ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Sloveniyada rəsmi səfərdə olmuşdur

19.10.2021, 16:49
Ali Məhkəmə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Sloveniyada rəsmi səfərdə olmuşdur
Ali Məhkəmə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Sloveniyada rəsmi səfərdə olmuşdur

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti 2021-ci il oktyabrın  17-dən 20-dək Sloveniya Respublikasının Ali Məhkəməsi və “CEELI Institute”-nun birgə təşkilatçılığı ilə keçirilən Mərkəzi və Şərqi Avropa ölkələri Ali Məhkəmə sədrlərinin 11-ci Konfransında iştirak etmək üçün Sloveniyanın Bled şəhərində rəsmi səfərdə olmuşdur. 

Konfransın keçirilməsində əsas məqsəd məhkəmə sədrləri üçün ümumi maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparmaq, məhkəmələrin üzləşdiyi mövcud problemlərin həlli ilə bağlı təcrübələri paylaşmaq olmuşdur.

Konfransın təntənəli açılış mərasimindən sonra hakimlər və məhkəmə şurasının rolu, məhkəmə müstəqilliyi, ədalət mühakiməsinin səmərəliliyi və əlçatanlığı, COVID-19 sonrası tədbirlər və nəticələr mövzularında məruzələr dinlənilmişdir. 

Konfransda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev ”Ədalət mühakiməsinin əlçatanlığı” mövzusunda çıxış etmişdir. 

Ali Məhkəmənin sədri son zamanlar ölkəmizdə məhkəmə-hüquq sistemində köklü islahatların həyata keçirilməsi barədə konfrans iştirakçılarına məlumat vermişdir. Kassasiya məhkəməsinin fəaliyyəti ilə bağlı bir sıra məsələləri də əhatə edən həmin islahatlar ölkəmizdə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi qəbul edilir. Yeni islahatlara əsasən bu ilin oktyabr ayından etibarən ölkəmizdə kassasiya məhkəməsi işlərə müstəsna hallar istisna olmaqla, ancaq yazılı icraat qaydasında baxır. Bu qaydanın tətbiqi ilə artıq formal xarakter alan şifahi məhkəmə iclaslarının keçirilməsinə ehtiyac olmur, Ali Məhkəmə özünün işini daha səmərəli qurmaq və hüquq məhkəməsi kimi daha keyfiyyətli fəaliyyət göstərmək imkanı əldə edir. Ali Məhkəmənin sədri vurğulamışdır ki, son zamanlar aparılmış islahatlar nəticəsində ölkəmizdə elektron məhkəmə informasiya sistemindən istifadə imkanları daha da genişləndirilir.

Ali Məhkəmənin sədri ölkəmizdə kassasiya məhkəməsinin daha səmərəli fəaliyyət göstərməsi üçün  bir sıra vəzifələrin həyata keçirilməsindən söz açmışdır. Bu vəzifələr sırasında  məhkəmə təcrübəsini yaratmaq və onun vahidliyini təmin etmək, məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsinə yönəlmiş sistemli və davamlı işlər görmək, ədalət mühakiməsinin keyfiyyətini artırmaq üçün məhkəmə sisteminin səmərəli idarəçiliyinə nail olmaq, hüquq və ədalət mühakiməsi ilə bağlı məsələlərdə davamlı təlim və tədris təşkil etmək, ədalət mühakiməsinin nüfuzunun artırılması üçün ictimaiyyətlə səmərəli əməkdaşlıq prioritet istiqamətlərdir. 

Ali Məhkəmənin sədri səfər çərçivəsində ikili görüşlər keçirərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparmışdır.