ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmənin sədri Masallı rayonunda vətəndaşları qəbul edib

20.05.2022, 17:12
Ali Məhkəmənin sədri Masallı rayonunda vətəndaşları qəbul edib
Ali Məhkəmənin sədri Masallı rayonunda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə baxılması, o cümlədən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tövsiyələri Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən daim diqqətdə saxlanılır.

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, mayın 20-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Masallı rayonunda Masallı və Cəlilabad rayonlarından, eləcə də digər bölgələrdən olan  vətəndaşları qəbul edib.

Qəbuldan öncə Masallı şəhərində Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Həmçinin, Masallı şəhərində yerləşən Qəhrəmanlar Parkı ziyarət olunaraq Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.

Qəbul zamanı Ali Məhkəmənin sədri qəbulda iştirak edən şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının qayğıları ilə maraqlanıb.

Eyni zamanda hər bir vətəndaş diqqətlə dinlənilərək onların məhkəmələrin fəaliyyəti barədə müraciətlərinə baxılıb, qaldırılan məsələlərin bəzilərinin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, digərləri isə araşdırılması və onların qanunauyğun şəkildə həll edilməsi üçün Ali Məhkəmə Aparatının qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Səfər çərçivəsində Ali Məhkəmənin sədri Masallı Məhkəmə Kompleksi, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olmuş, Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan bir sıra birinci instansiya məhkəmələrinin hakimlərinin iştirakı ilə müşavirə keçirmişdir.

Müşavirədə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial dövlətin yeni modelinin formalaşdırıldığı, insanların yüksək rifahının təmin olunmasının dövlət siyasətinin əsas məqsədi olduğu bildirilib. Dövlət başçısının qəti siyasi iradəsi ilə korrupsiyaya qarşı mübarizədə həyata keçirilən sistemli, kompleks və innovativ tədbirlərdən danışılıb, 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın mühüm əhəmiyyəti qeyd olunub.

Məhkəmə fəaliyyətində şəffaflığın artırılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, antikorrupsiya tədbirlərinin gücləndirilməsi üzrə tədbirlərə toxunularaq Milli Fəaliyyət Planının icrasından irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamından və məhkəmə fəaliyyəti üçün mühüm yol xəritəsi olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrasından irəli gələn məsələlər müzakirə olunub.

Müşavirədə həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində görülən işlər və hazırki mövcud vəziyyət təhlil edilib,  gələcəkdə bu sahədə görülməli işlər barədə tövsiyələr verilib.