Ali Məhkəmənin sədr müavinin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada rəsmi səfərdə olmuşdur
28.04.2022, 15:002022-ci il aprelin 27-28-də Almaniya Federativ Respublikasının Vismar şəhərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə “Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində inzibati məhkəmə icraatının inkişafı” mövzusunda konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov və İnzibati Kollegiyasının hakimi Səyyad Kərimov iştirak etmişlər.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Ukrayna, Latviya, Moldovanın və Almaniya torpaqlarının ali məhkəmə orqanlarının hakimlərinin toplandığı tədbirdə Çingiz Əsgərov “Azərbaycan Respublikasında inzibati hüququn inkişafı” mövzusunda çıxış etmişdir.
Ali Məhkəmənin sədr müavini Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən inzibati məhkəmələrin yaradılması və inkişaf etdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırlıması məqsədilə qanunvericilikdə və məhkəmə təcrübəsində edilmiş müsbət dəyişikliklər, Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, kassasiya instansiyası məhkəməsində işlərə baxılarkən yazılı icraatın tətbiqi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun milli hüquq sistemində rolu və əhəmiyyəti haqqında konfrans iştirakçılarını geniş məlumatlandırmışdır.
Son dövrlər ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları haqqında bəhs olunarkən, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı və həmin fərmandan irəli gələn tədbirlər barədə konfrans iştirakçılarına geniş məlumat verilmişdir. Ali Məhkəmənin sədr müavini prosessual qanunvericiliyə edilmiş son dəyişikliklər, inzibati hüquq sahəsində kassasiya instansiyası məhkəməsində işlərə yazılı icraat qaydasında baxılması və vahid məhkəmə təcrübəsinin formalaşdrılası məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş qərardadlardan söz açmışdır.
2022-ci ilin yanvar ayında Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının yeni strukturunun təsdiq edildiyi konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır. Son dəyişikliklərin məhkəmənin nüfuzunun artırılmasına, məhkəməyə daxil olmuş işlərin ilkin qərar layihəsinin hazırlanaraq, hakimlərə təqdim edilməsinə, işlərin daha çevik, obyektiv, hərtərəfli araşdırılmasına, qəbul edilən məhkəmə qərarlarının keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyi bildirilmişdir.
Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin vacibliyi nəzərə alınmaqla, inzibati hüququn müasir inkişafında həmin məhkəmə qərarlarının öyrənilməsi və məhkəmə mübahisələrinin həllində tətbiq edilməsinə xüsusi diqqət ayrıldığı qeyd edilmişdir.
Konfrans iştirakçılarının diqqəti həmçinin İkinci Qarabağ müharibəsi nəticəsində xalqımızın əldə etdiyi Böyük Qələbəyə, 30 il ərzində Azərbaycana münasibətdə beynəlxalq hüququn səssiz qalmasına, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin 30 il ərzində icra edilməməsinə və Azərbaycan Respublikasının özü tərəfindən bu qətnamələrin icra edildiyinə cəlb edilmişdir.
Nümayəndə heyəti səfər çərçivəsində ikitərəfli görüşlər keçirərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparmışdır.
Göstərilən platformalarda paylaş: