Ali Məhkəmə və Vəkillər Kollegiyası arasında “Hakim və vəkil, prosessual və qeyri-prosessual münasibətlər” mövzusunda onlayn dəyirmi masa keçirilmişdir
12.03.2021, 13:00Martın 12-də Azərbaycan Respublikası Ali Məhkəməsinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Hakim və vəkil, prosessual və qeyri-prosessual münasibətlər” mövzusunda videokonfrans formatında dəyirmi masa keçirilmişdir.
Ali Məhkəmənin sədr müavini, Vəkillər Kollegiyasının sədri, Ali Məhkəmənin kollegiya sədrləri və 30-dan artıq vəkilin iştirak etdiyi dəyirmi masada hakimlər və vəkillər arasında qarşılıqlı prosessual münasibətlər, bu sahədə rast gəlinən problemlər geniş təhlil olunmuşdur.
Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov videokonfransı giriş sözü ilə açmış, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn tələblərin icrası ilə əlaqədar ötən il ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan mütərəqqi islahatlar, yenilənmə tədbirləri haqqında danışmış və məhkəmə-hüquq sisteminin daha da təkmilləşdirilməsi yönümündə görülən işləri müsbət dəyərləndirmişdir. Eyni zamanda, qeyd etmişdir ki, Fərmana uyğun olaraq mühüm qanunlar qəbul edilmiş, o cümlədən cəza siyasəti humanistləşdirilmiş, karantin şəraitində elektron xidmətlərin göstərilməsi və məhkəmə proseslərində müasir informasiya-kommunikasiya texnologiyalarının və elektron idarəetmənin tətbiqi genişləndirilmişdir.
Ali Məhkəmənin sədr müavini, həmçinin, hazırda təcrübədə rastlaşılan hakim-vəkil münasibətlərinin etik tərəflərinə də toxunmuş və Fərmanın icrası üçün bunun xüsusi əhəmiyyətini vurğulamışdır.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamına əsasən vəkillikdə vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində görülən tədbirlərlə bağlı məlumat vermişdir.
Daha sonra, mülki işlər üzrə dövlət hesabına hüquqi yardım sahəsində mövcud olan problemlər barədə təkliflər vermiş, o cümlədən hakimlər və vəkillər arasında qeyri-prosessual münasibətlərin qarşısının alınması sahəsində görülən işlər və gələcəkdə bu sahədə planlaşdırılan ciddi tədbirlər barədə məlumat vermişdir.
Bundan başqa isə, tədbirdən öncəki günlərdə vəkillər arasında həyata keçirilmiş sorğu əsasında qeyd və təkliflər məcmuə halında toplanmış, Anar Bağırov tərəfindən videokonfransda səsləndirilmiş və vəkillərin fəaliyyətlərində üzləşdiyi bəzi problemlərdən danışılmışdır.
Tədbirdə Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyevın “Hakimlər və vəkillər arasında münasibətlərin prosessual və etik aspektləri – hakim baxışı” və Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun “Hakimlər və vəkillər arasında münasibətlərin prosessual və etik aspektləri – vəkil baxışı” mövzularında çıxışları dinlənilmişdir.
Videokonfransda hakim-vəkil münasibətləri fonunda qarşılıqlı maraq doğuran problemlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.
Göstərilən platformalarda paylaş: