Ali Məhkəmədə 11-ci Milli Məhkəmə Müsabiqəsinin final mərhələsi keçirilib
24.05.2022, 12:382022-ci il 21 may tarixində Azərbaycan Respublikası Ali Məhkəməsində ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə həyata keçirilən Milli Məhkəmə Müsabiqəsinin XI buraxılışının final mərhələsi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov da iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Çingiz Əsgərov tədbir iştirakçılarını salamlayaraq onları Ali Məhkəmədə görməkdən məmnun olduğunu bildirib və qeyd edib ki, Ali Məhkəmə, ümumiyyətlə məhkəmə sistemi tələbələrin inkişafında, onların hazırlıqlı olmasında, nəzəri biliklərlə yanaşı təcrübi biliklərinin də inkişaf etdirilməsində maraqlıdır. ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən Milli Məhkəmə Müsabiqəsinin hüquq təhsili alan tələbələrin biliklərinin təkmilləşdirilməsində müsbət rol oynadığını qeyd edən sədr müavini layihənin davamlı olmasına ümidvar olduğunu bildirib.
Ali Məhkəmə sədr müavini Çingiz Əsgərov tədbir iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı əsasında məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar barədə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsində aparılan struktur dəyişiklikləri barədə məlumat verib. Sədr müavini sözügedən Fərmanın icrasından irəli gələn məsələlərin həlli ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər, xüsusilə də yazılı icraata keçidin əhəmiyyətidən danışaraq bildirib ki, Ali Məhkəmədə işlərə yazılı icraat qaydasında baxılması vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına, tərəflərin şikayət və etirazlarının daha peşəkar səviyyədə hazırlanmasına, işlərə baxılması zamanı lazımsız vaxt itkisinin qarşısının alınmasına, eləcə də ümumilikdə məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına xidmət edir.
Çingiz Əsgərov final mərhələsinə yüksələn komandaları təbrik edərək onlara uğurlar arzulayıb.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin rəhbərliyinə təşəkkürünü bildirib. Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə ELSA Azərbaycan arasında əməkdaşlıq haqqında sazişin 2018-ci ildən imzalandığını, bu əməkldaşlıq çərçivəsində bir sıra uğurlu layihələr həyata keçirildiyini qeyd edən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri, qurulmuş səmərəli əməkdaşlığın uğurla davam etdiyini bildirib.
Vəkillər Kollegiyasının gənc hüquqşünaslara hər zaman dəstək göstərdiyini qeyd edən Anar Bağırov Vəkillər Kollegiyasıın ali təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verdiyini, gənc hüquqşünaslara dəstək üçün onlar tərəfindən olunan müraciətlərə rəhbərlik etdiyi qurum tərəfindən hər zaman müsbət cavab verildiyini və bundan sonra da onlara həm maddi, həm mənəvi, həm də təşkilati dəstək verməyə hazır olduqlarını söyləyib.
Daha sonra Milli Məclisin deputatı Kamal Cəfərov çıxış edərək layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Ali Məhkəməyə və Vəkillər Kollegiyasına təşəkkür edib. Bu kimi layihələr cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi qayğının, eyni zamanda ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının təzahürü olduğunu qeyd edən Milli Məclisin üzvü gənc hüquqşünasların da aparılan məhkəmə hüquq islahatlarına töhfə vermək üçün daha çox çalışmalı olduqlarını bildirib. Deputat final mərhələsinə yüksələn komandaları təbrik edərək onlara uğurlar arzulayıb.
Final mərhələsində iddiaçı qismində “De Facto Force”, cavabdeh qismində isə “Gold Boys” komandası çıxış ediblər.
Finalistlərin çıxışları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Abiddin Hüseynov, Elşad Şamayev və Vüqar Həsənov tərəfindən qiymətləndirilib. Qiymətləndirilmə nəticəsində “De Facto Force” komandasının üzvləri Sinarə Məmmədova və Xədicə Şirin qalib elan olunub, “Gold Boys” komandasının üzvləri Murad Vəliyev və Əli Məmmədov isə II yerə layiq görülüblər.
Müsabiqənin sonunda qaliblərə mükafat, sertifikat, kubok təqdim edilib və onlara “GRATA International”-da təcrübə keçmək imkanı əldə ediblər. İkinci yerin sahiblərinə isə mükafat və sertifikat təqdim olunub.
Göstərilən platformalarda paylaş: