ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ulu Öndərin xatirəsi Ali Məhkəmədə yad edilmişdir

11.12.2020, 10:39
Ulu Öndərin xatirəsi Ali Məhkəmədə yad edilmişdir
Ulu Öndərin xatirəsi Ali Məhkəmədə yad edilmişdir

 2020-ci il dekabrın 11-də Ali Məhkəmədə Ulu öndər  Heydər Əliyevin Xatirə gününə həsr olunmuş tədbir keçirilmişdir. 

   Tədbiri giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük tarixi şəxsiyyət kimi daxil olan ulu öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında tarixi xidmətlərindən və müstəqilliyi dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən danışmışdır.

   Ali Məhkəmənin sədri qeyd etmişdir ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, ölkə daxilində aparılan islahatlar nəticəsində ölkəmizin müxtəlif istiqamətlərdə inkişafını təmin etmiş, müstəqilliyini əbədi və dönməz etmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında müasir Azərbaycan dövləti qurulmuş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunmuş və Azərbaycan dünyada öz layiqli yerini tutmuşdur. Öz müdrlikliyi ilə Azərbaycan tarixində dərin iz qoyan Heydər Əliyev Azərbaycan xalqının ən çətin anlarında öz haqq səsini ucaltmış, sovet rəhbərliyini ittiham etmiş, Kommunist Partiyasının sıralarını tərk etmişdir.

   Ulu öndər Heydər Əliyev əsl liderlik keyfiyyətlərini nümayiş edərək 20 Yanvar faciəsi zamanı öz xalqının yanında olmuş və sovet rəhbərliyinin bu cinayətini pisləmişdir. Xalqımız ən ağır anlarında ona üz tutmuş, hakimiyyətə dəvət etmişdir, və bundan sonra Azərbaycan sabitlik və inkişaf dövrünə qədəm qoymuşdur. Məhz Ulu öndərin qərarı ilə Azərbaycan milli bayrağı – Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi elan edilmişdir.  

   Görkəmli dövlət xadimi Heydər Əliyevin 30 ildən artıq bir dövrü əhatə edən xalq qarşısında misilsiz xidmətləri dövlətçilik salnaməsində bir irs yaratmışdır. Heydər Əliyevin rəhbərlik etdiyi vaxtlarda Respublikada qanunçuluğun və hüquq sisteminin möhkəmlənməsi üçün tədbirlər görülmüş, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmışdır və hüquq sisteminin mahiyyətini müəyyən edən çoxsaylı qanun və bütün əsas məcəllələrin layihələri hazırlanmışdır.

   Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi dövlət quruculuğunun Azərbaycan modeli və siyasi kursu, həmçinin ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. 

   Məhz ulu öndər Heydər Əliyevin gərgin zəhməti və uzaqgörənliyi sayəsində ölkəmizdə müasir, qüdrətli ordu yaradılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılmış, SSRİ-nin digər ali hərbi məktəblərinə yüzlərlə Azərbaycanlı gənc kadr göndərilərək müstəqillik illərində Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna dərəcədə rol oynamışdır.  

   Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan  ordusu  güclü orduya çevrilib. Azərbaycan ordusu xalqımızın qürur və güvənc ünvanıdır. Milli ordumuzda döyüş ruhu yüksəkdir. Xalqımız taleyini inandığı nizami orduya, cəsur, mübariz sərkərdələrə, vətənpərvər döyüşçülərə etibar edir.  Bu gün xalqımız qələbə sevincini yaşayır, düşmən üzərində qələbəni təmin edən də məhz ordumuz, cəsur zabit və əsgərlərimizdir.

   Azərbaycan xalqının 30 il həsrətində olduğu Qarabağ Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuşdur. “Dəmir yumruq” əməliyyatı nəticəsində tarixi Qələbə qazanılmışdır. Xalqımız dekabrın 10-da keçirilən möhtəşəm Zəfər Paradının təsiri altındadır. Bu şanlı Qələbəni xalqımız haqlı olaraq qürurla, böyük sevinclə bayram edir.     

   Qələbə nümayişi Silahlı Qüvvələrimizin gücünü bütün dünyaya nümayiş etdirdi. Xalq - Ordu birliyinin təntənəsi oldu,  Türkiyə - Azərbaycan  qardaşlığının  rəmzinə çevrildi.

   Bu gün Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin təntənəsinə yönələn müqəddəs strateji ideyaları uğurla həyata keçirilir.