Ali Məhkəmə və Dövlət İdarəçilik Akademiyası arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
26.05.2022, 15:142022-ci il mayın 26-da Ali Məhkəmədə Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında hüquq sahəsində nəzəri və təcrübi biliklərin artırılmasına dair birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Dövlət İdarəçilik Akademiyasının ölkəmizin nüfuzlu ali təhsil ocaqlarından biri olduğunu, Akademiyanın məzunlarının Ali Məhkəmə də daxil olmaqla ölkənin müxtəlif dövlət və özəl müəssisələrində aparıcı vəzifələr tutduqlarını bildirərək, Ali Məhkəmə ilə Dövlət İdarəçilik Akademiyası arasında imzalanan Anlaşma Memorandumunun əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli sənəd olduğunu qeyd edib.
Ali Məhkəmənin sədri bildirib ki, memorandumun imzalanması ilə Ali Məhkəmə və Dövlət İdarəçilik Akademiyası arasında olan mövcud əməkdaşlıq münasibətləri yeni bir mərhələyə qədəm qoyur. Memorandumda həm Ali Məhkəmə həm də Dövlət İdarəçilik Akademiyası üçün faydalı olacaq bir sıra sahələrdə əməkdaşlığın və mühüm layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirən Ramiz Rzayev qarşılıqlı əməkdaşlığın böyük səmərə verəcəyinə ümid etdiyini söyləyib.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Ali Məhkəmənin inzibati binasında ilk dəfə olduğunu, həm yüksək zövqlə inşa olunan binanın estetik görünüşü, həm də burada yaradılan şəraitin onda çox müsbət təəssüratlar yaratdığını bildirərək, mərasimin təşkilinə görə Ali Məhkəmə sədrinə təşəkkür edib. Akademik qeyd edib ki, Anlaşma Memorondumu Dövlət İdarəçilik Akademiyasının tələbələri üçün Ali Məhkəmədə təcrübə keçmək imkanı yaratmaqla onların bilik və təcrübələrinin artırılmasına böyük töhvə verəcək. Tədbirdə həmçinin akademik Urxan Ələkbərovun Azərbaycanın dövlət idarəçiliyi modeli barədə təqdimatı dinlənilib.
Akademik bildirib ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının və onun layiqli davamçısı Prezident İlham Əliyevin yaratdığı idarəçilik sisteminin nəticəsində ölkəmizdə inklüziv cəmiyyət formalaşıb. Azərbaycanın iqtisadi, sosial, siyasi, humanitar və digər sahələrdə qazandığı yüksək nailiyyətlərinin beynəlxalq hesabatlarda öz əksini tapmasını və lider ölkələr arasında olmasını qeyd edən Akademik, idarəetmənin ölkənin inkişafındakı rolunu mərasim iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycanda hüquq sahəsində nəzəri və təcrübi biliklərin artırılmasına yeni töhfə verəcək Əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov imzalamışlar.
Sonda Ali Məhkəmənin sədri tərəfindən Dövlət İdarəçilik Akademiyasının kitabxanasına hüquq sahəsinə aid kitablar hədiyyə edilib.
Göstərilən platformalarda paylaş: