müasir Azərbaycan tarixinin parlaq səhifəsini təşkil edir.
Ulu öndər böyük azərbaycançı idi. Daim Vətənin müqəddəratı, xalqın taleyi barədə düşünən Heydər Əliyev müasir Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı və yaradıcısı kimi düşmüşdür.
Müstəqil Azərbaycanın neft strategiyasının “Əsrin müqaviləsi”nin bağlanması Heydər Əliyev şəxsiyyətinin siyasi uzaqgörənliyinin nəticəsidir. Bu müqavilə Azərbaycanın iqtisadi inkişafında, dünyaya inteqrasiyasında mühüm rol oynadı.
Ulu öndərin həyatı xalqımızın bu günü və gələcək taleyi ilə bağlıdır. 1995-ci ilin noyabrında Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiyası hazırlandı və ümumxalq referendumunda qəbul olundu. Bu Konstitusiya hüquq dövlət quruculuğu istiqamətində atılan ən böyük addım idi. İnsan hüquq və azadlıqlarının başlığa prinsiplərinin də bərqərar olması üçün əsaslı zəmin yaratdı.
Böyük siyasi və dövlət xadimi Heydər Əliyev islahatçı rəhbər olmuşdur. Məhkəmə hakimiyyətinin cəmiyyətdə rolunu artırmaq üçün ciddi islahatlar aparmışdır. Bunun nəticəsi olaraq insan hüquq və azadlıqlarının təminatlı müdafiəsi üçün ölkədə üçpilləli məhkəmə sistemi yaradılmış, hakim korpusunun formalaşmasında tamam yeni üsul və metodlardan istifadə edilmişdir. Hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə hüquq islahatlarının keyfiyyətlə aparılmasına təkan vermişdir.
Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə müasir, mütəşəkkil, qüdrətli ordu quruculuğu istiqamətində uğurlu islahatlar həyata keçirilmişdir. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda yaradılmış Cəmşid Naxçıvanski adına Hərbi Lisey yüzlərlə peşəkar hərbçi kadr hazırlayaraq müstəqillik illərində Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında müstəsna dərəcədə rol oynamışdır.
Ali Məhkəmənin sədri Ulu öndər Heydər Əliyevin ideyalarının yaşadığını və Azərbaycanı zirvədən zirvəyə, qələbədən qələbəyə apardığını bildirərək bu ideyaların dahi rəhbərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulamışdır. Onun yaratdığı müstəqil Azərbaycan Respublikası möhkəmlənir, inkişaf edir, dünyanın sayılan sivil dövləti kimi şöhrətlənir.
Bu gün Azərbaycan xalqı böyük qürur hissi keçirir. Ona görə ki, 30 il həsrətində olduğu Qarabağ Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə 44 günlük Vətən müharibəsində erməni işğalçılarından azad edilib. Bu, məhz Heydər Əliyev srategiyasının qələbəsidir.
Göstərilən platformalarda paylaş: