Ali Məhkəmədə açıq qapı günləri davam edir
18.12.2022, 10:482023-cü ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq noyabr ayından etibarən Ali Məhkəmə tərəfindən silsilə tədbirlərin keçirilməsinə başlanılıb.
2022-ci il dekabrın 16-da Ali Məhkəmə tədbirlər çərçivəsində növbəti dəfə vətəndaşlar üçün öz qapılarını açmışdır.
Vətəndaşlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət etmişlər.
Ali Məhkəmə ilə tanışlıq çərçivəsində Mülki kollegiyanın hakimi Elşad Şamayev və Aparat rəhbəri Elvin Hətəmzadə vətəndaşlara məhkəmələrin dövlət quruluşunda yeri və rolu, məhkəmənin iş rejimi və sair barədə məlumatlar vermiş, vətəndaşların suallarını cavablandırmışlar.
Həmçinin, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi, elektron sistemlərin tətbiqi və digər yeniliklər barədə məlumat verilmişdir.
Sonda vətəndaşlar xoş təəssüratlarını bölüşmüş, tanışlıq səfərinin yüksək səviyyədə təşkil olunması üçün Ali Məhkəmənin rəhbərliyinə təşəkkürlərini bildirmiş, xatirə fotoşəkli çəkdirmişlər.
Göstərilən platformalarda paylaş: